Azərbaycan Respublikası Dövlət
İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və
qiymətləndirilməsi Qaydaları
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart
tarixli fərmanı ilə təsdiq edilmişdir
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 37 nömrəli fərmanının 7.2-ci bəndinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasında Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
1.3. Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi və onların yerinə yetirilməsi üzərində nəzarət Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (bundan sonra - İqtisadi İnkişaf Nazirliyi) tərəfindən həyata keçirilir.
II. Əsas anlayışlar
2.1. Dövlət İnvestisiya Proqramı - növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına kommersiya və ya qeyri-kommersiya məqsədli investisiya qoyuluşunun istiqamətini, müddətini, investisiya xərclərinin həcmini və sifarişçi təşkilatları müəyyən edən dövlət proqramıdır.
2.2. İnvestisiya xərcləri - Dövlət İnvestisiya Proqramına uyğun olaraq dövlət orqanlarının, büdcədənkənar dövlət fondlarının və dövlət müəssisəsi aktivlərinin artırılması üçün nəzərdə tutulan xərclərdir.
2.3. İnvestisiya layihəsi - investisiya qoyuluşunun məqsədəuyğunluğunu (sosial-iqtisadi cəhətdən səmərəliliyini), layihə daxilində yerinə yetirilməli işlərin (xidmətlərin) həcminin (investisiya xərclərinin həcminin) və müddətlərinin əsaslandırılmasını əks etdirən sənəddir.
2.4. Prioritet dövlət investisiya layihələrinin siyahısı - sifarişçi təşkilat tərəfindən hazırlanaraq İqtisadi İnkişaf Nazirliyinə təqdim edilmiş və müsbət rəy verilmiş investisiya təkliflərinin (layihələrinin) toplusudur.
2.5. İnvestisiya qoyuluşu obyektləri - yeni inşa olunan, bərpa və əsaslı təmir edilən, genişləndirilən və ya yenidən qurulan istehsal, sosial-mədəni, infrastruktur və digər təyinatlı obyektlərdir.
2.6. Sifarişçi təşkilat - müvafiq layihənin Dövlət İnvestisiya Proqramına daxil edilməsi üçün zəruri sənədləri hazırlayan, habelə layihə təsdiq edildikdən sonra onun icrasını təşkil edən müəssisə və ya təşkilatdır.
2.7. İnvestisiya layihəsinin icraçısı (icraçıları) - müəyyən edilmiş müddətdə və maliyyə vəsaiti çərçivəsində layihənin həyata keçirilməsi məqsədi ilə sifarişçi təşkilat tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq cəlb edilmiş hüquqi və ya fiziki şəxsdir.
2.8. İnvestisiya layihəsinin icrasının monitorinqi və qiymətləndirilməsi - layihənin icrası barədə məlumatların toplanılması, təhlili, xərclərə, müəyyən edilmiş qaydalara, tələblərə, prosedurlara riayət edilməsinin yoxlanılması və layihənin icrasının nəticələrinin qiymətləndirilməsidir.
III. Dövlət İnvestisiya
Proqramının tərtibi və icrası
3.1. Dövlət İnvestisiya Proqramının (bundan sonra - Proqram) layihəsi ölkənin əsas makroiqtisadi göstəricilərinin proqnozları, ortamüddətli sosial-iqtisadi inkişaf konsepsiyası və dövlət proqramları əsasında investisiya siyasətinin əsas istiqamətləri və prioritetləri nəzərə alınmaqla İqtisadi İnkişaf Nazirliyi tərəfindən tərtib edilir.
3.2. Proqram, əsasən sifarişçi təşkilatların layihə təklifləri əsasında prioritet dövlət investisiya layihələrinin siyahısına daxil edilmiş layihələrdən formalaşdırılır.
