Müstəqil Azərbaycan naminə

 

Ən əsas amillərdən biri xalqa, millətə, müstəqil Azərbaycan dövlətinə sədaqətdir. Milli Təhlükəsizlik Nazirliyinin hər bir işçisi sədaqət andı içməlidir. Mən istəyirəm ki, and sözdə yox, qəlbdə olsun. Milli təhlükəsizlik orqanlarının hər bir işçisi hər dəqiqə, hər saniyə bilsin ki, andı qarşısında məsuliyyət daşıyır. O, anasına, doğma torpağına, Azərbaycan xalqına, millətinə, Azərbaycan Konstitusiyasına and içməlidir.

 

Heydər ƏLİYEV

 

Bütün həyatını öz xalqına bəxş etmiş ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Bu ibrətamiz və mənalı ömrün 25 ilə yaxın dövrünü xüsusi xidmət orqanlarına həsr etmiş ulu öndər Heydər Əliyevin böyük dühası, idarəçilik və təşkilatçılıq bacarığı, gərgin səyləri sayəsində Azərbaycanda hüquqi dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində də əsaslı dönüş yaratmış, təhlükəsizlik orqanlarının Azərbaycanın maraqları və mənafelərinin etibarlı təminatçısı olan bir quruma çevrilməsi mümkün olmuşdur. Bu dahi şəxsiyyətin peşəkarlıq irsinə söykənən Milli Təhlükəsizlik Nazirliyi ölkənin milli maraqlarının qorunması və hərtərəfli təmin olunması istiqamətində Heydər Əliyev ənənələrinin, amallarının yaşadılmasına, Azərbaycanın hərtərəfli tərəqqi yoluna çıxarılmasına, qüdrətlənməsinə var gücü ilə xidmət etməkdədir. Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixini səhifələdikcə ulu öndər Heydər Əliyevin tarixdəki misilsiz, ölçüyəgəlməz rolunun bir daha şahidi olursan.

 

Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanları

 

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu sahəsində xeyli iş görməyə nail olan, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti ölkənin müdafiə qüdrətinin artırılması, ərazi bütövlüyünün qorunması üçün ordu quruculuğuna da geniş yer verdi. Az bir müddətdə iki piyada, bir süvari diviziyası və bir sıra digər qoşun hissələrindən ibarət 20 minlik əsgəri olan ordu yaratdı. Gənc cümhuriyyətin ən böyük xidmətlərindən biri də baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün ilk müstəqil xüsusi xidmət orqanlarını qura bilməsi idi. 1919-cu il martın 28-də hərbi nazir general-leytenant Səməd bəy Mehmandarov və baş qərargah rəisi Məmməd bəy Sulkeviçin 157 saylı əmri ilə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılması bu sahədə atılmış ilk addım oldu. Sonralar, məhz bu gün - 28 mart ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı günü kimi təntənəli şəkildə qeyd olunur ki, bu da Azərbaycan dövlətinin irs-varis əlaqələrinə sədaqətinin ifadəsidir.

 

Sovet Azərbaycanının təhlükəsizlik orqanları

 

1920-ci il aprelin 28-də bolşevik-daşnak işğalı Azərbaycan Xalq Cümhuriyyətinin digər güc strukturları kimi, xüsusi xidmət orqanlarının da fəaliyyətinə son qoydu və bu sahədə çalışanlar sovet rejimi məngənəsində məhv edildilər. Bununla da, Azərbaycanda təhlükəsizlik orqanlarının kəşməkəşli həyat yolu başlandı. Sovet siyasi sisteminin hökm sürdüyü dövr xüsusi xidmət orqanlarının fəaliyyətində inkaredilməz müsbət cəhətlərlə yanaşı, Azərbaycan xalqının başına gətirilən dəhşətli faciələrlə də yadda qaldı. İmperiya siyasətini həyata keçirən və Azərbaycanda bolşevik rejiminin gücləndirilməsinə xidmət etməklə bu işdə inzibati alət rolunu oynayan Azərbaycan Fövqəladə Komissiyası, bir qədər sonra isə Azərbaycan Dövlət Siyasi İdarəsi və Xalq Daxili İşlər Komissarlığı 1920-1940-cı illərdə xalqımızın minlərlə nümayəndəsini fiziki və mənəvi terrora məruz qoydu. Erməni məkrindən qidalanan mərkəzin anti azərbaycan siyasətinə qarşı çıxdıqlarına, repressiyalara öz etirazlarını açıq şəkildə bəyan etdiklərinə görə bir çox ziyalı məhz o illərdə edam edilmiş, istiqlaliyyət uğrunda mübarizə aparan xalqımızın say-seçmə övladları siyasi təqiblərə məruz qalmış, mühacirətdə yaşamaq məcburiyyəti qarşısında qalmışdılar. Həmin illərdə Azərbaycan Sovet Sosialist Respublikasının təhlükəsizlik orqanları ancaq Sovet İttifaqının mənafeyinə xidmət edir, xalqın görkəmli övladlarını, milli təəssübkeşləri tutduğu vəzifədən asılı olmayaraq, çox ciddi cəzalandırırdı. Ümumiyyətlə, 20-50-ci illərdə repressiyaya məruz qalaraq, məhv olunanların sayı 400 mini keçmiş, yarım milyondan çox insan isə ölkədən sürgün edilmişdi.

