Azərbaycanın milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması Milli Təhlükəsizlik Nazirliyinin başlıca vəzifəsidir

 

"Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, Azərbaycan xalqı sülh şəraitində yaşasın, təhlükəsizlik şəraitində yaşasın, ictimai-siyasi vəziyyət həmişə olduğu kimi sabit qalsın, ictimai asayiş pozulmasın və insanlar rahat yaşasınlar. Bu gün belədir və mən hesab edirəm ki, bu, ölkəmiz üçün böyük nailiyyətdir, böyük nəticədir. Biz əldə edilmiş uğurları bundan sonra daha da möhkəmləndirəcəyik".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı

 

Azərbaycan Respublikasının milli maraqlarının təmin olunması, prioritetlərin səmərəli və hədəfli şəkildə həyata keçirilməsi üçün zəruri şəraitin və imkanların yaradılmasında təşəkkülünün 91-ci ildönümünü qeyd edən Milli Təhlükəsizlik Nazirliyinin öz yeri var. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, terrorçuluqla mübarizə, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən Milli Təhlükəsizlik Nazirliyində müasir Azərbaycanın inkişaf tempinə və tələblərinə uyğun aparılan islahatlar və digər məsələlər cəmiyyətimiz tərəfindən diqqətlə izlənilir.

Ictimaiyyətimizi maraqlandıran bu və digər suallara ətraflı cavab almaq üçün Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar MAHMUDOVA müraciət etdik.

 

- Cənab nazir, ilk öncə Sizi və rəhbərlik etdiyiniz şəxsi heyəti qarşıdan gələn peşə bayramınız münasibətilə təbrik edirik və uğurlar arzulayırıq. Qloballaşan dünyada hazırda baş verən dəyişikliklərin fonunda öz siyasi-iqtisadi və sosial-maddi inkişaf tempinə görə ön sırada addımlayan Azərbaycanın 91 yaşlı milli təhlükəsizlik orqanlarının əldə etdiyi nailiyyətləri oxucularımızla bölüşməyi xahiş edərdik...

- Təbriklərinizə görə çox sağ olun. Həqiqətən də ölkəmizin xüsusi xidmət orqanlarının tarixi maraqlı, mürəkkəb və ziddiyyətli, eyni zamanda şanlı səhifələrlə zəngindir. Milli Təhlükəsizlik Nazirliyinin xüsusi xidmət orqanlarına xas, onların spesifik fəaliyyətindən irəli gələn müvafiq ənənələri vardır. Bu ənənələrin ən dəyərlilərinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Milli Təhlükəsizlik Nazirliyinin xalqımızın maraqlarının və mənafelərinin etibarlı təmin olunmasında özünəməxsus rolu və yeri olan qurumlardan birinə çevrilməsi, təhlükəsizlik siyasətinin müəyyən edilməsi də əslində ömrünün 25 ilə yaxın bir dövrünü təhlükəsizlik orqanlarında çalışmış Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğunun indiki mərhələsində bütün strukturlarda, o cümlədən Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətin milli maraqlar nəzərə alınmaqla, beynəlxalq standartlara uyğun formalaşdırılması üçün önəmli tədbirlər həyata keçirilir. Bir sözlə, onilliklərlə toplanmış təcrübə, fəaliyyətin yeni üsul və formalara uyğun təkmilləşdirilməsi, müasir texniki təchizat və yaradılmış zəruri hüquqi baza işimizi mükəmməl və səmərəli qurmağa imkan verir. Cənab Prezidentin dediyi: "Hər bir şəraitdə, hər bir yerdə inkişaf, tərəqqi, yeni yanaşmalar olmalıdır" fikri milli təhlükəsizlik orqanlarının fəaliyyətində də başlıca deviz olaraq rəhbər tutulur.

