İkinci regional inkişaf
proqramının ilk ilinin nəticələri uğurludur
Bir il əvvəl "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlandı. Bu, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının məntiqi davamıdır. Təsadüfi deyil ki, keçən il başlanmış yeni proqram da uğurla yerinə yetirilir.
Bu günlərdə Bakı Biznes Mərkəzində keçirilmiş konfransda proqram çərçivəsində bir il ərzində görülmüş işlərə yekun vuruldu. Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev giriş və yekun nitqləri ilə çıxış etdi. Dövlətimizin başçısı son bir ildə görülən işlərin möhkəm təməl üzərində, yəni bundan əvvəlki proqramın müvəffəqiyyətləri əsasında inkişaf etdiyini bir daha vurğuladı: "Proqramın uğurla icra edilməsində başlıca səbəb və başlıca şərt ondan ibarətdir ki, 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı uğurla yerinə yetirildi. O proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edildi. Hətta onu deyə bilərəm ki, proqramda 2004-cü ildə nəzərdə tutulmayan məsələlər də oraya əlavə edildi. Əlavə maliyyə mənbələri müəyyən edildi və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəzərdə tutduğumuzdan daha da geniş miqyasda icra edildi".
Hər iki proqram Azərbaycanı hərtərəfli inkişaf etdirmək, onun perspektivlərini müəyyənləşdirmək, neft-qaz amilindən asılılığı azaltmaq, iqtisadiyyatı şaxələndirmək məqsədini daşıyır. 2004-cü ildə beş il ərzində Azərbaycanda 600 min yeni iş yerinin açılması qərara alınmışdı. Bu, olduqca böyük rəqəmdir və o dövrdə təbii olaraq fantastik görünürdü. Lakin görülən məqsədyönlü tədbirlər, düzgün istiqamət hətta 800 minə yaxın yeni iş yerinin açılmasına imkan verdi.
Yeni iş yerlərinin açılması, insanların məşğulluğunun təmin edilməsi isə əslində sosial problemlərin həlli deməkdir. Əhəmiyyətli faktdır ki, yeni iş yerlərinin bir çoxu bölgələrdə açılır. Bu da qeyri-neft sektorunun inkişafını, iqtisadiyyatın neft amilindən asılılığının azalmasını göstərir.
Regionların sosial-iqtisadi inkişaf proqramlarının hər ikisi ölkənin həyatının bütün sahələrini və istiqamətlərini əhatə edir. Əslində bu gün elə bir sahə yoxdur ki, onun inkişafı üçün ayrıca dövlət proqramı olmasın. Onların icrası üçün həmçinin maliyyə mənbələri və texniki imkanlar səfərbər edilib.
Mövcud problemlərin müvəffəqiyyətli həlli üçün əvvəldən uğurlu start götürülüb. Bunu dövlət proqramının birinci ilinin yekunları da təsdiqləyir. Həm də proqramın yerinə yetirilməsinin başlanğıcı çox çətin bir dövrə təsadüf edib. 2009-cu ildə bütün dünyada maliyyə böhranı hökm sürüb. Lakin Azərbaycan bu mürəkkəb ilin sınaqlarından şərəflə çıxa bilib. Belə ki, keçən il ölkədə iqtisadi artım 9,3 faiz təşkil edib. Sənaye istehsalı 8,6 faiz artıb, inflyasiya 1,5 faiz olub.
Əlbəttə ki, bütün müvəffəqiyyətlərin əsasında ciddi islahatlar dayanır. Bu, ölkənin zəngin neft-qaz potensialından istifadə etməklə yanaşı, iqtisadiyyatı şaxələndirməyə imkan verir. Dövlət başçısının dediyi kimi: "Bu, onu göstərir ki, biz qısa müddət ərzində Azərbaycan iqtisadiyyatını şaxələndirə bildik. Yəni neft-qaz üzərində qurulmuş iqtisadiyyat artıq rəqabət qabiliyyətliliyinə görə mükafatlar və yüksək qiymətlər alır. Bu, böyük nailiyyətdir. Bu, bizi sevindirir. Ona görə ki, biz bu bölgədə yenə də birinciliyi əldən vermirik və verməyəcəyik. Ona görə sevindirir ki, bu, ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edir. Biz irəliyə baxmalıyıq: 50 ildən sonra nə olacaq? Azərbaycanın enerji mənbələri artıq tükənməyə başlayandan sonra iqtisadiyyatımız nəyin bahasına inkişaf edəcək, biz hansı yollarla inkişaf edəcəyik?! Biz bu gün bu vacib infrastrukturu yaratmaqla, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarla, investisiyaları cəlb etməklə Azərbaycan haqqında dünyada real və müsbət rəy formalaşdırırıq".
Sözügedən tədbir əsasən regionların, o cümlədən sahibkarlığın inkişafına həsr edilmişdi. Azərbaycanda sahibkarlara daimi diqqət və qayğı vardır. Onlara müxtəlif yollarla güzəştli kredit şəklində vəsaitlər verilir. Fermerlər lazımi avadanlıq və texnikanı güzəştli şərtlərlə, lizinq yolu ilə alırlar. Bütün bunlar kənd təsərrüfatının inkişafına təkan verir. Kənd təsərrüfatı inkişaf etdikcə isə digər sahələr də, məsələn, emal sənayesi, satış və s. genişlənir. Nəticədə xarici bazardan asılılıq azalır, özümüzü ərzaq məhsulları ilə təmin edə bilirik.
Bir il əvvəl qəbul edilən proqram başlanmış böyük həcmli işlərin davam etdirilməsi, daha geniş miqyas alması zərurətindən irəli gəlir. Məhz buna görə də bir illik yekuna həsr olunmuş konfransda qarşıda duran işlərə də böyük önəm verildi. Hazırda ölkədə qazlaşdırma 85 faiz təşkil edir. Bu prosesin davam etdirilməsi vacib bir məsələ kimi qarşıya qoyulub. Bütün rayonlarda, rayon mərkəzlərində içməli su, kanalizasiya sistemlərinin quraşdırılması nəzərdə tutulur.
Suvarma məsələlərinə, əkin sahələrinin genişləndirilməsinə diqqət daha da artacaq. Zamanın problemi olan ekoloji məsələlər ön plana çəkilib. 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edilib. Bu sahədə Bakıda, Abşeron yarımadasında, eləcə də bütün bölgələrdə kompleks tədbirlər həyata keçiriləcək.
Kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulmuş bütün subsidiyalar, kreditlər veriləcək. Bu, aqrar sahənin daha da inkişafına səbəb olacaq. İndi biz dənli bitkilər üzrə tələbatımızı 76, quş əti ilə 74, ətlə 94, kərə yağı ilə 83, südlə 85, unla 94 faiz təmin edirik. Yaxın illərdə bu təminat 100 faizə çatdırılacaq. Hazırda hətta bir sıra məhsulların, məsələn, şəkər çuğundurunun, meyvə və tərəvəzin ixracatçısıyıq.
Bir sözlə,
qarşıda ölkəmizin gücləndirilməsi,
sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni
texnologiyaların tətbiqi, bütün sahələrdə
müasirləşmə meyillərinin artırılması vəzifəsi
durur. Dövlətimiz sahibkarlara əlavə dəstəyin
verilməsini, kənd təsərrüfatının
inkişafını, ərzaq təhlükəsizliyinin tam
şəkildə təmin edilməsini, bütün sənaye
və sosial infrastruktur layihələrinin icra edilməsini də
əsas istiqamətlər kimi müəyyənləşdirib.
Azərbaycan.- 2010.- 18
mart.- S. 1.