İqtisad elmi zaman müstəvisində
İctimai və humanitar elmlər: zaman kontekstində
baxış
Sistem dəyişikliyinin
başa çatması ilə əlaqədar ictimai fikrə,
sosial idraka xas olan hər şeyin adekvat şəkildə yeniləşməsi,
keyfiyyətcə yeni mərhələyə keçidi
günümüzün ən aktual problemləri
sırasındadır. Xüsusilə də iqtisadi sahədə transformasiya
dövrünün başa çatması istisnasız olaraq
ictimai, siyasi və mədəni həyatımızın
bütün sahələrində baş verən pozitiv proseslərin,
ardıcıl olaraq həyata keçirilən sistemli islahatların
ictimai fikirdə obyektiv dərkinə, qazanılan
uğurların və real nəticələrin elmi təhlilinə
və düzgün dəyərləndirilməsinə ciddi
ehtiyac, daha dəqiq ifadə etsək, sosial sifariş
yaranmışdır.
Bu baxımdan ictimai və
humanitar elmlərin tədrisində və tədqiqat
sferasında qərarlaşmış situasiyanın müasir
çağırışlara cavab verə bilməməsi,
sosial-iqtisadi inkişafın düzgün dəyərləndirilməməsi,
əsaslı konseptual ümumiləşdirmələrin yox dərəcəsində
olması və perspektiv planda gözlənilənlərin nəzəri
dərki ilə bağlı mühüm əhəmiyyət kəsb
edən problemlərin həlli istiqamətində məqsədyönlü
fəaliyyətin olmaması dərin narahatlıq doğurur. Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin
"Azərbaycan" qəzetinin 8 dekabr 2009-cu il tarixli nömrəsində
dərc edilmiş "İctimai və humanitar elmlər: zaman
kontekstində baxış" adlı məqaləsi məhz
həmin narahatçılığın bariz nümunəsi
olmaqla, bu sahədə mövcud vəziyyətin hərtərəfli
obyektiv təhlilini, qarşıda duran proqram vəzifələri
və perspektivləri özündə əks etdirir.
Azərbaycanda elmi-fəlsəfi,
ictimai düşüncənin düzgün
formalaşmasına və inkişafına, eləcə də
yeni dövrün tələbi kimi cəmiyyətdə həllini
gözləyən bir sıra aktual nəzəri məsələlərin
həllinə böyük töhfələr vermiş akademik
Ramiz Mehdiyevin bu məqaləsi yüksək elmi
aktuallığı, obyektiv tənqidi ruhu ilə nəinki
elmi-mədəni mühitdə, ümumən cəmiyyətdə
böyük maraqla qarşılanmışdır və yeri gəlmişkən,
məqalə yalnız ictimai və humanitar elmlər sahəsində
deyil, bütövlükdə Azərbaycan elmində qərarlaşmış,
ən yumşaq formada desək, durğunluq vəziyyətini
doğuran obyektiv və subyektiv səbəblərin və
problemlərin sistemli şəkildə çözülməsinə
və bu problemlərin ən qısa zamanda aradan
qaldırılması üçün əsaslandırılmış
tövsiyələrin və mexanizmlərin müəyyən
edilməsinə həsr olunmuşdur. İctimai
və humanitar elmlərin hazırkı problemlərinin, bu sahədə
aparılan elmi araşdırmaların üstün və
qüsurlu cəhətlərini açıb göstərən
bu məqalə, ilk növbədə, humanitar elmlərin gələcək
inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsinə
təkan verəcək elmi-konseptual baxış kimi də dəyərləndirilə
bilər.
