Hippokrat və səməni
Neçə on illikdir ki, səməni baharın rəmzinə çevrilib. Hansı qapıdan içəri girsən, bahar süfrəsində boynuna qırmızı lent bağlanan yaşıl səmənini görəcəksən. Amma cücərdilmiş buğdadan bizdən əvvəlki nəsillər bəzəkdən daha çox müalicəvi qida kimi istifadə ediblər. Bəşər tarixində də buğdanı ilk dəfə becərən misirlilər səməninin nə olduğunu elə o zamandan yaxşı bilirmişlər. Qədim Misir mətbəxində isladılmış və cücərdilmiş buğdaya xüsusi yer verilirdi. Miladdan əvvəl III minillikdə çinlilər də dənli bitki toxumlarının cücərtilərini faydalı qidalardan sayardılar. Cücərdilmiş toxumların müalicəvi əhəmiyyəti qədim Hind reseptlərində, Hippokratın tövsiyələrində xüsusi qeyd olunardı.
Dənli bitkilərin cücərdilib qida kimi işlənilməsi 1949-cu ildə Hindistanın ictimai siyasi xadimi Mxatma Qandinin "Diet və dietin islahatları" kitabından sonra dünyada geniş vüsət aldı. İndira Qandinin atası öz üzərində apardığı təcrübələrə əsasən dənli bitkilərin cücərtilərinin insanın əqli inkişafına təkan verdiyini sübut edə bildi. 40-50 il əvvəl qonşumuz Ərkinaz xala səməni cücərdərdi, halva bişirərdi, qonum-qonşuya paylayardı, deyərdi ki, yeyin, yazın acı-ağrısı canınızdan çıxsın. O, dünyasını dəyişəndən sonra kəndimizdə səməni bişirən də az tapılır.
İndi süfrəmizə bəzək kimi qoyulan səməni bütün dünyada həyat və sağlamlıq rəmzi kimi məşhurdur. Cücərdilmiş buğda dünyanın hər yerində geniş istifadə olunur. Hətta apteklərdə qurudulmuş həb kimi satılır. Ən böyük yenilik tamamilə unudulmuş köhnə xəbərdir. Bu baxımdan səməni mövzusuna azacıq da olsa işıq salmaq vacibdir. Nobel mükafatı laureatlarından həkim Uollok, biooenergetik Vaqmor və başqaları dənli və paxlalı bitkilərin cücərtilərinin (buğda, çovdar, yulaf, arpa, darı, qarabaşaq, vələmir, lobya, noxud, mərci, paxla və s.) insan səhhəti üçün xeyirli olduğunu təsdiq edirlər. Dənli-paxlalı bitkilərin və digər toxumların cücərtilərinin müxtəlif, hətta ağırlaşmış xəstəliklərin müalicəsində istifadə edilməsi son 40-50 ildə cücərtilərin sağlamlaşdırıcı qida kimi geniş istifadə olunmasına təkan verdi.
Natural qida ilə müalicənin tərəfdarları belə hesab edirlər ki, cücərdilmiş buğdanın və ümumiyyətlə, müxtəlif bitki toxumlarının qida kimi qəbul edilməsi orqanizmin ümumi gümrahlığına səbəb olur, tonusu qaldırır, ürək-damar, sinir, nəfəs və mədə-bağırsaq sisteminin fəaliyyətini gücləndirir. Belə cücərtilərdən tərtib olunmuş diet artıq çəkidən xilas olmağa, orqanizmi gəncləşdirməyə, dişləri və damaqları möhkəmləndirməyə kömək edir. Toxumlar cücərdikdə bioloji aktiv maddə, vitamin, mikroelementlərlə zənginləşərək ən bahalı ərzaq növlərini əvəz edə bilir. Cəmi bir neçə gün cücərdildikdən sonra toxumların vitamin tərkibi dəyişir, infarktla mübarizədə aparıcı qüvvə kimi vacib olan vitaminlərlə zənginləşir. Cücərtilərdəki kalium orqanizmin turşu-qələvi balansını qoruyur, əzələlərin əpriməsinin qarşısını alır, onlara elastiklik verir, ürək əzələsini gücləndirməklə infarktdan əvvəlki və sonrakı xəstələrin səhhətinə müsbət təsir edir.
Cücərtilərin tərkibindəki xrom və litium diabetin profilaktikası, əsəb yorğunluğu və depressiyalarda vacibdir. Bəzi tədqiqatçılar belə qənaətə gəlirlər ki, gündə cəmi bir xörək qaşığı cücərdilmiş buğda yemək bədxassəli şişlərin və infarktın baş vermə ehtimalını ciddi surətdə azalda bilir.