Məlum olduğu kimi, milli maraqlar demək olar ki, hər bir sahədə mövcuddur və daim qorunması tələb olunduğu üçün Milli Təhlükəsizlik Nazirliyinin çox geniş cavabdehlik sahəsi vardır. Respublikanın hazırkı yüksək sosial-iqtisadi inkişafı, ictimai-siyasi sabitlik və Azərbaycanın beynəlxalq miqyasda nüfuz sahibinə çevrilməsi üçün ölkə başçısının rəhbərliyi altında aparılan işlərdə digər dövlət orqanları ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyinin də əməyi var. Ölkəmizin inkişafı, dünyanın siyasi və təhlükəsizlik strukturlarına inteqrasiyası sürətlənir. Azərbaycanın strateji məqsədlərinə doğru inamla irəliləməsi, onun uğurları rəqib və düşmən dövlətləri ciddi narahat edir. Bu sırada regiondakı maraqlarının təminatında Azərbaycanı özlərinə başlıca əngəl kimi görənlər var. Lakin dövlət başçısının qətiyyətlə dediyi kimi, "Bu bizim problem deyildir. Bizim problemimiz öz milli maraqlarımızı müdafiə etmək, Azərbaycan xalqının təhlükəsizliyini, sosial rifahını təmin etmək, ölkəmizi uğurla inkişaf etdirmək, gücləndirmək, müstəqilliyimizi əbədi, dönməz etmək, bölgədə imkanlarımızı genişləndirməkdir". Odur ki, müxtəlif növ təhdidlərin mövcudluğu bizdən həmin qüvvə və dairələrin məkrli və məqsədyönlü fəaliyyətinə qarşı daim sayıq olmağı tələb edir.

Yola saldığımız 2009-cu il milli təhlükəsizlik orqanlarının 90 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi ilə əlamətdar oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yubiley ərəfəsində keçirilən tədbirlərimizdə, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin açılışında iştirakı və Əlahiddə Tabura Döyüş bayrağını təqdim etməsi bütövlükdə milli təhlükəsizlik orqanlarının şanlı salnaməsinə unudulmaz və yeni tarixi günlər kimi yazıldı. Qarşımızda duran vəzifələr əsasən dünyada, regionda və ölkədə mövcud əməliyyat şəraitinin təhlili, təhlükəsizliyə təsir göstərən amillərin vaxtında müəyyən edilməsi və adekvat düzgün qərarların qəbulu vasitəsi ilə yerinə yetirilir. Öhdəmizə düşən bütün funksiyaların lazımi səviyyədə icrası sayəsində ötən ildə də bir sıra uğurlu nəticələrin əldə edilməsi mümkün olmuşdur. Bir sözlə, növbəti peşə bayramını da yeni uğurlarla qarşılayırıq.

- Rəhbərlik etdiyiniz təhlükəsizlik orqanları qarşısında həqiqətən də böyük sayda mürəkkəb və çoxşaxəli vəzifələr durur. Bunlar arasında hansılarını daha çox diqqət tələb edən istiqamət kimi qeyd edərdiniz?

- İlk növbədə qeyd etməliyəm ki, milli təhlükəsizlik nəticə etibarilə bir-biri ilə bağlı mürəkkəb elementlər kompleksinin düzgün təhlili, qiymətləndirilməsi və idarə olunması yolu ilə təmin edilir. Məhz buna görə də, burada ikinci dərəcəli, yaxud diqqətdən kənarda qala bilən məsələlər yoxdur. Vacib sahələrdən olan kəşfiyyat fəaliyyətində nazirlik ötən il düşmən və rəqib dövlətlərin Azərbaycanın maraqlarına zidd niyyətlərinin qarşısının alınması məqsədilə adekvat tədbirlər keçirmişdir. Bu xətlə daxil olan qabaqlayıcı məlumat xarici siyasət kursunun düzgün qurulmasında, həmçinin ölkəmizə qarşı təhdidlərin, eləcə də iqtisadi rəqabətlə bağlı niyyət və planların vaxtında müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir.

Ötən il əks-kəşfiyyat, o cümlədən hərbi əks-kəşfiyyat istiqamətində xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətlərinin vaxtında aşkarlanması, qabaqlanması və ifşa edilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirilmişdir. 2009-cu ildə xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 25 şəxs ifşa olunmuş, onlardan 17 nəfər barədə artıq məhkəmə hökmləri çıxarılmışdır.

