İlin əziz günləri

 

Xalq özünün həyat, sağlamlıq, təmizlik, əmək vərdişi ilə əlaqədar bir çox ayin, etiqad və mərasimini Novruzla bağlamış, onların kütləviləşməsinə və geniş yayılmasına nail olmuşdur. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz inancları, atalar sözləri və məsəllərində ulu babalarımızın müdrik dünyagörüşü, humanist baxışları, həlim, qayğıkeş və mehriban təbiəti özünü göstərir. Həmin nümunələrdə insanın yaxşılıq və xeyirxahlıq duyğuları, vətəni sevmək kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlər əks olunmuşdur.

Ötən il xalqımızın əziz bayramı olan Novruzun beynəlxalq status qazanması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və qürur hissi doğurmuşdur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində yorulmadan apardığı məqsədyönlü iş nəticəsində Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış, bu yaxınlarda isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında bütün dünyada martın 21-i - Beynəlxalq Novruz Günü elan edilmişdir.

Novruzun bayram edilməsi insanın yaşayış və firavanlığı üçün böyük əhəmiyyət kəsb etdiyindən türkün əxlaq və dünyagörüşündə, həyat tərzində uzun zaman müxtəlif rənglər, çalarlar, adlar şəklində yaşamış, sivil inkişafa doğru gedən bir sıra yaxın və qonşu xalqlar, dinlər, təriqətlər tərəfindən qəbul olunmuşdur. Qədim oğuz mifində Novruzun həm maldarlıq, əkinçilik, həm də təqvim bayramı olduğu öz əksini tapmışdır. Türk oğlu firavanlığa çıxdığı ildən - taxıl əkib-becərdiyi, sürülər saxlayıb böyütdüyü, özünə paltar biçib-tikdiyi, un üyüdüb çörək yapdığı günü Novruz adlandırıb hər il onu həyat, firavanlıq və bolluq günü kimi bayram etmişdir. Türk mifində Novruz ilk insan övladının dünyaya gəldiyi gün hesab edilir. Əski türk təqvimi hesablamaları həmin vaxtı Adəmin dünyaya gəldiyi gün kimi təqdim edir və bu da bir sıra digər türk və müsəlman rəvayətləri ilə üst-üstə düşür.

Novruzun təqvim görüşləri ilə bağlı bayram edilməsi də türk dünyagörüşündə mühüm yer tutur. On iki heyvan adı ilə bağlı yaranmış həmin təqvimdə tarix Günəş ilinə görə hesablanmışdır. İl günəşin on iki bürcü dövr etməsi ilə başa çatır. Dünyanın ən dəqiq təqvimlərindən olan türk təqvimində 365 gün 5 saat 50 dəqiqə 47 saniyəlik ilin təhvil olunan günü Novruzun birinci günü hesab edilir.

Türk təqviminin yaranması ilə bağlı "Divani-lüğət it-türk"də yazılır: "Türk xaqanlarından biri neçə il əvvəl baş vermiş savaşı öyrənmək istəyir. Ancaq müşavirlər həmin savaşın olduğu ilin tarixinin müəyyənləşdirilməsində çətinlik çəkirlər. Bununla bağlı xaqan qurultay çağırır. O öz tarixlərində baş verəcək yanılmaların qarşısını almaq üçün göyün on iki bürcünə və dövrün hər ilinə bir ad qoymağı təklif edir. Təklif bəyənilir. Daha sonra ova çıxan xaqan ona rast gələn heyvanların adlarını illərə verir". On iki illik bir dövrü əmələ gətirən heyvan sırası belədir: Siçan, Öküz (buğa), Şir, Dovşan, Əjdaha, İlan, At, Qoyun (qoç), Meymun, Xoruz, İt və Qaban (donuz).

Folklorşünas-alim, AMEA-nın müxbir üzvü Azad Nəbiyevin araşdırmalarında göstərilir ki, Novruzun qədimdən bayram edilməsi Şərqin mötəbər ədəbi mənbələrində də öz əksini tapmışdır. Ə.Firdovsinin "Şahnamə"sində bayramın İran təqviminin ilk ayı olan fərvərdinin - mart ayının əvvəllərində keçirildiyi qeyd edilir. N.Gəncəvinin "İskəndərnamə"sində, Ə.Nəvainin "Səddi-İskəndər"ində bizim eradan 350 il əvvəl Novruzun türk xalqları içərisində böyük bayram kimi keçirildiyi vurğulanır. Təsadüfi deyildir ki. Nizaminin "İskəndərnamə" əsərində İskəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün elə Novruz bayramı günü idi. Novruz haqqında daha mükəmməl təsvirlər, məlumatlar qədim dövrlərin tarix kitablarında da əksini tapmışdır. XI əsr ərəb tarixçisi Əbu Reyhan əl-Biruninin (973-1048) "Qədim xalqlardan qalmış yadigarlar", "Qanuni-məsudi", "Əl-təfhim", "Asar əl-Baqiyyə", yenə həmin əsrin görkəmli ərəb tarixçisi Nizamül-Mülkün "Siyasətnamə" əsərində Novruz bayramı barədə, onu yaradan və keçirən qədim xalqlar, o cümlədən türklər haqqında ətraflı məlumatlar vardır.

