Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış "Azərbaycan" nəşrinin təqdimat mərasimi olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

 

 - Əziz dostlar, bu gün doğrudan da çox gözəl bir gündür. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni gözəl layihənin təqdimat mərasiminə yığışmışıq. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bütün layihələr həmişə çox böyük keyfiyyətlə, zövqlə və peşəkarlıqla icra olunur. Hesab edirəm ki, Azərbaycanın tarixində bu layihənin öz yeri olacaqdır.

Azərbaycan haqqında, Bakı haqqında, digər şəhər və rayonlarımız haqqında müxtəlif dövrlərdə müxtəlif kitablar nəşr edilmişdir. Onların bir hissəsi artıq köhnəlmiş, bir hissəsi isə bugünkü reallıqları əks etdirmir. Bu kitabda Azərbaycanın tarixi, mədəniyyəti, tarixi abidələri, gözəl təbiəti və bugünkü inkişaf dinamikası əyani şəkildə göstərilir. Əminəm ki, kitab həm Azərbaycan vətəndaşları, eyni zamanda, ölkəmizə gələn qonaqlar üçün çox maraqlı olacaqdır. Kitabın hazırlanmasında iştirak etmiş bütün insanlara öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, doğrudan da böyük və çətin iş olubdur. Azərbaycanın o qədər zəngin təbiəti və mədəniyyət ocaqları var ki, onları əks etdirmək, onları gözəl şəkildə nəşr etmək o qədər də asan məsələ deyildir.

Onu da demək istəyirəm ki, bildiyimə görə, kitabda göstərilən şəkillər çəkilən şəkillərin az bir hissəsini təşkil edir. Ümid edirəm ki, bu kitaba daxil olunmayan şəkillər də növbəti illərdə növbəti nəşrlərə daxil ediləcək və şübhəsiz ki, Azərbaycan inkişaf etdikcə və yeni, gözəl, görkəmli, müasir memarlıq abidələri tikildikcə növbəti illərdə onları da biz bu kitabın yeni redaksiyasında görəcəyik.

Azərbaycan doğrudan da çox gözəl bir ölkədir. Biz bunu, əlbəttə ki, bilirik. Bu kitabı vərəqləyərkən bir daha əyani şəkildə görürük ki, nə qədər gözəl təbiətimiz, memarlıq abidələrimiz, tariximiz, nə qədər gözəl dağlarımız, çaylarımız, Xəzər dənizimiz vardır və bunlar bizim təbiətimiz, bizim sərvətimizdir. Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir. Dünyanın nadir ölkələrində həm gözəl təbiət, müxtəlif iqlim növlərinin mövcudluğu, qədim, tarixi abidələr, gözəl meşələr, təbii mənzərələr - nadir hallarda bütün bu amillər cəm şəkildə müşahidə oluna bilər. Azərbaycan o ölkələrdəndir. Biz doğrudan da xoşbəxt insanlarıq ki, belə ölkədə yaşayırıq. Xoşbəxt insanlarıq ki, bu gün müstəqil Azərbaycanın inkişafında iştirak edirik. Müstəqil Azərbaycan bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, müstəqillikdən məhrum olmuşuq. Buna baxmayaraq, öz milli ruhumuzu qoruya bilmişik. Mədəni abidələrimizi, ana dilimizi, mədəniyyətimizi qoruya bilmişik və bu gün də qoruyuruq.

Bu gün Azərbaycan xalqı yeni dəyərlər yaradır. O dəyərlər ki, bundan sonra uzun illər, onilliklər, əsrlər boyu Azərbaycanın müstəqil inkişafını təmin edəcəkdir. O dəyərlər ki, bu gün Azərbaycanı dünyaya olduğu kimi təqdim edir. Azərbaycan bu gün gözəl, böyük mədəni irsə, tarixə malik olan, müasir, sürətlə inkişaf edən ölkədir. Bu reallıqları biz yaradırıq, biz hamımız yaradırıq. Müstəqil Azərbaycan bizim hamımızın ən böyük sərvətidir. Biz bu sərvəti qorumalıyıq, müstəqilliyimizi möhkəmləndirməliyik. Müstəqilliyimizi əbədi, dönməz etmək üçün hər gün çalışmalıyıq. Azərbaycan bu gün tam şəkildə müstəqil siyasət aparır, iqtisadi müstəqilliyini tam şəkildə təmin edibdir. Azərbaycan xalqı rahat yaşayır, azad yaşayır. Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycanda hüquqi dövlətin qurulması istiqamətində çox vacib addımlar atılır. Bir sözlə, ölkəmiz sürətlə və hərtərəfli inkişaf edir. Bu hərtərəfli inkişaf bugünkü Azərbaycanın reallıqlarıdır.

