Fəsillərin yaşıl
tacı
Fəsillərin yaşıl tacı olan baharın müjdəçisi Novruz gəlir elimizə! Baharın gəlişi ilə el-obada toy-büsat qurulur. Novruzun xoş duyğulu ilıq nəfəsi ilə, sanki, ana torpaq da yuxudan oyanır. Hər il xalqımız Novruzun su, od, yel və torpaq çərşənbələrini tonqal ətrafında bayram əhvali-ruhiyyəsi ilə qeyd edir.
Novruz - yeni gün deməkdir. Məlumdur ki, sovet dövründə Novruzun qeyd olunmasına qadağalar qoyulsa belə, xalqımız onu uzaq keçmişimizin yadigarı kimi mətanətlə qoruyub. El-obamızda bu bayrama hələ 40 gün qalmış hazırlıq başlanır. Bayram ərəfəsində Azərbaycanın hər qarışını gəzsək, Novruzun ab-havası aydın duyular.
Bakının ətraf kəndlərində də Novruzla bağlı maraqlı adət-ənənələr vardır. Axır çərşənbə günündə Fatmayı, Bülbülə kəndlərində qonaq olarkən bu adət-ənənələrin qorunduğunu aydın gördük. Fatmayı kəndi Xəzər dənizindən 54 metr yüksəklikdə bir təpənin cənub yamacında yerləşir. Bu kənd görkəmli şəxsiyyətləri, qədim abidələri və Azərbayçanda şöhrət qazanan mədəniyyət xadımləri ilə tanınır. Novruza hazırlıq mərhələsində kənd sakinləri fəallıq göstərirlər. Kənddə baharın gəlişini ağacların tumurcuqlanmasından, yaşıl otların cücərməsindən, bir sözlə, təbiətin oyanmasından hiss etmək olar. Böyükdən-kiçiyə hamı bayrama hazırlaşır. Qış fəsli bitdikdən sonra öncə qız-gəlinlər əllərinin zəhməti ilə toxuduqları xalça-palazı çırpıb təmizləyirlər. Kişilər də qadınlardan geri qalmayaraq həyat-bacada abadlıq işləri aparır, əkin-biçinlə məşgul olurlar.
Oğlan uşaqlarının ötən illərdə dövrə vuraraq "Ənzəli", "Çilingağac", "Çilədi", "Şumaqədər" xalq oyunlarını necə oynadıqlarını bu gün yaşlı nəsil xoş xatirə kimi yaddaşında saxlayır.
Hələ yay aylarında xanımlar həyətlərindən yığdıqları ənciri, iydəni, tutu və bəzi meyvələri qurudaraq bayram ehtiyatına başlayırlar. Fatmayı kəndində yetişən badamın isə ayrı ləzzəti olur. Bayram günlərində xanımlar saxladıqları badam ləpəsini Novruz süfrəsinə qoymağı unutmurlar.
Baharın gəlişi münasibətilə fatmayılı xanımlar Novruz bayramından qabaq yaşıl səməni göyərdib, rəflərə düzürlər. Xanımlar təmizlik olsun deyə gözlərinə natəmiz görünən qab-qacağı, ev əşyalarını, demək olar ki, sudan çıxarıb pak edirlər.
Bahar gəlişi ilə evlərə firavanlıq, xoşbəxtlik gətirir. Novruz mərasimi zamanı süfrəyə düzmək üçün növbənöv şirniyyatın bişirilməsinə nənələr nəzarət edir. Bayrama az qalmış 5-6 qadın bir evə yığışıb bu nemətləri xüsusi ustalıqla bişirir. Sanki, qadınların çeşid-çeşid şirniyyatbişirmə yarışı başlanır. Şəkərburanın naxışı zərif olmaqla yanaşı, üzərində zövqlə qoyulan sünbülün təsviri də diqqəti cəlb edir. Fatmayı paxlavası xüsusi dadı, Günəşin rəmzi sayılan şorqoğalı isə yağlı olması ilə seçilir. Yaşlı sakinlər bunu da xatırlayırlar ki, kənddə qaz olmadığı illərdə təndirdə bişən şəkərburanın, şorqoğalının da ayrı ləzzəti olardı. Nişanlı qızlara bayram xonçası hazırlananda isə şirniyyatın içərisinə səməni halvası (buna bəzən "sübhan halvası" da deyilir) da qoyulardı.