 

Təhlükəsizlik orqanlarının milliləşmə prosesinin banisi

 

XX əsrin 50-ci illərinin ortalarından etibarən tədricən Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin millətçi damğası ilə təqib olunmalarından qorunması, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması, həmçinin respublikanın təhlükəsizlik orqanının milliləşdirilməsi istiqamətində işə başlanılır. Azərbaycanın gələcək müstəqilliyinə və milli təhlükəsizlik orqanlarının kadr potensialının həllinə hesablanmış bu proses ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Təhlükəsizlik orqanlarında leytenant rütbəsindən general-mayor rütbəsinədək yüksəlmiş ilk azərbaycanlı olan ümummilli lider Heydər Əliyev deyirdi: "Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bu təşkilatın Azərbaycana vurduğu zərərə baxmayaraq, bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikdə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu".

Ulu öndər Heydər Əliyevin 1967-ci ildə bu orqana sədr təyin edilməsi ilə xalqımızın milli mənafeyi istiqamətində ölçüyəgəlməz işlər görüldü, Azərbaycanın bir çox tanınmış ziyalıları, o cümlədən Bəxtiyar Vahabzadə, Xəlil Rza, Əkrəm Əylisli, Ziya Bünyadov və başqaları dahi rəhbər Heydər Əliyevin böyük fədakarlığı nəticəsində imperiya cəngindən qurtula bildilər. Ümummilli lider Heydər Əliyev Azərbaycanda milli hisslərlə yaşayan insanları daim qoruyurdu. Məhz ulu öndərin müstəsna təşkilatçılıq qabiliyyəti və hədsiz vətənpərvərliyi nəticəsində repressiyanın minlərlə qurbanı bəraət aldı.

Ümummilli lider Heydər Əliyev xalqına zorakılıq edənlərə qarşı çıxan təhlükəsizlik orqanlarının əməkdaşlarının taleyi ilə də maraqlanmış və çalışmışdı ki, onlar arasında öz millətinə xəyanət etməyən şəxslər bəraət alsınlar. Azərbaycan xüsusi xidmət orqanlarına qısa müddət rəhbərlik etmiş azərbaycanlı rəhbərlərdən olan Novruz Rizayev də belələrindən idi. Azərbaycanda ilk dəfə olaraq Stalin səviyyəsində repressiyalara öz etirazını bildirən Novruz Rizayevin bu cəsarətli addımı iki dəfə həbsi və 1941-ci ildə məhvi ilə nəticələndi. Dahi rəhbər Heydər Əliyev çıxışlarından birində Novruz Rizayevi belə xarakterizə edirdi: "1956-cı ildə Mir Cəfər Bağırovun məhkəməsi zamanı Novruz Rizayevin istintaq işinin içindən onun Stalinə göndərdiyi bir məktub çıxmışdı. Bu, çox məşhur məktubdur - o, çox cəsarətli, çox əqidəli bir insan kimi o məktubda 1937-38-ci illərdəki kütləvi repressiyalara qarşı etirazını açıq-aydın bildiribdir. Çox məşhur məktub idi, o vaxtlar bizim mətbuatda da ondan istifadə etdilər. Ona görə də, xatirimdədir, mən Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən biz Novruz Rizayevin adını əbədiləşdirdik. Mən onun fəaliyyəti, tərcümeyi-halı ilə tanış oldum. Çox dəyərli bir insan olmuşdur və xalqına çox sədaqətlə xidmət etmişdir".

