Demokratikləşmə və hüquqi dövlət quruculuğu prosesində keyfiyyətcə yeni mərhələ

 

2009-cu ilin 18 mart referendumundan ötən bir il Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin mütərəqqi mahiyyətini bir daha təsdiqlədi

 

Azərbaycanın demokratikləşməsi və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması yolunda keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2009-cu ilin 18 mart referendumundan bir il keçir. Ölkənin ali hüquqi sənədinə - Konstitusiyasına əlavə və dəyişikliklərə ictimai münasibəti öyrənən ümumxalq səsverməsi ümumən xalqımızın demokratikləşməyə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan mütərəqqi hüquqi islahatları dəstəklədiyini bir daha təsdiqləmişdir. Azərbaycanda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan bu referendum həm də xalqın mövcud hakimiyyətə olan inamının bariz təcəssümü kimi diqqəti çəkmişdir.

 

Tarixi təcrübə göstərir ki, hansısa siyasi qüvvənin irəli sürdüyü təklifin ümumxalq referendumunda real dəstək alması onun konkret zaman intervalında həyata keçirdiyi siyasətin mütərəqqi mahiyyətindən əhəmiyyətli dərəcədə asılı olur. Çoxluğun maraq və mənafeyini siyasətində ehtiva edən, rasional siyasət yeridərək cəlbedici proqram və ideyalarla silahlanan komandanın uğur qazanması isə labüd prosesə çevrilir. Son referendumda rasional siyasətin - ümumxalq mənafeyinə xidmət edən siyasi, hüquqi, sosial-iqtisadi və humanitar islahatların davamlılığının təmin edilməsi zərurəti mütləq çoxluğun qətiyyətli mövqeyi, yekun qənaəti kimi özünü göstərmişdir. Həm də ona görə ki, ötən beş ildə xalqa layiqli xidmət, vətəndaşa həssas münasibət məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini, başlıca ideya istiqamətini təşkil etmişdir.

2009-cu ilin 18 mart referendumu göstərmişdir ki, son illərin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan orta statistik azərbaycanlı daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa qətiyyən alternativ görmür. Azərbaycanda sürətli sosial-iqtisadi inkişafa zəmin formalaşdıran, ictimai-siyasi sabitliyi təmin edən, qlobal enerji layihələrinin təminatçısına çevrilən, eyni zamanda respublikanın beynəlxalq arenada nüfuz və mövqeyini möhkəmləndirən ölkə iqtidarı növbəti dəfə cəmiyyətin həlledici çoxluğunun ciddi dəstəyini almışdır. Tamamilə azad, demokratik və şəffaf şəraitdə keçən, xalqın azad siyasi iradəsini ifadə edən ümumxalq referendumunun nəticələri həm də deməyə əsas verir ki, Azərbaycan seçicisi Konstitusiyanın 29 maddəsinə edilmiş 41 əlavə və dəyişikliyin həm şəxsən özünün, həm də respublikanın gələcək taleyi baxımından əhəmiyyətini düzgün qiymətləndirmişdir.

Seçki ərəfəsində hakim partiyanın Azərbaycanın müxtəlif bölgələrində 1500-dək görüş keçirməsi və referenduma çıxarılan məsələlərlə bağlı vətəndaşları obyektiv məlumatlandırması da seçicilərdə obyektiv mövqenin formalaşması, onların səsvermə prosesində fəal iştirakı baxımından vacib əhəmiyyət daşımışdır. Nüfuzlu alimləri birləşdirən "Ziya" Təşviqat Qrupunun üzvü olmuş şəxs kimi deyə bilərəm ki, vətəndaşlar referenduma çıxarılan məsələləri dərindən öyrənmiş, onların mütərəqqi mahiyyətini, əhəmiyyətini düzgün dəyərləndirmişlər.

