Novruz xalqın sarsılmaz birlik və həmrəylik bayramıdır

 

"Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir".

 

Heydər ƏLİYEV

 

Novruz sərhəd tanımayan, türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökünə mənsub insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamızın qloballaşma meydanınadək gətirib çıxaran bəşəri bir bayramdır.

Novruz zəngin nemətlər beşiyi hesab edilən ana torpaqla daim sıx ünsiyyət yaradan insanların qarlı-çovğunlu qışın qoynundan sıyrılıb bolluq və bərəkət fəsli olan yazın günəşli astanasına qədəm qoyduğu Yeni günün başlanğıcıdır. Əski türk miflərindən və qədim müsəlman rəvayətlərindən çağdaş dövrümüzə qədər gəlib çatan məlumatlara görə, yaranış tarixi ilk insan övladının dünyaya gəldiyi gündən hesablanan, siyasi və dini düşüncələrlə heç bir əlaqəsi olmayan ümumxalq bayramının əsas qayəsi bolluq və firavanlıqdır, cəmiyyətdə ictimai bərabərliyi tarazlaşdırmaqdır. Ziddiyyətləri aradan qaldırıb ayrı-seçkiliyə son qoymaq, insanları yaxşılığa, həmrəyliyə səfərbər etmək, onların mənəvi tərəqqisinə və əxlaqi təkamülünə nail olmaqdır.

Sovet imperiyası dövründə üzərinə "dini bayram" damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulduğu Novruzun - bu əsrarəngiz bahar bayramının uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd olunmasına start verilməsi o vaxt ölkəmizin rəhbəri seçilən ümummilli lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, cahanşümul mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz məhəbbətinin əyani nümayişinə çevrildi. Azərbaycanın müstəqillik dövründə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Novruz bayramı yenidən milli dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başladı. 1994-cü ildə Novruz şənliklərində iştirak edən dahi şəxsiyyət iqtisadi böhran məngənəsində çırpınan xalqa dözüm, səbr, həmrəylik, vətənin çiçəklənməsi naminə yüksək fəallıq arzulayaraq deyirdi: "Siz ağır zəhmət bahasına qazandığımız müstəqilliyimizi və milli dövlətçiliyimizi qorumağa, ölkədə yaranmış siyasi, sosial və iqtisadi böhrandan çıxış yolları axtarıb tapmağa qadirsiniz. Novruz bayramına gəldikdə o, xalqın milli birlik, sarsılmaz dostluq və qardaşlıq bayramıdır. Ürəklərdən kin-küdurəti silib yerində sevgi, məhəbbət və sədaqət kimi saf duyğular cücərdən, bölümləri bütövlüklə, kədəri sevinclə əvəz edən, cəmiyyətdə xoş münasibətlərin meydanını genişləndirən bir bayramdır. Novruz uzaq minilliklərin o tayından çağdaş dövrümüzə qədər ağır təzyiqlərə sinə gərə-gərə, keçilməz maneələri yara-yara müstəqillik qazanıb. Bizim də qələbə yolumuz xalqın birliyindən keçir. Biz hakimiyyəti zor gücünə ələ keçirmək naminə ölkəmizin ərazi bütövlüyünü parçalayıb torpaqlarımızı hərraca qoyan düşmən qüvvələrə qarşı vahid fikir mərkəzində birləşməklə, ürəklərimizin, beyinlərimizin, əllərimizin birliyinə nail olmaqla mübarizə aparıb bugünkü böhrandan xilas ola bilərik". Yeri gəlmişkən qeyd edək ki, 1994-cü il martın 19-da erməni terrorçuları milli bayramımız olan Novruz şənliklərini pozub xalqımızın əsəblərini tarıma çəkmək məqsədilə Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında güclü partlayış törətmişdilər. Ermənistanın xüsusi xidmət orqanlarının maliyyə dəstəyi və təşkilatçılığı ilə törədilmiş bu dağıdıcı partlayışda 14 nəfər həlak olmuş və 42 nəfər ağır yaralanmışdı. Lakin xalqımız erməni daşnaklarının XX əsrdə Azərbaycana qarşı həyata keçirdikləri bədnam soyqırım siyasətinin davamı olan bu faciədən sarsılmadı, bədbinliyə qapılmadı. Novruz şənliyini yenə çal-çağırla davam etdirdi. Çünki xalqımız daha tək deyildi. Onun bütün çətinliklərini qətiyyətlə dəf etmək qüdrətinə malik, müstəqil Azərbaycanımızın mövcudluğunun tam təminatçısı olan Heydər Əliyev kimi qüdrətli rəhbəri var idi.