Zaman keçdikcə Novruz başlıca mahiyyətini dəyişmədən müxtəlif gözəlliklərlə, əlavələrlə zənginləşdirilmişdir. Humanizm, firavanlıq, bolluq, əmək mövsümünün başlanması, dostluq və qardaşlıq görüşlərini əks etdirən dünyəvi bayramlardan biri kimi Novruz bütün Şərqdə, Kiçik və Ön Asiyada, türkün əzəli torpaqlarında özünə əbədi həyat qazanmışdır. Milli yaddaşda qışın, çətinliyin, dar günün qurtarması, bolluq və firavanlığın başlanğıcı olan Yeni Günün gəlməsi həmişə böyük fərəh və şadlıqla qarşılanmışdır. Bayramın gəlişinə hələ qırx gün qalmış ona hazırlıq görülmüşdür. Xalq Novruz bayramına qədər Şum, Saya, Xıdır Nəbi kimi əzəli bayramlarını, İlaxır çərşənbələr kimi müqəddəs günlərini qeyd etmişdir.

Novruza qədər keçirilən bayram və mərasimlərdə məhsul bolluğu arzusu başlıca cəhət idi. Ulu əcdadlarımızda belə bir əqidə var idi ki, nə qədər bolluğu arzulasan, o sənə daha tez yavuq düşər. Əski türk bayramlarının digər qayəsi isə cəmiyyətdə bərabərliyi tarazlamaq, yoxsullara, əlsiz-ayaqsızlara, məhsulu dağılanlara, sürüsünü yel, sel aparanlara, ocağına qəza üz verənlərə kömək etmək istəyi ilə bağlı idi.

Türk xalqları Novruzla bağlı silsilə nəğmələr də yaratmışdır. Həmin nəğmələrdə ulu əcdadlarımızın gündəlik məişət həyatı, ağır güzəranı, yüksək mənəvi-əxlaqi keyfiyyətləri öz əksini tapmışdır. Nəğmələrdə bayram gününə qədər şumun başa çatması, qoyun-quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın bol olması, bütün insanların firavan yaşaması vəsf olunmuşdur. Bayramqabağı günlərdə qız-gəlinə ip əyirən cəhrəyə, evdə güzəranlıq rəmzi olan nəhrəyə, qönçə güllü xalılar toxuyan hanaya nəğmələr qoşulmuşdur. Dəyirman və dəyirmançı ilə bağlı nəğmələrdə bayram detalları yüksək poetik ifadəsini tapmışdır.

Qışın qurtarmasını, yazın gəlməsini arzulayan nəğmələr el arasında böyük maraqla qarşılanmışdır. "Qarı ilə Martın deyişməsi"ndə bütövlükdə iki rəmz - qışla yaz qarşı-qarşıya dayanır. Qış nə qədər sərt, amansız olsa da, yazın iradəsi qarşısında məğlub olur. Yazla qışın bir-birinə zidd xarakteri "Kosa-Kosa" tamaşasında daha səciyyəvi şəkildə verilir. Erkən təsəvvürlərlə bağlı yaranmış bu tamaşada mifoloji elementlər, rəmzlər fəaldır.

Kosa ömrü başa çatmaqda olan kasıblıq, yoxsulluq rəmzidir. Yazın gəlişi daha erkən təsəvvürlərdən olan ölüb-dirilmə anlamı ilə bağlıdır. O, qışın rəmzi olan Qarını qılıncla öldürür. Torpaq isinəndə, zalım Qarının qılıncı gücdən düşəndə Yaz dirilir, öz dirilməsi ilə də dünyanı sevindirir. Qıtlıq, yoxsulluq, xəsislik rəmzi olan Kosa isə Qarı qışın zülmkarlığından istifadə edib insanları hələ ehtiyac içərisində saxlamaq istəyir.

Türk xalqları içərisində keçirilən müxtəlif bayram şənliklərində bir-birindən rəngarəng oyun və tamaşalar göstərilir. At çapmaq, əyləncə, kəndirbaz, sim pəhləvanı, zorxana, gözbağlıca və digər fərdi tamaşalar burada xüsusi yer tutur. Həmin tamaşalarda oxunan nəğmələr özünəməxsus oynaq vəznə, ahəng və ritmə malikdir.

 

 

Azərbaycan.- 2010.-  21 mart.- S.  6.