Hollandiyanın Heerlen şəhərində Novruz bayramı qeyd olunmuşdur

 

Hollandiyanın Heerlen şəhərində yerli əhalinin iştirakı ilə Novruz bayramı qeyd olunmuşdur.

"Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyətinin rəhbəri İradə Uluxanova Diasporla İş üzrə Dövlət Komitəsinə bildirmişdir ki, mərasimə məhz hollandiyalıların dəvət olunması ölkəmizi və milli adətlərimizi daha geniş təbliğ etmək məqsədi daşımışdır. Cəmiyyət keçirdiyi bütün tədbirlərə məhz yerli əhalini cəlb etməyə çalışır ki, Azərbaycan həqiqətlərini Hollandiyada tanıtmaq imkanları daha da genişlənsin və ölkəmiz yaxından tanınsın.

Tədbirin açılışında Hollandiya məktəblisi 13 yaşlı Samanta qonaqları Azərbaycan dilində salamlayaraq, onlara Novruz bayramı haqqında məlumat vermişdir. Daha sonra tədbirin keçirildiyi məktəbə rəhbərlik edən Jetty Janssen Novruz haqqında danışaraq demişdir: "Novruz gül-çiçək bayramıdır. Artıq 3 aya yaxındır kı, məktəbin şagirdləri ilə birlikdə bu tədbirə hazırlaşırıq. Zəhmətimiz hədər getmədi, hər şey ürəyimizcə oldu".

Bayram "Cəngi" sədaları altında başlanmış, holland məktəblisi Tristan Zinzen at üstündə hər tərəfdən Azərbaycan bayraqları ilə bəzədilmiş meydana daxil olaraq tonqalı yandırmışdır. Sonra holland məktəbliləri Azərbaycan dilində şeirlərlə qonaqların Novruz bayramını təbrik etmişlər. Fransız fleytaçı İzabel Dosne, alman pianoçusu Mxail Tuner və məktəblilər Azərbaycan bəstəkarlarının klassik və milli musiqi parçalarını, rəqslərimizi ifa etmişlər.

Türkiyənin Tokat Universitetinin dosenti, həmyerlimiz Lalə Hüseynova Azərbaycan bəstəkarlarının əsərlərini skripkada ifa etmişdir. Məktəbdə Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Arif Məlikovun həyat və yaradıcılığından bəhs edən fotoşəkillər də asılmışdır.

"Sarı gəlin" mahnısının sədaları altında Bahar qız, 10 yaşlı Ashama Zinzenin şənlik iştirakçılarına plov təqdim etmiş, məktəbin müxtəlif millətlərdən olan şagirdləri "Yallı" rəqsini oynamışlar.

Tədbirdə Azərbaycanın tarixi və dövlətçiliyi ilə bağli stendlər nümayiş etdirilmişdir.

Bundan başqa, qonaqlara Azərbaycanın işğal altında olan əraziləri, Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar paylanmış, Azərbaycana həsr olunmuş film göstərilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Niderland Krallıgındakı səfirinin birinci müavini Elxan Ələsgərov və digər rəsmi qonaqlar iştirak etmişlər. Bayram haqqında ətraflı məlumat və yerli əhalinin təəssüratları "Limburgs Dagblad" və "De limburger" qəzetlərində dərc olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19  mart.- S.  6.