Ölkənin terror təhlükəsindən müdafiəsi məqsədi ilə nazirliyin əməliyyat strukturları tərəfindən kompleks antiterror tədbirləri səngimədən həyata keçirilir. Ardıcıl adekvat tədbirlərin görülməsi nəticəsində respublika ərazisində terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıqda təqsirləndirilən şəxs qismində 49 nəfər saxlanılmış, onlardan külli miqdarda silah-sursat və partlayıcı maddə götürülmüşdür. Beynəlxalq terrorçuluğa qarşı tədbirlər nəticəsində ölkədə terrorçuluq aksiyaları planlaşdıran, Azərbaycan Respublikası vətəndaşlarından ibarət, radikal dini təmayüllü 31 nəfərdən ibarət qrup zərərsizləşdirilmişdir. Eləcə də, sifarişli qətllərin həyata keçirilməsini planlaşdıran cinayətkar qrupların fəaliyyətinin qarşısı qabaqlayıcı tədbirlərlə alınmışdır.

Son bir neçə il ərzində tərəfimizdən Əfqanıstan və Pakistanın nəzarətsiz ərazilərinə gedib, orada "Əl-Qaidə" terror təşkilatının və Taliblərin silahlı birləşmələrinin tərkibində hərbi təlimlərdə və əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının bir qrup vətəndaşı cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə şəxslərdən 18 nəfəri barəsində cinayət işləri məhkəməyə göndərilmiş, 4 nəfər barəsində beynəlxalq axtarış elan olunmuşdur. Yeri gəlmişkən, tərəfimizdən tam zərərsizləşdirilmiş "Meşə Qardaşları" adlı silahlı birləşmənin axtarışda olan, 2008-ci ilin avqust ayında "Əbu-Bəkr" məscidində terrorçuluq əməllərində iştirak etmiş və sonra xaricdə gizləndiyi müəyyən edilmiş fəal üzvü bu günlərdə tutularaq ölkəyə gətirilmiş və istintaqa təhvil verilmişdir.

Biz terrorçuluğun getdikcə qlobal xarakter daşımasını, ən sabit və təhlükəsiz cəmiyyətləri belə təhdid etməsini, dünya miqyasında radikal dini qüvvələrin fəallaşmasını, dünyanın heç bir ölkəsinin bu bəladan sığortalanmadığını nəzərə alırıq. Ölkəmizin təhlükəsizlik mühitinə təsir göstərən bütün amillərin dərindən və sistemli şəkildə öyrənilməsi, nəzarətdə saxlanılması xüsusi əhəmiyyət kəsb edir.

Nazirlikdə narkotiklərin qaçaqmalçılığı, qeyri-qanuni miqrasiya, insan ticarəti, "çirkli pulların yuyulması", kibercinayətlər və mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə sahəsində də işlər ardıcıl davam etdirilmişdir. Biz narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələsinə bir neçə prizmadan yanaşırıq. Narkomanlığı genefondumuza ağır zərbə vuran bəla kimi qiymətləndirir və ona qarşı bütün vasitələrlə mübarizə edirik. Bu bəla nəinki dövlət orqanlarını və ictimai təşkilatları, bütün cəmiyyəti narahat etməlidir. Həm də narkotiklərin qanunsuz dövriyyəsindən əldə edilən gəlirin terrorçuluğun maliyyələşməsində mühüm faktor olması daim diqqət mərkəzindədir. Ötən dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 32 transmilli mütəşəkkil cinayətkar dəstə və qrupların fəaliyyətinin qarşısı alınmış, ümumilikdə 1 ton 141 kiloqramdan artıq narkotik vasitə götürülmüşdür. Faktlarla bağlı başlanmış 38 cinayət işi üzrə 114 nəfər istintaqa cəlb olunmuşdur. Qeyri-qanuni miqrasiya, insan alveri, saxta sənədlərin hazırlanması və istifadəsi üzrə ciddi faktlar aşkar edilmiş, cinayət təqibi həyata keçirilmişdir. Milli sərvətlər sırasına daxil olan mədəniyyət nümunələrinin və qiymətli, xüsusən də əntiq əşyaların mənimsənilməsi və satılması, ölkədən çıxarılması niyyətlərinin qarşısı alınmışdır. Bir sözlə, Milli Təhlükəsizlik Nazirliyi milli maraqların və dövlət mənafeyinin olduğu və ya tələb edildiyi hər bir sahədə səmərəli fəaliyyət göstərir.

