Təmərküzləşmə aqrar sahədə də səmərəliliyi artırır

 

Ərzaq təhlükəsizliyinin təmin edilməsində bir sıra amillərlə yanaşı aqrar istehsalının təmərküzləşməsi də mühüm əhəmiyyət kəsb edir və yüksək səmərəliliyə əlverişli şərait yaradır. Mahiyyət və qanunauyğunluğu etibarilə bütün istehsal və xidmət sahələrinə aid olan təmərküzləşmə aqrar bölmədə də faydalığı artırmaq üçün istehsal vasitələrinin, işçi qüvvəsinin və məhsul istehsalının çox hissəsinin iri kənd təsərrüfatı müəssisələrində cəmləşdirilməsini nəzərdə tutur.

Təmərküzləşmə aqrar bölmədə iri müəssisələrin formalaşmasını və bu əsasda istehsalın artmasını, əkinçilik və heyvandarlıq məhsullarının keyfiyyətinin yüksəldilməsini, bütünlüklə aqrar istehsalının sosial-iqtisadi fayda ilə nəticələnməsini şərtləndirir. O, sözügedən sahədə nailiyyət əldə edilməsinin meyarı və zəruri amillərindən biridir. Təmərküzləşmə və onunla bağlı qanun digər iqtisadi qanunlarla qarşılıqlı əlaqədə iqtisadi münasibətləri təkmilləşdirir, aqrar istehsalının həcmini müəyyən edir və formalaşdırılmasına kömək göstərir, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə imkan yaradır. Təcrübə göstərir ki, kiçik müəssisələr və istehsalat sahələri az istehsal vasitələrinə, işçi qüvvəsinə və məhsula malik olur, əkinçilik və heyvandarlığın sənaye təməli əsasında inkişafını ləngidir, istehsal xərclərinin faydalığını aşağı salır, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqinə əlverişli imkan yaratmağa maneçilik törədir.

Aqrar sahənin təmərküzləşməsi əsasında formalaşmış iri kənd təsərrüfatı müəssisələri kiçik təsərrüfatlarla müqayisədə bütün münasibətlərdə şərtsiz üstünlüklərə malik olduğunu sübut etmiş və özünü təsdiqləmişdir. Bu üstünlük özünü həm də sahədəki birgə müəssisələrin, kooperativlərin, səhmdar cəmiyyətlərinin kəmiyyət və keyfiyyət göstəricilərində əksini tapır. İri istehsalat sahələrində, eyni zamanda elmi-texniki tərəqqinin nailiyyətlərinin əlverişli tətbiqi mümkün olur, kooperasiya və əmək bölgüsünün imkanlarından faydalanmaq şəraiti formalaşır, müsbət kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verir.

Bundan başqa, təmərküzləşmə zəminində əmək məhsuldarlığı artır, istehsalın ictimailəşdirilməsinin səviyyəsi yüksəlir, vəsaitə qənaət olunur, ixtisaslaşma güclənir, mənfəət və rentabellik çoxalır. Bu zaman kredit almaq imkanları təminatlı səciyyə daşıyır, digər müəssisə və təşkilatlarla etibarlı əlaqə və müqavilələr formalaşır. Həmçinin ölkə xaricdən daha az ərzaq idxal edir, kənd əhalisinin məşğulluğu davamlı olur, istehsalın təşkili asanlaşır, işçilərin əməkhaqqı ardıcıl yüksəlir, investisiya qoyuluşlarının tətbiqi güclənir, texniki üstünlük, maddi-texniki bazanın əsaslı möhkəmləndirilməsi geniş yer alır. İstehsal demək olar ki, tamamilə əmtəə səciyyəsi daşıyır, istehsalın intensivləşdirilməsi həyata keçirilir, sabit kəmiyyətdə məhsul götürülməsi təminatı yaranır, geniş təkrar istehsal və iqtisadi artım, kadrların hazırlanması zəruri bir prosesə çevrilir.

Aqrar bölmədə sənaye məhsullarından istifadə edilməsinin, müəssisələrin istehsal və satış əlaqələrinin genişləndirilməsi, biznesin təşkili və texnikanın innovasiyası, məhsulun diversifikasiyası təşəkkül tapır, müəssisələrin rəqabətə davamlığı sabit səciyyə daşıyır. Kənddə sosial obyektlərin sayı artır. Sənayenin formalaşması zərurəti meydana çıxır və əhalinin həyat səviyyəsi yaxşılaşır. Lakin kənd təsərrüfatının və bütünlükdə aqrar istehsalının təmərküzləşməsi əsaslı düşünülməli, sahənin spesifik xüsusiyyətləri nəzərə alınmalı, tələskənliyə yol verilməməlidir. Ayrı-ayrı ölkələrin təcrübəsinə istinad edilməli, prosesin ardıcıllığı xüsusi diqqət obyektinə çevrilməli, təmərküzləşmənin reallaşdırılmasının mənbə, imkan və yollarının hər birinin faydalığı əsaslandırılmalıdır. Başqa sözlə, bu üsulun səriştəli istifadəsinə xüsusi əhəmiyyət verilməlidir.