Konstitusiyaya əlavə və dəyişikliklərin ictimai səviyyədə ciddi dəstək alması, ilk növbədə, Azərbaycan cəmiyyətinin ölkədə cərəyan edən ictimai-siyasi hadisələrə, demokratikləşmə proseslərinə həssas münasibətindən xəbər verir. 18 mart referendumunun nəticəsi olaraq ölkə vətəndaşları hər bir fərdin maraq və mənafeyinin uca tutulduğu ədalətli və sivil cəmiyyətdə yaşamaq istəyini ifadə etmiş, insan hüquq və azadlıqlarının təmini sahəsində dövlətin üzərinə bir sıra yeni öhdəliklər qoymuşlar.

Azərbaycan üçün taleyüklü əhəmiyyətə malik olan bu siyasi kampaniyanın yekunları həm də göstərmişdir ki, ölkə iqtidarı sosial-iqtisadi inkişafla siyasi-hüquqi islahatları paralel şəkildə, eyni məkan və zaman müstəvisində gerçəkləşdirməyi vacib sayır. Konstitusiyaya əlavə və dəyişiklər təşəbbüsünün məhz Yeni Azərbaycan Partiyasından gəlməsi də hakim komandanın vətəndaş maraqlarına cavab verən siyasi və hüquqi islahatları keyfiyyətcə yeni mərhələdə əzmlə davam etdirmək niyyətinin təcəssümü olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il martın 21-də Novruz bayramı münasibətilə şəhər sakinləri ilə görüşündə vurğuladığı kimi, seçicilər 18 martda ölkə iqtidarı ilə həmrəy olduqlarını nümayiş etdirmiş, həyata keçirilən çoxşaxəli islahatlara münasibətlərini bildirmişlər. "Azərbaycan xalqı bir daha öz həmrəyliyini nümayiş etdirdi, görülən işlərə öz münasibətini bildirdi, öz dəstəyini ifadə etdi. Bu dəstək bizə güc verir, bu dəstəyin nəticəsində bütün islahatları aparmaq daha asan olacaqdır. Həm siyasi islahatların aparılması, demokratik prosesin təkmilləşdirilməsi davam etdirilməlidir, həm də biz iqtisadi sahədə əldə olunmuş uğurlarla kifayətlənməməliyik. Baxmayaraq ki, bu gün dünya Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıyır, biz gələcəyə yenə də eyni fəallıqla yanaşmalıyıq. Gələcək işlərimizi elə qurmalıyıq ki, Azərbaycanın hərtərəfli, dayanıqlı, uzunmüddətli inkişafı davam etsin" - deyən dövlət başçısı ölkənin demokratikləşməsi prosesində keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulamışdır.

Tarixdən müasir günümüzədək yol gələn və təcrübədə sınaqdan çıxan elmi-politoloji nəzəriyyələrə görə, hüquq cəmiyyətin iradəsinin sanksiyalaşdırılmış forması olaraq ictimai münasibətlərin sivil və qanunauyğun şəkildə tənzimlənməsi mexanizmidir. Konstitusiya isə hər bir cəmiyyətdə vətəndaşla dövlət arasındakı münasibətlərin mahiyyətini, habelə insan hüquq və azadlıqlarının hüdud və çərçivələrini konkret şəkildə müəyyən edən, əsas təsir qüvvəsinə malik olan ali sənəddir. Hər bir ölkədə aparılan hüquqi islahatların səmərəli nəticələr verməsi ilk növbədə dövlətin konstitusion quruluşunun mütərəqqi mahiyyətindən asılıdır. Fəqət, konstitusiya digər qanunvericilik aktlarına nisbətən daha stabil sənəd hesab olunduğu üçün yalnız ictimai-siyasi, hüquqi zərurətdən irəli gələn və xalqın iradəsini ifadə edən islahatlar prosesi belə dəyişikliklərə haqq qazandıra bilər. Yəni, normativ-hüquqi aktlardan, qanunlardan daha üstün hüquqi qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır. Əsas Qanuna zaman-zaman bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. Bu prizmadan aşkar görünür ki, ictimai münasibətlərin dinamik inkişafı şəraitində Konstitusiyanı "toxunulmaz və sabit" sənəd kimi qoruyub saxlamaq, əslində onun tənzimləyici imkanlarını dar çərçivəyə salmaqdır. Konstitusiya bütün qanun və normativ-hüquqi aktlardan yüksəkdə dayanmaqla, onların hüquqi bazisi, əsası, istinad mənbəyi kimi çıxış etməli, hər bir dövrdə insan hüquq və azadlıqlarının başlıca qarantı olmalıdır. Dövlətin hüquq sisteminin fundamental əsasını təşkil edən konstitusiyanın demokratikliyi, hamılıqla qəbul edilmiş ümumbəşəri norma və prinsiplərə cavab verməsi adekvat olaraq ictimai münasibətləri tənzimləyən qanunların liberallığında, insan hüquq və azadlıqlarına maksimum təminat yaratmasında real təcəssümünü tapmalıdır.