3.3. Aşağıdakı qurumlar layihələr üzrə sifarişçi təşkilat qismində çıxış edə bilərlər:
3.3.1. mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların tabeliyində olan qurumlar;
3.3.2. dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar;
3.3.3. Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti;
3.3.4. nizamnamə
kapitalında dövlətin payı olan müəssisələr;
3.3.5. bələdiyyələr;
3.3.6. büdcədənkənar
dövlət fondları;
3.3.7. Azərbaycan
Respublikası Prezidentinin və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müəyyən etdiyi digər müəssisə
və təşkilatlar.
3.4. İnvestisiya layihələrinin
prioritet dövlət investisiya layihələrinin
siyahısına daxil edilməsi aşağıdakı qaydada
həyata keçirilir:
3.4.1. sifarişçi təşkilatlar
sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını,
ilkin strukturunu və qiymətləndirilməsini özündə
əks etdirən investisiya təkliflərini İqtisadi
İnkişaf Nazirliyinə təqdim edirlər;
3.4.2. investisiya təklifləri
İqtisadi İnkişaf Nazirliyi tərəfindən qiymətləndirilir
və müsbət rəy verilmiş layihələr prioritet
dövlət investisiya layihələrinin siyahısına daxil
edilir. İnvestisiya təkliflərinin qiymətləndirilməsi
bu Qaydaların 3.9-cu bəndi ilə müəyyən
olunmuş meyarlar əsasında aparılır;
3.4.3. sifarişçi təşkilatlar
müsbət rəy verilmiş layihə üzrə texniki
iqtisadi əsaslandırmanı, onun qiymətləndirilməsini
və ya birbaşa layihə-smeta sənədlərinin
hazırlanmasını təmin edirlər. Birbaşa layihə-smeta
sənədləri hazırlanan investisiya təklifləri
İqtisadi İnkişaf Nazirliyinin investisiya təklifinin qiymətləndirilməsinə
dair rəyində qeyd olunur;
3.4.4. müsbət rəy
verilmiş layihə təklifləri üzrə texniki iqtisadi əsaslandırma
və layihə-smeta sənədlərinin hazırlanması
sifarişçi təşkilatın öz vəsaiti, dövlət
büdcəsinin vəsaiti, büdcədənkənar dövlət
fondlarının vəsaiti, beynəlxalq təşkilatların
və maliyyə qurumlarının vəsaiti və ya Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Maliyyə
Nazirliyi) və İqtisadi İnkişaf Nazirliyi tərəfindən
birgə müəyyən edilən digər mənbələr
hesabına da maliyyələşdirilə bilər;
3.4.5. texniki iqtisadi əsaslandırmanın
və layihə-smeta sənədlərinin
hazırlanmasının dövlət büdcəsi hesabına
maliyyələşdirilməsi nəzərdə tutulduqda hər
ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu bölməsində bu məqsəd
üçün vəsait ayrılır. Layihə-smeta sənədlərinin
hazırlanması ayrılmış vəsait çərçivəsində
həyata keçirilir.
3.5. Layihələrin növbəti
büdcə ili və sonrakı üç il
üçün tərtib olunacaq Proqrama daxil edilməsi məqsədilə
sifarişçi təşkilatlar bu Qaydaların 3.6-cı bəndi
ilə müəyyən olunmuş tələblərə
uyğun olaraq prioritet layihələr üzrə əsaslandırma
sənədlərini və məlumatları hər il mart
ayının 1-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim
edirlər.
3.6. Sifarişçi təşkilatlar
öz layihələrinin Proqrama daxil edilməsi
üçün aşağıdakı sənədləri və
məlumatları İqtisadi İnkişaf Nazirliyinə təqdim
edirlər:
3.6.1. yeni layihələndirilən
obyektlər üçün Azərbaycan Respublikasında
qüvvədə olan normativ hüquqi aktlara uyğun
hazırlanmış və təsdiq edilmiş layihə-smeta sənədlərini
yaxud texniki iqtisadi əsaslandırma və texniki iqtisadi
hesablamaları;
3.6.2. layihənin maliyyələşdirilməsinə
xüsusi, kredit, qrant və digər mənbələrdən vəsaitin
yönəldilməsi barədə arayış;
3.6.3. buraxılış
layihələrini növbəlilik üzrə ayrıca əks
etdirməklə, illər üzrə yeni və keçid layihələrin
təsdiq edilmiş titul siyahılarını;
3.6.4. keçid layihələr
üzrə bağlanılmış müqavilələrin surətini;
3.6.5. investisiya qoyuluşunun
texnoloji strukturu, o cümlədən smetaya daxil edilən
avadanlıq və qurğular barədə məlumatları;
3.6.6. layihə və layihənin
əsas texniki və iqtisadi parametrlərini müəyyənləşdirmək
üçün layihəqabağı aparılmış
araşdırmalar barədə məlumatları.