Sovet dönəmində hər hansı bir hərbi əsirin, xüsusilə də, legionerin Sovet İttifaqı Qəhrəmanı adı alması olduqca çətin idi. Çünki onların hamısına bir nəfər kimi vətən xaini adı verilirdi. Ümummilli lider Heydər Əliyev çıxışlarından birində qeyd edirdi ki, hərbi əsir və legionerlərin işləri ilə tanış olarkən onun diqqətini Mehdi Hüseynzadənin fəaliyyəti cəlb edib: "Mən o zaman Mehdi Hüseynzadənin partizan hərəkatına qoşularkən etdiyi qəhrəmanlıqları gördüm. Onun barəsində materialları topladım və rəhbərlik qarşısında məsələ qaldırdım. Sonradan onun qəhrəmanlıqlarını əks etdirən bədii əsər yazıldı və film çəkildi. Hamının "Mixaylo" kimi tanıdığı Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi". Göründüyü kimi, məhz dahi öndərimizin səyi nəticəsində hamımızın qürur duyduğu məşhur partizan Mehdi Hüseynzadə layiq olduğu adı alıb və Bakı şəhərində onun möhtəşəm abidəsi ucaldılıb.

Ermənilər Azərbaycan torpaqlarına olan separatçı iddialarını ümummilli lider Heydər Əliyevin DTK-da və respublika rəhbərliyində işlədiyi uzun illər ərzində də bu və ya digər şəkildə qaldırmış, lakin ümummilli lider prinsipal və qətiyyətli mövqeyi nəticəsində belə çirkin niyyət və səylərin qarşısının vaxtında alınmasına nail olmuşdur. Ulu öndər deyirdi: "30-cu, 40-cı, 50-ci, 60-cı, 70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam".

Ümummilli lider Heydər Əliyev başqa bir çıxışında isə deyirdi: "Azərbaycan üçün bəla ondan başladı ki, 1987-ci ildə ermənilər, bizim azərbaycanlıların bəziləri ilə birlikdə yığışdılar, mənim Kremldən istefa verməyimə nail oldular. Mən istefa verəndən 20 gün sonra Dağlıq Qarabağ məsələsi ortaya atıldı. Çünki bilirdilər ki, mən Moskvada oturmuşam və belə məsələnin qaldırılmasına yol verməyəcəyəm". Təsadüfi deyildi ki, Ermənistan rəsmiləri hər zaman Dağlıq Qarabağın ermənilərə verilməsində ən böyük maneənin məhz Heydər Əliyev olduğunu xüsusi vurğulayırdılar.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də, komitə rəhbərliyinə irəli çəkildiyi 1967-ci ildən sonrakı dövrdə olduğu kimi, respublika və İttifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu təşkilatdan əsirgəməmişdir. Məhz bütün bu dövrlər ərzində bu orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başlamışdı. Ümumiyyətlə, Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafı, tədricən milli maraqlara xidmət tarixi bilavasitə ömrünün böyük bir hissəsini bu orqana həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Təhlükəsizlik orqanlarının adı ilə yanaşı, ilk növbədə, nazirliyin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti dəyişdi. Əgər Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı sovet dövlətinin mövcudluğunun və strateji maraqlarının təmin olunmasına yönəlmişdisə - Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarət idi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, nazirliyin işinin yenidən qurulması və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda, gündəlik qayğı və diqqətlə bilavasitə bağlı idi. Onun yeritdiyi siyasət nəticəsində ölkədə sabitlik tədricən bərqərar oldu, eləcə də hüquq mühafizə orqanlarının qarşısında qoyduğu tələblər nəticəsində əhalidə və ayrı-ayrı başıpozuq dəstələrdə qanunsuz saxlanılan və daşınan silah-sursat yığıldı. Qonşu dövlətlərlə münasibətlər tənzimləndi, daxildəki destruktiv, pozucu, separatçı qüvvələrlə mübarizə gücləndi və onların qanunsuz fəaliyyətlərinin qarşısı alındı. Sabitlik əldə edildikdən sonra ulu öndər Heydər Əliyevin təhlükəsizlik orqanları qarşısında yeni reallıqlardan irəli gələn vəzifələr qoyması ilə artıq qabaqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud başvermə ərəfəsində qarşısının alınmasına nail olundu. Ümummilli lider Heydər Əliyevin "Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır. Bu, sizin üçün, Milli Təhlükəsizlik Nazirliyinin işçiləri üçün xüsusi ilə lazımdır və Ali Baş Komandan kimi, Prezident kimi sizdən bunu tələb edirəm" tapşırığının məsuliyyətini dərk edən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən aparılan gərgin iş nəticəsində digər aidiyyəti dövlət strukturları ilə birgə 1993-cü ildən başlayaraq Azərbaycan Respublikası əleyhinə xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyətlərinin qarşısı alındı, onlar tərəfindən məxfi əməkdaşlığa cəlb olunan yüzlərlə ölkə vətəndaşı aşkarlandı, dəfələrlə respublikamızda vətəndaş müharibəsi təhlükəsi sovuşduruldu, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, terror-təxribat törətmək istəyən onlarca şəxs və qrup vaxtında zərərsizləşdirildi.