Paxlalı və dənli bitkiləri cücərtmək üçün adambaşına 50-100 qram toxum kifayətdir. Cücərtmək üçün sağlam toxumlar seçilməlidir. Yuyanda suda batmayan dənlər sağlam olmadıqları üçün atılmalıdır. Dəni cücərtmək üçün saxsı, şüşə, cini və ya emal örtüyü olan qab seçməyiniz məsləhətdir. Lazımi miqdarda dəni qaba töküb, üstünə çıxana kimi su ilə doldurursunuz, qabın ağzını parça salfetka ilə örtüb 20-22 dərəcə isti olan yerdə 24-36 saat saxlayırsınız. 6-12 saatdan sonra su acılaşdığı üçün toxumlar təkrar yuyulmalı, təzə su əlavə edilməlidir. Toxumların növündən və havanın hərarətindən asılı olaraq onları 36-48 saata cücərtmək kifayətdir. Yaşıl zoğların alınması üçün isə 7-10 gün vaxt gərəkdir.
Bilmək lazımdır ki, cücərdilmiş dənli və paxlalı bitkilər həzmə yaxşı gedir, bədəni tullantılardan təmizləyir, uzunömürlüyə xidmət edir. Bəzi alimlər cücərdilmiş toxumların bir sıra onkoloji xəstəliklərə sipər olduğunu istisna etmirlər. Həkimlər, əsasən, belə qidadan orta yaş həddindən sonra istifadəni tövsiyə edirlər.
Bütün bu cücərtilər, əslində, bizim səməni qədər faydalıdır. Onların qidada istifadə olunmasında heç bir məhdudiyyət yoxdur. Lakin həkiminizlə məsləhətləşməyiniz vacibdir. Cücərtilər nisbətən kobud qida sayıldığı üçün mədə xorasında məsləhət görülmür. Heç bir əks təyinat yoxdursa, onları çiy meyvə, tərəvəz, göyərti ilə, müxtəlif salatların, duru və quru xörəklərin tərkibində istifadə edə bilərsiniz. Yedikdə yaxşı-yaxşı çeynəmək lazımdır. Müxtəlif dənli bitkilərin cücərtilərini də qarışdırıb yemək olur.
Yulaf və onun cücərtiləri bədənin immun müqavimətini qaldırır, əzələləri gücləndirir, qanı yeniləşdirir, trombların yaranmasının qarşısını alır, mədə-bağırsaq sisteminə müsbət təsir edir. Ağciyər vərəmi, mədəaltı vəzinin zəifləməsində dietik qida kimi faydalıdır. Sidikqovucudur, öd yollarının daşlardan təmizlənməsində, böyrək və sarılıq xəstəliklərində istifadə olunur.
Çovdar və onun cücərtiləri orqanizmin xəstəliklərə müqavimətini artırır, bəlğəm gətirir, şəkər xəstəliyində, orqanizmin zəhərli maddələrdən təmizlənməsində, erkən qocalmanın və aterosklerozun profilaktikasında tövsiyə olunur.
Düyü və onun cücərtiləri büzüşdürücü təsir göstərir, böyrək və sidik kisəsi xəstəliklərində, südəmər uşaqları olan analar üçün faydalıdır. İnsanı sakitləşdirir, yuxunu, iştahanı (ağır xəstəlikdən sonra) yaxşılaşdırır. Lakin Sərq təbabətində düyü, əsasən, orqanizmi tullantılardan təmizləyən qida kimi tanınır. Yaponlar belə hesab edirlər ki, səhər süfrəsində qəbul edilən 1-2 xörək qaşığı düyü cücərtisi bağırsaqlardan bütün xəstəlikləri qovur.
Qabığı təmizlənmiş darı zəifləmiş orqanizmi, əzələləri möhkəmlədir. Darı dəni sınan və zəifləyən sümüklərin bərpasına, yaraların sağalmasına kömək edir.
Qarğıdalı və onun emalından alınan məhsullar, həm də cücərtiləri orqanizmi cavanlaşdırır və əsasən, yaşlı adamlara tövsiyə olunur. Bir çox mənbələrdə onun xərçəng xəstəliyinin hüceyrələrinin inkişafına mane olması göstərilir.
Qarabaşaq və onun cücərtiləri immun sisteminin, qaraciyərin, ürək-damar, böyrək, şəkərli diabet və əsəb xəstəliklərinin müalicəsində, venaların varikoz genişlənməsində faydalıdır. Qarabaşağın köməyi ilə revmatik xəstəlikləri sağaldır, qanaxmanın qarşısını alırlar.
B.İMANQULİYEV
Azərbaycan.- 2010.-21
mart.- S. 6.