3.7. İqtisadi İnkişaf
Nazirliyi layihələr üzrə təqdim edilən texniki
iqtisadi əsaslandırma, texniki iqtisadi hesablama və layihə-smeta
sənədlərinin təhlili əsasında dövlət
investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsini
həyata keçirir. Zərurət yarandığı
hallarda, müstəqil ekspertlər cəlb etməklə
işçi qrupları yaradılır və qanunvericiliyə
uyğun olaraq rəsmiləşdirilir.
3.8. Layihələrin səmərəliliyinin
qiymətləndirilməsi və ekspertizası Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş müvafiq təlimat əsasında aparılır.
3.9. Layihələrin səmərəliliyinin
qiymətləndirilməsi aparılarkən
aşağıdakı göstəricilər (meyarlar) nəzərə
alınır:
3.9.1. investisiya layihələrinin
əhəmiyyəti və onların qəbul edilmiş orta və
uzunmüddətli dövlət proqramları ilə müəyyən
olunmuş ölkənin sosial-iqtisadi inkişaf məqsədlərinə
və prioritetlərinə uyğunluğu;
3.9.2. investisiya layihələrinin
icrasından gözlənilən sosial-iqtisadi səmərə;
3.9.3. icrasına
başlanılmış və icrası davam etməkdə
olan layihələr;
3.9.4. sifarişçi tərəfindən
əlavə maliyyələşmə mənbələrinin cəlb
edilməsi.
3.10. Bu Qaydalarla müəyyən
olunmuş tələblərə uyğun olmayan layihələr
Proqrama daxil edilmir.
3.11. Maliyyə Nazirliyi hər
növbəti büdcə ili və sonrakı üç il
üçün dövlət büdcəsində dövlət
investisiya xərclərinin ilkin həcmini mart ayının 31-dək,
dəqiqləşdirilmiş məbləğini isə iyul
ayının 20-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim
edir.
3.12. Təqdim olunmuş
dövlət investisiya xərclərinin ilkin həcminə
uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyi keçid layihələri
və sifarişçi təşkilatların təklifləri
əsasında prioritet layihələrin siyahısına daxil
edilmiş yeni layihələr və istisna hallarda prioritet
investisiya layihələrinin siyahısına daxil olmayan, lakin
icrası vacib olan layihə təklifləri əsasında
növbəti büdcə ili və sonrakı üç il
üçün Proqramın ilkin layihəsini hazırlayaraq,
aprel ayının 15-dək Azərbaycan Respublikası Nazirlər
Kabinetinə təqdim edir.
3.13. İqtisadi
İnkişaf Nazirliyi iyul ayının 15-dək
sifarişçi təşkilatlarla layihələr üzrə
müzakirələr aparır və Proqramın layihəsini dəqiqləşdirir.
3.14. Növbəti il
üçün dövlət büdcəsinin layihəsi ilə
uyğunlaşdırmaq məqsədilə Proqram layihəsi
avqust ayının 1-dək Maliyyə Nazirliyinə təqdim
olunur.
3.15. İqtisadi
İnkişaf Nazirliyi tərəfindən Proqramın dəqiqləşdirilmiş
layihəsi sentyabr ayının 15-dək Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
3.16. Sifarişçi təşkilatlar
cari il dekabr ayının 10-dək keçid layihələri
barədə məlumatları müəyyən edilmiş
formaya uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinə təqdim
edirlər.