Elmin inkişafı: əsaslandırma tipi yeni məzmunda
Sözügedən məqalədə xüsusi elmi maraq doğuran əsas cəhət problemin qoyuluşunda sıx səbəbiyyət bağlılığında olan və yekun etibarilə sistemli yaranışa istiqamətlənmiş elementlərin funksional məzmununun ön plana çıxarılmasıdır. Qeyd edilən yanaşmada tətbiq olunan əsaslandırma tipi metodoloji cəhətdən və elmi məzmununa görə mövcud baxışlardan fərqlənir. Belə ki, əvvəla, ictimai-humanitar elmlərin proses və hadisələri qabaqlamaq zəruriliyi xüsusi vurğu ilə qeyd edilir: "İctimai elmlər sosial sifarişə çevik reaksiya verməlidir. Ancaq o, hələ də ətalət, gözləmə və passiv seyrçi mövqeyindədir... İnformasiya cəmiyyətinə inteqrasiya prosesində isə vaxt itkisini, "gecikmə effektini" heç nə ilə kompensasiya etmək mümkün deyildir". Başqa sözlə, keçmiş, indiki və gələcək zaman oxu vahidlik, bölünməzlik müstəvisində götürülməli, strateji fikrin belə həqiqiliyini sübutetmə yönümündə konseptual araşdırmalar aparılmalıdır. Bu tezisin yeniliyi ondan ibarətdir ki, ictimai-humanitar, o cümlədən iqtisad elminin "zaman" məfhumu ilə bağlılığının, ondan ayrılmazlığının, "zamansız" iqtisadiyyatın (indiki vəziyyət) gələcək baxımdan etibarlılıq dərəcəsinin real mahiyyəti ortalığa qoyulur. Haşiyədən çıxaraq qeyd edək ki, müasir qlobal böhranın öncədən "görünməməsinin" əsas səbəblərindən biri məhz "zaman" məhfumuna laqeyd münasibətdən qaynaqlanır. İkincisi, elm - təhsil - iqtisadiyyat üçlüyünün gerçək məzmun kəsb etməsi, müxtəlifyönümlü yanılmaların "həqiqət" keyfiyyətində təqdiminin aradan qaldırılması, tərəflərarası funksional bağlılığın sistemliliyinə və monolitliyinə nail olunması zəruriliyinin əsaslandırılmasıdır. Danılmaz həqiqətdir ki, yalnız və yalnız bu halda, yəni elm - təhsil - iqtisadiyyat üçlüyünün yeni dialektik məzmununa istinadla biliklərə əsaslanan iqtisadiyyat quruculuğu gerçəkləşə bilər. Üçüncüsü, elmi tədqiqatların həqiqətən elmi məzmun daşımasına, onun səmərəliliyinin yüksəldilməsinə, elmi-texniki potensialın gücləndirilməsinə, elmi kadr hazırlığı sisteminin kordinal surətdə yeniləşdirilməsinə, elmi tədqiqatların əlaqələndirilməsi və onların nəticələrinin iqtisadi və digər sahələrə tətbiqinin təmin edilməsinə və s. nail olmaq zəruriliyi.
Təbii ki, hadisə və proseslərin empirik qiymətləndirilməsinə istinadla yeni elmi fikir irəli sürmək yel dəyirmanı ilə vuruşmaq kimi bir şeydir. Tədqiqat prosesi elmin fəlsəfəsi və metodologiyasından başlamalı, nəzəri araşdırmalarla davam etməli, elmi müddəaların empirik yoxlanılması və konkret elmi nəticə ilə başa çatmalıdır. İctimai və humanitar elmləri təbiətşünaslıq elmlərindən metodoloji aspektdə fərqləndirən əsas xüsusiyyətlərdən biri məhz qeyd edilən cəhətlə bağlıdır. Məqalədə də göstərildiyi kimi: "...Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər yoxdur". Əslində, nəzəri tədqiqatların aparılmadığı, empirik səviyyənin göstəriciləri ilə kifayətlənən (o da hissəvi), yaxud "toplananların yerdəyişməsi" ilə "oynayan" tədqiqatçının ciddi elmi nəticə əldə edə bilməsi qeyri-mümkündür.
Dördüncüsü, elmi fəaliyyətin subyekt tərkibinin hər hansı bir əlamət üzrə fərqləndirilməsinin yolverilməzliyi. Məqalənin daxili məntiqi əsasında gəldiyimiz qənaətin mövcud problemlərin həlli, elm sferasında effektiv rəqabət mühitinin formalaşdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyəti vardır.
