Gənc rəssamın əsəri Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan məktəbə hədiyyə edilmişdir

 

Ötən ilin noyabrında Bakıda "Mən rəssamam" mövzusunda keçirilmiş II Beynəlxalq uşaq rəsm müsabiqəsinin qalibi gənc rəssam Heydər Əlibəyli əsərlərindən birini Misirin Qalubiyyə vilayətinin Əl-Obur şəhərində fəaliyyət göstərən və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbinə bağışlamağı ölkəmizin Misirdəki səfirliyindən xahiş etmişdir.

Səfirlik gənc rəssamın arzusunu yerinə yetirərək onun yağlı boya ilə çəkdiyi, Qobustan, Qız qalası, Xəzər dənizi və İçərişəhərin təsvir olunduğu əsərini Novruz bayramı ərəfəsində Misirdə Beynəlxalq Analar Günü kimi qeyd edilən martın 18-də məktəbə təqdim etmişdir.

Bu münasibətlə keçirilən tədbirdə Misirin təhsil və tərbiyə nazirinin Qalubiyyə vilayəti üzrə müavini, həmin vilayətin və Əl-Obur şəhərinin təhsil sahəsi üzrə məsul şəxsləri, Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin "Vətən" cəmiyyətinin üzvləri iştirak etmişlər. Tədbirdə Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov əsərin müəllifi, ölkəmizdə uşaqlar arasında keçirilən müxtəlif müsabiqə və yarışlar, Novruz bayramı, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaqların təlim-tərbiyəsi, gənc nəslin formalaşması sahəsində gördüyü işlər, xeyriyyəçilik fəaliyyəti barədə geniş məlumat vermişdir.

Səfir gənc rəssamın əsərini və digər rəsmlərinin fotoşəkillərindən ibarət bukleti məktəbin müdiriyyətinə təqdim edərək bu təşəbbüsün dost ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə, Azərbaycan və Misirin gənc nəsilləri arasında xoş ünsiyyətin, möhkəm dostluq körpülərinin qurulmasına xidmət etdiyini bildirmişdir.

Vilayətin təhsil işçiləri, məktəbin müəllim və şagird heyəti qiymətli hədiyyəyə görə təşəkkürlərini bildirərək bu cür gözəl təşəbbüslərin bundan sonra da qarşılıqlı şəkildə davam etdirilməsinə ümidvar olduqlarını diqqətə çatdırmışlar.

Müəllim və şagirdlər, həmçinin yaxın günlərdə Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən məktəbə müasir tipli 10 kompüter və 100-ə yaxın kitabın hədiyyə edildiyini xatırladaraq bu təhsil ocağına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Görüşdə səfir F.Bağırov məktəbin ibtidai siniflərinə baş çəkmiş, əlaçı şagirdlərlə söhbət etmişdir. 5-ci sinif şagirdi Aliyə Məhəmməd Zəki Azərbaycan və onun birinci xanımı haqqında hazırladığı internet səhifəsi ilə bağlı məlumatları iştirakçıların diqqətinə təqdim etmişdir.

Sonda nazir müavini Camal Əl-Arabi məktəb tərəfindən Heydər Əlibəyli üçün hazırlanmış fəxri şəhadətnaməni səfirə təqdim edərək gənc rəssama çatdırılmasını xahiş etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20  mart.- S.  6.