Türkün soyqırımı
Ermənilərin azərbaycanlılara
və Anadolu türklərinə qarşı törətdikləri
soyqırımı cinayətləri faktların dili ilə
Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı soyqırımı törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı tutarlı fakt ortaya qoya bilməyiblər. Türkiyə tərəfinin təkidinə baxmayaraq, Ermənistan arxivlərin birgə öyrənilməsini və araşdırılmasını istəməyib. Qondarma "erməni soyqırımı"nı tanıyan ölkələr də tarixdə nəyin baş verdiyini araşdırmaq məqsədilə Türkiyəyə tədqiqatçı göndərməkdə maraqlı olmayıblar. Əslində isə tarix sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, öz mənfur əməllərini, sərsəm "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün Azərbaycan və Anadolu türklərinə qarşı XX əsr boyu ən dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.
1905-ci il soyqırımı
Birinci rus inqilabı (1905-1907) başlanan dövrdə çarizm ucqar əyalətlərdə öz mövqeyini möhkəmlətmək məqsədilə milli qırğınlar üçün tədbirlər planı hazırlamışdı. Azərbaycandakı qırğına qədər çarizm bu üsuldan Polşada, Baltikyanı ölkələrdə və digər milli ucqarlarda istifadə etmişdi. Lakin digər ölkələrdən fərqli olaraq, Azərbaycanda çarizmin bu mənfur siyasətindən öz maraqları üçün istifadə edən qatı millətçi "Daşnaksütun" partiyası Bakıda, Şuşada, Naxçıvanda, Gəncədə, İrəvanda və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı kütləvi soyqırımları törətdilər.
Birinci rus inqilabı illərində Azərbaycanda və Cənubi Qafqazın müsəlmanlar yaşayan digər bölgələrində törədilən milli qırğınlar çar ordusunun və rəsmi dövlət adamlarının gözləri önündə baş verirdi. Ordu və polis bu milli qırğını cəllad xisləti ilə seyr edirdi. "Daşnaksütun" partiyası və erməni quldur dəstələri hökumətin bu seyrçi mövqeyindən istifadə edərək az vaxt ərzində azərbaycanlılar yaşayan 158 kəndi dağıtmış, evləri yandırmış və yüzlərlə insanın həyatına son qoymuşdular. Təkcə 1905-06-cı illərdə erməni quldurları müsəlmanlara qarşı 500-ə qədər cinayət hadisəsi törətmişlər. Daşnaklar zahirən muxtariyyət tələbi ilə çıxış etməsələr də, bunun arxasında "böyük Ermənistan" yaratmaq xülyası dururdu. Onlar bu sərsəm niyyətlərini həyata keçirmək üçün daha çox Rusiyadan istifadə etmək istəyirdilər.
1905-ci il fevralın əvvəllərində Bakıda milli qırğına başlamaq üçün bəhanə axtaran daşnaklar hər yerdə müsəlmanların qaniçən, vəhşi olmaları barədə təbliğat aparırdılar. Fevralın 2-də şəhərdə azərbaycanlı əhaliyə qarşı düşmənçilik ruhunda tərbiyə olunmuş ermənilər tərəfindən bir azərbaycanlı öldürüldü. Səhərisi ermənilər daha bir qətl törətdilər. Daha sonra erməni əsgəri istintaqa apardığı müsəlman dustağı yolda güllələdi. Bu qətllər əvvəlcədən hazırlanmış plana əsasən həyata keçirilirdi. Özünü müdafiə etmək məcburiyyətində qalan əliyalın müsəlmanlar küçələrə çıxdılar. Şiddətli döyüşlər başlandı. Evlər dağıdılır, mal-mülk qarət edilirdi. Qubernatorun ixtiyarında kifayət qədər əsgər və polis olsa da, o, baş verən qırğının qarşısını almadı. Fevralın 6-dan 10-na qədər Bakıda davam edən qırğın nəticəsində yüzlərlə insan öldürüldü. Fevralın 18-də Bakı quberniyasında hərbi vəziyyət elan edilsə də, 1905-ci il avqustun 16-21-də Şuşada, avqustun 20-26-da yenidən Bakıda, noyabrın 18-də Gəncədə azərbaycanlıların soyqırımı həyata keçirildi.
Erməni quldurlarının növbəti hədəfi Naxçıvan oldu. Daşnaklar soydaşlarımızın üzərinə qəflətən hücum etməklə azərbaycanlıların arasında vahimə yaratmağa çalışdılar. Naxçıvan əhalisi tərəfindən ermənilərin cinayət əməllərindən İrəvan qubernatorunun müavini Baranovskiyə şikayət verilsə də buna məhəl qoyulmadı. Bu, ermənilərin əl-qol açmasına imkan verdi. Onlar şəhərin müsəlmanlar yaşayan məhəllələrini kütləvi şəkildə atəşə tutdular. Adamlar öldürülür, dükanlar yandırılır və qarət edilirdi.
Döyüşü müşahidə edən polis rəisi Angil qırğına mane olmadı. Bir qədər sonra azərbaycanlılarla ermənilərin birlikdə yaşadığı Çəhri kəndində dəhşətli faciə baş verdi. Noyabrın 26-da kazaklarla birləşən erməni caniləri bir neçə ailəni qətlə yetirdikdən sonra kəndi xarabazarlığa çevirdilər. Camaata bir daha aydın oldu ki, erməniləri qızışdıran və qırğına rəvac verən Rusiya hökumətidir.
