Rusiyalı alimlər Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev haqqında
ensiklopediya nəşr etməyə hazırlaşırlar
Rusiyalı alimlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında "Heydər Əliyev. Ensiklopediya" adlı nadir bir nəşr hazırlayırlar.
Ensiklopediyanın məsul redaktoru və məsul tərtibçisi Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Vadim Leonidoviç Telitsın bunu AzərTAc-a eksklüziv müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, layihə artıq həyata keçirilməkdədir və bir neçə ay bundan əvvəl tədqiqat işləri başlanmışdır. Rusiyalı alim onu da bildirmişdir ki, gözlənildiyinə görə, iki cilddən ibarət olacaq həmin nəşr, çox güman ki, gələn il may ayına qədər çap olunacaqdır. O daha sonra qeyd etmişdir ki, Azərbaycan xalqının ulu öndəri haqqında ensiklopediya məşhur "Nauka" nəşriyyatında çap ediləcəkdir, çünki ensiklopediya üzərində işə Moskvanın elmi ictimaiyyətini təmsil edən tədqiqatçılar cəlb edilmişdir.
Vadim Telitsın ensiklopediyanın yaradılması ideyasından söhbət açaraq vurğulamışdır ki, görkəmli siyasətçi Heydər Əliyevin şəxsiyyəti müasir tarixçilər və tədqiqatçılar üçün maraqlı və aktualdır. Belə bir ensiklopediya hazırlamaq ideyası heç də təsadüfən yaranmamışdır, çünki Heydər Əliyevin adı artıq müasir tarixə yazılmışdır. Vadim Telitsın demişdir: "Heydər Əlirza oğlu Əliyevin şəxsiyyəti və onun Rusiya üçün əhəmiyyəti, təəssüf ki, lazımınca qiymətləndirilməmiş və tədqiq edilməmişdir. Onun möhtəşəm və istedadlı bir lider və dövlət xadimi olması faktı gələcək nəsillər üçün qalacaq nəşrdə öz əksini tapmalıdır. Belə bir ensiklopediyanın nəşri xalqlarımız arasında qarşılıqlı əlaqələrin dərinləşməsinə kömək edəcəkdir. Heydər Əlirza oğlu Əliyev sovet dövrü tarixinə çox qiymətli töhfə vermişdir, çünki o, müxtəlif dövrlərdə dövlətin idarə edilməsi sahəsində zəngin təcrübəyə malik idi. Ən başlıcası, onun necə şəxsiyyət olmasını, çox mürəkkəb siyasi və iqtisadi məsələləri həll etməyə necə nail olduğunu, müxtəlif dövrlərdə onun nəyə görə həm respublikanı yüksəltməyə, həm də Sovet İttifaqında çox işlər görməyə, hətta İttifaq dağılandan sonra da Azərbaycanı əfsanəvi simurq quşu kimi, dirçəltməyə qadir olmasını, o biri respublikalarda digər liderlərin buna nə üçün nail ola bilmədiklərini başa düşmək lazımdır. Mən belə hesab edirəm ki, ensiklopediya bütün bunları başa düşməyə kömək edəcəkdir. Ensiklopediya həm də dövlət idarəçiliyi kadrlarının və liderlərin yeni nəslinin tərbiyə edilməsi üzrə çox faydalı dərs vəsaiti ola bilər".
Onun sözlərinə görə, əvvəlcə ensiklopediyanın konsepsiyası haqqında - onu necə yaratmaq, məqalələrin maksimum informasiyaya malik və eyni zamanda onların kifayət qədər sanballı və oxunaqlı olması üçün nə etmək barədə uzun-uzadı söhbətlər və mübahisələr olmuşdur. Rusiyalı tarixçi onu da qeyd etmişdir ki, ensiklopediyanın birinci cildində Heydər Əliyevin təhsil illərində, onun DTK-da xidmət etdiyi dövrdə, Azərbaycan KP MK-nın birinci katibi olduğu vaxt, Moskvada və 1991-ci ildən sonra ünsiyyətdə olduğu bütün insanlar, yəni onunla birgə oxumuş insanlardan, qohumlarından, yaxınlarından, əməkdaşlarından, həmkarlarından, şagirdlərindən başlamış Heydər Əliyevlə ünsiyyətdə olmaq və onunla işləmək nəsib olmuş bütün insanlar barədə məlumat veriləcəkdir. Nəşrin ikinci cildi isə Heydər Əliyevin müxtəlif taleyüklü qərarlar qəbul etdiyi məktəb islahatının hazırlanması, Baykal-Amur magistralına (BAM) səfərlər, Bakıdakı məişət kondisionerləri zavodunun tikintisi və istifadəyə verilməsi və sair hadisələrlə əlaqədar məqamlara həsr ediləcəkdir.
