İqtisad elmi zaman müstəvisində

 

İctimai və humanitar elmlər: zaman kontekstində baxış

 

İqtisad elmi: "quru təsvirçilik" problemi

 

Qloballaşan dünya iqtisadiyyatının, eləcə də milli və regional səviyyələrdə gedən məcmu iqtisadi proseslərin rasionallıq, effektivlik və ədalətlilik prizmasından tədqiqi iqtisad elminin müasir tələblərə adekvat cavab verə bilməməsini, nəzəri-metodoloji aspektdə böyük problemlərinin olduğunu üzə çıxarır. Bu gün etiraf edilməlidir ki, iqtisad elmi hadisələrin arxasınca getməkdədir. Göstərilən aspektdə kifayət qədər aktuallaşan problemlərin mövcudluğu, bütövlükdə elmə sistemli yanaşmada qabarıq şəkildə görünən "boşluqlarla" birbaşa səbəbiyyət bağlılığındadır. Belə ki, əvvəla elm təkcə mövcud biliklər sistemi deyil, həmçinin yeni biliklərin axtarışı prosesini də özündə ehtiva etməklə sistemli yaranış kimi çıxış edir. Sübut etməyə ehtiyac yoxdur ki, əks istiqamətli yanaşma ən azı sistemliliyə xələl gətirməklə iqtisadi biliklərin elmi statusunu şübhə altına sala bilər. Elm baş verə biləcək hər hansı bir hadisəni əvvəlcədən müəyyən etmək, proqnozlaşdırmaq qabiliyyətində olmaqla əsaslandırılmış idarəetmə qərarlarının qəbul edilməsi üçün zəmin yaratmalıdır.

İkincisi, inzibati-amirlik prinsiplərinə əsaslanan sosialist təsərrüfat tipinə mahiyyət və məzmunca adekvat olan yanaşma üsullarından uzaqlaşmaq zərurəti ortalıqdadır. Bu məsələ ölkədə keçid dövrünün başa çatması ilə daha da aktuallaşır. Heç kimə sirr deyil ki, sözügedən dövrdə aparılan elmi-tədqiqatlar sırf empirik xarakter daşımaqla iqtisadi göstəricilər arasında statistik bağlılığın aşkarlanması yönümlü olmuşdur. Yəni, iqtisadi proses və hadisələrin gerçək mahiyyəti tədqiqat prosesindən kənarda qalmış, nəzəri-metodoloji sfera isə, ümumiyyətlə prosesdən sərf-nəzər edilmişdir.

Sözügedən məqalədə məhz bu məqam xüsusi olaraq vurğulanır: "...ictimai elmlər üzrə tədqiqatların empirizm və quru təsvirçilik səviyyəsinə enməsi müşahidə olunur, ...faktlar yalnız sadalanır, hadisələrin quru təsviri verilir, nəzəri təhlil isə yox dərəcəsindədir".

Axı, iqtisad elmində vahid nəzəriyyə yoxdur. Mövcud nəzəriyyələr çoxluğu həm birlikdə, həm də ayrı-ayrılıqda real gerçəkliyi tam şəkildə "anlamaq" iqtidarında deyildir. İqtisad elmi (o cümlədən, əksər ictimai və humanitar elmlər) təbiətşünaslıqdan fərqli olaraq təsvir etmə deyil, anlama metodikasına istinadla inkişaf edir. Bu baxımdan elmin üçlü vəhdəti - elmin özü, fəlsəfəsi və metodologiyası qaçılmazdır. Dialektik vəhdətdə olan üçlüyün süni şəkildə parçalanması, yaxud elmin fəlsəfəsi və metodologiyasının tədqiqat obyekti kimi ön plana çıxarılmaması gerçəkliyin adekvat dərkində böyük problemlər yarada bilər və yaradır da.

Dialektik materializmin mütləq həqiqət kimi qəbul edildiyi və marksist təlimin yeganə düzgün bilik statusuna malik olduğu dövrlər artıq keçmişdə qaldı. Nə qədər qəribə səslənsə də, qeyd etməliyik ki, iqtisadi gerçəkliyin tədqiqatı əslində nəzəriyyədən başlanır. Ona görə ki, iqtisadi anlamda əksər empirik faktlar nəzəri "yüklü" olur. Əks-təqdirdə, o faktların hər hansı bir mövqedən interpretasiyası mümkünsüz olardı.