Belə ki, elmi fəaliyyət bir proses olmaq etibarilə bütövlük, tamlıq keyfiyyətinə malikdir. Bu prosesin süni şəkildə ayrı-ayrı hissələrə parçalanması, həmin "hissələrin" ayrı-ayrı strukturlar tərəfindən "özəlləşdirilməsi" yolverilməzdir. Məsələn, fundamental tədqiqatların birmənalı olaraq Milli Elmlər Akademiyasına aid edilməsini, ciddi elmi araşdırmaların yalnız MEA-nın müvafiq strukturlarında aparılmasının mümkünlüyünü və ya böyük elmi potensiala malik olan universitetlərin fəaliyyət dairəsinin yalnız tədrislə məhdudlaşdırılması kimi iddiaları heç cür anlamaq mümkün deyildir.
Elmi fəaliyyətin subyekt tərkibi:
yeni yanaşmanın zəruriliyi
Elmin inkişafında dinamikliyə nailolmanın mühüm məqamlarından biri (bəzi şərtlərin dəyişməz qaldığı halda), bəlkə də birincisi, elmi fəaliyyətin subyekt tərkibinə münasibət problemi ilə bağlıdır. Elmin özünün təbiətindən çıxış etdikdə qeyd edilən problemin birmənalı şəkildə subyektiv başlanğıca malik olmasını görməmək mümkünsüzdür. Belə ki, elmi fəaliyyətin təşkili və idarəolunması prizmasından subyekt problemi ilə bağlı sadə həqiqətlər mövcuddur. Aydındır ki, elmi fəaliyyətin subyekt müxtəlifliyi təbii yaranışdır. Elm - heç bir tarixi dönəmdə biristiqamətli olmamış, dövlət, sahə, qrup və s. yönümlü mənafe müxtəlifliyinə tam adekvat şəkildə diferensiasiya olunmuşdur (söhbət, elmi-tədqiqatların istiqamətindən gedir). Buna görə də fəaliyyətin subyektləri arasında ayrı-seçkilik yolverilməz hal kimi qəbul edilməlidir.
Məhz bu anlamda Milli Elmlər Akademiyasının "Ali elmi təşkilat" adlandırılması dərketmə diskomfortu doğurur. Belə çıxır ki, yerdə qalanlar (universitetlər, sahə institutları, elmi mərkəzlər və s.) ibtidai, yaxud orta səviyyəli elmi təşkilatlardır? Maraqlıdır ki, elmi potensial baxımından ali məktəblər daha üstün mövqedədirlər.
Cədvəl 1-dən göründüyü kimi, elmlər doktorlarının 70,0 faizi, fəlsəfə doktorlarının isə 76,1 faizi ali təhsil sistemində fəaliyyət göstərirlər. Yaxud, ali təhsil sistemində, MEA ilə müqayisədə elmlər doktorlarının ümumi sayı 2,3 dəfə, fəlsəfə doktorlarının sayı isə 3,2 dəfə çoxdur. Amma dövlət büdcə vəsaitlərinin bölgüsündə tamamilə başqa mənzərə müşahidə olunur.
Cədvəl 2-dən göründüyü kimi, dövlət büdcəsindən ayrılan məcmu elm xərclərində təhsil sferasının xüsusi çəkisi cəmi 6,5 faiz təşkil edir. Onun da 66,4 faizi sırf tətbiqi tədqiqatlar üçün nəzərdə tutulur. Bununla belə, araşdırmalar göstərir ki, 2009-cu ildə Elmlər Akademiyası sisteminə daxil olan elmi-tədqiqat institutları tərəfindən 400 kitab və monoqrafiya, 1420-si xaricdə çap olunmaqla 6000-dən cox məqalə dərc edilmişdirsə, Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblər tərəfindən 2009-cu ildə 323 monoqrafiya, 308 dərslik, 528 dərs vəsaiti, 1285 proqram-metodik vəsait və 7736 elmi məqalə dərc edilmişdir ki, bunların da 1739-u xaricdə çap olunmuşdur. Xüsusi qeyd edilməlidir ki, bu məqalələrin 119-u "impact factor" - təsir əmsalı olan dünyanın aparıcı elmi jurnallarında dərc edilmişdir. Muqayisə üçün göstərək ki, elmi fəaliyyətin əsas keyfiyyət meyarı sayılan bu göstərici Milli Elmlər Akademiyasında bir qədər yüksək olmuşdur. Başqa sözlə, ali məktəblər tərəfindən dərc edilmiş kitab, monoqrafiya və elmi məqalələr Elmlər Akademiyası ilə müqayisədə müvafiq olaraq 2,9 dəfə və 1,3 dəfəyə qədər çoxdur ki, bütün bunlar da bir tərəfdən bu qurumlara ayrılan vəsaitlərin miqdarı ilə əldə edilən nəticələr arasında ciddi fərqlərin mövcud olduğunu, digər tərəfdən isə universitetlərin bu sahədə əhəmiyyətli eimi potensiala malik olduqlarını göstərir.