Novruzda uşaqların sevimli məşguliyyəti yumurta döyuşdürmək hesab olunur. Soğan qabığı ilə qaynadılan yumurta bərk olmaqla, rəngli boyanı əvəz edərdi. Qədimdə analar qızlar üçün əlvan parçalardan don biçər, oğlan uşaqlarına köynək tikərdilər. Bu da anaların övladlarına bayram hədiyyəsi olardı. Bayram axşamları hamı bir-birinin evinə qonaq gedərək təbrik edərdi. Novruz adət-ənənələrindən olan qulaq falını həddi-buluğa çatmış qızlar yerinə yetirərdi. Qapı arxasında eşidilən xoş sözlər müjdə rolunu oynayardı. Bu gün də belə Bakının kəndlərində Novruz adəti saxlanılıb.
Axır çərşənbədə kənddə Novruzun xoş ovqatı fatmayılı Zakirə Allahverdiyevanın həzin duygularında da hiss olunur.
Sular qaynayır daşır,
Çiçəklər nəfəs saçır,
Uşaqlar tonqal çatır,
Bu gecə bahar gəlir.
Fatmayı kəndindən ayrılıb, Bakının digər qədim kəndlərindən olan Bülbüləyə çatanda Novruzun ab-havası hər yerdə hiss olunurdu.
Kənddə Novruza həsr olunan bahar müjdəli şənlik qurulmuşdu. Bayrama həsr olunan el şənliyində bütün kənd sakinləri iştirak edirdi. Qəsəbədəki 79 nömrəli orta məktəbin həyətində Novruzun nişanəsi olan böyük tonqal qurulmuşdu. Milli geyimdə olan qızlar, oğlanlar tonqal ətrafında yallı gedirdi.
Tədbirin rəngarəng konsert proqramında gənc ifaçılar vətənə, bahara həsr olunan mahnılar ifa etdilər. Şənliyə əlində səməni tutan Bahar qızın, Keçəlin və Kosanın daxil olması isə alqışlarla qarşılandı.
Novruz əhvali-ruhiyyəli tədbirdə Bahar qızın iştirakçılara ünvanlanan təbriki, Kosanın, Keçəlin duzlu-məzəli söbətləri hamıya xoş ovqat bəxş etdi. Mahnı sədaları aıtında rəqs edən uşaqların çıxışları, ətrafda qaynayan samovarın tüstüsü, bayramsayağı bəzədilən süfrələrə növbənöv şirniyyatın, xüsusən bülbüləli xanımların hazırladığı şəkərburanın, paxlavanın və şorqoğalının zövqlə düzülməsi bir daha baharın yurdumuza qədəm qoyduğunu, əsrlərin sınağından çıxan Novruz adət-ənənələrinin isə unudulmadığından xəbər verirdi.
Novruza həsr edilən şənlikdə meyxanaçıların söz yarışması, musiqiçilərin həzin ifaları da sakinlərin qəlbində xoş duyğular yaratdı. Nəhayət, sonda isə həyəcanlı an tonqalın gur yandırılaraq ətrafa işıq saçması oldu.
Bu gün Novruzun qədim adət-ənənələrinin Azərbaycanda təmtəraqla bütün evlərdə qeyd olunması tarixi qədim el bayramına olan sonsuz məhəbbətin nəticəsidir. Arzu edərdik ki, bu şənliyin ən böyük tonqalı işğal altında olan kəndlərimizdə qurularaq toy-büsatla yandırılsın!
Təranə CƏBİYEVA
Azərbaycan.- 2010.- 21 mart.- S.
6.