Abşeron toylarında bakılı aşıqlar da oxuyardı...

 

Aşıq sənəti deyəndə Azərbaycanın bütün bölgələrində, eləcə tarixi ərazilərimiz olan Göyçə mahalında, Borçalı torpaqlarında, o taylı-bu taylı bütün Azərbaycanda tanınan ustad sənətkarlarımız xatırlanır. O aşıqlar ki sazı sinələrinə tutaraq, vətən torpağını qarış-qarış gəzərək el şənliklərində dastanlar danışıb, söz yarışına çıxıblar. Ustadlarından eşitdiklərini, başlarına gələn əhvalatları isə qoşma, təcnis, gəraylı, müxəmməs, dastan dili ilə xalqa deyə biliblər. Şifahi xalq ədəbiyyatının ayrılmaz hissəsi olan aşıq dünyasından söhbət açmaqda əsas məqsədimiz bu sənətin Abşeron kəndlərində inkişaf etdiyini xatırlatmaqdır.

 

XIX əsrdə Bakıda aşıq sənətinin inkişafında bülbüləli Aşıq Cavadın masazırlı Aşıq Həsənin xidmətləri böyük olub. XIX əsr Azərbaycan ədəbiyyatında hər iki el aşığının Bakı qəzasında, xüsusən Abşeron kəndlərində bir aşıq kimi şöhrət qazanması barədə məlumatlar var. Qeyd edim ki, el-obaya bağlı olan bu aşıqların yaradıcılığı digər söz ustadlarından da fərqlənmişdir. Salman Mümtazın 1935-ci ildə nəşr olunan "El şairləri" kitabında XIX əsr Azərbaycan aşıqlarının yaradıcılığı haqqında müxtəlif qaynaqlar toplanıb. Burada ustad sənətkarlarla yanaşı, Aşıq Həsənin "Yoxdur" qoşması da oxucuların diqqətinə çatdırılıb.

Mərhum folklorşünas alim Əhliman Axundov da XIX əsr aşıqları içərisində Aşıq Həsənin adını xüsusi qeyd edib. Aşıq Həsən çox səmimi lirik qoşmalar müəllifi kimi tanınırdı. Aşıq həm yazdığı qoşmaların çoxunu sevgilisinə həsr etmişdir. Deyilənə görə, Aşıq Həsən Gəncədə Leyli adlı qıza aşiq olsa da, atası onu başqasına ərə verib. Bu uğursuz məhəbbətin yanğısı sonradan Aşıq Həsən yaradıcılığının əsasını təşkil edərək yazdığı qoşmalarda öz əksini tapmışdır.

Əhliman Axundov "XIX əsrdə yetişmiş görkəmli aşıqlar" adlı elmi məqaləsində Aşıq Həsən yaradıcılığından söhbət açarkən bildirirdi ki, "aşığın şeirlərində təkcə öz sevgilisinin zorla qaçırılması təsvir edilmir, burada həm onun dövründə qadına olan münasibətə qarşı etiraz vardır. Bu qoşmalarda qadınların hüquqsuz yaşadığı, azad sevginin tapdandığı göstərilmişdir. Aşıq Həsənin şeirlərində "Aşıq Qərib" dastanının nisbətən "Koroğlu" qoşmalarının təsiri hiss edilməkdədir.

 

Xocalar xocası, xocalar başı,

Xocam, bu yol yar yanına gedərmi?

Düşübdü başıma eşqin xatası,

Xocam, bu yol yar yanına gedərmi?"

 

Akademik Feyzulla Qasımzadə "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" əsərində yazıb: "Masazırlı Aşıq Həsən bir qoşmasında öz sevgilisi Leylinin sevmədiyi bir adama zorla ərə verildiyini, dünyadan həsrət nakam getdiyini ürək yanğısı ilə təsvir etmişdir".

 

Getdim yenə görməyə bir ellini,

Ürək verib ələ aldım meylini.

Dedim necə apardılar Leylini?

Dedi, zülflərini boyadı qana.

 

Sevindirici haldır ki, Bakının Masazır kəndində yaşayan Hürü Hüseynova ulu babası Aşıq Həsənin vaxtilə el məclislərində sevərək söylədiyi, ancaq təəssüf ki, aşıqla bağlı heç bir topluda işıq üzü görməyən müsralarını bu gün hafizəsində yaşadır.

1960-cı ildə nəşr olunan "Azərbaycan ədəbiyyatı tarixi" kitabının II cildində göstərilib: "XIX əsrin birinci yarısında yetişən şəmkirli Aşıq Hüseyn, göyçəli Aşıq Musa, Aşıq Alı, masazırlı Aşıq Həsən başqaları aşıq şeirləri ilə bərabər, bir şox yeni aşıq havaları yaratmış, Azərbaycan xalq musiqisini daha da zənginləşdirmişlər".

Abşeron aşıqlarından biri Aşıq Cavaddır. Tədqiqatçı alim Əhliman Axundov el aşığı haqqında belə yazıb: "Aşıq Cavad təqribən keçən əsrin 40-cı illərində 70 yaşında ikən vəfat etmişdir. O, XIX əsrin birinci yarısında bayatı qoşmaları ilə Abşeron kəndləri arasında sənətkar aşıq kimi şöhrət qazanmışdı. Deyilənlərə görə, Abşeronda keçirilən bütün toylarda, şənlik məclislərində iştirak edirmiş. Onun bayatı qoşmalarından hələ hafizələrdə yaşayanları varsa da, vaxtında toplanmadığından əksəri unudulmuşdu".