Ermənilər Bakı və Naxçıvandan sonra öz məkrli niyyətlərini İrəvan şəhərində və onun ətrafındakı bölgələrdə yaşayan müsəlmanlara qarşı həyata keçirdilər. Bu məqsədlə onlar silahlı quldur dəstələri yaratmışdılar. Ermənilərin niyyətindən xəbərsiz olan İrəvan azərbaycanlıları lazımi müdafiə tədbirləri görməmişdilər. Mayın 24-də ermənilər şəhərin azərbaycanlılar yaşayan hissəsinə qəflətən hücum edərək xeyli insan qətlə yetirdilər. Azərbaycanlıları soyqırımından xilas etmək üçün qonşu qəzalardan, Türkiyədən və İrandan müsəlman könüllüləri İrəvana doğru hərəkət etdilər. Ermənilər Məngüş, Güllücə və Kamal kəndlərini viran qoydular, onlarca adam vəhşicəsinə qətlə yetirildi. İyunun 3-də Uşu kəndində 8 saat davam edən döyüşdə könüllülər erməni quldurlarını geri oturtdular. Ermənilər yaralıları və meyitləri səngərlərdə qoyub qaçdılar. Onlar iki gündən sonra böyük qüvvə ilə yenidən hücuma keçsələr də, məğlubiyyətə uğradılar. İyunun 9-u və 10-u erməni quldurları yaxşı silahlanaraq Uşu və Təkyə kəndləri üzərinə hücuma keçdilər. Düşmənin sayca çoxluğu və kənardan lazımi kömək göstərilməməsi əhalini bu kəndləri tərk etmək məcburiyyətində qoydu.
Zəngəzurun erməni kəndlərindən və digər yerlərdən toplanan quldur dəstələri Sokratın başçılığı ilə qəflətən hücuma keçərək Cəbrayıl qəzasının Veysəlli kəndini yandırdılar. 150 evdən ibarət olan Qacar kəndinin sakinləri 6 saatdan çox davam edən döyüşdə düşməni pərən-pərən saldılar. Qonşu müsəlman kəndindən gələn könüllü dəstələr döyüş meydanından qaçan erməniləri təqib etdilər və xeyli quldur əsir götürüldü. Daşnaklar 3 min quldurla Qacar kəndinə yenidən hücuma keçsələr də, məğlubiyyətə uğradılar. Döyüşdə qələbə çalan qacarlar və könüllülər xeyli qulduru qətlə yetirdilər.
Müsəlman süvariləri Şeyxməli kəndində məşq edən min nəfərlik quldur dəstəsinə qəflətən hücum etdilər. Bütün günü davam edən döyüşün sonunda xeyli itki verdikdən sonra qaçıb Düdüklü kəndinə sığınan ermənilər az sonra oradan da çıxarıldılar. Həmin günün səhəri müsəlman süvariləri Çəmənli kəndinə hücum edən erməniləri məğlubiyyətə uğratdılar. Bu məğlubiyyətdən və itkilərdən sonra ermənilər Xırmancıq kəndinə 2500 quldur topladılar. Onlar müsəlman könüllülərinin toplaşdığı Arış kəndini ələ keçirmək istəyirdilər. Lakin quldurlar döyüşdə atlarını və silahlarını da qoyub qaçdılar. Alınmaz hesab edilən Xırmancıq kəndi döyüşçülərimiz tərəfindən tutuldu. Pristav Davıdovun öz strajnikləri ilə ermənilərə köməyi də nəticə vermədi. Buna baxmayaraq, ermənilər Cəbrayıl və Qaryagin (indiki Füzuli rayonu) qəzalarında Veysəlli, Divanəlilər, Süleymanlı kəndlərini yandırmış, insanları kütləvi şəkildə qırmışdılar.
1905-ci il hadisələri içərisində Şuşa faciəsi daha dəhşətli idi. Qəzalardakı qırğının qarşısını almalı olan əsgərlər qəsdən Şuşada saxlanılırdı. Məqsəd müsəlmanların soyqırımında onlardan istifadə etmək idi. Ermənilər Şuşa döyüşünə böyük hazırlıq işləri görmüş və çoxlu canlı qüvvə toplamışdılar. Avqustun 8-də növbəti fitnə törədildi - Cənubi Azərbaycandan gəlmiş və bir məktəbin təmiri ilə məşğul olan 17 fəhlə qətlə yetirildi. Avqustun 16-da silahlı ermənilər azərbaycanlıları atəşə tutdular. Rus ordusunda qulluq edən 15 nəfər erməni əsgəri komandanlığın razılığı ilə silahlarını götürüb vuruşan quldurlara qoşuldu. Tiflisdən də 100 erməni köməyə gəlmişdi. Azərbaycanlılar müdafiə olunmaq üçün şəhərin müxtəlif yerlərində 5 səngər qurmuşdular. Hər səngərə bacarıqlı adamlar başçılıq edirdilər. Ətraf kəndlərdən şəhərə xeyli atlı dəstələri köməyə gəlmişdi. Elə həmin gün ermənilərin hücumlarının qarşısı alındı. İki-üç gün ərzində ermənilərin bütün mövqeləri ələ keçirildi. Ermənilərin yandırdıqları binalar içərisində teatr və qız məktəbinin binası da var idi. 1905-ci il avqustun 16-dan 21-dək Şuşada ermənilərin törətdikləri milli qırğın baş versə də, daşnak qüvvələri istədiklərinə nail ola bilmədilər.
(Ardı var)
Hazırladı: Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2010.- 11
mart.- S. 6.