Milli birlik və həmrəylik
bayramı
Dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar zəngin ənənə və dəyərlərini, ritual və mərasimlərini, milli bayramlarını yaşadaraq yad təzahürlərdən hifz etməklə, həm də milli kimliklərini, tarixi etnos kimi mövcudluqlarını qorumuşlar. Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə, özündə böyük bədii-estetik, mifik, mənəvi-əxlaqi, ülvi və dünyəvi düyğuları təcəssüm etdirir. Novruz hələ qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bayram, insanla təbiətin bütövləşməsi, harmoniyası sayılmışdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır.
Müqəddəs Novruz artıq ölkəmizə qədəm qoymuş, ilaxır çərşənbələri ilə Azərbaycan xalqının həyatına sevinc, şadlıq gətirmişdir. O, neçə əsrlər və minillərdir ki, insanları gəlişi ilə müjdələyir, onlara xeyir-bərəkət, bolluq, xoş həyat, firavanlıq bəxş edir. Məşəqqətli günlərə, sıxıntılı həyata son qoyub tükənən gücləri bərpa edir. İnsanların gözlərinə işıq, qollarına qüvvət, ayaqlarına güc verib, qəlblərini ümid və inamla doldurur. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olmuşdur. Min illəri haqlayan Novruz intizarı milli mənəviyyatımızın simvoluna çevrilərək, Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır.
Novruz - dünyanın və insanın yaradılış bayramıdır. Onun epoxaları, xalqları, dinləri, qitələri əhatə edən kulturoloji-fəlsəfi əzəmətinin, milli böyüklüyünün əsasında varlıq aləminin yaradılışı haqqında ilkin mifoloji-kosmoqonik konsepsiya durur. Novruz özünün qlobal məkan və zaman coğrafiyasında heç vaxt ilkin yaradılış fəlsəfəsindən məhrum olmamış, dünyanın harasında, tarixin hansı dönəmində olursa-olsun, təbiətin insanın varlığını təzələmiş, yenidən yaradaraq yox olmaqdan qorumuşdur. Bu cəhətdən Novruz bayramı milli fəlsəfəsinə, kosmik mahiyyətinə görə insan və onun dünyasının yaradılış mexanizmidir. Cəmiyyətin dialektik hadisə kimi mövcudluğunun, inkişaf və təkamülünün üsuludur.
Yenidən yaradılış, milli özünütəşkil, etnik özünüdərk kompleksi olan Novruz bayramı öz gücünü Azərbaycan xalqının cismindən və ruhundan alır. Bu bayram bütün mahiyyəti etibarilə xalqımızın milli varlığı ilə bağlıdır. Hər bir xalqın yaşam gücü, özünüqoruma instinkti, özünümüdafiə immuniteti onun düşüncəsinin dərinliklərində bərqərar olan sakral energetikadan qaynaqlanır. Xalqın varlıq tarixinin başlanğıcından bugününədək, düşüncənin dərinliklərindən milli təfəkkür müstəvisinə qədər etnopsixoloji özünütəşkil mexanizmləri olan sakral energetikanın gücü ilə ötürülən bu milli enerjinin məzmunu və keyfiyyəti xalqın tarix səhnəsindəki yerini, rolunu və taleyini müəyyən edir. Novruz bayramı millətin mövcudluğu üçün hava və su kimi lazım olan milli energetikanın məkanlararası daşıyıcısı, zamanlarası ötürücüsüdür. Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir.
Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir".
Ulu öndər Novruz bayramını "sevinc", "həvəs" və "birləşmə" formulu kimi səciyyələndirmişdir. Müasir Azərbaycanın qlobal dünyanın siyasi labirintlərində etibarlı milli yol xəritəsini cızmış ümummilli liderin bu sözləri milli ideologiyamızın təməl daşlarını, Azərbaycan insanının canı və qanı bahasına qurduğu dövləti necə qoruyub saxlaması haqqında fəaliyyət proqramının başlıca qayəsini təşkil edir. Bu anlamda, Novruz bayramının bizi "sevindirməsi" Azərbaycan xalqının milli dəyərlərlə yaşaması, "həvəsləndirməsi" milli dəyərlərdən güc alması, "birləşdirməsi" bir xalq kimi məhz milli dəyərlər əsasında təşkil olunması deməkdir.
Ulu öndərin milli ideologiyamızın əsaslarına dair Novruz kursu bu gün artıq öz bəhrəsini verir. Bu milli tarixi nailiyyət Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqı qarşısında Novruz təbrikində aydın və birmənalı şəkildə təsdiq olunmuşdur. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı demişdir ki, "Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq".
Göründüyü kimi, möhtərəm Prezident Novruz bayramını birmənalı şəkildə milli xüsusiyyətlərin - milli varlığın qorunma vasitəsi hesab edir. Bu yanaşma çağdaş Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri" elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş beynəlxalq fəaliyyət dövlətin mədəniyyət siyasətində xalqın sakral energetikasına bağlı milli dəyərlərin prioritet kimi götürülməsinin nə qədər doğru və real siyasət olduğunu təsdiqləyir. Bu istiqamətdə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycanın milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə, etnoenergetik qüvvəyə malik olduğunun parlaq sübutudur.
