"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 6, maddə 365; 2005-ci il, ¹ 4, maddə 278; 2007-ci il, ¹ 11, maddə 1072) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 1-ci maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

"Azərbaycan Respublikasının dövlət sərhədinin sərhədboyu zona və sərhədboyu zolaqlarında, silahlı münaqişələr zamanı döyüş əməliyyatları zonalarında, hərbi qurumların ərazilərində istifadəsində olan torpaq sahələrində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.".

2. 1-ci, 7-ci, 13-cü, 14-cü, 20-ci, 21-ci maddələrin mətnində və 5-ci maddənin adında və mətnində "Elmlər" sözündən əvvəl "Milli" sözü əlavə edilsin.

3. 4-cü maddədə:

3.1. ikinci hissədə "və onların ayrı-ayrı hissələri" sözləri ",onların ayrı-ayrı hissələri və bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş özəlləşdirilməsinə yol verilən digər yerli əhəmiyyətli memarlıq abidələri" sözləri ilə əvəz edilsin;

3.2. üçüncü-yeddinci hissələr müvafiq olaraq dördüncü-səkkizinci hissələr hesab edilsin və maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

"Mühəndis kommunikasiyaları, müdafiə obyektləri, şəhərsalma, dini və xatirə abidələri, hidrotexniki qurğular istisna olmaqla, yerli əhəmiyyətli memarlıq abidələri qanunvericiliyə uyğun olaraq özəlləşdirilə bilər.";

3.3. dördüncü hissədə "yaşayış binalarının və onların ayrı-ayrı hissələrinin" sözləri "yerli əhəmiyyətli memarlıq abidələrinin" sözləri ilə əvəz edilsin.

4. 5-ci maddədə:

4.1. birinci hissədə "maddi-mədəniyyət qalıqlarında" sözləri "arxeoloji qazıntılar zamanı aşkar olunmuş daşınar maddi-mədəniyyət qalıqlarında müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında" sözləri ilə əvəz edilsin;

4.2. ikinci hissədə "bərpa" sözü "üzərində aparılacaq işlərin" sözləri ilə əvəz edilsin.

5. 11-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanı ilə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.".

6. 12-ci maddənin birinci hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Qoruq sərhədi daxilində və mühafizə zonalarında abidələr üçün təhlükə yarada biləcək hər hansı işlər müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qabaqlayıcı tədbirlər görülməklə həyata keçirilə bilər.".

7. 13-cü maddənin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Bu halda inşaat və digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər.".

8. 14-cü maddənin birinci hissəsində "çəkilişi" sözündən sonra "və digər inşaat işləri" sözləri əlavə edilsin.

9. 18-ci maddənin üçüncü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Müstəsna hallarda qoruqların ərazisi və yerli əhəmiyyətli memarlıq abidələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında qanunvericiliyə uyğun olaraq hərbi hissələrin təsərrüfat və mədəni məqsədləri üçün istifadəsinə verilə bilər.".

10. 19-cu maddədə:

10.1. birinci hissədən "və ölkə" sözləri çıxarılsın;

10.2. ikinci hissədə "yerli" sözündən əvvəl "ölkə və" sözləri, "hissələri" sözündən sonra "(arxeoloji abidələr istisna olmaqla)" sözləri, "turizm məqsədləri üçün" sözlərindən sonra "onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra" sözləri əlavə edilsin.

11. 20-ci maddədə:

11.1. birinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Arxeoloji qazıntı işləri müvafiq icra hakimiyyəti orqanının nəzarəti ilə aparılır.";

11.2. ikinci hissədə "hesabat" sözündən sonra "və aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı" sözləri əlavə edilsin.

12. 23-cü maddənin mətni birinci hissə hesab olunsun və maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Abidələrin qoruq zonasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi rejim tətbiq edilir.".

13. 25-ci maddənin üçüncü hissəsinin ikinci cümləsi çıxarılsın və maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

"Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra aparılır.".

14. 26-cı maddənin birinci hissəsində "müəllifinin (müəlliflərinin)" sözlərindən sonra " və müvafiq icra hakimiyyəti orqanının" sözləri əlavə edilsin.

15. 27-ci maddədə:

15.1. ikinci hissədə "gətirmədən" sözündən sonra "Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında abadlıq və" sözləri əlavə edilsin;

15.2. üçüncü hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Bu sənədlərin bir nüsxəsi hesabatla birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir.".

16. 32-ci maddənin ikinci hissəsində "dünya və ölkə" sözləri "dünya, ölkə və yerli" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 18 mart.- S.  2.