Elm milli intibahı təmin edən başlıca vasitədir
İqtisadi tərəqqi,
demokratikləşmə, insan hüquqlarının etibarlı
təminatı baxımından özünün yüksək
inkişaf mərhələsinə çatmış dövlətlərin
qazandığı nailiyyətlər məhz elmə, təhsilə
olan böyük diqqət və qayğının nəticəsidir.
Bu gün intellektual potensial əhəmiyyətinə və gətirdiyi
dividendlərə görə, hətta zəngin təbii sərvətləri
belə, üstələyir. Müasir dünyada rəqabətə
tab gətirmək üçün, ilk növbədə, elmə,
zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq
lazımdır. Bu reallığı düzgün dəyərləndirən
dövlət başçısı İlham Əliyev son 6 ildə
ölkə həyatının bir çox strateji əhəmiyyətli
sahələri kimi, elmə də xüsusi qayğı ilə
yanaşmış, bu sahədə yeni dövrün tələbləri
ilə səsləşən islahatların həyata
keçirilməsini təmin etmişdir.
Bakı Dövlət
Universitetinin Elmi Şurasının növbəti iclasında
məhz bu məsələlər ətrafında - Azərbaycanda
elmin inkişaf təmayüllərinin yeni reallıqlara nəzərən
müəyyənləşdirilməsi, elmi kadrların
hazırlanması, mövcud problemlərin aradan qaldırılması,
aparılan tədqiqatların yüksək effektivlik əmsalı,
elmin inkişaf strategiyasının zamanın nəbzinə
uyğun modernləşməsi barədə geniş
danışılmışdır. BDU-nun rektoru, Milli Məclisin
deputatı, akademik Abel Məhərrəmov iclası giriş
sözü ilə açaraq xüsusi vurğuladı ki,
artıq beşinci ildir universitet elm sahəsində
hesabatını AMEA-nın Rəyasət Heyəti
qarşısında verir. Bu da birgə əməkdaşlığın
yüksək səviyyədə olduğuna əyani
sübutdur. Akademik Abel Məhərrəmov elmin
inkişafını xalqın gələcəyini təyin edən
əsas amillərdən biri hesab edən dövlət
başçısı İlham Əliyevin elm və təhsil
sahəsinə göstərdiyi diqqət və qayğıdan
söhbət açaraq bu uğurlu siyasətin BDU-ya dəyərli
töhfə verdiyini və Azərbaycanın beynəlxalq aləmdə
aparıcı dövlətlər sırasına
qoşulmasına zəmin yaratdığını söylədi.
"Elmin vətəni yoxdur, vətənin isə elmə
böyük ehtiyacı var" - deyən A. Məhərrəmov
son illərdə elmi potensialın gücləndirilməsi, tədqiqat
işlərinin uğurlu nəticələri, "Elm"
haqqında qanunun işlənməsi, cəmiyyətin
intellektual inkişafına xidmət edən qlobal layihələr
haqqında geniş danışdı.
Daha sonra BDU-nun elmi işlər
üzrə prorektoru, professor İsmayıl Əliyev hesabat məruzəsi
ilə çıxış etdi. Qeyd olundu ki, hazırda
universitetin 16 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat
institutunda, 4 elmi-tədqiqat mərkəzində və 19 elmi-tədqiqat
laboratoriyasında elmin müxtəlif istiqamətlərinə
aid fundamental və tətbiqi xarakterli araşdırmalar
aparılır. 2009-cu ildə BDU-da 1570 nəfər
professor-müəllim heyəti və elmi işçi
çalışmışdır. Onlardan 8 nəfəri
AMEA-nın həqiqi üzvü, 15 nəfəri AMEA-nın
müxbir üzvü, 36 nəfər əməkdar elm xadimi, 4
nəfər Dövlət mükafatı laureatı, 14 nəfəri
Milli Məclisin deputatı, 249 nəfəri isə elmlər
doktoru, 860 nəfəri elmlər namizədidir.