Beləliklə, elmi fəaliyyətin subyektləri ilə bağlı məsələnin məhz bu cür qoyuluşu bir sıra anlaşılmazlıqları ortalığa çıxarır: əvvəla, elmin səviyyə müxtəlifliyi (ali, ibtidai və s.) nonsensdir. Səviyyəcə fərqlənmə elmə deyil, elmi prosesin ayrılmaz tərkib ünsürü olan təhsilə aiddir. İkincisi, AMEA-nın elmi-tədqiqat institutlarının olması istər-istəməz onu "maraqlı" tərəf kimi səciyyələndirir. Yəni, elmi fəaliyyətin idarə olunmasının, yaxud koordinasiyasının AMEA-ya həvalə edilməsi, onun elm sferasında nazirlik səlahiyyətləri olan icra orqanı kimi çıxış etməsi "elmi fəaliyyət" dediyimiz prosesin təbiətinə və daxili məntiqinə ziddir. Üçüncüsü, elmin idarəedilməsi sferasında bu gün mövcud olan situasiya effektiv rəqabət mühitinin formalaşmasına nəinki imkan vermir, əksinə, "ögeylik-doğmalıq" bölgüsünü daha da dərinləşdirir. Dördüncüsü, "Təhsil haqqında" qanunda doktorantura ali təhsilin 3-cü pilləsi kimi təsbit olunmuşdur. Amma nədənsə bu təhsil pilləsi ilə yalnız AMEA-nın məşğul olması fikri bu gün də gündəmdə qalmaqdadır və s. Bir sözlə, real fəaliyyətdə elm - təhsil cütlüyünün vahidliyi, anlaşılması mümkün olmayan "səbəblər"lə inkar edilir.
Bu cür yanaşmanın ən sadə yozumu onu deməyə əsas verir ki, təhsilin elmdənkənar, yaxud "avtonom" bir sfera kimi səciyyələndirilməsi ən adi elmi tənqidə belə davam gətirmir. Ona görə ki, əvvəla, təhsil - elmi biliklərin öyrədilməsi, aşılanması prosesi olmaqla elmin özündən qaynaqlanan, onunla sıx səbəbiyyət bağlılığında olan bir konseptdir. Təhsil - elmi biliklərin təfəkkürə yeridilməsi prosesidir. Təhsilin fasiləsizliyi, ardıcıllığı, hüdudsuzluğu keyfiyyətini də, sözün müstəqim mənasında, elm formalaşdırır. Bu anlamda, təhsil elmi prosesin tərkib ünsürüdür və onun hər hansı bir şəkildə əlahiddələşməsinə edilən cəhdlər fəsad doğurmaqdan qeyri heç bir effekt verə bilməz. İkincisi, elmi biliklərin formalaşdırılması, sistemləşdirilməsi və strukturlaşdırılması kimi mühüm əhəmiyyət kəsb edən, yaxud biliklər sisteminə elmi status verən əsas keyfiyyətlər sırasında olanlar birbaşa təhsil sisteminin funksiyaları daxilindədir. Yəni, elmi biliklərin formalaşdırılması və tədrisi (öyrədilməsi) vahid sistemdə cəmlənməlidir. Bu aspektdən struktur müxtəlifliyi (elm - akademiyanın, tədris - təhsil sisteminin işidir kimi) və onun "mütləqləşdirilməsi" süni, yalançı dixotomiyaların meydana gəlməsinin əsas səbəblərinə çevrilir. Elmlə təhsilin məhz dialektik vəhdətdə qəbul olunması və idarə edilməsı onların ən rasional şəkildə inteqrasiyasını təmin edə bilər. Üçüncüsü, təhsil prosesi, əslində, mahiyyət etibarilə elmin tədrisi prosesdir. Pedaqogika, psixologiya və s. elm sahələri olduğunu yəqin ki, heç kim şübhə altına almır. Əgər tədrisin öz mahiyyəti etibarilə elmi prosesin ayrılmaz tərkib ünsürü olduğunu qəbul ediriksə, onda qeyd etdiyimiz bu cütlüyün həm keyfiyyət səviyyəsi, həm də "davranış tərzinin" bütün təfərrüatları ilə birlikdə elmin inkişaf dinamikasından funksional asılılığı gerçək məzmun daşıyacaqdır.
