Fransadakı tədbirdə Azərbaycan
guşəsinə xüsusi maraq göstərilmişdir
Azərbaycanın Fransadakı səfirliyindən bildirmişlər ki, martın 16-17-də Fransanın Bezanson şəhərində keçən əsrin 90-cı illərinin əvvəllərindən ənənə halını almış "Dünya ətrafına 80 boşqabla səyahət" adlı tədbir keçirilmişdir.
Tədbirdə 20-dən artıq ölkənin mədəniyyəti, milli mətbəx nümunələri, geyimləri və rəqsləri şəhər sakinləri və turistlər qarşısında nümayiş etdirilmişdir. Yaponiya, Türkiyə, İran, Amerika Birləşmiş Ştatları, Yunanıstan, Braziliya, İspaniya, Malayziya, Çin və digər ölkələrlə yanaşı, Azərbaycan da bu tədbirdə təmsil olunmuşdur.
İştirakçılar Bezansonda yaşayan soydaşlarımızın hazırladıqları milli mətbəximizin nümunələri - yarpaq və kələm dolmaları, dovğa, Novruz bayramında süfrələrin bəzəyi olan paxlava və şəkərbura, Şəki paxlavası, səfirlik tərəfindən göndərilmiş ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti, habelə Azərbyacan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab və broşürlərdən ibarət guşəyə xüsusi maraq göstərmişlər. Fransızlara yarpaq dolması, paxlava və şəkərbura daha çox xoş gəlmişdir. Onlar ölkəmizə dair suallar vermiş, tariximizin, mədəniyyətimizin, mətbəximizin və incəsənətimizin zənginliyinə heyran qaldıqlarını gizlətməmiş, Azərbaycan haqqında az məlumatları olmasına təəssüf etdiklərini bildirmişlər.
Bezansonun ali təhsil ocaqlarında təhsil alan tələbələrimizin ifasında milli rəqslərimiz də qonaqlara xoş təsir bağışlamışdır.
Yerli jurnalistlər Azərbaycan guşəsi və Bezansonun müxtəlif universitetlərində oxuyan azərbaycanlı gənclər haqqında ayrıca məqalə ilə mətbuatda çıxış edəcəklərini vəd etmişlər.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2010.- 20
mart.- S. 6.