Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

 

Əziz həmvətənlər!

Sizi hamımızın sevimli Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və uğurlar arzulayıram.

Xalqımız min illər ərzində təşəkkül tapmış ənənələrə sadiq qalaraq hər il Novruz gününü təntənə ilə bayram edir. Təbiətlə insanın sarsılmaz vəhdətinə dair qədim təsəvvürləri əks etdirən Novruz bayramı insanlarımızın yaddaşına əbədi həkk olunmuşdur. Ulu əcdadlarımızın indiki nəsillərə misilsiz ərməğanı olan Novruz adət-ənənələrinin günümüzədək layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir.

Yüksək mənəviyyat xəzinəsi sayılan Bahar bayramı milli-mədəni sərvətlərimizin zənginliyini dolğun ifadə edir. O, böyük mənəvi gücə malik olub, insanlar arasında qarşılıqlı dostluq, səmimiyyət, qayğıkeşlik və qardaşlıq duyğularını gücləndirir, cəmiyyətdə əmin-amanlığın və xoş münasibətlərin bərqərar olmasına zəmin yaradır. Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir. Ən ali keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edilməsi təqdirəlayiq haldır.

Bahar bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi və yurdumuzun hər bir guşəsində sonsuz sevinclə qarşılanması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərdəndir. Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan və qəlbləri Azərbaycanla birgə döyünən soydaşlarımız bu əziz günü bizimlə bərabər qeyd edirlər. Ümidvaram ki, milli dəyərlərə sadiqlik və həmrəylik duyğusu bütün azərbaycanlıları doğma Vətənimizin inkişafı naminə daha sıx birləşdirəcəkdir.

Hamınıza bahar təravətli bayram əhval-ruhiyyəsi arzu edirəm.

Novruz bayramınız mübarək olsun!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2010-cu il

 

Azərbaycan.- 2010.-  19 mart.- S.  1.