2009-cu ildə korrupsiya və iqtisadi fəaliyyət sahəsində 15 cinayət faktı aşkarlanmışdır. Bunlar arasında əcnəbi vətəndaşlara məxsus "VİSA" kartlarından istifadə ilə "AZAL" QSC-nin rəsmi internet saytına qeyri-qanuni daxil olaraq, müxtəlif marşrutlara aviabiletlərin alınmasını təşkil etməklə "AZAL" şirkətinə külli miqdarda zərər vurmuş mütəşəkkil cinayətkar dəstənin 15, həmçinin, xarici ölkə vətəndaşlarına məxsus xeyli miqdarda plastik kartların nömrə və kodlarını əldə edərək bu kartlarla külli miqdarda elektron ödənişlər həyata keçirmiş digər bir mütəşəkkil dəstənin 5 üzvü tərəfimizdən yaxalanmışdır.

Enerji və kommunikasiya xətlərinə nəzarət uğrunda beynəlxalq və regional dairələr arasında rəqabətin gücləndiyi, təhlükəsizliyin etibarlı təminatının getdikcə daha artıq çeviklik və səylər tələb etməsi nəzərə alınaraq, ötən il nazirlikdə struktur dəyişikləri çərçivəsində bu sahələrə cavabdehlik daşıyan yeni qurum yaradılmışdır.

Bir vacib məqamı qeyd etmək istəyirəm. Sadaladığım və bir çox digər əhəmiyyətli nailiyyətlərin əldə olunmasında tərəfdaş xarici ölkələrin təhlükəsizlik xidmətləri ilə həyata keçirdiyimiz sıx əməkdaşlıq və məlumat mübadiləsi mühüm yer tutur. Ölkəmizin təhlükəsizlik orqanları beynəlxalq kəşfiyyat aləmində etibarlı və peşəkar tərəfdaş nüfuzunu qazanmışlar.

- Cənab nazir, qeyd etdiyiniz kimi, hazırda beynəlxalq təhlükəsizlik sisteminə qarşı yönəlmiş ümumi təhlükələrin qarşısının alınmasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələri mühüm əhəmiyyət daşıyır. Mümkünsə, bu barədə bir qədər ətraflı danışardınız...E

- Müasir dövrdə beynəlxalq terrorun, dini və siyasi ekstremist təşkilatların fəaliyyətinin mütəşəkkil xarakter alması, hətta antaqonist ideoloji qütblərdə dayanan belə strukturların bəzən sıx əlaqələr qurması ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının da fəaliyyətinin əməli şəkildə əlaqələndirilməsini tələb edir. Fikrimizcə, beynəlxalq əməkdaşlıq imkanları düzgün dəyərləndirilməli və bu əlaqələrdən milli mənafelərin təminatına şərait yaradılması üçün maksimum istifadə olunmalıdır. Bu baxımdan, Milli Təhlükəsizlik Nazirliyi xarici ölkələrin, tərəfdaş dövlətlərin müvafiq qurumları ilə real və səmərəli əməkdaşlığın genişləndirilməsinə çalışır. Ötən il bu mənada xüsusilə əlamətdar olmuşdur.

Hazırda Milli Təhlükəsizlik Nazirliyi onlarla ölkənin xüsusi xidmət orqanları ilə tərəfdaşlıq münasibətləri qurmuşdur. Bununla yanaşı, BMT, Avropa Şurası, NATO, ATƏT, BQXK və GUAM kimi bir sıra beynəlxalq qurumlarla da işgüzar münasibətlərimiz var. Azərbaycan Prezidenti İlham Əliyev milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi ilə bağlı Bakıya gələn xarici ölkələrin xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələrini qəbul edərkən demişdir: "İndiki zəmanədə, əlbəttə ki, beynəlxalq əməkdaşlıq bütün sahələrdə mühüm rol oynayır. Təhlükəsizlik orqanlarının əlaqələndirilmiş şəkildə fəaliyyətinin aparılması, əminəm ki, hər bir ölkənin daxili təhlükəsizliyinə müsbət təsir göstərəcəkdir. Mən çox şadam ki, Azərbaycanın təhlükəsizlik orqanları, Milli Təhlükəsizlik Nazirliyi bu istiqamətdə çox vacib addımlar atmışdır".

- Cənab nazir, nailiyyətləriniz barədə verdiyiniz məlumat, sözsüz ki, Azərbaycanın təhlükəsizliyi üçün görülən işlər barədə dərin təsəvvür yaradır. Bunlar arasında, güman edirəm, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər də az deyil?