İqtisad elmi, eləcə də əksər ictimai-humanitar elmlərlə bağlı problemin həllini müşkülə salan cəhət məhz nəzəriyyə - obyektiv gerçəklik tandeminin özünün problemli olmasındadır. Hətta, ən sadə məntiqi bağlılıq mövqeyindən yanaşıldıqda belə "qapalı" dairə ilə qarşılaşırıq. Belə ki, nəzəri biliyin həqiqi elmi statusa malikliyi obyektiv reallığın "obyektiv" dərkinə söykənən bir problemdir. Eyni zamanda, obyektiv faktın dərki, yaxud interpretasiyası konkret nəzəriyyə çərçivəsində mümkündür. Primitiv sillogistik bağlılıqla qarşılaşmanın əsas səbəbi akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, "...quru təsvirçilik" mərəzindən qurtula bilməməyimizlə əlaqədardır. "Quru təsvirçilik", illah da hissəvi xarakter daşıyanda (bu gün aparılan tədqiqatların böyük hissəsi məhz qeyd edilən kateqoriyaya aiddir), ən yaxşı halda gerçəkliklə bağlı olan həqiqəti deyil, yanılmanı elmi bilik kimi ortalığa qoyur və yanılmalara əsaslanmaqla "sabahı" görmək mümkün deyildir, yaxud mümkündür, lakin yanlış hərəkət trayektoriyası üzrə "inkişaf" görüntüsü yaradıla bilər. Məhz buna görə də, nəzəri - metodoloji araşdırmalar həmişə diqqət mərkəzində olmalı, iqtisad elminin aksioloji mahiyyətinə xələl gətirilməməlidir.

 

Elmin strukturu və müdafiə prosesi: təkmilləşdirmə zəruriliyi

 

İctimai elmlərin, o cümlədən iqtisad elminin müasir dövrün tələblərinə adekvat cavab verə bilməməsini real fakt keyfiyyətində təsvir edən akademik Ramiz Mehdiyev tamamilə haqlı olaraq əsas səbəblərdən birini "...ictimai biliklərin insanların artan tələbatından, həmçinin cəmiyyətin həyatında baş verən hadisələrin analitik təhlilindən geri qalmasında" görür. Başqa sözlə, sözügedən biliklər "öz gücünü" məhz gerçəkliyin obyektiv təhlilindən almalıdır. Bu aspektdən müasir situasiya ilə ötəri tanışlıq belə, həqiqətən də son dərəcə ciddi problemlərin olduğunu görməyə imkan verir. Məqalədə qeyd edildiyi kimi, "...Elm biznesə çevrilib və istənilən şəxs - dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur". Bizim qəti inamımıza görə yaranmış vəziyyətdə obyektiv səbəb axtarmaq lüzumsuzdur. "...Elmin paklığını qorumalı" olanların böyük bir hissəsi əslində əks cəbhədə yer almaqdadır. Problemin ümummilli səviyyəyə yüksəlməsini şərtləndirən və əsasən elmi-tədqiqatların təşkili və idarəedilməsi sferasına aid olan bir sıra amillər mövcuddur:

1. Elmi-tədqiqat prosesinin sistemliliyinin təmin edilməsi. Başqa sözlə, tədqiqat prosesinin ayrı-ayrı hissələrə parçalanması və həmin hissələr üzrə ayrı-ayrı subyektlərin məsuliyyət daşıması problemi aktuallaşdıran əsas səbəblərdəndir. Bu mənada, ilkin başlanğıcdan tutmuş - mövzunun seçilməsindən son mərhələyə - dissertasiyaların müdafiəsi və təsdiqi mərhələsinə qədər sürən prosesin tamamilə yeni məzmunlu nəzarət mexanizminin yaradılmasına böyük zərurət duyulur. Gələcək tədqiqatçıların, doktorantların seçilməsi prosesinə qəbul imtahanlarından çox-çox əvvəl - magistratura səviyyəsindən başlanılması da olduqca vacibdir.