 

Milli təhlükəsizlik orqanları müasirləşmə və yeniləşmə mərhələsində

 

Milli Təhlükəsizlik Nazirliyinə xalqın inam və etibarının, etimadının daha da artması baxımından 2004-cü il Azərbaycan xüsusi xidmət orqanlarının tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Sabitlik və inkişaf dövrünün yeni mərhələsi olan yeniləşmə və müasirləşmə dövründə milli təhlükəsizlik orqanlarında son beynəlxalq islahatlara uyğun yeniləşmə başladı. Bu, ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin milli təhlükəsizlik orqanlarının fəaliyyətinin ən qabaqcıl standartlara malik, milli maraqların etibarlı təminatçısına çevrilməsi üçün gündəlik diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Məhz həmin ildən başlayaraq nazirliyin fəaliyyətinin normativ-hüquqi bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər həyata keçirildi. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsinin, "Kəşfiyyat və əks-kəşfiyyat", "Milli təhlükəsizlik haqqında", "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanunlarının və "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası" kimi mühüm sənədlərin qəbul olunması və tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları, digər normativ-hüquqi aktların, eləcə də xidmətdaxili hüquqi sənədlərin qəbulu Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyət istiqamətlərinin hüquqi bazasının yaradılmasına təminat verdi.

Dövlət quruculuğunun bu dövrünə uyğun olaraq Milli Təhlükəsizlik Nazirliyində geniş islahatlar aparıldı, nazirliyin beynəlxalq əlaqələri xeyli genişləndi. Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təhlükəli növləri ilə qətiyyətli və uğurlu mübarizə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin məqsədyönlü, səmərəli təşkili və önəmli nəticələri onun nüfuzunu xeyli möhkəmləndirdi. Məhz dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin "Milli təhlükəsizlik orqanlarının son illərdəki fəaliyyəti çox müsbətdir, çox uğurludur" fikri nazirliyin son dövrdəki fəaliyyətinə verilən ən dəyərli qiymətin bariz nümunəsidir. Bu gün Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının gərgin əməyi sayəsində ölkəmizin əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinə qarşı, terrorçuluqla mübarizədə, transmilli maraqların etibarlı təmin olunmasında konkret nəticələr əldə edilib. Ölkəmizə münasibətdə siyasi-iqtisadi, hərbi təcavüzkar niyyətlərini gizlətməyən Ermənistanın, o cümlədən bəzi dövlətlərin müəyyən dairələrinin bir çox hallarda üst-üstə düşən maraqları və bu maraqlardan doğan kəşfiyyat-pozuculuq fəaliyyətləri Azərbaycanın təhlükəsizlik orqanlarını ayıq-sayıq olmağa, son dərəcə düşünülmüş və qabaqlayıcı addımlar atmağa səfərbər edir. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının öz işinə yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə yanaşması nəticəsində son dövrlərdə bəzi xarici xüsusi xidmət orqanlarının təsir və təzyiq cəhdlərinin, respublikamızın suverenliyinə qarşı yönələn bir sıra terror-təxribat hərəkətlərinin qarşısı vaxtında və qətiyyətlə alınaraq müvafiq tədbirlər görülüb.

