Yurd həsrətli kaman

 

Könüllər oxşayan təbiətindən, barlı-bərəkətli torpağından musiqi də heç vaxt əskik olmazdı Qarabağın. Ruha şuxluq bəxş edən gözəllyinə xüsusi bir sığal çəkən muğam isə həmişə onu dinləyənləri sirli, sehrli bir aləmə aparardı. Bu torpaqda cənnət dünyalarına yeni bir dünya qatardı. Sanki musiqi, muğam elə bu torpaq üçün yaradılmışdı. Bəlkə bundan idi ki, Qarabağı musiqimizin şahı olan muğamın beşiyi adlandırırdılar. Gözəl təbiət qoynunda İlahidən gələn bu musiqini dinləmək isə yerli, əcnəbi olsun, fərq etməzdi, hər kəsi vəcdə gətirərdi, ruhunu oxşayardı.

 

Ancaq təəssüf ki, indi Qarabağın işğalda qalan ərazilərində musiqinin, tarın, kamanın yox, ölüm qoxulu güllələrin səsləri eşidilir. Görənləri riqqətə gətirən bu yerlər isə hələ də doluxsunmuş şəkildə əsl sakinlərini gözləyir. Elə doğma yurd-yuvalarından ayrı düşənlərin də qəlbini az parçalamayıb torpaq həsrəti.

İndi bu torpaqdan müvəqqəti olsa da, aralı qalanlar nə yaxşı ki, sözdən, sənətdən, musiqilərindən, muğamlarından ayrı düşməyiblər. Əksinə, musiqi sənəti daha da inkişaf etdirilib, dövlət qayğısı sayəsində isə yeni zirvələri fəth edib. Təsadüfi deyil ki, indi Qarabağda dünyaya gəlməyən, lakin doğulan andan məcburi köçkün adı daşıyan uşaqlar, gənclər arasında musiqi ilə məşğul olanların, bu sənətdə özünə yol tapanların sayı az deyil. Onlardan biri də əslən Ağdamın Gülablı kəndindən olan Zərqələm Cəfərovadır. Uşaqlıqdan musiqinin vurğunu olan Zərqələm hələ orta məktəb illərində bu sənətin sirlərinə yiyələnmək üçün Şövkət Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin kamança sinfinə daxil olub.

Burada isə elə ilk günlərdən onun istedadı müəllimlərinin diqqətini cəlb edirdi. Muğam üçlüyünə daxil olan kamançanın sirlərinə daha yaxından bələd olmağa çalışan Zərqələm musiqi məktəbindən qayıtdıqdan sonra evdə saatlarla məşq edər, bundan xüsusi bir zövq alardı. İlk kamança müəllimi olan Salman Əzizov da, digərləri də onun gələcəyin böyük sənətkarlarından biri olacağını artıq cəsarətlə söyləyirdilər. Bundan ruhlanan balaca Zərqələm isə daha böyük şövqlə kamançada ifa etməyə çalışar, onu dinləyənləri bu musiqi alətinin simlərindən qopan sehrli səslər dünyasında uzaqlara aparardı.

Şövkət Ələkbərova adına uşaq musiqi məktəbində oxuduğu illərdə müxtəlif müsabiqələrə qatılmaqdan da çəkinməzdi. Çox vaxt isə müəllimləri məhz onun belə müsabiqələrdə iştirak etməsində xüsusi təkid göstərirdilər. Müsabiqələrdə iştirak zamanı isə uğur həmişə yanında olub. 2003-cü ildə xalq artisti Hacı Məmmədov adına IV Bakı uşaq musiqi müsabiqəsində, bundan iki il sonra keçirilən "Oxu tar-2005" I Bakı müsabiqəsində qalib adına layiq görülən də məhz Zərqələm idi.

Növbəti belə musiqi müsabiqəsinin nəticəsi isə Zərqələmə üçqat sevinc bəxş etdi. Bu dəfə müsabiqə Azərbaycandan kənarda, Ukraynanın paytaxtı Kiyevdə keçirilirdi. "Delfiya oyunları" adlanan beynəlxalq miqyaslı müsabiqədə Zərqələm ilk dəfə idi ki, iştirak edirdi. Burada o həm də Azərbaycanı təmsil etdiyini yaxşı bilirdi. Müsabiqədə daha bir maraqlı nüans isə ondan ibarət idi ki, ulu babalarımızın yadigarlarından olan kamançanı da mənimsəməyə çalışan ermənilər elə bu alətlə yarışa qatılıb yer tutmaq istəyirdilər.

