Yenə fəsli-bahar oldu

 

Zimistanın ömrü sona yetdi. Üzümüzə müqəddəs Novruzun nəfəsi dəyməkdədir. Yenə ruhumuzun dirçəldiyi, əhvalımızın yüksəldiyi məqamdır. Novruzun son çərşənbəsini qarşılayırıq.

Fevralın 23-dən başlanan çərşənbə axşamlarında xalqımız sudan içərək, oddan keçərək, yeldə sərinlənərək, nəhayət, gəlib torpağa baş əydi. İlaxır çərşənbələrinin bu ardıcıllığı bayatı formasında yaranmış tapmacalarda görün necə qəribə mənalandırılıb:

 

Qabaqda seli gözəl,

Dalınca yeli gözəl.

Yaxasında sünbülü,

Başında teli gözəl!

(Su, Yel, Torpaq Günəş)

 

İlaxır çərşənbəsinin el arasında müxtəlif adları var: Axırçərşənbə, Yel çərşənbəsi, Çərşənbə Suri nəhayət, Torpaq çərşənbəsi. Bu adların təbiət ünsürləri ilə bağlı sıralanmasının mühüm mənası var. Müşahidələr təsdiqləyib ki, Su, Od, Hava (Külək) birləşərək torpağa oyanış gətirir, onun canını qızdırır, hərarətini artırır. Beləliklə təbiət oyanır. Torpağın qara bağrı yarılaraq zümrüd rəngli zərif gözəlliklər üzümüzə boylanır. Hətta qar əriməmiş yerlərdə, buz bağlamış kol diblərində belə bənövşələr qışa meydan oxuyur. Çiynini onun sərt ağırlığına verərək üzə çıxır.

İlaxır çərşənbələrinin özünəməxsusluğu illərin sınağından çıxmışdı. Hər bir çərşənbə axşamı xoş ovqatla, sevinclə qeyd edilir. Amma ilaxır çərşənbəsi bunlardan bir qədər fərqlənir. Bu çərşənbədə tonqalın üstündən atılır, fala baxılır, eləcə qulaq falına çıxılır.

O, ilin ən əziz, müqəddəs günü sayılır, əsl bayram səviyyəsində keçirilir. İlaxır çərşənbələrinin mərasim ayinləri həmişə zəngin olur. Əvvəlki çərşənbələrin hamısı - suların daşması da, küləyin əsməsi , ocaqda odların qalanması da torpağın üzərində, onun qoynunda baş verir. Ona görə Torpaq bu çərşənbələrin "komandanıdır". Novruzun simvolu olan səmənini hazırlamaq üçün məhz birinci çərşənbədə buğdanı islağa qoyurlar.

Torpaqla bağlı yaranan el sözləri məna dərinliyinə görə seçilir: "Torpağa göz ağardanda üz ağardar", "Torpaqdan pay olmaz", "Torpaq ovuclayan qızıl ovuclar", "Torpaq deyər: sən mənə tər ver, mən sənə bar verim", "Yel qulaqlı olar", "Torpağın qarası üz ağardar", "Torpaqla oynayan ac qalmaz", "Torpağa xor baxsan, o sənə kor baxar", "Torpaq deyər: öldür məni, dirildim səni", "Torpağı bir yerdən götürülüb".

Andlar alqışlarda da torpağın böyüklüyü, müdrikliyi, müqəddəsliyi barədə qiymətli fikirlər var. Hələ əski dövrlərdən üzü bəri insanın ən böyük andı torpağa ünvanlanıb: "Torpaq haqqı", "Yer haqqı", "Torpağında qara yellər əsməsin", "Torpağın yada qismət olmasın", "Torpağına dolu düşsün", "Torpağın həmişə gül bitirsin", "Torpağı sanı yaşayasan", "Torpağını torba ilə daşısınlar", "Torpağa tapşırıldı", "Torpaq başına tökülsün", "Üstünü örtməyə torpaq tapılmasın".

Torpaqla bağlı bilməcələrin kəsb etdiyi mənalar diqqət çəkir: "Yer üzünün qarası, ağacların anası" (Torpaq) yaxud da:

 

Mal etsən, malın olar,

Şanında balın olar,

Yazda, yayda çullanar,

Qış fəsli yalın olar (Torpaq).

 

İlaxır çərşənbəsi onun nemətləri ilə bağlı müxtəlif bilməcələr mövcuddur. Məsələn:

Altı daş, üstü daş - arasında çəməni

Qazanda bişən duzsuz aşımdır mənim (səməni halvası).

 

* * *

 

Sac üstündə çatlayar,

Ovucdan-ovuca addayar (qovurğa).

Dolu olar yelini,

Bəzəyərlər gəlini (Novruz xonçası).

Qırmızı xatun xonçanı bəzər (boyanmış yumurta).

El-obada addanar,

Şirin olar daddanar,

Gah attanar, yellənər,

Gah alışar, oddanar (Axırçərşənbə).

Say istəsən say verər,

Pay istəsən pay verər,

Əyilib gülün dərsən,

Xoşbəxt ömür, ay verər

(Novruz bayramı).