Kitabın üzə çıxması məqsədlərinin biri də ondan ibarətdir ki, biz ölkəmizi dünyaya olduğu kimi təqdim edək. Hələ ki, buna ehtiyac vardır. Baxmayaraq ki, Azərbaycanı artıq dünyada tanıyırlar və ölkəmizə böyük hörmətlə yanaşırlar. Yenə də Azərbaycan haqqında bəzi hallarda dəqiq olmayan məlumatlara, təhrif edilmiş faktlara rast gəlirik. Bəzi hallarda bu, qərəzli xarakter daşıyır. Bəzi hallarda sadəcə olaraq, Azərbaycan haqqında hələ ki, dünya ictimaiyyəti istədiyimiz qədər bilmir. Belə olan halda təhrif edilmiş faktlar, saxtalaşdırılmış məlumatlar Azərbaycan haqqında mənfi imicin yaradılması üçün bəzi bədnam qüvvələrə əsas verir. Biz bunun qarşısına öz siyasətimizi qoymalıyıq və qoyuruq. Bu gün Azərbaycan reallıqları elədir ki, onu heç kim inkar edə bilməz, nə qədər istəsə belə təhrif edə bilməz. Bu reallıqlar statistik rəqəmlərdə, abadlaşan şəhərlərdə, gözəlləşən binalarda görünür. Ancaq bununla bərabər, biz öz siyasətimizi daha da çevik və fəal aparmalıyıq ki, Azərbaycan haqqında həqiqətlər dünyanın hər bir yerinə çatsın. Azərbaycana qərəzli mövqedə olanlar da bilsinlər ki, onların səyləri əbəsdir.

Bu gün Azərbaycan bütün istiqamətlərdə ən sürətlə və çox böyük uğurla inkişaf edən ölkədir. Bizim ən böyük sərvətimiz bizim müstəqilliyimizdir, bizim xalqımızdır, bizim mədəniyyətimizdir. Biz zəngin mənəvi əsaslar üzərində müasir, dünyəvi, güclü ölkə qururuq və bu işlərdə biz hamımız bir olmalıyıq. Bizim gücümüz də birliyimizdədir. Bizim əldə edilmiş bütün uğurlarımızın təməlində Azərbaycan xalqının zəhməti və istedadı dayanır.

Hesab edirəm ki, bu kitabın nəşri Novruz bayramı ərəfəsində Azərbaycan vətəndaşları üçün böyük bir hədiyyədir. Bu kitab heç kimi biganə qoya bilməz. Kitabın hazırlanma dövründə mən müəyyən mərhələlərdə materiallarla tanış olurdum və görürdüm ki, bu, doğrudan da, sözün əsl mənasında, çox böyük və mənalı bir əsərdir. Əminəm ki, hər bir vətəndaş, hər bir vətənpərvər insan bu kitabı vərəqləyərkən ancaq xoş duyğularını ifadə edəcəkdir. Azərbaycanın hər bir vətəndaşı bu kitabı vərəqləyərkən bir daha görəcək ki, biz nə qədər xoşbəxtik, biz müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq.

Bir məqamı da vurğulamaq istəyirəm. Kitabı vərəqləyərkən açıq-aydın görünür ki, onu hazırlayanlar kitabın üzərində Vətənə böyük sevgi ilə, məhəbbətlə işləyiblər. Bu sevgi və məhəbbət, demək olar ki, şəkillərin əksəriyyətində görünür. Bunu görməmək mümkün deyildir. Ölkəmizin görməli yerləri, qədim tarix, müasirlik, gözəl təbiət və ümumiyyətlə, gözəl tərtibat bu kitabın rolunu böyük dərəcədə artırır. Mən kitabın hazırlanmasında iştirak etmiş bütün insanlara bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bu kitab uzun illər Azərbaycanı dünyada təqdim etmək üçün əyani bir vasitə olacaqdır.

Heydər Əliyev Fondunun bütün əməlləri Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Bütün sahələrdə - həm xeyriyyəçilik, həm Azərbaycanın milli mədəni irsinin dünya birliyinə çatdırılması, həm musiqi sahəsində aparılan addımlar, Azərbaycanın haqq işinin dünya birliyinə çatdırılması, Xocalı soyqırımının dünya birliyinə olduğu kimi çatdırılması işində çox böyük və əvəzolunmaz xidmətlər məni çox sevindirir. Mən çox şadam ki, qısa müddət ərzində Heydər Əliyev Fondu doğrudan da Azərbaycanın inkişafı, Azərbaycanı dünyada təqdim etmək istiqamətində atılan addımların gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Heydər Əliyev Fondu ulu öndər Heydər Əliyevin adına layiq şəkildə fəaliyyət göstərir. Bu kitab bu siyasətin növbəti addımıdır.

Mən sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik və uğurlar arzulayıram.

 

* * *

 

Sonra kitabın hazırlanması üçün çəkilmiş fotoşəkillərdən ibarət sərginin açılışı olmuşdur.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva açılışı bildirən lenti kəsdilər və sərgi ilə yaxından tanış oldular.

 

* * *

 

Mərasimdə Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, deputatlar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  19 mart.- S.  2.