Novruzun şah əsəri -
axır çərşənbə
Hər xalqın həyatında çoxlu bayram olsa da, onlardan biri daha əzizdir. Azərbaycan xalqının da elliklə keçirdiyi belə bir bayram Novruz bayramıdır. Novruzun şah əsəri isə axır çərşənbədir. Axır çərşənbədə qulaq falına çıxmaq adəti sınanılmış inanclarımızdandır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedirlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur. Bundan başqa, axır çərşənbədə 10-12 yaşlarında qız uşağının başını qara parça ilə örtüb əlinə güzgü verərlər. Heç bir yerdən işıq düşməməsinə baxmayaraq məhz həmin gün güzgü işıqlanar, tutulan arzulara uyğun nəsə gözə görünər.
Mübarək Novruz bayramında onun dirilik təravəti hər yerdə duyulur. Və bu təravət, yenilik hissi hətta müşküllər içində bulunmaqda olan qəlblərə də sirayət edir. Hamı, müvəqqəti də olsa, problemləri unutmağa çalışır. İnsan əlacsızlığın qapalı dövranını qırmaq arzusunda çırpınır. Deyirlər ki, insanın itirdiyi axırıncı şey ümiddir. Novruz həmin bu ümidi qəlbə salan dirilik mehidir.
Təbiətin
oyanışı ilə ümidlər, amallar da dirçəlir.
El adətinə görə küsülülər bu bayram
günündə barışmalı, hər kəs
doğmalarına bayram sovqatı aparmalıdır. Qohumlar daha
çox bir-birinə baş çəkmək
üçün Novruzun gəlişini gözləyir.
Novruz - milli dəyərlərimizin
bazis sütunlarından biri, millətin özünü yenidən
dərk etməsi deməkdir. Novruz bizim milləti xeyirxah, rəhimli,
qonaqpərvər, özgəsinin dərdinə şərik edən,
əsrlərin sınağından çıxmış
gözəl ənənədir. Axır yüzillikdə
çox şeyi dəyişiblər, lakin şükürlər
olsun ki, milli özünüdərkin bir neçə dayaq
nöqtəsini və o cümlədən Novruzu dəyişməyə
müyəssər olmayıblar.
Mahiyyət etibarilə, Novruz
İlahi müdrikliyin müqəddəs bir nişanəsidir.
Ölü təbiət dirilir. Bütün təbiət
eşqi tərənnüm edir, aləmlər sanki: "Kim daha
çox gözəllik təzahür edər" - deyə
yarışırlar.
Novruzu insan həyatverici məlhəm
kimi qəbul edir. Mənəvi əsarətin buxovlarını
qırmağı, riya və laqeydlikdən qurtulmağı
arzulayır, məhəbbətlə qəlbini doldurmaq, özgəsinin
sevincinə, kədərinə şərik olmaq istəyir
insan.
Novruzun bütün məqamları,
insanın daxili gözəlliklərini açıqlamaq məqsədini
güdür. Küsülülər barışdıqda -
şəxsiyyətlərarası münasibətlərin
deformasiyası aradan qalxır, harmonik inkişafa doğru meyil
edilir; adam ev-eşiyi səliqə-sahmana saldıqda, sanki
öz daxilini sahmana salır, ruhən təmizlənir;
uşaqlara, valideynlərə qarşı məhəbbət
göstərəndə, rəhmətə gedənləri yad
etdikdə, yetimlərə, kimsəsizlərə, ahıllara
qarşı diqqət göstərdikdə daxili boşluqdan, mənasız
yaşayışdan xilas olaraq, kamil insan olmağa doğru
üz tutur.
Belə isə gəlin dua edək
ki, hər günümüz həqiqi Novruza bənzəsin...
Allahdan onu da diləyək ki, qulaq falına çıxanda da
"Qələbə, azadlıq, xoşbəxtlik" sözləri
eşidək.
Zəkurə QULİYEVA
Azərbaycan.- 2010.- 17
mart.- S. 11.