Türkün soyqırımı

 

Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı soyqırımı törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı tutarlı fakt ortaya qoya bilməyiblər. Türkiyə tərəfinin təkidinə baxmayaraq, Ermənistan arxivlərin birgə öyrənilməsini və araşdırılmasını istəməyib. Qondarma "soyqırımı"nı tanıyan ölkələr də tarixdə nəyin baş verdiyini araşdırmaq məqsədilə Türkiyəyə tədqiqatçı göndərməkdə maraqlı olmayıblar. Tarix isə sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, öz mənfur əməllərini, sərsəm "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün Azərbaycan və Anadolu türklərinə qarşı XX əsrdə ən dəhşətli soyqırımı törətmişlər.

 

Şamaxı qırğınları

 

S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak silahlı qüvvələri erməni quldur dəstələri ilə birlikdə Şamaxı şəhərində və Şamaxı qəzasında azərbaycanlılara qarşı 1918-ci ilin mart və aprel aylarında soyqırımları törətmişlər. Şamaxı şəhəri və qəzasının azərbaycanlılar yaşayan kəndlərində bolşevik-daşnak qüvvələrinin törətdikləri qanlı cinayətlər haqqında Fövqəladə Təhqiqat Komissiyasının topladığı 7 cild və 925 səhifədən ibarət istintaq materiallarındakı yüzlərlə arayış və məruzələr, zərərdidə və şahid ifadələri, dindirmə protokolları ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikililərə və mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar və digər sənədlər ermənilərin Şamaxı şəhəri və qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşilikləri aydın və təkzibolunmaz şəkildə sübut edir. Komissiyanın sədri Ələkbər bəy Xasməmmədovun Ədliyyə Nazirliyinə göndərdiyi məruzədə bildirilirdi ki, Şamaxı qəzasında azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkəti hələ Birinci Dünya müharibəsinin (1914-1918) ilk vaxtlarından özünü büruzə vermişdir. Fevral inqilabından sonra ermənilər daha fəal hərəkət etməyə, Cənubi Qafqazın digər qəzalarından erməni əsgərlərini Şamaxı şəhərindən 6 verst aralıdakı Mədrəsə erməni kəndinə toplamağa başlamışdılar.

1918-ci il martın birinci yarısında S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin daşnak hökuməti Şamaxıya çoxlu miqdarda hərbi sursat, top və pulemyotlarla silahlanmış üç minədək yalnız ermənilərdən ibarət qoşun dəstələri göndərdi. Martın 15-də Şamaxı şəhərinə çatan dəstə ilə müsəlmanlar arasında ilk atışma oldu. Şamaxıdakı bütün millətlərin nümayəndələri erməni yepiskopunun hiyləsinə uyaraq sülh şəraitində yaşayacaqlarına and içdilər. Bu hiyləyə inanan azərbaycanlı əhali öz gündəlik işləri ilə məşğul ikən Novruz bayramı günü şəhərin bütövlüklə azərbaycanlılardan ibarət olan aşağı hissəsi cənubdan ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən qəfildən mühasirəyə alınaraq top və pulemyot atəşinə tutuldu. Bu vəhşiliklər bir neçə gün davam etdi. Ermənilər və malakanlar Gəncədən silahlı dəstələrin köməyə gəlməsindən qorxuya düşərək şəhəri tərk etdilər. Gəncədən gələn silahlı qüvvələr onları təqib etdi, lakin erməni və malakan silahlı dəstələri qat-qat üstün olduğundan təqibi dayandırdı və dörd gün sonra şəhərdən çıxdı. Müsəlman əhalinin çox hissəsi onlarla birlikdə şəhəri tərk etsə də, xeyli hissəsi şəhərdə qaldı. Geri qayıdaraq Şamaxını yenidən zəbt edən erməni və malakan quldur dəstələri bu dəfə əhaliyə daha qəddarlıqla divan tutdular. Şəhərdə qalan azərbaycanlı əhali - uşaqlar, qadınlar və qocalar tamamilə məhv edildi. Fövqəladə Təhqiqat Komissiyasının verdiyi məlumata görə, küçələr, həyətlər, evlər, məscidlər meyitlərlə dolu idi. Şəhərdə azərbaycanlılara məxsus bütün əmlak qarət edilmiş, malikanələrə, evlərə od vurulmuşdu. On iki məhəllə məscidi, təkcə ibadət yeri deyil, həm də 800 illik tarixə malik nadir memarlıq abidəsi olan "Cümə məscidi" də yandırılmışdı. Təhqiqat materiallarında göstərilir ki, ermənilərin Şamaxı şəhərinə birinci və ikinci basqınları zamanı şəhərdə bir neçə min azərbaycanlı qətlə yetirilmişdi. Qətlə yetirilənlər arasında təkcə Şamaxıda deyil, bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Şəhərdə böyük nüfuz sahibi olan axund Hacı Cəfərqulunu ermənilər xüsusi qəddarlıqla öldürmüşdülər. Onun gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmiş, sonra isə od vuraraq yandırmışdılar. Ermənilərin qəddarlıqla qətlə yetirdikləri nüfuzlu şəxslər arasında şəhər rəisi Teymur bəy Xudaverdov, Rusiyanın birinci Dövlət Dumasının Şamaxıdan seçilmiş deputatı Məmməd Əliyev və başqaları da var idi. Fövqəladə Təhqiqat Komissiyasının məlumatında qeyd olunurdu ki, ermənilər kişi, qadın və uşaqları xüsusi qəddarlıqla, əzab-işgəncə ilə - qolları, qıçları, burunları, qulaqları kəsilməklə, gözləri çıxarılmaqla, qarınları yırtılmaqla, yandırılmaqla qətlə yetirmişlər. Ermənilər təkcə Şamaxıda azərbaycanlılara məxsus dəyəri bir milyard manatdan yuxarı olan əmlakı qarət etmiş, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandırmışlar.

