Dünyada böyük hörmətə
malik Azərbaycanın Novruz bayramı bu il YUNESKO tərəfindən
beynəlxalq səviyyədə qeyd olunur
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda
ümumxalq Novruz şənliklərində iştirak
etmişdir
Bolluğun, bərəkətin və
xeyirxahlığın təcəssümü olan Novruz
bayramı bu il YUNESKO tərəfindən beynəlxalq səviyyədə
qeyd edilir. Azərbaycanın təşəbbüsü ilə
BMT-nin Baş Məclisi martın 21-ni "Beynəlxalq Novruz
Günü" elan etmişdir.
Dövlətimizin
başçısının bu il Novruz bayramı münasibətilə
xalqımıza təbrikində deyildiyi kimi, sürətlə
dəyişən dünyamızda qloballaşma proseslərinin
geniş vüsət aldığı bir zamanda Novruz
bayramı daşıdığı bütün məna və
rəmzləri ilə xalqımızın tarixi-mədəni
irsə son dərəcə bağlı olduğunu parlaq
nümayiş etdirir. Ən ali keyfiyyətləri özündə
cəmləşdirən bayram kimi Novruzun YUNESKO tərəfindən
bəşəriyyətin mədəni irs nümunələri
siyahısına daxil edilməsi təqdirəlayiq haldır.
Bahar bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi və yurdumuzun hər bir guşəsində sonsuz sevinclə qarşılanması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərdəndir. Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan və qəlbləri Azərbaycanla birgə döyünən soydaşlarımız da bu əziz günü bizimlə bərabər qeyd edirlər.
Doğma Azərbaycanımızın hər yerində xalqımız qədim adət-ənənələrlə zəngin olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə bayram edir.
Həmişə olduğu kimi, bu dəfə də baharın gəlişi münasibətilə ən izdihamlı bayram şənlikləri martın 20-də ölkəmizin paytaxtı Bakıda keçirilmişdir. Qədim Qız qalasının qarşısında bayram münasibətilə böyük mərasim təşkil olunmuşdu. Ətrafdakı binaları al-əlvan plakatlar bəzəyirdi. Burada Novruzun rəmzi olan nəhəng səməni də var idi.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün Qız qalasının qarşısına gəldilər.
Meydana toplaşmış minlərlə şəhər sakini, paytaxtımızın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Qədim tariximizi əks etdirən səhnələr - İçərişəhərin qala divarları və Qız qalasının üstündə dayanmış nizə və qalxanlı döyüşçülər, Dədə Qorqudun xalqa xitabı, öyüd-nəsihəti, igidləri düşmən üzərində qələbəyə səsləməsi, Bahar bayramının yurdumuza ruzi-bərəkət gətirməsi üçün xeyir-dua verməsi qəhrəmanlıqla dolu keçmişimizin mənzərəsini canlandırırdı.
Milli geyimli uşaqlar meydanda
rəqs edirdilər. İncəsənət ustalarının
baharı, Azərbaycanı tərənnüm edən
mahnıları ətrafa yayılır, bayram şənliyinə
gələnlərdə daha xoş ovqat doğururdu.
Prezident İlham Əliyev
Novruz tonqalını alovlandırdı.
Dövlətimizin
başçısı bayram şənliyində nitq söylədi.
Azərbaycan.- 2010.- 21 mart.- S.
1.