Ulu öndərin sayəsində Azərbaycan dinc quruculuq, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yoluna qədəm qoydu. Azərbaycanı dünyanın çiçəklənən sivilizasiyalı dövlətlərindən birinə çevirmək arzusu ilə yaşayan Heydər Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərdə ölkədə gedən bütün ictimai-siyasi prosesləri təhlil edir, böyük quruculuq işlərini, xalqın həyat səviyyəsinin yüksəlişini önə çəkirdi: "Novruz şənlikləri sübut edir ki, ölkəmizdə daxili ictimai-siyasi sabitlik bərqərar olubdur. İnsanlar ağır əziyyətlərdən, daxili toqquşmalardan, ədavətdən, ziddiyyətlərdən xilas olub rahat yaşayır, gələcəyə inamla baxırlar... Deməli, bu bayram əmin-amanlığın, ictimai-siyasi sabitliyin rəmzidir. Bu bayram ölkədə gedən hüquqi, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir. Bu bayram çağdaş məmləkətimizdə insan hüquqlarına olan yüksək hörmət və qayğının rəmzidir.

Novruz onu göstərir ki, Azərbaycanda dövlət müstəqilliyi dönməz amilə çevrilib".

Ulu öndər Novruz şənliklərində xalqın bütün təbəqələri ilə bir yerdə iştirak edir, onlarla xoş ünsiyyətdə olurdu. Novruz şənlikləri zamanı: "Bilirsiniz, mən səmənini çox sevirəm, çünki o, Novruzun ilk müjdəçisidir. Onu görəndə gözlərim önündə torpaq üstündə yaşıl cücərtiləri görünən ucsuz-bucaqsız taxıl zəmiləri canlanır. Taxıl isə bildiyiniz kimi, bolluq və bərəkət rəmzidir. Böyük şairimiz Səməd Vurğun hədər deməyib ki, "çörək bol olarsa, basılmaz vətən!" - sözlərini deyən ulu öndər mərasim iştirakçılarına xoş ovqat bəxş edirdi.

Dahi şəxsiyyət vaxtilə müxtəlif səbəblər üzündən öz ata-baba torpaqlarından didərgin düşüb dünyanın ayrı-ayrı ölkələrinə səpələnən soydaşlarımızı da unutmurdu: "Qoy bu Novruz bayramı Yer kürəsinin müxtəlif guşələrinə səpələnib ayrı-ayrı bölgələrdə məskunlaşmış soydaşlarımız arasında möhkəm birlik və sarsılmaz həmrəylik rəmzinə çevrilsin və onları Azərbaycanımızın müstəqilliyi ilə fəxr etməyə ruhlandırsın. Qoy Novruz şənliklərində yaranan xoş ünsiyyət onlarda milli mənlik şüurunu, azərbaycançılıq hisslərini və duyğularını daha da gücləndirsin".

Ümummilli lider Heydər Əliyevin bəşəri ideyalarının layiqli davamçısı respublika Prezidenti İlham Əliyev də yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan bu ümumxalq bayramını yüksək dəyərləndirdi.

Ölkə Prezidenti hər il Novruz şənliklərində iştirak edir, insanlarla xoş ünsiyyət yaradır, xalqa bayram təbriklərini çatdırır.

Ölkə rəhbərinin prezidentlik fəaliyyətinin hər ili zəngin nailiyyətlərlə müşahidə olunur. 6 il əvvəl dövlət büdcəmizdə cəmi 1 milyard 200 milyon dollar həcmində vəsait olduğu halda, hazırda bu rəqəmin 20,3 milyard dollara çatması, 800 mindən artıq yeni iş yerinin açılması, ümumi daxili məhsulun artım sürətinə görə Azərbaycanın dünya dövlətləri arasında ən ali zirvənin sahibi olması dediklərimizin əyani sübutudur. Son 6 il ərzində Azərbaycanda çox güclü infrastruktur yaranıb. Ən ucqar dağ kəndlərinə qədər uzanan min kilometrlərlə məsafədə rahat yollar çəkilib. Rayonların əksəriyyəti qazlaşdırılıb. Nəhəng elektrik stansiyaları inşa edilib. Müasir səhiyyə, tədris müəssisələri istifadəyə verilib. Böyük idman kompleksləri ucaldılıb. Ölkədə yoxsulluğun səviyyəsi 11 faizə endirilib. Uzun illər boyu çadırlarda, sosial şəraiti olmayan yataqxanalarda, dəmiryol vaqonlarında əzab içində yaşayan 100 mindən artıq qaçqın və məcburi köçkün artıq builki Novruz bayramını onlar üçün yaradılmış, hər cür infrastruktura malik yaraşıqlı qəsəbələrdə, yaşayış binalarında qeyd etməkdədir.

Bütün bunlar xalqla iqtidar arasındakı sarsılmaz birlik və həmrəyliyin təntənəsidir. İndi ölkə boyu hamının dodaqlarından bu sözlər pərvazlanır: Ömrün həmişə bahar içində keçsin azad, xoşbəxt, müstəqil Azərbaycanım!

 

 

Zeynal VƏFA

 

Azərbaycan.- 2010.-  20 mart.- S.  4.