3.17. İqtisadi
İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən
hər il dekabrın 25-dək Proqrama daxil edilmiş və
maliyyələşməsi dövlət büdcəsinin əsaslı
vəsait qoyuluşu xərcləri hesabına həyata
keçirilən layihələrin icra vəziyyətinə
baxılır və onun əsasında icrası növbəti
ilə keçəcək layihələr də nəzərə
alınmaqla, növbəti ilin dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu xərcləri
üçün nəzərdə tutulmuş vəsaitin
bölgüsünün layihəsi hazırlanaraq növbəti
ilin yanvar ayının 10-dək Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
3.18. Növbəti ilin
dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu xərcləri üçün nəzərdə
tutulmuş vəsaitin bölgüsü həmin il yanvarın
sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilir.
3.19. İnvestisiya layihəsinin
icrası mövcud qanunvericiliyə uyğun olaraq
sifarişçi tərəfindən təşkil olunur.
Sifarişçi təşkilatlar Proqramın təsdiq edildiyi
gündən bir ay müddətində müəyyən
olunmuş qaydada layihələr üzrə təsdiq
edilmiş icra planını (titul siyahısını) Maliyyə
Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə təqdim
edirlər.
3.20. Maliyyə Nazirliyi
Proqrama daxil edilən layihələrin maliyyələşməsinə
dair aylıq məlumatları növbəti ayın 10-dək
İqtisadi İnkişaf Nazirliyinə təqdim edir.
3.21. Sifarişçi təşkilatlar
layihələrin icrası ilə bağlı tərtib etdikləri
rüblük və illik hesabatları İqtisadi İnkişaf
Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edirlər.
Rüblük hesabat növbəti rübün birinci
ayının 25-dək, illik hesabat isə sonrakı ilin fevral
ayının 1-dək təqdim edilir. Hesabat formaları
İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən
birgə hazırlanır və təsdiq edilir.
3.22. Dövlət büdcəsinə
yenidən baxıldıqda (dəqiqləşdirildikdə)
Proqrama dəyişikliklər edilə bilər.
3.23. Hər bir layihə
üzrə cari il üçün təsdiq edilmiş xərcdən
artıq işlərin yerinə yetirilməsinə yol verilmir.
IV. Proqrama daxil olan layihələrin icrasının monitorinqi
və qiymətləndirilməsi
4.1. Proqrama daxil olan layihələrin icrasının monitorinqi və qiymətləndirilməsi mütəmadi olaraq sifarişçi təşkilat tərəfindən həyata keçirilir.
4.2. Sifarişçi təşkilat layihələrin icrası ilə əlaqədar görülmüş faktiki işlərin layihə-smeta sənədlərinə uyğunluğunu, layihələrin icrasına ayrılmış vəsaitin istifadə vəziyyətini, layihələrin icrasının planlaşdırılan mərhələlərə uyğunluğunu araşdırır və nəticələri barədə rübdə 1 (bir) dəfə - növbəti rübün ilk ayının 20-dən gec olmayaraq İqtisadi İnkişaf Nazirliyinə və Maliyyə Nazirliyinə onlar tərəfindən hazırlanaraq təsdiq edilmiş "Dövlət İnvestisiya Proqramına daxil edilən layihələrin icrasının monitorinqinə dair xüsusi hesabat forması"na uyğun məlumat təqdim edir.
4.3. İqtisadi İnkişaf Nazirliyi il ərzində Proqrama daxil olan layihələrin monitorinqinin nəticələri barədə sifarişçi təşkilatlardan daxil olmuş məlumatlar əsasında icmal hesabat hazırlayaraq növbəti ilin mart ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
4.4. Zəruri hallarda İqtisadi İnkişaf Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə birgə Proqrama daxil olan layihələrin icrasının monitorinqi aparıla bilər.
4.5. Layihənin monitorinqinin aparılması prosesinə aidiyyəti dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər cəlb oluna bilər.
Azərbaycan.- 2010.- 18
mart.- S. 3.