2. Elmin strukturunun təkmilləşdirilməsinin zəruriliyi; Hal-hazırda qüvvədə olan struktur həm elmi nöqteyi-nəzərdən, həm də müasir dövrün tələbləri baxımından yararlı deyildir. Həmin struktur əsasında iqtisad elminin sistemliliyini anlamaq kifayət qədər müşkül məsələdir. Struktur bölünmə iqtisad elminin istiqamətləri üzrə aparılmalıdır. Bu aspektdən çılpaq praqmatizmin nələrə gətirib çıxardığını qlobal iqtisadi böhran bütün təfərrüatı ilə ortalığa qoydu. Daha konkert şəkildə ifadə etsək, söhbət ondan gedir ki, elmi, yaxud elmin hər hansı bir konkret istiqamətini peşə səviyyəsinə endirmək olmaz. Belə olan təqdirdə, elmə sistemlilik keyfiyyəti verən üç əsas səviyyədən (dil, mental və faktoloji) biri - mental-dəyər səviyyəsi kənara qoyulur, yaxud elm özünün aksioloji məzmununu itirir.

3. Elmi-tədqiqat prosesinin iştirakçılarının şəxsi məsuliyyətini yüksəltmək zəruriyyəti. Elmi rəhbərlərin, opponentlər, aparıcı təşkilatlar, rəyçilər və ekspert şuralarının, eyni zamanda dissertasiya şuraları, elmi seminarlar, kafedralar, laboratoriyalar və ümumiyyətlə, bu proseslə bağlı olan əksər institusional vahidlərin verdikləri rəylərə görə şəxsi məsuliyyət dərəcəsini müəyyənləşdirən və adekvat tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən nəzarət mexanizminin işlənib hazırlanması son dərəcə mühüm bir məsələdir.

4. Elmlərarası inteqrativ bağlılığın təbii xarakterindən çıxış etməklə müvafiq yönümdə yazılmış dissertasiyaların müdafiəsinin təşkili və təsdiqi məsələlərinin birgə qaydada həyata keçirilməsinə nail olmaq. Məlumdur ki, sosial idraka xas olan əksər elmlərin müəyyən fərqli xüsusiyyətlərinə baxmayaraq, kəsişən "nöqtələri" kifayət qədərdir. Məsələn, "sosial fəlsəfə" şifrəsi altında iqtisadi problemlərə həsr olunmuş dissertasiyalar əslində iqtisadiyyat, yaxud iqtisad elminin fəlsəfəsi çərçivəsindən kənara çıxmır. Bu anlamda, "sosial fəlsəfə" sözün həqiqi mənasında iqtisadi yük daşıyır və onun "xalis" fəlsəfə aspektdən qəbulu mümkünsüzdür və s.

Belə olan təqdirdə, sözügedən dissertasiya işləri nədən elm fəlsəfəsi (iqtisad elmi) çərçivəsində müzakirə olunmamalıdır? Yaxud, mövcud strukturda "iqtisad elminin fəlsəfəsi və metodologiyası" adı altında elmi istiqamət özünə yer almamalıdır? Bu qəbildən olan çoxlu sayda nümunə göstərmək mümkündür. Əks halda, hörmətli Ramiz müəllimin qeyd etdiyi kimi, "....bu cızma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərməyəcəkdir".

5. Məlum olduğu kimi, hazırda elmi dərəcələrin və elmi adların verilməsi və təsdiqi qaydaları da dünyada qəbul olunmuş prosedurlara və prinsiplərə uyğun müəyyən edilməmişdir. Başqa sözlə, mövcud mexanizm dissertasiya işlərinin əvvəlcə elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarında müdafiə edilməsini və sonradan AAK-da təsdiq olunmasını nəzərdə tutur. Bu isə, elmi və elmi-pedaqoji kadrların hazırlanması prosesinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayan məsuliyyətin dəqiq bölüşdürülməsinə imkan vermir və prosesin ayrı-ayrı pillələri arasında səbəb-nəticə bağlılığının pozulmasına şərait yaradır. Şübhəsiz ki, ali təhsilin Bolonya prosesinə uyğunlaşdırılması və bütövlükdə təhsilimizin dünyada qəbul edilmiş qabaqcıl təcrübə və standartlar əsasında yenidən qurulması elmi dərəcələrin və elmi adların verilməsi prosedurunda da müəyyən təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsini zəruri edir.