Vadim Telitsın Rusiya komandasının Azərbaycanda kimlərlə işləyəcəyi barədə sualı şərh edərək xüsusi vurğulamışdır ki, ensiklopediyanın yaradılmasında yerli tarixçilərin köməyi zəruridir. Rusiyalı alim demişdir: "Buna görə də biz ilk növbədə, tanınmış azərbaycanlı yazıçı-publisist, "Heydər Əliyev. Şəxsiyyət və zaman" adlı dərin məzmunlu və gözəl dördcildliyin müəllifi Elmira Axundovaya müraciət etdik. Mənim fikrimcə, o, Heydər Əliyevin həyatının və taleyinin tədqiqatı üzrə aparıcı mütəxəssislərdən biridir. Heydər Əliyevdən dəfələrlə müsahibə almış Elmira Axundova Prezident komandasında işləmiş, Siyasi Büro üzvlərindən və Heydər Əliyevlə əlaqələri olmuş digər maraqlı şəxsiyyətlərdən müsahibələr almışdır. Mən həmin dördcildliyi məmnunluqla oxumuşam. Mahiyyət etibarilə Elmira Axundovanın bu əsəri bizim yeni ensiklopediyanın təməlinə qoyduğumuz ilk kərpicdir, çünki həmin dördcildlikdə bəhs edilən şəxslər haqqında biz də yazacağıq. Lakin Elmira Axundova həmin şəxslər barəsində təhkiyə tərzində yazmış, onun kimlərlə və necə ünsiyyətdə olduğunu təsvir etmişdir, biz isə sadəcə olaraq, onun başqaları ilə necə ünsiyyətdə olmasını deyil, onun siyasi taleyinin və parlaq karyerasının necə yaranmasını göstərmək istərdik. Beləliklə, biz Elmira Axundovanın möhtəşəm əsərinin sərhədlərini genişləndiririk və bu məsələdə bizə şəxsən o özü kömək edir. Hazırda Elmira Axundova ensiklopediyanın sözlüyü üzərində işi tamamlayır və eləcə də Azərbaycan tərəfdən kimlərin adının həmin nəşrə daxil edilməsi məsələsinin həllində bizə kömək edir, hansı hadisələrin böyük əhəmiyyət kəsb etdiyini bildirir və s. E.Axundova bu məsələlər üzrə böyük mütəxəssisdir, çünki o, öz əsərini yaradarkən ağır zəhmət tələb edən çox böyük iş görmüşdür. Biz isə sovet, Rusiya siyasətçiləri nəslindən kimlərin təmsil edilməli olduğunu deyə bilərik. Bu istiqamətdə bizim imkanlarımız daha çoxdur, ona görə ki, biz Bakıda bəlkə də olmayan bütün sənədlərin saxlandığı Moskva arxivlərinə birbaşa çıxa bilirik".
Vadim Telitsın sonda demişdir: "Ensiklopediya tərtib etmək çox böyük və ağır işdir, bu işdə çoxsaylı mütəxəssislərdən istifadə edilməsi tələb olunur. Komandaya mənim təmsil etdiyim Rusiya Elmlər Akademiyasının (REA) alimləri və daha bir neçə nəfər daxildir. Bundan əlavə, başqa institutlarla, məsələn, Elmi İnformasiya İnstitutu ilə əməkdaşlıq edən rusiyalı alimlər, Ali İqtisad Məktəbinin, bir sıra başqa institutların mütəxəssisləri də cəlb edilmişdir. XX əsr tarixi, xarici siyasət, habelə milli münasibətlərlə məşğul olan alimlər də vardır. Onların çoxu tarixi araşdırarkən istər-istəməz respublika rəhbərlərinin taleyi ilə, o cümlədən Heydər Əliyevin taleyi ilə üzləşirlər. Layihədə arxiv işçiləri də iştirak edir. Yəni, burada bir qrup insan vardır ki, onlar indiyə qədər bəlkə də hər hansı ümumi layihələrlə əlaqədar olmamışlar. Bu iş çox mütəxəssisləri birləşdirəcəkdir. Onların arasında akademiya ilə yanaşı, başqa tədqiqat qurumlarının təmsilçiləri də olacaqdır. Ensiklopediya xalqlarımız arasında dostluğun möhkəmlənməsi işinə layiqli töhfə olacaqdır".
Asya Hacızadə,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-
2010.- 18 mart.- S. 4.