- Bu mövzu ətrafında mən xüsusilə dayanmaq istəyirəm. Cənab Prezidentin Dağlıq Qarabağ məsələsində daim hücumda olmaq tövsiyəsinə uyğun olaraq, nazirlik bu istiqamətdə həm əməliyyat, həm də təbliğat işini daim gücləndirir.

Ermənistan Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhlükə mənbəyi olaraq qalır, onun strateji əhəmiyyətli beynəlxalq layihələrin gerçəkləşməsinə maneçilik törətmək üçün pozuculuq fəaliyyətini genişləndirmək cəhdləri daim diqqət mərkəzindədir. Əslində, yuxarıda sadaladığım nəticələrin bəziləri bilavasitə və ya dolayısı ilə Ermənistanın kəşfiyyat-pozuculuq və terror-təxribat niyyətləri ilə bağlı olmuşdur. Bu mənada digər xarici xüsusi xidmət orqanlarının fəaliyyəti, Azərbaycana münasibətdə birmənalı mövqe tutmayan bəzi ölkələrin Ermənistanla əməkdaşlıq əlaqələri, Yaxın Şərqdəki münaqişə ocaqlarında və ümumən Qafqazdakı mövcud qaynar nöqtələrdəki vəziyyətin doğura biləcəyi mümkün təhdidlər nəzərə alınır.

Ermənistana qarşı informasiya mübarizəsi sahəsində son vaxtlar əldə edilən nailiyyətlər xüsusi vurğulanmalıdır. İndi düşmənə qarşı informasiya mübarizəsi düşünülmüş, planlı, müvafiq dövlət orqanları ilə əlaqəli şəkildə aparılır. Erməni terrorunun ifşasına, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərinə, Ermənistanın təcavüzkar dövlət kimi tanıdılmasına xidmət edən materiallar, o cümlədən filmlər və videoçarxlar hazırlanaraq, ölkəmizin və dünyanın elm adamlarının, tanınmış ziyalıların yazdığı əsərlər xarici dillərə tərcümə olunaraq geniş coğrafiyada yayılır.

Bu sahədə Əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun apardığı ardıcıl və məqsədyönlü işlər də qeyd edilməlidir. Təkcə ötən il Ermənistanın təcavüzkar siyasətini ifşa edən və əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin taleyi ilə bağlı onlarla adda toplu, kitab və videomaterialların kağız və elektron formatda olan 33 mindən artıq nüsxələri ölkədə və xaricdə yayılmışdır.

- İnformasiya mübarizəsi sahəsində goründüyü kimi işlərin vəziyyəti qənaətbəxşdir. Bəs müasir dövrün aktual problemi olan informasiya təhlükəsizliyi nə dərəcədə və necə təmin olunur?

- Bu həqiqətən çox maraqlı və vacib fəaliyyət sahəsidir. Qeyd etmək istərdim ki, müasir həyatın yüksək ritmi ilə ayaqlaşan Milli Təhlükəsizlik Nazirliyi öz struktur bölmələri arasında məlumatın sürətli paylaşmasını, təhlilini, qiymətləndirilməsini və işin koordinasiyasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Bu baxımdan, müasir prinsiplər əsasında qurulmuş elektron məlumat bazalarının formalaşdırılması sahəsində artıq başlanmış iş yeni tələblərə uyğun davam etdirilir. O ki qaldı informasiya massivlərinin cinayətkar cəhdlərdən mühafizəsinə, nazirliyin müvafiq strukturları qanunvericiliklə müəyyən edilmiş səlahiyyət çərçivəsində lisenziyalaşdırma, həm də əməliyyat fəaliyyətini həyata keçirirlər. İnformasiya təhlükəsizliyinin və xüsusən də dövlət sirrinin qorunması sahəsində aparıcı qurum kimi, biz mövcud tələbatı nəzərə alaraq Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında bu ixtisas üzrə mütəxəssislərin hazırlanması üçün "İnformasiya təhlükəsizliyi" fakültəsini yaratdıq.