Şamaxı qəzasının 120 azərbaycanlı kəndindən 86-sı ermənilər tərəfindən qarət edilmiş, yandırılmış, dağıdılmış və əhalisi qətlə yetirilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının həmin kəndlərdən 53-nün hər birinə vurulmuş zərərlər barədə tərtib etdiyi xüsusi yekun aktında ayrı-ayrı kəndlərdə ölənlərin sayı (o cümlədən kişi, qadın və uşaqlar göstərilməklə) və hər bir kəndə dəymiş maddi zərərin miqdarı göstərilirdi. Məlumatlara görə, Şamaxı qəzasının 53 kəndində ermənilər qısa müddətdə 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onların da 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaqlar olmuşdur. Hesablamalara görə, bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manata çatırdı.

Komissiyanın gəldiyi qənaətə görə, Şamaxı qəzasında törədilmiş bu vəhşiliklərin əsas təşkilatçıları, Bakı şəhərində və Quba qəzasında olduğu kimi, Bakı Kommunasının erməni daşnak başçıları S.Şaumyan, Q.Korqanov və başqaları idi. Onun icraçıları isə S.Şaumyanın Bakıdan hərbi dəstənin başçısı kimi göndərdiyi Lalayan (Lalayev), habelə Şamaxı sakinləri olan erməni-daşnak quldurları Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Armenak Martirosyan və başqaları, cəmi 31 nəfər olmuşlar. Komissiyanın qəbul etdiyi qərarda göstərilirdi ki, bu cəlladlar istintaqa cəlb edilərək Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə görə cavab verməlidirlər.

 

Quba qırğını

 

1918-ci ilin aprel-may aylarında erməni-daşnak quldur dəstələrinin Quba şəhəri və qəzasının kəndlərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayəti Azərbaycan xalqının qatı düşmənləri S.Şaumyan və Q.Korqanovun təşkilatçılığı ilə həyata keçirilmişdi. Fövqəladə Təhqiqat Komissiyası erməni-daşnak quldur dəstələrinin törətdikləri vəhşiliklər haqqında 5 cilddən ibarət materiallar toplamışdır. Daşnak Hamazaspın quldur dəstələri tərəfindən soyqırımı və talanlar həyata keçirilənə qədər Quba şəhərində təqribən 20 minə yaxın əhali yaşayırdı. Daşnakların şəhərə basqını mayın 1-də başlamış və onların azğınlıqları doqquz gün davam etmişdir. Bundan əvvəl isə, 1918-ci ilin aprelində Bakı şəhəri və quberniyasının bir hissəsində hakimiyyət bolşeviklərin əlində olarkən bolşevik partiyasının nümayəndəsi David Qolovani Qubaya gəlmiş, 2 saat müddətində sovet hakimiyyətini tanımalarını əhalidən tələb etmiş, əks təqdirdə, hadisələrin gedişinə cavabdeh olmadığını bildirmişdi.