2005-ci ildə keçirilmiş bu müsabiqənin nətiəcələri elan olunanda isə Zərqələm sevincdən doğan göz yaşlarını saxlaya bilmədi. Birinci yerə məhz o layiq görülmüşdü. Azərbaycanın adını ilk dəfə olduğu bir xarici ölkədə ən yüksək zirvəyə qaldırmışdı. Ən əsası isə kamançanın kimə məxsusluğunu növbəti dəfə ermənilərə sübut etmişdi.

Musiqi alətləri sırasında ürəyinə ən yaxını kamança olsa da, Zərqələm digər alətlərdə, məsələn, skripkada, fortepianoda da məharətli ifaçı kimi özünü göstərə bilib. Elə bunun nəticəsi idi ki, 2006-cı ildə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepianoda müşayiət ustalığına baxışda yüksək səviyyədə çıxış etdiyinə görə diplomla təltif olunub.

Musiqidə qazanılan uğurları genişləndirmək, ona bəslənən ümidləri doğrultmaq və kamançada ifa sənətini daha da təkmilləşdirmək məqsədilə Zərqələm 2006-cı ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil oldu. İndi onun qarşısında sənət aləminin yeni üfüqləri açılırıdı. Bu üfüqləri fəth etmək, kamançanın nələrə qadir olduğunu daha yaxından öyrənmək isə böyük zəhmət tələb edirdi. Ancaq bu zəhmətə məmnuniyyətlə qatlaşan Zərqələm ona dərs verən Aliyə Şükürovanın, respublikanın əməkdar artisti Mirnazim Əsədullayevin də ümidlərini doğrulda bildi. Kamançaya ruhən, qəlbən nə qədər bağlı olduğunu bir daha göstərdi. 2007-ci ildə Kövkəb Səfərəliyevanın 100 illik yubileyinə həsr olunmuş gənc ifaçıların beşinci festifalında yüksək ifaçılıq bacarığına görə yeni diplomla təltif olundu. Növbəti ildə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş I respublika müsabiqəsində isə Zərqələm birinci yerə layiq görüldü.

Artıq sənətdə yolunu musiqiyə, kamançada ifaya bağlayan Zərqələm hazırda Azərbaycan Milli Konservatoriyasının tələbəsi adını daşıyır. Burada müəllimləri olan xalq artistləri Şəfiqə Eyvazova, Fəxrəddin Dadaşov kamançada ifa sənətini daim təkmilləşdirməyə xüsusi can atan bu tələbədən böyük razılıq edirlər. Hətta Şəfiqə xanım onu öz yolunun davamçısı, dövrümüzün yeni Şəfiqə Eyvazovası adlandırır. Zərqələm isə ustad kamança ifaçısı olmaq üçün yenə də böyük səylə, iradə ilə çalışır, saatlarla bu alətdə ifa etməkdən usanmır.

Ən böyük arzularından biri isə heç vaxt görmədyi Ağdamda, Gülablı kəndində konsert verməkdir. İndinin özündə isə təmənnasız olaraq hər bayram qabağı Murad Rzayevin rəhbərlik etdiyi "Qarabağ bülbülləri" ansamblının tərkibində cəbhə bölgələrində konsert verməyə böyük məmnuniyyətlə gedir. Ansamblın indiyə qədər cəbhə bölgəsində verdiyi bütün konsertləri isə yalnız öz hesabına baş tutub.

Zərqələm kamançasının simlərindən qopan musiqi səslərinin cəbhə bölgəsində yox, tezliklə doğma torpaqlarda səslənəcəyinə də böyük inam bəsləyir. Kamançasında qələbə musiqisini doğma Ağdamda, Qarabağın işğal altında olan digər torpaqlarda ifa edəcəyi günü böyük səbirsizliklə gözləyir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.-  21 mart.- S.  7.