2002-ci ildə reallaşmış ilk konstitusion islahatdan ötən 7 ildə Azərbaycanın ictimai-siyasi həyatında müşahidə olunan dəyişikliklər - iqtisadi, siyasi, hüquqi islahatların dərinləşdirilməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların sayının artması, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolunun obyektiv dəyərləndirilməsi və onların dövlətin maliyyə dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin dinamizmlə davam etdirilməsi, ən başlıcası, sosial tələbatı əhəmiyyətli dərəcədə ödənən ölkə vətəndaşlarının ictimai şüurunda demokratik proseslərin qaçılmazlığı fikrinin möhkəmlənməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasına yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdi.

1995-ci ildə Azərbaycanda dövlətin, xalqın təhlükəsizliyi baxımından müəyyən daxili və xarici təhdidlər hiss edilirdisə, respublikamız son illərdə milli təhlükəsizliyinə etibarlı təminat formalaşdırmaqla regionda əsas söz sahiblərindən birinə çevrilmiş, idarəetmə təsisatlarını inkişaf etdirərək dövlətçilik sütunlarını möhkəmləndirmişdir. Yalnız bir faktı vurğulamaq kifayətdir ki, həmin dövrdə təxminən 400-500 milyon dollar civarında olan dövlət büdcəsi hazırda 10 milyard manat təşkil edir. O dövrdə cəmi 5,5 manat təşkil edən minimum əməkhaqqı hazırda 75 manata yüksəlmişdir. İnkişafdakı zaman fərqini qabarıq büruzə verən bu və digər rəqəmlər, habelə ictimai şüurdakı pozitiv dəyişikliklər Konstitusiya islahatlarının obyektiv tələbatdan irəli gəldiyini bir daha önə çıxarırdı. Hələ 2002-ci ilin 24 avqustunda bu zərurət nəzərə alınaraq Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilsə də, cəmiyyətin sürətli inkişafı, habelə xalqın ümumi mənafeyi baxımından bu məsələyə yenidən qayıdılmasını zərurətə çevirmişdir. Vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsi, sosial-iqtisadi problemlərin tədricən həllini tapması paralel olaraq demokratik və hüquqi islahatlara olan ictimai marağı daha da gücləndirir. İnsanların hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmini ilə bağlı dövlətdən gözləntiləri artır, hakimiyyət isə öz növbəsində üzərinə bir sıra yeni öhdəliklər götürərək ictimai rəyə həssas münasibətini izhar edir. Konstitusiyaya yeni dövrün tələbləri ilə uzlaşan bir sıra əlavə və dəyişikliklər edilməsi də məhz bu reallıqla şərtlənmişdir. Məsələn, Konstitusiyanın 12-ci maddəsinə edilmiş dəyişiklik sosialyönümlü xarakter daşımaqla, Azərbaycanda hər bir vətəndaşın normal yaşayış səviyyəsinin, rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin mahiyyətindən irəli gəlir. Bu dəyişikliklə "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" məsələsi dövlətin ali məqsədləri sırasında yer almışdır. Bu əlavənin Konstitusiyada əksini tapması respublikamızın iqtisadi siyasətində sosialyönümlü məsələlərin həllinin prioritetə çevrilməsi ilə şərtlənir. Dövlət yalnız insan hüquq və azadlıqlarının təminatı ilə vəzifəsini məhdudlaşdırmayaraq hər kəsin layiqli həyat səviyyəsinin təmin olunmasını da bir öhdəlik kimi üzərinə götürür.

