Yurdumuza Bahar gəlir

 

Bakıda ilaxır çərşənbə möhtəşəm şəkildə qeyd edilmişdir

 

 Yurdumuz, elimiz-obamız Bahar bayramının sonuncu çərşənbəsini bayram edir. El arasında boz ayın dördüncü çərşənbəsinə yer çərşənbəsi, ilin axır çərşənbəsi də deyirlər.

Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət vardır. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir. Torpaq əzizlənir, adamlar torpağı təmizləməyə çıxırlar. Artıq əkinə başlamaq olar. Əslində elə Novruzun özü, torpağın oyanması yeni əkin mövsümünün başlanması ilə səciyyəvidir.

Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimlər ilə ən zəngin olanıdır. Köhnə ilin axır çərşənbə gecəsi etiqada görə təbiətdə hər şey yatmış olur. Hətta axar sular belə dayanır. Gecə ilə gündüzün bərabərləşdiyi vaxtda təbiətdə nə varsa, hamısı təzələnir. Ona görə də evdəki köhnə suyu atmalı, qablar təzə su ilə yuyulmalıdır. Həmin gün hələ su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəmizin ən əziz qonağına çevrilir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür, onun daha zəngin olmasına çalışır. Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovrulur, plov süzülür, şirniyyat bişirilir. Adətə görə, bu naz-nemətin arasında adı "s" hərfi ilə başlanan yeddi cür nemət (su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbül) mütləq olmalıdır. Axı, 7 rəqəmi uğur rəmzidir. Çərşənbə süfrələrini isə milli xörək və şirniyyatlarımız bəzəyir. Şəkərbura, paxlava, qoğal, rəngli yumurtalar, şorqoğalı. Bütün bunlar qədim təsəvvürlərlə bağlıdır. Şəkərbura 15 günlük ayın, paxlava ulduzların, şorqoğalı isə günəşin rəmzidir. Bayram axşamı süfrəyə daha çox şirin nemətlər qoyulmalıdır.

İlaxır çərşənbə xalqımız üçün çox əzizdir. Həmin gün küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır. İnama görə, ilaxır çərşənbədə ilkin olaraq hansı sözü eşitsən, ili o cür başa vuracaqsan. Həmin axşam yandırılan bayram tonqalının ətrafında insanlar dövrə vuraraq onun üstündən tullanar, üzərlik yandırar, "ağırlığım- uğurluğum odlara tökülsün" deyərlər. Nişanlı qızları ocağın başına fırladarlar. Xoşbəxt olsun deyə, ona xeyir-dua verərlər. Ailə qurmaq istəyən gənclərlə bağlı Tanrıya üz tutub dualar edərlər ki, cavanlar xoşbəxt olsunlar.

Artıq xalqımızın ən əziz bayramı olan Novruzun beynəlxalq status qazanması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və qürur hissi doğurmuşdur. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniiyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində yorulmadan apardığı məqsədyönlü iş nəticəsində ötən il Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış, bu yaxınlarda isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında bütün dünyada martın 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Belə bir şəraitdə Bakı ilaxır çərşənbəni "Atəşgah məbədi"ndən od götürməklə qarşılayır.

Ənənəyə uyğun olaraq bu dəfə də Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 16-da paytaxtda ilaxır çərşənbə ilə bağlı təntənəli Novruz şənliyi keçirilmişdir. Bakının minlərlə sakini və şəhərimizin qonaqları sonuncu Novruz çərşənbəsini, el arasında deyildiyi kimi, ilaxır çərşənbəni Qız qalasının ətrafında - təntənəli bayram şənliyində qarşılamışlar...

Novruz bayramının ilaxır çərşənbəsi ilə bağlı təbbirlərə Azərnetf meydanından start verilmişdir.

Novruzun əsas personajlarından ibarət böyük bir karvan "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna yola düşmüşdür. Üç dəvə, yeddi süvari və beş faytondan ibarət karvan Bakının əsas inzibati rayonlarının ərazisindən keçmişdir.

Karvana Novruzun əsas qəhrəmanları sayılan Keçəl, Kosa və Bahar qız da qoşulmuşlar. Bu dəstə Atəşgahdan ulu Dədə Qorqudun elimizə-obamıza xeyir-duasını alandan sonra oradakı əbədi məşəldən od götürüb geri dönmüşdür. Həmin alovla Qız qalasındakı tonqallar yandırılmışdır. Bununla da baharın qədəmlərinə mübarək deyilmişdir.

Atəşfəşanlıq mərasimə əzəmət və gözəllik bəxş etmişdir. Bakının bahar səması al-əlvan rəngə boyanmışdır. Azərbaycan incəsənət ustaları Qız qalasının qarşısında qurulmuş səhnədə maraqlı konsert proqramı ilə çıxış etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  17 mart.- S.  8.