Azərbaycan Prezidenti İlham Əliyev
Rumıniyanın xarici işlər naziri Teodor Bakonskinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Rumıniyanın xarici işlər naziri Teodor Bakonskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Rumıniya arasında güclü tərəfdaşlıq münasibətlərinin və bütün səviyyələrdə fəal diplomatik əlaqələrin mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın və Rumıniyanın dövlət başçıları arasında münasibətlərin ikitərəfli əlaqələrimizin inkişafında mühüm rol oynadığını dedi. Teodor Bakonskinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində mühüm addım olacağını deyən dövlətimizin başçısı bu səfərin, həmçinin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının və regional vəziyyətin müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu bildirdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu vurğuladı.
Rumıniyanın xarici işlər naziri Teodor Bakonski Prezident Troyan Beseskunun salamlarını dövlətimizin başçısına çatdıraraq bildirdi ki, Rumıniya Prezidenti Azərbaycan ilə ikitərəfli münasibətlərin daha da inkişafında maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə Rumıniyaya səfərini xatırlayan nazir iki ölkənin prezidentləri arasında şəxsi münasibətlərin strateji tərəfdaşlıq əlaqələrimizin inkişafında başlıca amil olduğunu vurğuladı.
Dövlətimizin başçısı Rumıniya Prezidenti Troyan Beseskunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rumıniyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2010.- 19
mart.- S. 2.