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov çıxışlarının birində bu qurumun əməkdaşlarının Vətənə, xalqa, dövlətə olan böyük inam və etibarını belə ifadə edir: "Ölkənin hərtərəfli təhlükəsizliyi, Heydər Əliyev ideyalarının həyata keçirilməsi naminə milli maraqların qorunması, ərazi bütövlüyümüzün bərpası yolunda təhlükəsizlik orqanlarının əməkdaşları üzərlərinə düşən vəzifəni dərindən dərk edir, onu böyük peşəkarlıq və fədakarlıqla yerinə yetirməyə qadirdirlər".

Qazanılmış bu nailiyyətlərin əsas səbəbi bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğı və diqqəti sayəsində Milli Təhlükəsizlik Nazirliyində zəruri islahatların aparılması, nazirliyin fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatının gücləndirilməsi, peşəkar kadr özəyinin möhkəmləndirilməsi, hər bir əməkdaşın fəaliyyətinə obyektiv qiymət verilməsi və şəxsi heyətin sosial müdafiəsinə dövlət səviyyəsində diqqət və qayğının artırılmasıdır. Keçən il milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi ərəfəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissəsinə Döyüş Bayrağını şəxsən təqdim etməsi, burada ümummilli lider Heydər Əliyevin abidəsinin, habelə Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin açılışında iştirak etməsi, nazirlyin bir qrup əməkdaşının dövlət mükafatları ilə təltif edilməsi və ali hərbi rütbələrin verilməsi də nazirliyin fəaliyyətinə verilmiş növbəti yüksək qiymət kimi qəbul olunur. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın xüsusi xidmət orqanlarının qarşısında qoyduğu tələblərdən biri də bu orqanın əməkdaşlarının peşəkarlıq səviyyəsinin hərtərəfli yüksəldilməsi idi. Ümummilli lider Heydər Əliyev respublikamızın milli təhlükəsizlik orqanlarını xüsusi ixtisaslı ali təhsilli zabit kadrları ilə təmin etmək məqsədi ilə 1 dekabr 1998-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması barədə sərəncam imzaladı və bununla da, Azərbaycanda ilk dəfə olaraq xüsusi xidmət orqanları üçün milli kadrların hazırlanması işinin təməli qoyuldu. Məhz Heydər Əliyevin Azərbaycanın xüsusi xidmət orqanlarının formalaşmasında əvəzsiz xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 20 dekabr 2005-ci il tarixli sərəncam ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına xalqımızın ulu öndəri Heydər Əliyevin adı verildi. Bu illərdə tədris ocağında iş üslubu və metodlarının daim təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılmış, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi, peşəkar kadrların hazırlanması ilə bağlı bütün mümkün imkanlardan istifadə edilmişdir. Bir sözlə, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası ulu öndərimizin qarşıya qoyduğu tələb və vəzifələri ləyaqətlə yerinə yetirməkdədir. Bu gün milli təhlükəsizlik orqanlarına işə qəbulda da vətənpərvərliyə, intellektual səviyyəyə və geniş dünyagörüşünə önəm verilir.

Çətin və şərəfli həyat yolu keçmiş Azərbaycanın xüsusi xidmət orqanları özünün 91-ci ildönümünü qarşılayır. Şəxsi heyət ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın təhlükəsizliyini bundan sonra da inamla qorumaq və inkişaf etdirmək əzmindədir. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ölkəmizin suverenliyinin və təhlükəsizliyinin təmin olunması və daha da qüdrətlənməsi naminə yenə də fədakarlıqla çalışacaq, Vətənimizə hədsiz sədaqət nümayiş etdirəcək, dövlət başçısı, Ali Baş Komandan tərəfindən qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, onun inam və etibarını daim doğruldacaqlar.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi ilə bağlı Bakıya gələn xarici ölkələrin xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələrini qəbul edərkən səsləndirdiyi "Şəxsi heyətə işlərində uğurlar arzulayıram. Görülən işlərə Azərbaycan dövləti çox böyük qiymət verir. Mən Azərbaycanın hərtərəfli inkişafı üçün, təhlükəsizliyin təmin edilməsi üçün milli təhlükəsizlik orqanlarının fəaliyyətini yüksək qiymətləndirirəm. Əminəm ki, onlar gələcəkdə də Vətən uğrunda şərəfli işlərdə böyük fədakarlıqla çalışmaqda davam edəcəklər" - fikri bütün Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətini Azərbaycan naminə yeni-yeni uğurlara səfərbər edir.

 

 

Həzi AĞAMMƏDOV

 

Azərbaycan.- 2010.-  17 mart.- S.  10.