Xüsusi qeyd etmək lazımdır ki, elmin, texnikanın, təhsilin, mədəniyyət və incəsənətin bütün istiqamətləri üzrə elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcələri, professor və dosent elmi adlarını təsdiq edən AAK bu vaxta qədər elmin kadr potensialının inkişafı istiqamətində əhəmiyyətli işlər görmüşdür. Bununla belə, artıq ölkəmizdə keçid dövrünün başa çatması və dünyanın demək olar ki, heç bir ölkəsində (MDB ölkələrinin bəziləri istisna olmaqla) analoji sistemin olmaması bu istiqamətdə ciddi islahatların aparılmasını şərtləndirir. Dünyada qəbul olunmuş sistemə - dissertasiyaların universitetlərdə və elmi müəssisələrdə müdafiə olunması, elmi dərəcələrin və adların elə onlar tərəfindən verilməsi modelinə keçidin reallaşdırılması istiqamətində ilkin addımların atılması vaxtı çatmışdır. Məqbul variant kimi, ilkin olaraq fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi səlahiyyətinin müvafiq olaraq Dissertasiya Şuralarının fəaliyyət göstərdiyi elmi-tədqiqat institutlarına və universitetlərə verilməsini, elmi adların isə universitetlərin elmi şuralarına həvalə edilməsini məqsədəuyğun hesab etmək olar.

 

Elmi fəaliyyətin tənzimlənməsi problemi

 

Şübhə yoxdur ki, elm sahəsində mövcud problemlərin yaranmasının ən mühüm səbəblərindən biri də məhz elmi fəaliyyətin müasir standartlara cavab verən və qlobal elm məkanına inteqrasiyanı təmin edən qanunvericilik bazasının olmamasıdır. Hazırlanmaqda olan "Elm haqqında" qanun elmi fəaliyyət sahəsində əsl yaradıcı, effektiv rəqabət mühiti formalaşdırmaq baxımından müstəsna əhəmiyyət kəsb edir.

Bir sıra ziddiyyətli məqamların, o cümlədən özünü doğrultmayan stereotiplərin aradan qaldırılmasının ən effektiv üsulu problemin hüquqi çərçivəsinin və tənzimlənməsinin normativ-hüquqi əsaslarının elmin sabitqədəmli inkişafı yönümündə formalaşdırılmasıdır. Zənnimizcə, elmi fəaliyyətin səmərəli təşkili və idarəolunması mexanizminin təşəkkülü qanunun konsepsiyasının struktur prinsiplərinin seçilməsini əhəmiyyətli dərəcədə aktuallaşdırır. Bu nöqteyi-nəzərdən bəzi aspektlərin nəzərə alınmasını zəruri hesab edirik:

1. Elmi fəaliyyətdə kəmiyyət göstəricilərinə istinadla keyfiyyətin adekvat qiymətləndirilməsi kifayət qədər müşkül məsələdir. Belə ki, əvvəla, kəmiyyət çoxalmasının avtomatik olaraq keyfiyyətə keçidi deyilən bir şey yoxdur; ikincisi və ən əsası ondan ibarətdir ki, sırf nəzəri-metodoloji prizmadan nəzəriyyələrin, konsepsiyaların, hipotezlərin və s. say artımı yanılmaların baş alıb getdiyinə dəlalət edir. Bunun elmin inkişafında yeni keyfiyyət mərhələsinə keçid deyilən şeylə heç bir əlaqəsi yoxdur. Buna görə də hüquqi tənzimləmənin (əlverişli yaradıcılıq mühitini formalaşdırmaq baxımından) əsas istinad nöqtəsi keyfiyyət və səmərəlilik parametrləri olmalıdır.

2. Elmi fəaliyyətin subyektləri arasında üfüqi əlaqələr sistemi və fəaliyyətin koordinasiya mexanizmi subyektlərin müstəqilliyi, bərabərhüquqluluğu prinsiplərinə istinadla yaradılmalıdır. Yalnız bu halda elmi məhsul və xidmətlər bazarının normal fəaliyyət mexanizmi formalaşa, özəl mülkiyyətdə olan qurumlar da daxil olmaqla sağlam rəqabətə söykənən əlverişli yaradıcılıq mühiti təşəkkül tapa bilər.