Yeri gəlmişkən, kadr potensialının formalaşdırılması və hazırlığı məsələlərində Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının fəaliyyətini qeyd etmək istərdim. Burada nazirliyimizin gələcək əməkdaşları yüksək bilik səviyyəsi əldə edir, onlara şəxsi və fiziki keyfiyyətlərlə yanaşı, müasir texniki vasitələrlə işləmək bacarığı aşılanır. Akademiyada yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün təlim-tədrisin, xidmət və istirahət şəraitinin müasir tələblər səviyyəsində təşkili xüsusi diqqət mərkəzindədir. Bu günlərdə inşası başa çatmış İdman Sağlamlıq Kompleksi bunun növbəti sübutudur. Mən kadrların tərbiyəsində veteranlarımızın rolunu və əməyini həmişə yüksək qiymətləndirmişəm. Onlar dünən də, bu gün də fəaldırlar. Heydər Əliyev məktəbinin canlı şahidləri gənc əməkdaşlarımıza, eləcə də bütün ölkə gənclərinə öz təcrübələrini, ulu öndər Heydər Əliyevdən öyrəndikləri yüksək peşəkarlığı, əxlaqi və insani keyfiyyətləri çatdırırlar. Bu, gənclərin vətənpərvərlik, millətsevərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərir.

- Cənab nazir, bir qədər öncə Siz rezonans doğurmuş cinayətlər, o cümlədən sifarişli qətllər planlaşdıran qrupun zərərsizləşdirilməsi barədə söylədiz. Bununla bağlı sualım var. Jurnalist həmkarımız Elmar Hüseynovun qətlinin açılması ilə əlaqədar yeni məlumat varmı və son günlər bəzi mətbu orqanlarında bu cinayətə dair yayımlanan müxtəlif yozmalara münasibətiniz necədir?

- Biz, cəmiyyət daxilində böyük maraq və rezonans doğuran işlərlə bağlı məlumatları qanunla müəyyən edilmiş çərçivədə müntəzəm surətdə ictimaiyyətə çatdırırıq. Sözsüz ki, müəyyən mərhələyədək biz istintaq sirrini təşkil edən məlumatları heç kimə açıqlaya bilmərik. Ancaq buna qanuni imkan və zərurət olduqda müvafiq məlumatlar vaxtaşırı surətdə mediaya çatdırılır və bu gün ictimaiyyətlə, kütləvi informasiya vasitələri ilə normal və işgüzar münasibətlərimiz mövcuddur.

Elmar Hüseynovun 2005-ci ilin mart ayında qətli ilə əlaqədar cinayət işinin cari vəziyyəti haqqında konkret olaraq aşağıdakıları bildirmək istərdim. İş üzrə keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qətlin törədilməsində Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin iştirakları sübuta yetirilmiş və artıq 2005-ci ilin may ayında onlar təqsirləndirilən şəxslər qismində cinayət işinə cəlb olunmuş, barələrində İnterpol xəttilə beynəlxalq axtarış elan edilmişdir. Onu da deyim ki, İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu dünyanın 188 ölkəsi ilə əlaqə saxlayır. Qeyd etdiyim həmin şəxslər barədə müvafiq məlumatlar bu ölkələrin hamısına göndərilmişdir və axtarış tədbirləri səngimədən həyata keçirilir.

Azərbaycan tərəfi Gürcüstanın Baş Prokurorluğuna bu işlə bağlı hüquqi yardımın göstərilməsi, Tahir Xubanovun və Teymuraz Əliyevin tutulub ekstradisiya olunması barədə 6 vəsatət göndərmiş, istintaq-əməliyyat qrupunun üzvləri həmin vəsatətlərin icrası ilə bağlı dəfələrlə Gürcüstana ezam edilmişlər. Burada müəyyən problemlər var ki, onlar da hər bir ölkənin milli qanunvericiliyindəki müvafiq müddəalar və prosedur qaydaları ilə bağlıdır. Hər bir halda bizim bütün tərəfdaşlarla, o cümlədən qonşu ölkələrin xüsusi xidmət orqanları ilə normal və işgüzar münasibətlərimiz var. Qarşıya çıxan məsələləri birgə səylərlə həll etməyə çalışırıq. Cinayətdə istifadə olunmuş silahın mənşəyi və sahibinin müəyyənləşdirilməsi məqsədi ilə müstəntiqlər Rusiya və Bolqarıstanda ezamiyyətdə olmuşlar. Bu işin istintaqına nə qədər ciddi önəm verildiyi aşağıdakı statistik göstəricilərdən aydın görünür: istintaqın ötən dövrü ərzində 600-dən artıq şahid dindirilib, təxminən 160 baxış, axtarış və götürmələr aparılmış, 20 ekspertiza təyin olunmuş, 51 tanınma keçirilmişdir. Bu işdə digər hüquq- mühafizə orqanlarının köməyini də qeyd etmək istərdim.