Azərbaycanın təşəbbüsü ilə BMT-nin bir müddət əvvəl 21 martı Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verdiyinə dəlalət edir. Xalqımızın milli bayramı Novruzun BMT Baş Məclisi tərəfindən beynəlxalq gün kimi tanınması məqsədi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müvafiq qətnamə layihəsi hazırlanmış, digər dövlətlərlə razılaşdırılması və BMT-də qəbulunun təmin edilməsi üçün ölkəmizin BMT yanında daimi nümayəndəliyinə təqdim edilmişdir. Fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyası gündəliyinin "Sülh mədəniyyəti" adlı 49-cu bəndinə müvafiq olaraq, Azərbaycanın təsəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduğu "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsinin təqdimatı keçirilmişdir. Tədbirdə Novruz bayramının qeyd edilməsinin tarixi, onun nəinki Azərbaycanda, o cümlədən Balkanlarda, Qara dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə, ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə üç min ildən artıq bir müddət ərzində qeyd edilməsi barədə məlumat vermişdir. İclasın sonunda yekdilliklə qəbul olunan qətnaməyə əsasən, BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədi ilə martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır, BMT-nin üzvü olan dövlətlərin Novruz ilə bağlı məlumatlılığının artırılması üçün səy göstərməyə çağırır. Eyni zamanda, BMT-nin üzvü olan dövlətləri və onun ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları, eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını keçirən dövlətlərin təşkil etdikləri təntənəli mərasimlərdə iştiraka dəvət edir.
Biz Azərbaycan xalqı olaraq Novruz bayramına dövlətin verdiyi dəyər və önəmi doğru-düzgün qiymətləndirməli, ona milli dövlət quruculuğumuzda hər bir vətəndaşın yaxından iştirakı üçün verilmiş milli quruculuq töhfəsi kimi yanaşmalıyıq. Çünki xalqımızın mənəvi mədəniyyətinin, etnik-mifoloji keyfiyyətinin müəyyənləşdirilməsində, bu xalqın qədim mifik görüşlərindən tutmuş, adət-ənənəsi, həyat haqqında düşüncələri barədə aydın təsəvvürlər əldə edilməsində Novruzun rolu olduqca əhəmiyyətli və əvəzsizdir. Dünyanın bir çox xalqları və türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ümummilli universalizmini təmin edən mexanizm məhz Novruz bayramıdır.
Novruz bayramı mərasim sistemi və ilkin semantikası etibarilə baharın gəlişi ilə harmoniyada gerçəkləşən insanın yaradılışı mifi ilə bağlıdır. Bu bayram Şərq xalqları tərəfindən rəsmi bayram kimi qəbul edilməsi tarixinə qədər müxtəlif mərhələlərdən keçə-keçə uzun bir yol qət etmişdir.
Novruz mərasim kompleksində əsas olan dörd çərşənbə insanın dörd ünsürdən yaradılması haqqında dini-mifik görüşlərini simvollaşdırır və öz mahiyyəti etibarilə ilkin yaradılış dialektikasını işarələyir:
Su çərşənbəsi. Məlumdur ki, istər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən əsas ünsürdür. Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur. Əslində, Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbələrində xalq arasında bu gün də yaşadılan ayin və etiqadlar bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun qutsal mahiyyəti ona inamda bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, sağlamlıq və xoşbəxtlik verən bir sakral inam obyekti olaraq çıxış edir.
Od çərşənbəsi. Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə - od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsini, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv varlığı daha çox odun sakral mahiyyəti ilə əlaqələndirilmişdir.
Yel çərşənbəsi. Novruz bayramı ərəfəsində keçirilən yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini təşkil edir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Yaradılışla bağlı dörd ünsür mifində yaradılışın maddi əsası olaraq torpaqla su ikili qarşıdurmadadırsa, bu materialın yaradılışa çevrilməsi prosesinə təkan verən vasitələr kimi yel ilə od da belə qarşıdurma qoşasını təşkil edir. Yaradılış mifologiyasında torpaqla suya daha çox statiklik, donuqluq, yel ilə oda isə dinamiklik, hərəkət xasdır. Bu mənada, yel, hava birbaşa İlahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir.
Torpaq çərşənbəsi. Sonuncu - ilaxır çərşənbə torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi ünsürü olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşlərində, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gəlməklə müqəddəs mifoloji energetikaya da malikdir. Yazda torpağın oyanması mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə, insanın yaradılışı mifindən qaynaqlanır.
Novruz şənlikləri təkcə Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları ən müxtəlif xarici ölkələrdə geniş qeyd edilir. Bu mərasimlərdə yaranan xoş ünsiyyət onları bir-biri ilə sıx şəkildə bağlayır, hər bir soydaşımıza milli mənlik şüurunu, azərbaycançılıq hisslərini və duyğularını gücləndirir. Novruz bayramı azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin layiqli siyasi varisi kimi milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, bu sıradan da xalqın milli bayramı olan Novruzun yüksək səviyyədə qeyd olunmasına çalışır. Hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısı vətəndaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara xoş arzu və niyyətlərini bildirir.
Hüseyn İSMAYILOV,
AMEA Folklor İnstitutunun
direktoru, filologiya elmləri
doktoru, professor
Azərbaycan.- 2010.- 19
mart.- S. 6.