Bayram idi gecəquşu oxurdu...
Novruz bayramının qəribə yaddaş oyatmaq qüdrəti var. Adı çəkilən kimi qulaqlarımızda böyük Şəhriyarın "Heydər babaya salam!" poemasından misralar səslənir:
Bayram idi gecəquşu oxurdu.
Adaxlı qız bəy corabı toxurdu,
Hərə şalın bir
bacadan soxurdu,
Ay nə gözəl
qaydadır şal sallamaq
Bəy şalına
bayramlığın bağlamaq...
Bu cazibəli misralardan xilas
olmamış doğulduğun yurdun həsrəti sinəndən
yapışır. Elə bil ruhun bədəndə oynayır.
İstər-isətəməz beşiyinə - kəndinə
dönmək, o doğma yerlərdə Novruz bayramını
keçirmək istəyirsən. Novruz milli bayramdır. Bu
doğru. Amma hərdən elə düşünürəm
ki, Novruz əslində bir vətən himnidir. Səni məhz
doğulduğun yurda çağırır.
Həqiqətən də
yazın qəribə qüdrəti var. Təkcə torpaq
oyanıb sellər, sular çağlamır. İnsanın
öz varlığında qəribə bir oyanış
baş verir. Bütün fəsli şəhərdə can
rahatlığı ilə yaşasan da, elə ki Novruzun ətri
gəlir, bir giziltinin əlində qalırsan. Doğma yerlər,
xüsusilə də doğulduğun od-ocaq səni bir maqnit
gücü ilə çəkməkdədir. İllərdir
ki, belədir. Novruz sevinclə, şadlıqla bərabər vətəndən
didərgin düşmüşlərə bir xiffət, bir
niskil də gətirir. Çünki ürəyin
atlandığı yerə, xəyalın qopmadığı
ünvana nə səsin yetişər, nə əlin
çatar.
Elə ki yaz gəlir, ruhun bədəndə
oynayır. Gündüzlər harada olmağın fərq
etmir. Yuxularında doğma yurddasan. Novruz bayramı
bütün xatirələri soğan qabığı kimi
soyur. Az qala üzünü küləyə tutub haylamaq istəyirsən:
"Bir uçaydım bu çırpınan yelinən. Bir
görəydim bizim ellər yerindəmi?"
Amma nə fayda. Əlimiz heç
nəyə çatmır. Şəhərli dostlarım məni
qınamasın, Novruz kəndə çox yaraşır. O
yerdə ki təbiət var, yaşıllıq var,
pıçıldayan qaranquşlar ötür,
qışın qar bağrını yaran bənövşələr
boylanır, Novruz da ilkin ora üz tutur. Novruz təbiət
bayramıdır. Heç fikir veribsiniz, onun İlaxır
çərşənbələrinin adına: Su, Od, Yel,
Torpaq. Bunların qovuşduğu təbiətdir, həyatdır.
Novruzun bütün mərasimləri təbiətlə
bağlıdır. Çeşmələrdən su gətirmək,
su üstündən tullanmaq, həyətlərdə tonqal
qalamaq, torpağın qayğısını çəkmək.
Yox, bunlar hamısı kənddə daha gözəldir. Şəhərdə
hansısa çeşmədən su gətirəcəyik,
hansı dağın başında tonqal
alışdıracağıq? Elə dərd də budur ki,
işğalda olan dağlarımızın başı
dumanlıdır, doğulduğumuz yerlərə uzanan yollar
bağlıdır, yurd yerlərimizdə yağılar dolanır.
Doğmalarına həsrət
qalmış Zəngəzur mahalı yenə də Novruzu
bizsiz qarşılayır. Dağı-dərəni
bürümüş pərişanlıq bu yerlərin gözəlliyinə
elə bir solğunluq gətirib ki, bizlər ora dönməyincə,
yağıların ayağı torpağımızdan getməyincə
Novruz küskün düşüb qayıtmaz ora...
Harada biz varıqsa, orada
Novruz da var, həyat və gözəllik də...
Xəyalımız qanadlanan
yerlərlə bağlı yadımıza nələr
düşər?!
Novruz bayramına on-on beş
gün qalmış qız-gəlinlər ev-eşiyi tökər,
xalı-xalçanı günə verər, təmizlik işləri
ilə məşğul olar, həyət-bacanı əhənglə
ağardar, bağ-bağçanı
çör-çöpdən təmizləyər,
yaşlılara da kömək edərdilər. Oğlan
uşaqlarının işi daha da artardı. Onlar təkcə
arxı təmizləyib çöl işlərində
valideynlərinə kömək etməklə kifayətlənmirdilər.
Hər gün dəstə ilə meşəyə gedib
xüsusi kol qırardılar. Onun adına "İtdəyməz"
deyərdilər. Novruz bayramında yalnız o koldan tonqal
qalayardılar. Həm gec sönərdi, həm də gur
yanardı, hisi olmazdı. Uşaqlar o kolları hamının
qapısına gətirərdilər. Yeniyetmələr isə
beş-on gün dağların başına rezin təkərlər
daşıyardılar. Xüsusilə də Babək
qalasının zirvəsində alışan tonqallar bir həftə
sönməzdi. Hər dəfə ona baxanda fərəhlənərdik.
Bilirdik ki, qonşu kənddəki ermənilər o
tonqalları gördükcə paxıllıqdan
çatlayırlar.
Nənələrin də
işi çox olurdu. Boxçalar bağlanırdı.