O, daha sonra Aşıq Cavad yaradıcılığını təhlil edərək ustad sənətkarın nəsihətamiz şeirlərində Xəstə Qasımın təsirinin olduğunu da bildirmişdir.

XIX əsrdə Bakının Bülbülə kəndində doğulan Aşıq Cavad 18 yaşında ikən el aşığı kimi tanınmışdı.

Sovet dövründə Aşıq Cavadın evinin guya təsadüfən yanğın nəticəsində məhv olması qeyd edilsə , müstəqillik dövründə əsl həqiqət məlum olub.

1918-ci ilin martında Bakıda ermənilər tərəfindən qırğınlar törədilmişdi. Onlar dinc şəhər sakinlərini qətlə yetirərək talanlar edirdilər. Həmin təlatümlü mart günlərində Bülbülə kəndinə hücum edən ermənilər kənddə evləri qarət etməklə yanaşı, dinc əhalini vəhşicəsinə öldürürdülər. Aşıq Cavadla fəxr edən qohum-əqrəbası soyqırımı günlərində onun şəxsi əşyalarını, əlyazmalarını ata mülkündə qoyaraq yalnız canlarının hayına qalıblar. Min bir əziyyətlə qorunub saxlanılan Aşıq Cavadın söz xəzinəsi, qiymətli əlyazmalar həmin vaxt xain ermənilər tərəfindən yandırılaraq məhv edilib. Salamat qalanları bir yerə toplayan yaxın qohum-əqrəba sonradan 37-ci ilin repressiyası ilə qarşılaşıb. O zaman Aşıq Cavadın varisləri bərk qorxuya düşüblər. Qohum-qonşuda "kulak", "xalq düşməni" adı ilə həbs olunanların sayı artdıqca, Aşıq Cavadın nəvələri narahat günlər yaşayıb. İllərlə əzizlənib saxlanılan əlyazmalar o günlərdə qorxuya düşən yaxın qohumlar tərəfindən tövlədə tonqala atılaraq yandırılıb.

Bülbülə kəndində yaşayan Aşıq Cavad nəslinin nümayəndəsi Cavad Səlimov ötən əsrin 50-60-cı illərində folklorşünas alimlərin, radio əməkdaşlarının aşığın yaradıcılığı ilə bağlı kəndə gəldiyini xüsusən xatırlayır. O, söhbət zamanı aşığın 8 övladının olduğunu da bildirir. Belə ki, 4 qız 4 oğul atası olan Aşıq Cavadın nəslinin nümayəndələri indi el aşığının sənətini davam etdirə bilməsələr , ölməz ustad sənətkarla fəxr edirlər. Qeyd edim ki, 1997-ci ildə Aşıq Cavad nəslinin nümayəndəsi Salman Səlimzadənin ustada həsr etdiyi "Aşıq Cavad" poeması da işıq üzü görüb.

Sovet dövründə nəşr olunan ədəbiyyat dərsliklərində "XIX əsr Azərbaycan ədəbiyyatı" bölməsində Aşıq Cavadın, Aşıq Həsənin adları xatırlansa da, bu gün hansı səbəbdənsə unudulub. Təəssüf ki, uzun illər keçdikdən sonra folklorşünas alimlərimiz tərəfindən Abşeron aşıqları ilə bağlı tədqiqatlar davam etdirilməmiş, nəticədə onların yaradıcılığı haqqında son məlumatlar ictimaiyyətə çatdırılmamışdır.

Demək olar ki, abşeronlu aşıqların söylədiyi bir çox qoşmalar, gəraylılar, qıfılbəndlər, təcnislər vaxtında yazıya alınmadığından artıq yaddan çıxmaq üzrədir. Vaxtilə sinədəftər aşıqların söylədikləri qoşmalar laqeydlik ucbatından gənc nəslə çatdırılmamışdır. İllər keçdikcə zəmanənin ağırlığından, dövranın dəyişməsindən sənətkarların söz xəzinəsi hafizələrdən silinməyə başlamışdır. Sovet dövründə Aşıq Cavadın, Aşıq Həsənin şeirlərini əzbər bilən ahıl insanlar da indi artıq dünyalarını dəyişmişlər. Buna baxmayaraq, tədqiqatçılarımız tərəfindən aşıqların yaradıcılığı tədqiq edilərsə, müəyyən məlumatları əldə etmək mümkündür.

Bu gün orta məktəbin X sinif üzrə Azərbaycan tarixi dərsliyində XIX əsrdə Bakı qəzasında yaşayan bülbüləli Aşıq Cavadın, masazırlı Aşıq Həsənin yalnız adları çəkilir. Yaxşı olardı ki, hər iki el aşığının ədəbi irsinin təbliğ edilməsi üçün orta məktəbin ədəbiyyat dərsliklərində dolğun məlumatlar verilsin. Abşeronda yeganə olaraq aşıqlıq sənəti ilə məşğul olan Aşıq Cavadın Aşıq Həsənin yaradıcılığı ilə bağlı folklor nümunələri işıq üzü görərsə, böyük əhəmiyyət kəsb edər.

Aşıq Cavad Aşıq Həsən kimi el sənətkarlarının zəngin irsinin geniş tədqiq olunması çox vacibdir. Adətən deyirlər ki, Abşeronda aşıq olmayıb. Amma Aşıq Həsən Aşıq Cavadın yaradıcılığı bir daha sübut edir ki, bu zəngin yaradıcılıq yox yerdən yaranmayıb.

 

 

Təranə CƏBİYEVA,

Tarixçi

 

Azərbaycan.- 2010.- 14  mart.- S.  6.