 

Torpaq çərşənbəsinin gözəl məziyyətlərindən biri odur ki, ilaxır gecəsi bütün küsülülər barışmalıdır. Hamı təzə paltar geyməli, xoş sözlər danışmalı, qəlbə toxunan ifadələr, ovqatı korlayan kəlmələr işlətməməlidir. Çünki ilaxır çərşənbəsində adətən, qapıya qulaq falına gələrlər. Deyirlər ki, ilkin olaraq hansı sözü eşitsən, ilin o cür başa çatacaq. Ona görə Axırçərşənbədə nəhs danışmaq, kefsizləşmək, nalayiq işlərə yol vermək, qeybət etmək olduqca günahdır. İnanclara görə, çərşənbə axşamı qulağı cingildəyənə mütləq xəbər gələr. Axırçərşənbədə təkcə libası deyil, fikri, davranışı, insanlara münasibəti, bütövlükdə, yaxşılığa doğru mütləq dəyişmək gərəkdir. Təbiətin özündə belə, o axşam hər şey təzələnir, dəyişir. Bu axşam yandırılan bayram tonqalının ətrafında insanlar dövrə vuraraq üstündən tullanır, üzərlik yandırır, "ağırlığım, uğurluğum odlara tökülsün" deyirlər. Nişanlı qızları ocağın başına fırladırlar. Xoşbəxt olsun deyə, ona xeyir-dua verirlər. Ailə qurmaq istəyən gənclərlə bağlı Tanrıya üz tutub dualar edirlər ki, bəxtlərinə gün düşsün.

Axırçərşənbədə açılan bayram süfrələri əvvəlkilərdən fərqlənir. Folklorşünas alimlərin araşdırmalarına görə, hələ qədim zamanlarda Novruz süfrəsinə bol nemətlərin düzülməsi yeni başlayacaq ilin barlı-bərəkətli, firavan olmasının simvoluna çevrilərdi. Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan 7 rəqəmin uğur gətirəcəyinə işarədir. Azərbaycanın bir sıra bölgələrində, xüsusilə Naxçıvanda, Zəngəzurda ilaxır çərşənbəsi "Yeddi ləvin bayramı" adı ilə tanınır. İslamdan çox əvvəl süfrəyə "Ş" hərfi ilə başlanan yeddi cür nemət qoyularmış: şərbət, şəkər, şam, şərab, şabalıd, şor, şirni sairə. Sonralar islamın dönəmində şərab yasaq olduğu üçün "Ş" hərfi "S" hərfi ilə əvəz edilib. Ona görə ilaxır çərşənbəsində süfrəyə yeddi nemət düzülməlidir: su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbül s.

Hələ qədim zamanlardan bu gözəl axşama xüsusi hazırlıq görülərdi. Əvvəlcədən ev-eşik təmizlənər, xüsusi bayram tədarükü hazırlanardı. Yumurta boyanar, qovurğa qovrular, plov süzülər, şirniyyatlar bişirilər. Bu bayram kənd yerlərində daha gözəl keçirilir. Həmin axşam bütün həyətlərdən xoş ətirli rayihələr insanları bihuş edir. Hamı bu bayramda bir-birini təbrik etməyə tələsir, bayram axşamı ailənin sayı qədər süfrədə şam yandırılar, niyyət tutular. Həmin axşam uşaqlar qapı-qapı gəzib bayram payı alırlar. İnsanlar o gecə səhərədək şənlik edirlər. xoş ki, bu ənənə davam edir.

İlaxır çərşənbəsi günü sübh tezdən bulağa gedər, evə su gətirər, əl-üzünü axar suda yuyarlar. Mütləq bulaqdan yeddi daş gətirib evdəki nemət dolu qabın içinə atarlar ki, bolluq olsun. İlaxır çərşənbəsində oxunan nəğmələrin, mahnıların öz coşqunluğu var:

 

Səməni, ay səməni,

Göyərdərəm mən səni.

Səməni, saxla məni,

İldə göyərdərəm səni.

 

Sinəsində sellər, sular şaqqıldadı, ocağında odlar qalandı, küləklər belədən-belə ərzi başına götürdü nəhayət, bütün bunların müqabilində insan oğlunun ürəyinə yeni sevinclər gətirmək üçün saçaqlanmış sarı sünbülü ona hədiyyə etdi Torpaq. Bununla da ona baş əyən insanı ucaltdı, əməyini boş vermədi, süfrəsinə bar-bərəkət göndərdi. Ona görə sinəsi sünbüllü torpağımızı ürəkdən sevir, onun hər qarışı uğrunda candan keçməyə hazırıq. İllərin sınağından çıxıb ki, ilaxır çərşənbəsi üzünü ulu Tanrıya tutub ürəkdən alqış etsən, diləsən, yerinə yetər, Torpaq müqəddəsdir. Ondan pay olmaz. İllərdir ki, tarixi torpağımızın bir hissəsi param-parça olub yağı tapdağı altında inildəyir. Qoy soydaşlarımızın bu axşam əlləri ulu Tanrıya açılsın: Sən bu qədim halal torpağımıza dinclik, sakitlik bütövlük ərməğan et! Qoy yağıların murdar əl-ayağı torpaqlarımızdan çəkilsin. Onu təmizliyə çıxarmaq üçün yağan yaz yağışları məmləkətimizin yaralı torpaqlarına məlhəm qoysun. Qarşıdan ulu Novruz gəlir. Bayramınız mübarək!

 

Siz Allah, xoş danışın!

Yarım qulağa çıxıb.

Qızım bulağa çıxıb,

Enib bulağa çıxıb.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.-  16 mart.- S.  7.