Gənc bəstəkarın uğurları

 

Gənc bəstəkar Türkər Qasımzadənin Amerikada qazandığı uğurları haqqında qəzetimizin səhifələrində bir sıra xəbərlər dərc edilib. Xatırladaq ki, o, Bakı Musiqi Akademiyasının yetirməsi olaraq hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Nyu-York Konservatoriyasının (Manhattan School of Music) bəstəkarlıq üzrə magistraturasında təhsilini davam etdirir.

Bu yaxınlarda aldığımız daha bir xoş xəbər onunla bağlıdır. Türkər Nyu York Konservatoriyasının keçirdiyi müsabiqənin qalibi elan olunub. Onunla əlaqə saxlayıb bu barədə ətraflı məlumat aldıq.

Gənc həmyerlimiz bildirdi ki, müsabiqədə onun "Saksafon kvarteti üçün axşam musiqisi" əsəri "Jordan Berk Memorial Prize" mükafatına layiq görüldüyünə görə müəllifini qalib elan ediblər. Uğurlu və gərgin yaradıcılıq şəraitində keçən təhsili zamanı əldə etdiyi digər nailiyyətlərini bizimlə bölüşən Türkər qeyd etdi ki, qısa zaman ərzində yeni əsərini tamamlayıb. Bunların bir qismi ötən ilin oktyabr-noyabr aylarında təhsil aldığı konservatoriyanın səhnəsində tələbələrin ifasında səslənib. "Bir saylı əsər" adlanan musiqisi də xüsusi rəğbətlə qarşılanıb. Həmin əsər bu yaxınlarda Nyu York ictimaiyyəti üçün keçirilmiş açıq konsertdə Elliot Moorenin dirijorluğu ilə kamera ansamblının ifasında səslənərək proqrama daxil edilən sonuncu əsər olmaqla, konsert alqışlarla yekunlaşıb. Başqa bir əsəri İsveçrədə Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən "Culturescapes" festivalında, eləcə də Bakıda Bəstəkarlar İttifaqının plenumu çərçivəsində keçirilmiş festivalda ifa olunub. Bunlardan əlavə, mart ayında Nyu Yorkun möhtəşəm zallarından biri olan Borden Auditoriumda böyük simfonik orkestr üçün yazdığı əsərin premyerası da planlaşdırılır. Türkər onu da əlavə etdi ki, planlarına Azərbaycan milli musiqisinin təbliği də daxildir, "Ay Laçın" xalq mahnısını fortepiano və vokal üçün müasir üslubda işləyərək amerikalı ifaçılara təqdim edib. Yaxın vaxtlarda bu musiqimiz Nyu York Konservatoriyasında Azərbaycan dilində səslənəcək.

Türkər qəzetimiz vasitəsilə onun uğurlarına yol açan dəstəyə görə Heydər Əliyev Fonduna, fondun rəhbəri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etdi.

 

 

Azərbaycan.- 2010.- 14  mart.- S.  6.