Prezident İlham Əliyev Bakı buxtasında quru yük limanı məntəqəsinin açılışında
iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Bakı buxtasında quru yük limanı məntəqəsinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı açılışı bildirən qırmızı lenti kəsdi.
Prezident İlham Əliyev əvvəlcə məntəqənin inzibati binasında yaradılmış şəraitlə tanış oldu.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş guşə yaradılmış, ümummilli liderin büstü qoyulmuşdur.
Prezident İlham Əliyev quru yük limanı məntəqəsinin inşa edildiyi ərazinin əvvəlki vəziyyətini və 2008-2010-cu illərdə həyata keçirilmiş tikinti işlərinin gedişini əks etdirən fotoşəkillərə baxdı.
Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov məlumat verdi ki, dördmərtəbəli inzibati binada işçilərin fəaliyyəti üçün bütün şərait yaradılmış, otaqlar zəruri avadanlıqla təchiz olunmuşdur.
Quru yük limanı məntəqəsinin tikintisi layihəsi Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilmişdir. Liman məntəqəsindən yalnız quru yüklər daşınacaqdır. Məntəqənin tikintisindən başlıca məqsəd sənaye müəssisələrini paytaxtın mərkəzindən kənara köçürməkdən, şəhərdə ekologiyanı sağlamlaşdırmaqdan və respublikamızdan yükdaşımaların həcmini artırmaqdan ibarətdir. Liman məntəqəsinə eyni vaxtda 14 gəmi daxil ola bilər. Burada ümumi uzunluğu 1500 metr olan yanalma körpüləri və dalğaqıran tikilmiş, dəmir yolu xətti çəkilmişdir.
Prezident İlham Əliyev liman məntəqəsinin ərazisində inşa olunan yüksaxlama anbarlarına da baxdı. Bildirildi ki, ərazidə hər birinin uzunluğu 185, 72 və 42 metr olan üç anbar inşa olunmuşdur. Onların ümumi sahəsi 6500 kvadratmetrdir. Hazırda ərazidə infrastrukturun genişləndirilməsi, gəmi təmiri zavodunun və avtobazanın mərkəzdən buraya köçürülməsi ilə bağlı işlər davam etdirilir.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 17
mart.- S. 1.