Konstitusiya hüququ ilə bağlı tarixən formalaşmış nəzəriyyələrdə hüquqi və faktiki konstitusiya anlayışları fərqli yanaşmalar kimi təsbit edilir. Hüquqi konstitusiya dedikdə, insanların hüquq və azadlıqlarına təminat verilməsi, dövlətin ali hakimiyyət orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi, hüquqi sistemin əsaslarının yaradılması, dövlət, cəmiyyət və insan arasında münasibətlərin tənzimlənməsi başa düşülür. Tənzimləməyə məruz qalan ictimai münasibətlər, daha dəqiqi, real mövcud olan münasibətlər isə faktiki konstitusiya ifadəsi ilə xarakterizə edilir. Hüquqi və faktiki konstitusiya arasında fərqin aşkar duyulması isə hüquqi islahatların cəmiyyətin inkişaf tempindən geridə qalması, müasir tələblərə tam cavab verməməsi anlamına gəlir. 18 mart referendumunun başlıca məqsədi də məhz Azərbaycanda hüquqi və faktiki konstitusiyaları bir-birinə yaxınlaşdırmaqdan, onlar arasındakı sivil balansı təmin etməkdən ibarət olmuşdur.

18 mart referendumunun nəticəsi olaraq Azərbaycan Respublikası Konstitusiyasına edilən əlavə və dəyişikliklər mahiyyətcə dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların hüquqi çərçivəsinin, əhatə dairəsinin, hüdudlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilərək məsuliyyətinin artırılmasına, yerli özünüidarə qurumlarının məsuliyyəti prinsiplərinin təsbit olunmasına yönəlmişdir. Referendumun nəticəsi olaraq Konstitusiyada əksini tapmış əlavə və dəyişikliklərə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasından və ətraf mühitin qorunmasından tutmuş, mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, şəxsi həyatın qorunmasına, dini etiqadların və əqidələrin sərbəst ifadə edilməsinə (nümayiş etdirilməsinə), cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə, insanların fərdi və qrup şəklində hüquqlarının təminatına, məhkəmə hakimiyyəti üzərində ictimai nəzarətin gücləndirilməsinə, icra və qanunverici orqanların fəaliyyətinin daha səmərəli həyata keçirilməsinədək geniş spektrli, əhəmiyyətli məsələlər daxildir.

