Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu Novruz
bayramı münasibətilə keçirdiyi müsabiqənin
qaliblərini mükafatlandırmışdır
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
Fondun sədri Vüqar Səfərli müsabiqənin məqsəd və məramından danışmış, Azərbaycan dövlətinin mətbuatın inkişafına daim diqqət və qayğı göstərdiyini, bu istiqamətdə müxtəlif proqram və layihələrin həyata keçirildiyini bildirmişdir. Fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsinin də məhz həmin layihələrin tərkib hissəsi olduğunu diqqətə çatdıran fondun sədri demişdir ki, Azərbaycan mətbuatının 135 ilik yubileyi ərəfəsində daha bir neçə layihə reallaşdırılacaqdır.
V.Səfərli demişdir ki, müsabiqəyə 7 nominasiya üzrə 49 yazı təqdim olunmuşdur. Müstəqil ekspertlərdən ibarət münsiflər heyəti onların 15-ni mükafata layiq görmüşdür.
Sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək dövlətimizin kütləvi informasiya vasitələrinin inkişafına, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına xüsusi diqqət göstərdiyini faktlarla diqqətə çatdırmışdır. Ə.Həsənov demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun da əsas məqsədi milli jurnalistikamızın inkişafına kömək göstərməkdir. Jurnalistləri Novruz bayramı münasibətilə təbrik edən, onlara yeni yaradıcılıq uğurları arzulayan Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün dövlət büdcəsindən hər il maliyyə vəsaiti ayrılır və bu siyasət bundan sonra da davam etdiriləcəkdir.
Münsiflər heyətinin üzvü, yazıçı-publisist Ramiz Əsgər demişdir ki, ekspertlər əsasən Azərbaycanda söz və mətbuat azadlığının, plüralizmin inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və soyqırımı siyasəti haqqında həqiqətlər, qloballaşma dövründə Azərbaycan xalqının adət-ənənələrinin, milli mənəvi dəyərlərinin qorunması və təbliği, Novruz bayramı, eləcə də ekologiya, rabitə, informasiya və kommunikasiya texnologiyalarının, təhsilin inkişafı, regionlarda dövlət proqramlarının icrası barədə mövzular üzrə yazılara üstünlük vermişdir.
Daha sonra qaliblərə mükafatlar təqdim olunmuşdur. Mükafatları Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov təqdim etmişlər.
Tədbir Novruz münasibətilə təşkil olunmuş bayram şənliyi ilə davam etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 18
mart.- S. 3.