Qonşuya, qohum-əqrəbaya sovqatlar tutulurdu. Bayram
axşamı hamı təzə geyinərdi. Novruzda
bütün həyətlərdən bihuşedici ətirlər
gələrdi. Təndirlərdə nələr
bişirilmirdi: çöçə (şəkərburaya
oxşayır, içi ya qozdan, ya da lobyadan hazırlanır -
F.X.), şirinçörək, həsti qalın, fəsəli,
qoğal... Soğan qabığından yumurta boyanardı. Bu
da iki rəngdə olardı: ya sarı, ya da
qırmızı. Boşqablarda buğda cücərdərdilər.
Buna biz tərəfdə "boşqab çəməni"
(səməni) deyərdilər. Xüsusi torbada qoz,
fındıq, müxtəlif ləbləbi, şirniyyat
yığılardı. Papaqaltıya gələnlərin
sovqatı xüsusi hazırlanardı. Torbanı atdıqdan
sonra oğlanlar qapını elə möhkəm tutardılar
ki, ev sahibi heç vaxt bilməzdi ki, ondan sovqat istəyən
kimdir. Bütün evlərdə plov dəmlənərdi. Amma
buna baxmayaraq, yaxın qohum-qonşular bir-birlərinə bir
boşqab plov payı göndərərdilər. Səbəbi
də bu idi ki, hərəsinin öz dadı olur.
Zəngəzurda Novruza özəl
hazırlığın biri də itburnudan düzəldilmiş
turşu olardı. Kənddə bunu beş-on ailə birlikdə
hazırlayardı. Böyük qazanlarda bişirilən bu
dadlı təamdan hamıya pay verilərdi. Adı turşu
olsa da, əslində, şirin idi. Çünki içinə
müxtəlif ədvalar, düyü və şəkər
tozu vurulurdu. Novruzda analar doşab halvası
hazırlayardılar. Bayramdan qabaq hamı rəhmətə gedən
doğmalarını yad edərdi, halva oradaca uşaqlara
paylanardı. Bayram çörəyinin hazırlanması tamam
başqa cür olardı. Onun xəmirini suda yox, süddə
yoğurardılar. Deyilənə görə, bunun da öz mənası
var idi: yeni başlanan il bərəkətli və bolluq olsun.
Bayram axşamı kənddə
bir gözəllik olurdu. Həm həyətləri xoş ətir
bürüyərdi, həm də ocaqların atəşi
dağ başında ərşə ucalan tonqalların şəfəqlərindən
nur içərək kəndin simasına qəribə
coşqunluq gətirərdi. Həmin axşam qulaq falına
çıxan qız-gəlinin ovqatı xoş olsun deyə,
evlərdə nəhs sözlər danışılmazdı.
Hamı bir-biri ilə mehriban rəftar edərdi. Aylarla
küsülü olanlar barışardılar. Axır çərşənbənin
sübhü qızlar səhəng götürüb bulağa
gedərdilər. Sudan atlanar, əl-üzlərini yuyar, səhəngin
dibinə bulağın gözündən 7 kiçik daş
seçib atardılar. Həyətə su səpilər,
çay qoyulardı. Daşlar isə unluğa, bal, yağ,
qovurma qazanına, çörək tabağına, evin
künc-bucağına atılardı ki, nə qədər bu
daşlar tərpənmir, evin bərəkəti də o qədər
ömürlük olsun. Balaca uşaqların sevinci lap
aşıb-daşardı. Onlar əl-ələ tutaraq
qapıları döyər və deyərdilər: "Çərşənbə
çəliyimi ver". Ev sahibi də həmin uşaqlara
mütləq ləbləbi, şirniyyat, meyvə verərdi.
Sovqatın içində boyanmış yumurta olmasaydı,
onlar israr edib mütləq yumurta paylarını da
alardılar.
Kənddə bir adət də
maraqlı idi. Bayram axşamı çoxdan gözaltı
edilmiş qızların evinə elçi gedərdilər.
Bunun da səbəbi var idi. Bayramda heç kim acıdil, sərt
olmaz, qapıya gələni peşman qaytarmazdı. Hansı
ailədən qız almaq müşkül məsələ
idi, işi elə qurub düzərdilər ki, bayram
axşamında o ailəyə elçi getsinlər.
Nişanlı qızlar da öz istəklilərinə sovqat
göndərərdilər. Qız evinə gəlmiş sovqat
bağlamasını boş qaytarmazdılar. Burada bir özəllik
də var idi: qız istəklisinə mütləq toxuduğu
naxışlı corab və yaxud da başqa bir libas göndərərdi.
Bu, qayda idi. Oğlan evində həmin hədiyyəyə
baxar, qızın əl qabiliyyətinə qiymət verərdilər.
Bayram təntənəsi on günə kimi davam edərdi.
Qıza cehiz vermək üçün toxunan
xalçaların hanası da məhz Novruzda qurulardı. Bunun
da öz mənası var. Belə ki, bu əziz günlərdə
bünövrəsi qoyulan hər bir işin sonu yaxşı
olurdu. El sınağından çıxmışdı ki,
Novruz xoş günlərin, xoşbəxtliyin qızıl
açarıdır. Gərəkdir ki, o açarı möhkəm
tutasan, salıb itirməyəsən. Buna görə də
bütün xeyir işlərin təməli Novruzda
qoyulardı ki, axırı xeyir olsun.
Novruz adı gələndə
bütün varlığım göynəyir.
Küncütlü qovurğanın ətri, qapımızda
alovlanan tonqalın şəfəqləri, təndir
damından ətrafa yayılan bihuşedici rayihələr, bir
də anam yadıma düşür...
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 20
mart.- S. 8.