Son günlər bəzi KİV-lərdə dərc olunan yeni "açıqlamalar" böhtan xarakterli məntiqsiz və məsuliyyətsiz yozmalardan başqa bir şey deyil. Mən dəfələrlə bildirmişəm ki, bu cinayətlə bağlı bütün məlumat və detalların araşdırılması, Elmar Hüseynovun qatillərinin tam dairəsinin müəyyən edilərək istintaqın uğurla başa çatdırılması, ədalət mühakiməsi qarşısına çıxarılması bizim üçün prinsipial məsələdir və biz buna nail olacağıq. Başlıcası odur ki, cinayətin əsas iştirakçıları məlumdur, gec-tez onlar tutulub istintaqa təhvil veriləcək və ədalət mühakiməsi qarşısında dayanacaqlar. Təkcə zaman faktoru var, lakin əminik ki, bu tezliklə baş verəcəkdir.

- Əlbəttə, Eldar müəllim, biz də inanırıq ki, bu cinayətin üstü açılacaqdır. Ancaq nə qədər tez olsa, bir o qədər yaxşıdır.

- Mən qeyd etdim ki, nə qədər iş görülüb, özü də intensiv surətdə və səngimədən. Elə qətllər, o cümlədən sifarişli cinayətlər var ki, tez açılır, bəziləri isə gec. Sərhədsiz Reportyorlar Təşkilatının hesabatlarına diqqət yetirsəz görərsiniz ki, qaynar nöqtələrdə həlak olanlardan başqa, oğurlanan, girov götürülən və qətlə yetirilən jurnalistlərlə bağlı xeyli məlumat vardır. Onların bir hissəsi isə indiyədək açılmayıb. Əlbəttə, bu bizim üçün təskinlik ola bilməz. Yenə də deyirəm, əsas odur ki, biz Elmar Hüseynovun qətli ilə nəticələnmiş cinayətin iştirakçılarını müəyyən etmişik və bu istintaqla tam sübuta yetirilib. Onların tez bir zamanda tutulması üçün bütün imkan və vasitələrdən istifadə edilir, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri görülür. Yeri gəlmişkən, sualınızın əvvəlində qeyd etdiyiniz mətbuatda yayılan yozmalarla bağlı bir məqama da toxunmaq istəyirəm. Biz bütün jurnalistləri obyektiv olmağa, hər bir məsələyə şəxsi və qrup mənafeyindən deyil, əsl vətəndaş, cəmiyyət və ümumdövlətçilik, milli maraqlar mövqeyindən yanaşmağa çağırırıq. Ucuz və yalan sensasiyanın ömrü qısa olur. Obyektivlik və həqiqət isə ən düzgün meyar, ölçüdür.

- Ölkə rəhbərliyinin təhlükəsizlik orqanlarına bütün mümkün sahələrdə olan diqqət və qayğısı göz qabağındadır. Ötən il əsaslı təmirdən sonra açılmış MTN Mədəniyyət Mərkəzi Bakının ən yaraşıqlı binalarından birinə çevrilmişdir. Bu barədə, ümumən nə demək istərdiniz?

- 2009-cu ildə nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi, xidməti iş şəraiti və sosial təminatın yaxşılaşdırılması sahəsində görülən tədbirlər davam etdirilmişdir. Əlbəttə, bu, eləcə də, digər istiqamətdəki uğurlarımız möhtərəm Prezidentin nazirliyimizə göstərdiyi diqqət və qayğının nəticəsidir. Ərazi orqanları üçün yeni inzibati binalar tikilmiş, Mədəniyyət Mərkəzində yenidənqurma və təmir işləri aparılmış, Hərbi Hospitalın, Akademiyada İdman Sağlamlıq Kompleksinin, Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının yeni korpusunun tikintisi, mərkəzi inzibati binada əsaslı təmir işləri görülmüşdür.