3. Elmin maliyyələşdirilməsi sferasında bugünkü yanaşma tərzinin kardinal şəkildə dəyişdirilməsi vacibdir. Elmi "nəticəyə" görə maliyyələşdirmək nəticənin təsbitindən başqa bir işə yaramır və daha çox "mükafatlandırma" anlamını daşıyır. Eləcə də hər bir elmi işçi üçün müəyyən olunan xərc normasına görə maliyyələşdirmənin də çox ciddi qüsurları mövcuddur. Maliyyələşdirmə tam əsaslandırılmaqla prosesin (elmi fəaliyyətin) başlanğıcı anından, özü də tam həcmdə həyata keçirilməlidir. Təbiidir ki, müəyyən mənada itkilər də olacaqdır. Amma bu elmin özündə baş verən labüd yanlışlıqlar (fallibizm) kimi təbiilik çərçivəsindən kənara çıxmayacaqdır və s.

4. Elmin nəticəlilik, səmərəlilik və dünya təcrübəsindən faydalanmaq prinsipləri əsasında qurulmasına və inkişaf etdirilməsinə imkan verən qanunvericilik bazasının yaradılması. Elmi araşdırmaların nəticələrindən istifadənin və istehsalata tətbiqinin konkret mexanizmlərinin hazırlanması.

5. Elmi kəşflərin və innovasiyaların hər vasitə ilə stimullaşdırılması və elmlərarası inteqrasiyanın, eləcə də elm, təhsil və istehsalın inteqrasiyasının təmin edilməsi.

6. Elm sahəsində çalışan işçilərin hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsi, onların sosial müdafiəsinin yaxşılaşdırılması üçün qanunvericilikdə konkret tədbirlərin və güzəştlərin nəzərdə tutulması.

 

Universitet elmi: yeniləşməyə doğru

 

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elmin inkişafında universitetlər əsas hərəkətverici qüvvə kimi çıxış edirlər. Ali təhsil sisteminin Bolonya prosesinə qoşulması tədrislə yanaşı, elmi fəaliyyətin təşkili və idarəolunmasının analoji prinsiplərinin tətbiqini kifayət qədər aktuallaşdırır. Yəni, prosesin həm elmi tutumu, həm də təşkili prinsipləri və meyarları nöqteyi-nəzərindən inteqrasiya olunduğumuz məkanla vahid mövqedən çıxış etmək məcburiyyətindəyik. Bu baxımdan, universitet elminin prioritetlik şkalasında "yuxarı" pillələrə qaldırılması zərurəti danılmazdır. Digər tərəfdən, elmə münasibətdə fundamentallıq zəruri şərtdir. Əksər elmi istiqamətlərdə, onun təbiətşünaslıq, yaxud ictimai-humanitar elmlərə bölgüsündən asılı olmayaraq, fundamental xarakterli tədqiqatların aparılması qaçılmazdır. Əks təqdirdə, elmin özünün mövcudluğu böyük şübhə altına düşə bilər.

Dünya təcrübəsindən çıxış etməklə universitet elminə konseptual yanaşmanın mahiyyətində kardinal dəyişikliyə nail olunmalıdır. Belə ki, elmi fikirdə uzun onilliklər ərzində hökmran olmuş yanaşma tərzi, elm - təhsil - iqtisadiyyat üçlüyünün dialektikası yeni yozumda ortalığa qoyulmalıdır. Bu yanaşma iqtisad elminin timsalında aşağıdakıları özündə əks etdirməlidir:

1. İqtisad elminin özünün inkişafı. Söhbət, iqtisad elminin müxtəlif sahələri üzrə dünya miqyasında tanınacaq Azərbaycanın elmi məktəblərinin yaradılmasından, bütövlükdə dünya iqtisad elminə sanballı töhfələrin verilməsindən gedir;

2. Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, tədrisin elmi tutumunun genişləndirilməsi. Bu günün reallıqları, eləcə də Bolonya sisteminə daxil olan ölkələrin aparıcı universitetlərinin təcrübəsi heç bir şübhə yeri qoymur ki, elm - tədris tandemi, əslində elmi prosesin məzmun açıqlanmasından başqa bir şey deyildir;

3. Makroiqtisadi siyasətin formalaşması və zəruri korrektələrin aparılmasında universitet elminin rolunun əhəmiyyətli dərəcədə artırılması. Qeyd edilən məqam əksər inkişaf etmiş ölkələrdə çox mühüm yer tutur. Elmsiz məcmu iqtisadi proseslərin məqsədyönlü və effektiv formada tənzimlənməsindən, ümummilli inkişafın dayanıqlılığının təmin edilməsindən danışmaq mümkünsüzdür. Bununla əlaqədar olaraq, müasir gerçəklikdən çıxış etməklə ölkənin iqtisadi inkişaf modelinin nəzəri konstruksiyasını formalaşdırmaq, keçid dövrünün başa çatması ilə bağlı sistemdaxili elementlərin qarşılıqlı əlaqəsini və onların gələcək "davranış tərzini" müəyyən etmək, makroiqtisadi dayanıqlılıq modelinin perspektiv hərəkət trayektoriyasını aşkara çıxarmaq, qlobal iqtisadi böhran şəraitində iqtisadi artımın təmin olunması istiqamətində sistemli araşdırmalar aparmaq, regionların sosial-iqtisadi inkişaf perspektivləri üzrə tövsiyələr hazırlamaq və s. yönümlü elmi-tədqiqat işlərinin aparılması günün aktual tələbləri sırasındadır.

Bu məqsədlərə çatmağın başlıca şərtləri, prinsipləri və sözün geniş mənasında elmi prosesin optimallaşdırılma meyarları müəyyənləşdirilməli və forma - mahiyyət uyğunluğuna nail olmanın konkret istiqamətləri qanunvericiliklə təsbit edilməlidir. Yeri gəlmişkən qeyd etmək vacibdir ki, son illərdən başlayaraq milli təhsil sistemimizin bütün səviyyələrində və pillələrində, xüsusilə universitetlərdə yuxarıda təsvir etdiyimiz konseptual yanaşma çərçivəsində əhəmiyyətli işlər görülür. Həm elmin inkişafı, həm də elmlə təhsil və iqtisadiyyatın dialektik bağlılığına nail olmaq istiqamətində önəmli addımlar atılır. Məsələn, Dövlət İqtisad Universitetində 2009-cu ildə iqtisadiyyatın müxtəlif sferalarında fəaliyyət göstərən nazirlik, komitə, baş idarə və şirkətlərlə sifarişlər əsasında problem xarakterli 29 mövzu üzrə elmi araşdırmalar aparılmış və alınan elmi nəticələr dövlət orqanlarına təqdim edilmişdir. Başqa sözlə, hələ sovet dövründən miras qalmış, heç bir nəticəsi olmayan büdcə təyinatlı ETİ-lərin yerinə yetirilməsi təcrübəsinə son qoyulmuş və elmi araşdırmaların yeni münasibətlər əsasında aparılmasına, alınan nəticələrin bilavasitə iqtisadiyyata tətbiq edilməsinə nail olunmuşdur.

İctimai və humanitar elmlərin tədrisi prosesi, məqalədə qeyd edildiyi kimi, həqiqətən də stereotip yanaşmaların əsarətində qalmaqda davam edir: "... Ali təhsil sistemində kifayət qədər kafedraların və tədqiqat mərkəzlərinin olmasına baxmayaraq, istər orta, istərsə də ali məktəblərdə ictimai fənlərin tədrisi üzrə müəyyən bir sistem mövcud deyildir". Danılmaz həqiqətdir ki, konkret elm sahəsi üzrə tədrisin vahid, yaxud ümumi (yəni, əksər ali məktəblərdə qəbul edilən) sisteminin yoxluğu əsas fəsad doğuran problemlərdən biri kimi çıxış edir. Heç olmazsa, bəzi əsas parametrlər üzrə unifikasiya edilmiş prinsiplərə istinad olunmaması pərakəndəlik doğurmaqla, həm tədris prosesinin özünün, həm də onun proqram təminatının fərqli məzmun kəsb etməsinə, tədrisin özfəaliyyət yaradıcılığının analoquna çevrilməsinə gətirib çıxarmışdır.