Beləliklə, elmin təşkili və idarəolunması sferasının vahid sistemdə cəmlənməsi elmin özünün mahiyyəti ilə birbaşa determinə olunmuş zərurətdir. Hazırda elmi fəaliyyət sferasında struktur müxtəlifliyinin neqativ təsirlərinin aradan qaldırılması, nəticəlilik və səmərəliliyə nail olunması prizmasından müasir situasiyanın ən azı iki istiqamətdə yeniləşməsi zəruri hesab edilə bilər:
1. AMEA-nın mövcud status-kvonu saxlamaq şərtilə ölkənin əsas elmi-tədqiqat sektorunun ölkə Prezidenti tərəfindən təsdiq olunmuş Elmin İnkişafı Strategiyasına müvafiq olaraq, ciddi surətdə yenidən qurulmasına nail olmaq (AMEA-nın rəqabətqabiliyyəti olmayan strukturlarının maliyyələşdirilməsinin dayandırılması, onun tabeçiliyində olan bəzi institutların universitetlərin tərkibinə verilməsi, elmi kadrların attestasiyasının keçirilməsi, elmi prioritetlərin dəqiq müəyyənləşdirilməsi və s.) və AMEA-nın maliyyələşdirilməsini əhəmiyyətli dərəcədə yüksəltmək, başqa sözlə, qarşıya qoyulan vəzifələrlə maliyyələşmənin həcmi arasında uyğunluğa nail olmaq. Lakin bu sahədə Rusiyanın və Qazaxıstanın təcrübəsi göstərir ki, sonuncu yolla, yəni maliyyələşməni artırmaqla mövcud struktur şəraitində nəinki əhəmiyyətli nəticələr əldə olunmur, hətta gerilik, elmi və kadr potensialının deqradasiyasının güclənməsi prosesi bas verir. Apardığımız araşdırmalardan belə qənaətə gəlmək olar ki, bu gün əsas vəzifə AMEA-nın əsaslı surətdə yenidən qurulması, onun strukturunun təkmilləşdirilməsi və yeniləşdirilməsindən ibarət olmalıdır.
Açıq etiraf etmək lazımdır ki, AMEA-nın bugünkü ölçüdə saxlanılması şəraitində onun beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək üçün maliyyələşdirmənin həcmini on dəfələrlə artırmaq tələb olunsa da (onun real nəticə verəcəyi böyük şübhə altındadır), bunun həyata keçirilməsi mövcud büdcə imkanları və qlobal maliyyə böhranı şəraitində qeyri-mümkündür. Əslində, buna heç ehtiyac da yoxdur! Akademik Ramiz Mehdiyevin göstərdiyi kimi, əsas məsələ elmin idarəolunması və tənzimlənməsinin elə mexanizmlərinin yaradılmasından ibarətdir ki, onlar rəqabətqabiliyyətli strukturların və konkret tədqiqatların, layihələrin maliyyələşdirilməsi üzərində cəmləşdirilsin və kadrların iş və tədqiqat şəraitinin əsaslı surətdə yaxşılaşdırılmasını, yaranmış situasiyanın keyfiyyətcə yüksədilməsini, elmi araşdırmaların səmərəliliyinin artırılmasını və s. təmin etməyə lazımi şərait yaratsın. O qədər də ciddi xərc tələb etməyən bəzi addımların da atılmasına ciddi ehtiyac vardır. Məsələn, institutların və laboratoriyaların milli və beynəlxalq auditinin keçirilməsi, xüsusilə ictimai elmlər sahəsində ciddi elmi-tədqiqat aparmaq qabiliyyətində olmayan institutların bağlanması, rəqabətqabiliyyətli olan elmi-tədqiqat institutları və yaxud bölmələri üçün daha əlverişli mühitin yaradılması, onların imicinin yüksəldilməsi məqsədəuyğun hesab edilə bilər. Belə olan təqdirdə, təbii ki, bu strukturlarla həm dövlət strukturları, həm ali təhsil müəssisələri, həm də innovasiya sektoru əməkdaşlıqda maksimum maraqlı olacaqdır.
