Lənkəranda Novruz şənlikləri
Doğma Vətənimizin hər yerində olduğu kimi, Lənkəranda da Novruz böyük sevinclə, şən əhvali-ruhiyyə ilə qarşılanır. Hər yerdə səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb, evlərdə səməni göyərdilib, paxlava, şəkərbura bişirilib, xonçalar bəzədilib. Novruz tədbirlərinə artıq start verilib. Mart ayının 14-də səhər ayrı-ayrı idarə, müəssisə və təşkilatların kollektivləri şəhərin giriş qapısı sayılan, Lənkəranın tarixini, adət-ənənələrini özündə əks etdirən "Xalq sənətkarlığı" şəhərciyinə gəldilər. Burada müxtəlif yerlərdə "Novruz bayramınız mübarək!", "Elimizə bahar gəlir" pannoları, şüarlar asılmışdır. Saat 11-də Qala qapıları önündə bayram şənliyi başladı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Milli Məclisin deputatları, paytaxt Bakıdan, habelə qonşu rayonlardan gələn qonaqlar tədbirin keçirildiyi Qala qapılarının qarşısına gəlirlər. Qədim saz havasının müşayiətiylə Dədə Qorqud tədbir iştirakçılarını təbrik edərək deyir: "Ey igid ərənlərimiz, xanım-xatın qızlarımız, qutlu olsun dövlətimiz! Qadir Tanrı sizi namərdə möhtac etməsin. Qarşı yatan dağlar sizə yaylaq olsun. Haqq yandıran çırağınız sönməsin. Yandırın bayram tonqalını! Qoy dostlarımız görüb sevinsinlər ki, Oğuz elində toy-bayramdır."
Qala divarlarının üstündə məşəllər yandırılır. Şənliyə gələnlər şəhərcikdə rayon tarix-diyarşünaslıq muzeyinin sıra ilə düzülmüş qədim eksponatları, tətbiqi sənət nümunələri, uşaq rəssamlıq məktəbinin müəllim və şagirdlərinin əl işləri, Lənkəran mətbəxi, emal müəssisələrinin istehsal etdiyi məhsullar, milli, maddi-mənəvi irsimiz ilə tanış olurlar. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın min illər yol keçib gələn adət-ənənələrini nümayiş etdirirlər. Rəqs və folklor kollektivlərinin, muğam ifaçılarının, idmançıların çıxışları maraqla qarşılanır.
Tədbirin aparıcısı gur səslə ulu öndər Heydər Əliyevin Novruz bayramı haqqında dediyi bu sözləri xatırladır: "Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır, xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır".
Şöhrəti aləmə yayılan "Nənələr" folklor ansamblı ölkəmizdə etnik azlıqlara, onların tarixinə, mədəniyyətinə göstərilən sayğıya parlaq nümunədir. Həmişə olduğu kimi, bu dəfə də onların oxuduqları nəğmələr hərarətlə qarşılandı.
"Cəngi" musiqisi altında çatılan Novruz tonqalı bayrama yeni çalar qatdı:
Zərdüştlərin ruhu tək
Alovlan, ərşə dirən.
Yurdumuzdan zülmətlər
Qoy düşsün pərən-pərən.
Lənkəran son illər inkişaf etmiş, daha abad və yaraşıqlı olmuşdur. Prezident İlham Əliyev Lənkərana səfərində burada görülən işləri bəyəndiyini dəfələrlə qeyd edib: "Lənkəranda mən dəfələrlə olmuşam, bölgəyə bu səfərimdən çox məmnunam. Şadam ki, Lənkəranda yenə də böyük inkişaf və dəyişiklik görürəm. Xüsusən, rayonun abadlaşdırılması sahəsində aparılan işlər razılıq doğurur... Bütün bu işlər Lənkəranın keçmiş şöhrətini özünə qaytarır".
Qara zurnanın sədaları altında Kosa, Keçəl və Bahar qız faytonda meydana daxil olurlar. Kosa ilə Keçəlin deyişməsi başlayır:
- A kosa-kosa, gəlsənə!
Gəlib salam versənə!
Çömçəni
doldursana!
Kosanı yola salsana!
- A uyruğu, uyruğu,
Saqqalı it quyruğu.
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər.
Yığar bayram
düyüsün,
Keçəlin toyun eylər.
Tonqalın ətrafında
şənlik iştirakçılarının rəqsi davam
edir. Bahar qız tamaşaçıları təbrik edir:
- Əzizlərimiz! Sizi Novruz
bayramı münasibəti ilə təbrik edirəm! Ömrünüz
bahar çiçəkləri kimi təravətli və ətirli
olsun!
Sonra Kosa, Keçəl və
Bahar qız tamaşaçılarla rəqs edirlər. İdmançılar,
meydan qəhrəmanları tonqal üstündən
atılırlar.
Lənkəranda 300 nəfərdən
ibarət rus icması fəaliyyət göstərir. Onlar da
Novruz şənliklərində iştirak edir, sevinir,
deyib-gülürlər. İcmanın sədri Lidiya Karyagina
bildirdi ki, icmanın üzvlərinin hamısı Lənkəranda
doğulub boya-başa çatıb. Elə buna görə də
Novruz hər birimiz üçün doğmadır, əzizdir.
Onunla tədbirə gəlmiş Marina Kositsinanı və
oğlanları Vitya və Vadimi bizə təqdim edir.
Onu da qeyd edək ki, Novruzla
bağlı martın 13-də Lənkəranda dəmir yolu
vağzalı meydanında böyük yarmarka keçirilib. 30
firma və şirkət 200 tondan çox ərzaq məhsullarını
bazar qiymətindən 20-30 faiz aşağı qiymətə
satıb. Şəhər icra hakimiyyəti imkansız, kimsəsiz
ailələri, şəhid ailələrini, Qarabağ əlillərini,
veteranları bayram sovqatı ilə təbrik edib. Lənkəran
sabaha inamla addımlayır. Baharın gəlişi ilə təbiət
oyanır, insanların ürəyində yeni arzular cücərir.
Seyran CAVADOV
Azərbaycan.- 2010.- 19
mart.- S. 6.