GƏNCƏNİN BAHAR TÖHFƏSİ

 

Hər bayramı, bir-birindən maraqlı töhfələrlə qarşılamaq Gəncədə adət şəklini alıb. Elimizin ən gözəl adəti olan Novruz bayramına da bu dəfə xüsusi hazırlıq görülüb; həm ümumşəhər miqyasında, həm ayrı-ayrı məhəllələrdə, küçələrdə, evlərdə, maarif, mədəniyyət səhiyyə ocaqlarında.

Hələ Su çərşənbəsi günündə tarixi Gəncə qapıları önündə böyük təntənə ilə Novruz bayramına start verilmişdi. Sonra şəhərin ən müxtəlif guşələrində tonqallar alovlandı, süfrələr açıldı. Yeni Gəncə səmtindəki Novruz bağında isə özgə aləm var idi.

Gəncəlilər bu müqəddəs bayrama xalqın ulu tarixinin ən nəcib adət-ənənəsi kimi böyük ehtiramla baxırlar. Ən maraqlı, ən kütləvi tədbirlər şəhərin mərkəzində keçirilir. Bura yaxın-uzaq yerlərdən minlərlə adam axışıb gəlir.

Novruz bayramı münasibətilə Heydər Əliyev adına mərkəzi meydanda nəhəng paxlava hazırlanıb. Uzunluğu on beş metr, eni altı metr, çəkisi isə altı ton! İlk baxışdan görünür ki, bu şirin sovqat xeyli zəhmət bahasına başa gəlib. Nəhəng paxlavanın yanında da bədii tərtibatlı səməni düzəldilib.

Şəhər icra hakimiyyəti başçısının birinci müavini Rövşən Sadıqov Bahar bayramı münasibətilə gəncəliləri təbrik etdi, onlara abadlıq quruculuq işlərində yeni-yeni uğurlar, şəxsi həyatlarında sevinc, səadət arzuladı. Sonra nəhəng paxlava kəsildi. Söz Kosa Keçələ verildi.

Milli məişətimizi əks etdirən səhnələr göz oxşayır. Bir yanda idmançılar öz məharətlərini nümayiş etdirir, başqa bir tərəfdə rəsm həvəskarlarının əsərlərindən ibarət sərgi açılıb. İncəsənət ustalarının iştirakı ilə keçirilən "Novruz təranələri" adlı konsert könülləri oxşadı. Bayrama yeni şuxluq, xoş əhval-ruhiyyə gətirdi.

Respublikanın hər yerində olduğu kimi, Qərb bölgəsinin rayonlarında da Novruz bayramı ən böyük, ən müqəddəs el şənliyi kimi qeyd olunur. Daşkəsəndə çaparlar çovqan oyununa çıxmışdılar. Gədəbəydə aşıqlar hər yana səs salırdılar. Qazaxda pəhləvanlar öz məharətlərini nümayiş etdirir, Tovuzun, Ağstafanın, Goranboyun, Şəmkirin hər yerindən xoş musiqi sədaları ucalırdı. Samux rayonundakı Heydər parkı al qumaşa bürünmüşdü. Ənənəvi Novruz bayramı həm səxavətlə açılan süfrələrlə, torpağı, zəhməti, sevgi-sədaqəti tərənnüm edən mahnı rəqslərlə fərqlənirdi.

Bu ilin Bahar bayramının bir qeyri özəlliyi var.

Gəncənin əfsanələr şəhəri, Qazaxın isə folklor diyarı elan olunması ilə əlaqədar tarixi ənənələrimizin bu önəmli tərəflərinə xüsusi diqqət verilir. Bütün bunlar Bahar bayramına xüsusi məna məzmun gətirir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.- 20  mart.- S.  4.