Təxminən 2 həftə sonra Bakıdan top və pulemyotlarla silahlanmış böyük bir ordu hissəsi Qubaya doğru hərəkətə başladı. Yalnız ermənilərdən təşkil edilmiş bu dəstənin başında türklərə qarşı vəhşiliklər törətməkdə "ad çıxarmış" Hamazasp dururdu. Onun köməkçisi Nikolay, komissarı Venuns, bələdçisi "dəyirmançı" ləqəbli qubalı erməni Hərtün Hayrapetov idi.

1918-ci il mayın 1-də dəstə üç istiqamətdən şəhərə daxil olaraq dinc əhalini hədsiz amansızlıq və qəddarlıqla qətlə yetirməyə və var-dövlətlərini qarət etməyə başladı. Təkcə birinci gün şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 713 nəfər azərbaycanlı öldürüldü. Ermənilərin Qubada azğınlığı doqquz gün davam etdi. Hücumun ikinci günü 1012 nəfər azərbaycanlı qətlə yetirildi, bunların da əksəriyyəti şəhərin yoxsul əhalisi və İrandan iş dalınca gəlmiş kişilər idi. Hamazaspın quldur dəstələrinin Quba şəhərində və ətraf kəndlərdə törətdiyi vəhşiliklər Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatskinin rəhbərlik etdiyi qrup tərəfindən ümumiləşdirilmiş məruzədə əksini tapmışdır. Məruzədə göstərilirdi ki, erməni silahlı dəstələrinin şəhərə daxil olması müsəlman əhalinin kütləvi surətdə qətli və onlar üzərində hər cür zorakılıq halları ilə müşayiət olunurdu. Ermənilər küçələrdə əllərinə keçən kişi, qadın və uşaqları amansızlıqla qətlə yetirir, evlərə soxularaq südəmər uşaqlara belə rəhm etmir, onları analarının qucağındaca qılıncla doğrayırdılar. A.Novatskinin məruzəsindən, D.Qolovaninin məlumatlarından göründüyü kimi, şəxsən S.Şaumyanın tapşırığı ilə Bakı Xalq Komissarları Sovetinin hərbi komissarı Q.Korqanov tərəfindən Qubaya göndərilmiş təxminən iki min nəfərlik hissəyə yalnız "Daşnaksütyun" partiyasına mənsub ermənilər daxil edilmişdi. Quba şəhərində 3 minədək dinc sakin qətlə yetirilmişdi. Hamazaspın dəstəsi tərəfindən oğurlanmış əmlak 4 milyon manat nağd pul, 4,5 milyon manatlıq brilyant, qızıl, gümüş və digər qiymətli daş-qaş, 25 milyon manatlıq müxtəlif mallar - xalça, ev əşyaları və sair ölçülürdü. Hamazaspın dəstələri təkcə Quba şəhərində 105 evi və digər tikililəri tamamilə yandırıb dağıtmışdılar ki, bunun da nəticəsində onların sahiblərinə dəyən zərər 100 milyon manatdan yuxarı olmuşdur. A.Novatski məruzəsində göstərirdi ki, ümumiyyətlə, Hamazaspın dəstələri tərəfindən Quba qəzası ərazisində 122 müsəlman kəndi dağıdılmış və yandırılmış, əhalisi kütləvi şəkildə qətlə yetirilmişdi.

Məruzənin yekunlarında Quba şəhərində və qəzanın 122 kəndində vəhşiliklər törətmiş Hamazaspa və onun əlaltılarına qarşı cinayət işi qaldırılması təklif olunurdu.

Fövqəladə Təhqiqat Komissiyası göstərilən şəxslərə qarşı cinayət işinin qaldırılması haqqında qərar qəbul etmiş, onların işləri 1920-ci il yanvarın 29-da Bakı Dairə Məhkəməsinə göndərilmişdi. Aprel işğalından (1920) sonra Azərbaycan hökumətinin bütün qanun və qərarlarını ləğv edən sovet hakimiyyətinin məhkəmə orqanları Cümhuriyyət parlamentinin 1920-ci il fevralın 9-da qəbul etdiyi amnistiya haqqında qanunu əsas götürərək Quba qırğınları ilə əlaqədar cinayət işinə xitam vermişdi.

 

 

(Ardı var)

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.-  16 mart.- S.  6.