Vaqif Mustafazadənin 70 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir

 

Martın 16-da Heydər Əliyev Sarayında əməkdar artist, Dövlət mükafatı laureatı, Azərbaycan caz musiqisinin banilərindən biri Vaqif Mustafazadənin 70 illik yubileyinə həsr edilmiş təntənəli tədbir keçirilmişdir.

Sarayın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi açılmışdır.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev V.Mustafazadənin mənalı həyat yolundan, böyük istedadından və bənzərsiz yaradıcılığından danışmışdır.

Bildirilmişdir ki, bu gün 70 illik yubileyini qeyd etdiyimiz Vaqif Mustafazadənin xatirəsinin anılması üçün silsilə tədbirlərin dövlət səviyyəsində keçirilməsi Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncamda öz əksini tapmışdır. Bu, bir daha əsl sənətin heç bir zamana sığmadığını, zamanın sərt təpkilərinə sinə gərərək ölməzliyə yol açdığını açıq-aydın göstərir.

Bəstəkar və pianoçu, vəfatından sonra isə Dövlət mükafatı laureatı adına layiq görülən Vaqif Mustafazadə 1940-cı il martın 16-da Bakıda, İçərişəhərdə dünyaya göz açmışdır. O, ilk musiqi təhsilini anası Zivər xanımdan aldıqdan sonra 1957-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinə daxil olmuşdur. Təhsil illərində o, əvvəlcə xalq çalğı alətləri orkestrində pianoçu, az sonra isə Azərbaycan Radio Komitəsində pianoçu-solist kimi işləmişdir. Vaqif Mustafazadə 1965-ci ildə Tbilisidə "Orero" ansamblına musiqi rəhbəri kimi dəvət almış, elə həmin ildə "Qafqaz" caz triosunu yaratmışdır.

1967-ci ildə Tallinndə Ümumdünya caz festivalındakı çıxışı ona dünya şöhrəti gətirmişdir. Tallinndə qazandığı böyük uğurdan sonra Vaqif Mustafazadə Gürcüstana deyil, Azərbaycana dönmüşdü. Bakıya qayıdan sənətkar burada "Caz-trio", "Leyli", "Caz-Muğam" ansambllarını yaratmışdır.

Nazir demişdir ki, V.Mustafazadə digər bir uğura isə 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə keçirilən festivalda imza atmışdır. Vaqif Mustafazadə Monako caz festivalından Vətənə "Ağ royal" mükafatı ilə qayıtmışdır.

Ə.Qarayev diqqətə çatdırmışdır ki, Daşkənd qastrolu Vaqif Mustafazadə üçün sonuncu oldu. 1979-cu il dekabrın 16-da Daşkənd səhnəsində çıxışı zamanı royal arxasında o, ikinci dəfə infarkt keçirdi. V.Mustafazadəni xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmadı.

Bildirilmişdir ki, hazırda böyük musiqiçinin yaradıcılıq yolunu onun qızı, beynəlxalq müsabiqələr laureatı, virtuoz pianoçu, vokalçı Əzizə Mustafazadə və Azərbaycan caz məktəbinin yetirmələri davam etdirirlər.

Gecədə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri çıxış etmişdir. Orkestrin bədii rəhbəri və baş dirijoru, xalq artisti Teymur Göyçayev olmuşdur. Tədbirdə V.Mustafazadənin əsərlərindən parçalar səsləndirilmişdir. Eyni zamanda, Əzizə Mustafazadə atasının yubiley mərasimində xüsusi konsert proqramı ilə çıxış etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17  mart.- S.  8.