Digər istiqamət Bolonya prosesinin məntiqinə əsaslanaraq elmi araşdırmaların tədricən, ardıcıl və düşünülmüş şəkildə universitetlərə istiqamətləndirilməsinin təmin olunmasıdır. Təbii ki, bu proseslərin spontan qaydada həyata keçirilməsi yolverilməzdir, yeni bir sistem yaratmadan mövcud olanın dağıdılmasının nələrə səbəb ola biləcəyinin izahına ehtiyac yoxdur. Akademik Arif Mehdiyevin təklif etdiyi kimi, (Bax: "Bakinskiy Raboçiy" qəzeti, 8 yanvar 2010) "bu prosesin reallaşdırılması işi kifayət qədər vaxt tələb etdiyindən, ona bu gündən başlamaq lazımdır. İlk növbədə, sənaye ilə bağlı olmayan ictimai-təbiət elmləri institutları aparıcı universitetlərin tərkibinə daxil edilməlidir".
Daha bir məsələni xüsusi qeyd etmək vacibdir. Elmi tədqiqatların müsabiqələr əsasında reallaşdırılmasına nail olunması; başqa sözlə, elmi layihələrin qrant prinsipi əsasında maliyyələşdirilməsinin təmin olunması, layihələrin seçilməsində ciddi ekspertiza mexanizminin yaradılması və s. Bu sıradan, elmi işçilərin pensiya və əməkhaqlarının artırılması da xüsusi qeyd olunmalıdır. Eyni zamanda, bir sıra ölkələrin təcrübəsi göstərir ki, MEA-nın əmlakının düzgün idarə olunması əsasında bir sıra maliyyə məsələlərinin həll edilməsi mümkündür.
2. Elm və Təhsil Nazirliyinin yaradılması. Əslində, bizim irəli sürdüyümüz bu təklifdə yeni bir şey yoxdur. Saya bildiyimiz qədər ölkələrdə, o cümlədən postsovet məkanına daxil olan ölkələrdə - Rusiya, Qazaxıstan, Ukrayna, Litva, Gürcüstan, Qırğızıstan və s. Elm və Təhsil Nazirliyi fəaliyyət göstərir. Eyni zamanda, Bolonya prosesinə qoşulmuş ölkələrin (cəmi 45 ölkə) heç birində bizdəki statusda Elmlər Akademiyası mövcud deyildir, yaxud bu qəbildən olan qurumların heç biri dövlət qurumu, icra hakimiyyəti orqanı kimi (idarəetmə sferasında) çıxış etmir. Bu baxımdan, Avropa təhsil və elm məkanına inteqrasiya olunan bir ölkə olaraq Azərbaycan, ən azı Bolonya prosesinin təməl prinsiplərinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. İnteqrasiya prosesi - özünə xas olmayan, yəni həmin prosesin normal gedişinə əngəl yarada biləcək fərqli prinsipləri qəbul edə bilməz və etmir də.
Bir sözlə, Elm və Təhsil Nazirliyinin yaradılması zəruriliyi artıq qlobal səviyyəli aprobasiyadan keçmiş bir zərurətdir. Hətta sovet dönəmində belə qeyd edilən sfera ilə müvafiq dövlət strukturları (Nazirlər Kabineti yanında Elm və Texnika Komitəsi, Dövlət Plan Komitəsi və s.) məşğul olurdu.