Müasir dünyada hər hansı dövləti və onun qanunvericilik sistemini beynəlxalq hüquqdan təcrid edilmiş şəkildə təsəvvür etmək mümkün deyildir. Beynəlxalq hüquq normaları, habelə inkişaf etmiş ölkələrin təcrübəsində özünü doğrultmuş hüquqi prosedur və qaydalar əksər dövlətlərin norma yaradıcılığı prosesində nəzərə alınaraq geniş tətbiq olunur. Beynəlxalq inteqrasiya prosesləri, ikitərəfli və çoxtərəfli müqavilələrin iştirakçısı olan ölkələrin həmin müqavilələrlə təsis edilən dövlətüstü orqanların yurisdiksiyasını qəbul etməsi də milli qanunvericilik sistemlərinin inkişafına, təkmilləşdirilməsinə və dəyişdirilməsinə təkan verir. Bu məsələdə hər bir ölkənin milli hüquq sisteminin əsasını təşkil edən konstitusiyalar da istisnalıq təşkil etmir. Bu, xüsusən də hüquq sistemində köklü dəyişikliklər aparılan, yeni müstəqillik əldə edən dövlətlər üçün səciyyəvi haldır. Konstitusiyaya əlavə və dəyişikliklər bu mənada həm də Azərbaycanın insan hüquqları sahəsində qəbul etdiyi qanunlara və normativ-hüquqi aktlara konstitusion status yaratmaq məqsədindən irəli gəlmişdir. Respublikamız insan hüquqları ilə bağlı 150-yədək beynəlxalq müqavilənin iştirakçısı olmaqla bərabər, bu sahədə formalaşmış nüfuzlu təsisatlara dövri hesabatlar təqdim edir. Bu baxımdan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlığın dərinləşdirilməsi, bu məhkəmənin presedent hüququnun öyrənilməsi də vacib istiqamətlərdən biridir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanının 6-cı bəndində Azərbaycan Respublikasının Ali Məhkəməsinə, o cümlədən Apellyasiya Məhkəməsinə Avropa presedent hüququnu öyrənmək və təcrübədə tətbiq etmək tövsiyə edilmişdir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının mühüm müddəalarından biri də milli qanunvericiliyin beynəlxalq hüquqi aktlara uyğun daha da təkmilləşdirilməsidir. Bu istiqamətdə islahatlara milli qanunvericiliyin əsası olan Konstitusiyadan başlanılması isə tamamilə məntiqəuyğun idi.

Konstitusiya islahatlarının ictimai münasibətlərin hüquqi tənzimlənməsi prosesində praktik surətdə tətbiqi baxımından milli qanunvericiliyin təkmilləşdirilməsi də yeni mərhələ üçün qarşıda duran əsas vəzifələrdən birinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması barədə" sərəncamı da məhz bu məqsədə xidmət etmişdir. Sərəncamda "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının 31 mart 2009-cu il tarixdən qüvvəyə minməsi nəzərə alınmaqla, Nazirlər Kabinetinə altı ay müddətində Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, 18-ci, 19-cu, 25-ci, 29-cu, 39-cu, 48-ci, 72-ci və 146-cı maddələrinə edilən əlavələrdən və dəyişikliklərdən irəli gələn müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırığı verilmişdir. Eyni zamanda, Nazirlər Kabineti dörd ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının 18 mart 2009-cu il tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktına uyğunlaşdırılmasını təmin etmiş, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilmişdir.

Sərəncamla həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci, 50-ci, 67-ci, 71-ci, 75-ci, 84-cü, 96-cı, 101-ci, 108-ci, 109-cu, 125-ci, 129-cu, 131-ci və 149-cu maddələrinə edilən əlavələrdən və dəyişikliklərdən irəli gələn müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir. Prezident Administrasiyası eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, 25-ci, 32-ci, 48-ci, 71-ci, 72-ci, 84-cü, 96-cı, 101-ci, 125-ci, 129-cu, 131-ci, 146-cı və 149-cu maddələrinə edilən əlavə və dəyişikliklərdən irəli gələn müvafiq qanun layihələrini qanun vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyasına (Venesiya Komissiyasına) ekspert rəyinin alınması üçün təqdim etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2010-cu il tarixli "2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə" fərmanı da məhz "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması barədə" sərəncamın 1-ci bəndinin icrasını nəzərdə tutur.

Ümumiyyətlə, Azərbaycan ictimaiyyəti ötən müddətdə bir daha əmin oldu ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin böyük qismi məhz Azərbaycan xalqının, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, qanuni mənafeyinin səmərəli təmin olunmasına yönəlmişdir. Bu əlavə və dəyişikliklər həm də dövlətin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını və yüksək dəyər verdiyini bir daha təsdiqləyir.

 

 

İsaxan VƏLİYEV,

AMEA-nın Fəlsəfə,

Sosiologiya və Hüquq

İnstitutunun şöbə müdiri,

hüquq elmləri doktoru

 

Azərbaycan.- 2010.- 18  mart.- S.  4.