Digər tərəfdən, təsvir edilən situasiya elmi-tədqiqatlarla bağlı qeyd etdiyimiz "primitiv sillogizmin" tədris prosesində də təzahür etməsini şərtləndirir. Konkret elm sahəsi üzrə (tədris məqsədilə) sistemləşdirilməyən bilik, eyni zamanda strukturlaşdırıla da bilməz və deməli, öyrədilənin elmə aidliyini, ümumiyyətlə hər hansı bir məna yükü daşıyıb-daşımamasını birmənalı şəkildə qiymətləndirmək mümkün deyildir. Vahid nəzəriyyənin və universal metodologiyanın yoxluğu, nəzəri yanaşmaların müxtəlifliyi şəraitində qeyd etdiyimiz aspektin problemliliyi onsuz da mövcuddur. Eyni zamanda həmin aspektin tədris prosesində, yanlış yanaşmalar ucbatından daha da dərin qatlara işləməsi haradasa problemin "süni" şəkildə aktuallaşdırılması təsəvvürü yaradır.

Tədris prosesində informasiya texnologiyalarından istifadə və kreativ metodların tətbiqi bu gün ali təhsil müəssisələri qarşısında duran ən mühüm problemlər sırasındadır. Bununla əlaqədar olaraq, qeyd etmək lazımdır ki, hazırda universitetlərimizin əksərində ən müasir metodlara istinadla ali təhsilin yeni modelinin (o cümlədən iqtisadi təhsilin) qurulması istiqamətində həyata keçirilən sistemli islahatlar sürətlə davam etdirilir, mühazirə mətnləri və dərsliklərin elektron versiyaları əhəmiyyətli dərəcədə genişləndirilir ki, bütün bunlar da tədrisin keyfiyyət parametrlərinin yüksəldilməsinə, rəqabət faktorlarının artırılmasına, biliyin qiymətləndirilməsində tam obyektivliyin və şəffaflığın təmin edilməsinə ciddi təsir göstərir. Bu sıradan "Elektron Azərbaycan" konsepsiyası çərçivəsində "Elektron Universitet" layihəsinin reallaşdırılması, virtual laboratoriyalar, elektron kitabxana şəbəkəsinin yaradılması, zəngin informasiya resurslarına çıxışın təmin edilməsi, tədris prosesinin tam kompüterləşdirilməsi və s. mühüm strateji vəzifələr kimi qarşıda durur.

Bolonya sisteminə qoşulmaqla diplomların qarşılıqlı olaraq tanınması, tələbələrin mobilliyinin - transfer imkanlarının genişlənməsi dərslik seçimi problemini də xeyli aktuallaşdırır. Bununla əlaqədar olaraq müasir dərslik və dərs vəsaitlərinin yazılması ilə yanaşı, dünyanın aparıcı universitetlərində adaptasiyadan keçmiş fundamental dərsliklərin Azərbaycan dilinə tərcümə olunması və geniş tirajla çap etdirilməsi, bu məqsədlər üçün müvafiq qrant layihələrinin ayrılması olduqca vacib məsələlərdəndir.

Beləliklə, bütün bunlar aydın şəkildə göstərir ki, istər elmi fəaliyyət sahəsində, istərsə də tədris sferasında aparılan islahatların sürətləndirilməsinə, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, "...yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmasına, inkişafın keyfiyyətcə yeni mərhələsinə keçmək istiqamətində zəruri tədbirlər kompleksinin həyata keçirilməsinə böyük ehtiyac yaranmışdır". Bu ehtiyac müasir dövrün, zamanın tələbindən irəli gəlir və bunsuz gələcək inkişafımızı təsəvvür etmək qeyri-mümkündür.

 

 

Şəmsəddin HACIYEV,

Milli Məclisin Elm və təhsil

komitəsinin sədri, Dövlət

İqtisad Universitetinin rektoru,

Professor

 

Azərbaycan.- 2010.- 17 mart.- S.  6.