Elmi fəaliyyətdə subyektlərarası iyerarxiya, subyektlərdən birinə yönəlik şaquli istiqamətli tabeçilik bərabərhüquqluluğunun aradan qalxmasına, ayrı-seçkiliyin yaranmasına, korporativ mənafelərin "ayaq açıb yeriməsinə", effektiv rəqabət mühitinin elə ilkin başlanğıcda "boğulmasına" səbəb olur. Eyni zamanda, subyektlərarası şaquli tabeçiliyin aradan qaldırılması, bərabərhüquqlu üfüqi əlaqələr sisteminin formalaşması zəruriliyi mülkiyyət formasından asılı olmayaraq (dövlət, özəl, kooperativ və s.) əksər elmi təşkilat və qurumlara münasibətdə eyni məzmun daşıyan münasibətlər sisteminin qərarlaşmasına real zəmin yaradır.
Tam təbii olaraq, bu gün Azərbaycan cəmiyyətində MEA-nın elmin təşkilinin ən səmərəli forması olması fikri qərarlaşmışdır. AMEA yarandığı vaxtdan bu günə qədər Azərbaycan elminin inkişafında, elmi və kadr potensialının formalaşmasında, bir sözlə, Azərbaycanda elmi fikrin təşəkkülündə və tərəqqisində müstəsna xidmətləri olmuşdur. Təsadüfi deyildir ki, ümummilli liderimiz Heydər Əliyev Milli Elmlər Akademiyasını Azərbaycanın milli sərvəti kimi dəyərləndirmişdir. Bu gün dünyanın bir çox ölkələrində elmlər akademiyaları fəaliyyətlərini davam etdirir. Amma əksər ölkələrdə, xüsusilə nəhəng elm ölkəsi kimi qəbul olunan ABŞ-da Elmlər Akademiyası, ən yumşaq formada desək - "alimlərin klubu" kimi fəaliyyət göstərir. Dünya elmində, sözsüz, lider mövqeyinə malik olan ABŞ-da və digər inkişaf etmiş ölkələrdə elmi-tədqiqatlar universitetlərdə aparılır. ABŞ-ın Milli Elmlər Akademiyası, o cümlədən onlarca digər akademiyaları elmi araşdırmalarla deyil, əsasən mükafatların verilməsi, təqdimatların keçirilməsi, sosial-iqtisadi və texnoloji inkişaf məsələlərinin müzakirəsi, elmi forumların təşkili və s. bu kimi məsələlərlə məşğul olurlar. Eyni vəziyyət Böyük Britaniyada da qərarlaşmışdır. Almaniya və Fransada Elmlər Akademiyasının fəaliyyət dairəsi o qədər də əhatəli deyildir. Son dövrlər dünyanın əsas elm mərkəzlərindən birinə çevrilməkdə olan Çin Elmlər Akademiyası demək olar ki, keçmiş SSRİ Elmlər Akademiyasına tam uyğun formada və strukturda yaradılmışdır. Lakin son dövrlər Çin Elmlər Akademiyasında ciddi islahatlar aparılır, onlarca tədqiqat universitetləri yaradılır və bu kimi elmi mərkəzlər sürətlə inkişaf etdirilir.
Beləliklə, bugünkü reallıqdan çıxış edərək və dünya təcrübəsinə əsaslanaraq təsdiq etmək lazımdır ki, keçid dövrünü başa vuran ölkəmiz üçün bu gün elmi araşdırmaların mahiyyətcə yeniləşməsinə, onun istiqamətinin köklü surətdə dəyişdirilməsinə, elmlə təhsilin daha sıx və səmərəli inteqrasiyasına nail olunmasına, elmi araşdırmaların iqtisadi səmərəliliyinin yüksəldilməsinə ciddi ehtiyac yaranmışdır. Bu vəzifələrin yerinə yetirilməsi istiqamətində atılacaq ən mühüm addımlardan biri də elm və təhsilin idarə olunması üzrə vahid icraedici orqanın yaradılması olmalıdır.
(Ardı var)
Şəmsəddin HACIYEV,
Milli Məclisin Elm və təhsil
komitəsinin sədri,
Dövlət İqtisad Universitetinin rektoru,
professor
Azərbaycan.- 2010.- 16
mart.- S. 4.