ATİB "Qızıl çarx" mükafatının qaliblərini elan etmişdir

 

Martın 17-də Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ümumi yığıncağının növbəti iclası və "Qızıl çarx" mükafatının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, həmçinin şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç bildirmişdir ki, ATİB ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynamışdır. Azərbaycan və Türkiyə arasında mühüm tarixi, mədəni və siyasi münasibətləri diqqətə çatdıran səfir iqtisadi sahədə həyata keçirilən mühüm layihələrlə bu yaxınlığın daha da möhkəmləndirildiyini qeyd etmişdir.

ATİB-in idarə heyətinin sədri Əhməd Erentok qurumun Azərbaycanda qeyri-neft sektoruna qoyulan investisiyalarda əhəmiyyətli payı olduğunu söyləmişdir. O, dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanın əldə etdiyi iqtisadi yüksəlişi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi hesab etmişdir.

İclasda ATİB-in ötən ilin yekunlarına həsr olunmuş hesabatı təsdiq edilmiş, qurumun 11 nəfərdən ibarət idarə heyəti və 3 nəfərlik təftiş komissiyasının tərkibi seçilmişdir. Fatimə Aslan ATİB-in idarə heyətinin yeni, Əhməd Erentok isə fəxri sədri seçilmişlər.

Sonra Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etdirilməsi və iki ölkənin regional nüfuzunun artırılması sahəsində xidmətlərinə görə ATİB-in müxtəlif nominasiyalarda müəyyən etdiyi "Qızıl çarx" mükafatlarının təqdimatı keçirilmişdir.

Qurumun idarə heyətinin qərarına əsasən, Milli Məclisin Sədri Oqtay Əsədov və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Məhmət Əli Şahin parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması işində fəaliyyətlərinə görə "İlin dövlət adamı" nominasiyasında "Qızıl çarx" mükafatına layiq görülmüşlər.

"İlin elm adamı" nominasiyasında mükafat Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərova və Türkiyənin sabiq dövlət naziri Əbdülxaliq Çaya verilmişdir.

"İlin qeyri-hökumət təşkilatı" nominasiyası üzrə biznes əlaqələrinin inkişafında fəaliyyətinə görə Türkiyə Palatalar və Birjalar Birliyi mükafata layiq görülmüşdür.

Bu il təsis edilmiş "Xüsusi təşəkkür mükafatı" nominasiyası üzrə TBMM-nin sabiq sədri Köksal Toptan "Qızıl çarx"a layiq görülmüşdür.

Qeyd edək ki, "Qızıl çarx" mükafatının "İlin dövlət adamı" nominasiyası üzrə ilk qalibi Azərbaycan Prezidenti İlham Əliyev olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18  mart.- S.  3.