Hazırda Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərən bu binada nazirliyin geniş təntənəli mərasimləri keçirilir, şəxsi heyət üçün mədəni-bədii proqramlar təşkil olunur, eləcə də əməkdaşların, habelə digər vətəndaşların övladlarının mərkəzin nəzdindəki musiqi məktəbində və heykəltəraşlıq, rəssamlıq, xoreoqrafiya dərnəklərində tədris keçmələri üçün bütün lazımi şərait yaradılmışdır. Bununla yanaşı, mərkəzin imkanlarından və burada yaradılmış şəraitdən digər dövlət orqanları və ictimai təşkilatlar da həvəslə istifadə edirlər.

Yaranmasının 91-ci ildönümünü qeyd edən milli təhlükəsizlik orqanlarının əməkdaşlarının üzərinə Azərbaycan dövlətçiliyinin maneəsiz inkişafı və təhlükəsizliyin təminatı ilə bağlı böyük məsuliyyət düşür. Hər bir əməkdaş xidməti fəaliyyətində bunu nəzərə almalı, xalqın və dövlət başçısının etimadını doğrultmalı, Vətənimizin təhlükəsizliyi və sabit inkişafı istiqamətində öz səylərini daha da gücləndirməlidir. Elə bu günlərdə ölkə rəhbəri bir daha demişdir: "Azərbaycan öz xalqının mənafeyini hər şeydən üstün tutur, öz xalqının milli maraqlarını heç kimə güzəştə getmir". Bu müdrik kəlam bizim, ümumən bütün dövlət orqanları və cəmiyyət üçün vacib deviz və fəaliyyət prinsipidir.

Burada bir məsələyə də toxunmaq istərdim. Biz fəaliyyətimizin səmərəsini artırmaq üçün öz qüvvələrimizi daim səfərbər etməklə yanaşı, hüquq-mühafizə orqanları ilə birgə işə ciddi önəm veririk. Bu yönümdə fəaliyyət ölkə başçısının rəhbərliyi ilə vahid hüquq-mühafizə siyasəti çərçivəsində reallaşır və ümumi işə yüksək töhfələr verilməsinə imkanlar yaradır.

Mən fürsətdən istifadə edib bütün oxucularınızı Novruzun, baharın gəlişi münasibətilə təbrik edirəm. Eyni zamanda, milli təhlükəsizlik orqanlarının şəxsi heyətini, hörmətli veteranlarımızı, ulu öndər Heydər Əliyevin şərəfli və peşəkarlıq məktəbinin davamçılarını qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edir, hamıya xoş arzularımı çatdırıram.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi ilə bağlı Bakıya gələn xarici ölkələrin xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələrini qəbul edərkən səsləndirdiyi daha bir fikri diqqətə çatdırmaq istəyirəm: "Şəxsi heyətə işlərində uğurlar arzulayıram. Görülən işlərə Azərbaycan dövləti çox böyük qiymət verir. Mən Azərbaycanın hərtərəfli inkişafı üçün, təhlükəsizliyin təmin edilməsi üçün milli təhlükəsizlik orqanlarının fəaliyyətini yüksək qiymətləndirirəm. Əminəm ki, onlar gələcəkdə də Vətən uğrunda şərəfli işlərdə böyük fədakarlıqla çalışmaqda davam edəcəklər" - fikri Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə verilən yüksək qiymətdir və bu, şəxsi heyətimizi yeni-yeni uğurlara səfərbər edir. Oxucularla ünsiyyət üçün yaratdığınız fürsətdən istifadə edərək, ictimaiyyətimizi əmin etmək istərdim ki, bundan sonra da xalqımızın, möhtərəm Prezidentin təhlükəsizlik orqanlarına olan etimadını doğruldacaq, bütün qüvvə və imkanlarımızı milli maraqlarımızın və təhlükəsizliyimizin layiqincə təmin olunmasına yönəldəcəyik!

- Cənab nazir, müsahibəyə görə sağ olun. Milli Təhlükəsizlik Nazirliyinin bütün kollektivini peşə bayramı münasibətilə bir daha təbrik edir, yeni yüksək nailiyyətlər arzulayırıq.

- Sağ olun. Mən də öz növbəmdə nazirliyin şəxsi heyəti adından oxucularınıza, bütün Azərbaycan xalqına bizə bəslədiyi etimada və verdiyi dəstəyə görə dərin minnətdarlığımızı bildirir, hamıya sülh, əmin-amanlıq və səadət arzulayıram.

 

 

Amil NOVRUZOV

 

Azərbaycan.- 2010.- 19  mart.- S.  5.