Novruz bayramı Pakistanda qeyd olunmuşdur
Martın 20-də Azərbaycanın Pakistandakı səfirliyinin yeni binasında Əfqanıstanın, İranın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Tacikistanın, Türkmənistanın, Türkiyənin bu ölkədəki səfirliklərinin və Şimali Kiprin İslamabaddakı nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə Novruz bayramı qeyd olunmuşdur.
Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, mərasimdən əvvəl qonaq ölkələrin səfirləri ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar.
Səfir Eynulla Mədətli mərasim iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etmişdir. O, Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra Türkiyənin Qars şəhərindən dəvət olunmuş aşıq Şərəf Daşlıova Novruz bayramına həsr olunmuş mahnılar ifa etmişdir.
Bayram tədbrində çıxış edən səfirlər həm Azərbaycanın Pakistandakı səfirliyinin yeni binası, həm də Novruz bayramı ilə bağlı xoş arzularını yetirmişlər.
BMT Baş Məclisinin bütün dünyada martın 21-ni "Beynəlxalq Novruz Günü" elan etməsi ilə əlaqədar Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən nəşr edilmiş "Novruz bayramı - dünya ölkələrində" adlı şəkilli kitab qonaqlara paylanılmışdır.
Pakistanın KİV-ləri,
o cümlədən bu ölkənin dövlət televiziyası
tədbiri geniş işıqlandırmışlar.
Azərbaycan.- 2010.- 21
mart.- S. 5.