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da aqrar istehsalın təmərküzləşməsinin sahə və ərazi formaları nəzərə alınmalı və onlara diqqət gücləndirilməlidir. İstehsalın təmərküzləşməsində onun səviyyəsinin kompleks göstəricilər sisteminin ortaya gətirilməsinə mühüm əhəmiyyət verilməlidir. Müəssisələrin həcmi, işçilərin sayı, əsas fondların dəyəri, elektrik enerjisinin istehlakı və qurğuların gücü təmərküzləşmə səviyyəsinin əsas göstəriciləri hesab olunur. Əməli fəaliyyətdə bunlar bütünlüklə nəzərə alınmalı və qiymətləndirilməlidir.

Təmərküzləşmə sayəsində iqtisadi faydalıq, torpaq və əmlak üzərində xüsusi mülkiyyət hüququnun saxlanılması, müəssisənin idarə edilməsi və istehsal fəaliyyətində demokratik və hüquqi prinsiplərə əməl olunması, müəssisəyə daxil olan fiziki və hüquqi şəxslərin, bütün işçilərin maddi maraq və mənafelərinin nəzərə alınması təmin edilir. Buna görə də təmərküzləşmə prosesində iri aqrar istehsalatların üstünlükləri, formaları, göstəriciləri, prinsipləri, həcmi və səmərəliliyi əməli olaraq gözlənilməlidir. Çünki təmərküzləşmənin reallaşdırılması və birbaşa faydalığı həmin göstərilənlərlə sıx əlaqədardır.

Onu qeyd etmək gərəkdir ki, ölkədə aqrar sahədə reallaşdırılan təmərküzləşmə zamanı qanunun bütün tələblərinə yüksək səviyyədə əməl edilir. Aparılan müşahidələr, araşdırma və statistik məlumatlar göstərir ki, aqrar istehsalında təmərküzləşmə prosesi normal təmin olunur. Aqrar islahatların həyata keçirilməsi sayəsində torpaq sahəsi alan 3,4 milyon kənd sakini istehsalın təmərküzləşməsi prosesində iştirak edir. Belə ki, torpaq və əmlak payı alan yüzlərlə kəndli-fermer əlavə torpaq sahələrini digər kəndli təsərrüfatlarından icarəyə götürmək, satın almaq və qohumluq əlaqəsi ilə cəmləşdirməklə təmərküzləşmə prosesini həyata keçirir. Bunun əsasında iri təsərrüfatlar yaradır, beləliklə, möhkəm maddi baza əsasında məhsulun çox hissəsini istehsal etmək imkanını qazanırlar. Buna müxtəlif kənd təsərrüfatı müəssisələrinin kooperasiyası da əlverişli şərait yaradır. Bunlar əsasında iriləşmiş təsərrüfatlar yüksək nailiyyətlər əldə edirlər.

Hazırda respublikamızın aqrar bölməsində 10-50 hektar və daha böyük torpaq sahəsi olan müxtəlif aqrar istehsalatları mövcuddur. Onlar ölkənin ərzaq ehtiyatının formalaşdırılmasında fəal iştirak edir, bütün münasibətlərdə istehsalın təmərküzləşməsinin sosial-iqtisadi faydasını sübuta yetirirlər. Bunu Naxçıvan Muxtar Respublikasında təmərküzləşmə yolu ilə yaradılmış iri kəndli-fermer təsərrüfatlarının qazandığı müvəffəqiyyətlər və əldə etdiyi təcrübədə də görmək olar. Şərur rayonunun Düdəngə kəndində nisbətən iri kəndli-fermer təsərrüfatları yaratmış Mübariz Şirəliyevin sahibkarlıq fəaliyyətini misal gətirək. Taxıl istehsalı üzrə ixtisaslaşmış bu kənd təsərrüfatı müəssisəsi əldə etdiyi nailiyyətləri ildən-ilə artırır.

Şərur rayonunda Qasım Məmmədovun, Vəfadar Abdullayevin, Musa Vəliyevin, Abbas Əhmədovun, Rəcəb və İsfəndiyar Rzayev qardaşlarının, Ramiz Məmmədovun və digərlərinin aqrar təsərrüfatlarının fəaliyyəti qənaətbəxşdir, məhsuldarlığı yüksəkdir. Göstərilən təsərrüfatlar 15-60 hektara qədər torpağın mülkiyyətçisi və sahibidirlər.

Həmin rayonda taxılçılıq, heyvandırlıq və yemçiliklə məşğul olan nisbətən iri aqrar təsərrüfatları da fəaliyyət göstərir. Belə təsərrüfatlar Naxçıvan diyarının və bütünlükdə ölkəmizin digər regionlarında da formalaşmış, istehsal fəaliyyətində nailiyyətlər qazana bilmiş, təmərküzləşməyə inam və təməl yaratmışlar.

 

 

Asif ŞİRƏLİYEV,

Naxçıvan Dövlət Universitetinin

iqtisad fakültəsinin dekanı,

iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2010.-  17 mart.- S.  6.