Yurdumuza ruzi-bərəkət bayramı Novruz gəlir

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə xalqımızı təbrik etmişdir.

Təbrikdə deyilir ki, yurdumuza baharın rəmzi olan Novruz qədəm qoyur. Əsrlər boyu torpağın oyanışının, təbiətin yeniləşməsinin rəmzi olan Novruz həyatımıza yeni ab-hava, süfrələrə xeyir-bərəkət bəxş edir. Vətən torpağı baharın nəfəsindən oyandıqca, bizləri yeni xoş əməllərə, nəcib xeyirxah işlərə sövq edir.

Bu bayramın insanlar arasında dostluq, ülfət, mehribanlıq yaradan adət-ənənələrindən danışan şeyxülislam demişdir ki, hər yeni Novruz dövlətimizin xalqımızın uğurlu, davamlı inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır. Bu əziz gündə Allahdan diləyim budur ki, öz Mərhəmət Kəramətini xalqımızın, dövlətimizin üzərində daim bərqərar etsin, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda səy göstərən dövlətimizin başçısının müdrik rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasını, bu əziz bayramı doğma Qarabağda keçirməyi bizlərə tezliklə qismət etsin.

Müraciətdə deyilir: "Yeni il, inşallah, martın 20-də saat 21.31 dəqiqə 40 saniyədə vətənimizə qədəm qoyacaqdır. Bayram axşamı martın 20-sinə, bayram günü 21-nə təsadüf edir. Elimizin bu əziz günündə sizi bir daha Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza uca Yaradandan fərəh dolu günlər, süfrələrinizə ruzi-bərəkət, evlərinizə səadət diləyirəm. Qoy Allah Novruzun qədəmlərini mübarək etsin!"

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  21 mart.- S.  5.