2009-cu ildə BDU-da təbiət
və humanitar elm sahələrini əhatə edən bir
sıra aktual mövzuların həllinə yönəlmiş
81 istiqamətdə 211 mövzu üzrə 1158 elmi iş yerinə
yetirilmişdir. Hesabat ilində universitetdə professor-müəllim
heyəti və əməkdaşlar tərəfindən 82
monoqrafiya, 64 kitab, 73 dərslik, 86 dərs vəsaiti, 2732 məqalə,
o cümlədən 2081 məqalə respublikada, 651 məqalə
xaricdə, 1874 tezis, onlardan 1105-i xaricdə, 101 metodik göstəriş,
377 proqram nəşr edilmişdir. Xaricdə çıxan 651
məqalənin 380-i təbiət, 271-i isə humanitar elmlər
üzrədir. Məqalələrin 103-ü, yəni
bütün dünyada nəşr olunmuş məqalələrin
15,8 faizi A, B və C kateqoriyalı jurnallarda çap
olunmuşdur. Cari ildə universitet əməkdaşları 29
doktorluq və 29 namizədlik dissertasiyasına opponent
olmuşdur. 22 doktorluq və 86 namizədlik dissertasiyasına
aparıcı təşkilat kimi rəy verilmişdir.
BDU əməkdaşları
tərəfindən 12 ixtiraya müsbət rəy və 12
patent alınmışdır, onlardan 8-i universitetin sahibliyi ilə
alınmış patentlərdir. Ötən il təhsil
ocağının əməkdaşları 30 ölkədə
keçirilmiş beynəlxalq konfrans və simpoziumlarda
iştirak etmişlər. Universitetdə daimi 4 doktorluq, 2 namizədlik,
eyni zamanda 23 birdəfəlik dissertasiya şuraları fəaliyyət
göstərmişdir. 9 nəfər doktorluq və 30 nəfər
namizədlik dissertasiyası müdafiə etmişdir.
Professor İ.Əliyev BDU-nun
İnformasiya Texnologiyaları Mərkəzi barədə də
məlumat vermişdir. O, universitetdə 2005-2007-ci illərdə
Avropa Birliyi, BDU, AzRENA, IMC (Almaniya) tərəfindən
yaradılmış Elektron Tədris Mərkəzi haqqında
danışmışdır. Mərkəzdə Azərbaycanda
ilk dəfə tyutor məzunların hazırlanması, virtual
universitetlərin yaradılması və tədris fənlərinin
multimedia kurslarının hazırlanması işləri
aparılmışdır.
Azərbaycan
Respulikasının Prezidenti İlham Əliyevin 17 aprel
2006-cı il tarixli sərəncamı ilə qəbul edilmiş
"Xüsusi istedada malik olan şagirdlərin (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)"na uyğun
olaraq 2007-ci ildən BDU nəzdində "Gənc
istedadlar" liseyi fəaliyyət göstərir. Hazırda
liseydə 430 şagird təhsil alır. 2009-cu ildə liseyin
ilk məzunlarının hamısı respublikanın
nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur.
Yığıncaqda bildirildi
ki, universitetin əməkdaşları tərəfindən 32
beynəlxalq və respublikadaxili elmi layihələr həyata
keçirilmişdir. Hesabat ilində dörd seriyada nəşr
olunan "Bakı Universitetinin Xəbərləri" elmi
jurnalının 16 nömrəsi vaxtında işıq
üzü görmüşdür. Jurnalın elektron arxivinin
yaradılmasına başlanmışdır.
Bakı Dövlət
Universitetində magistrantlar arasında aparılan elmi-tədqiqat
işlərinin müasir tələblərə uyğun səviyyəsini
gücləndirmək, beynəlxalq elm məkanında təbliğini
təşkil etmək, eləcə də dissertasiyaların
hazırlanması zamanı plagiatların
qarşısını almaq məqsədi ilə BDU-nun Elmi
kitabxanasında 2009-2010-cu tədris ilindən magistr dissertasiyalarının
elektron arxivi yaradılmışdır. Bundan başqa təhsil
ocağında 9 elmi, nəzəri, metodik və təcrübi
jurnal da fəaliyyətini davam etdirir.
Türk Dünyası
Riyaziyyat Cəmiyyəti tərəfindən 2009-cu ildə
Qazaxıstan Respublikasının Almatı şəhərində
Cəmiyyətin üçüncü konqresində təsis
edilmiş "Turkic World Mathematics Society journal of Pure and Applied
Mathematics" jurnalı ("Nəzəri və tətbiqi
riyaziyyat" jurnalı) Bakı Dövlət Universiteti Tətbiqi
Riyaziyyat Elmi Tədqiqat İnstitutuna həvalə
edilmişdir. Jurnalın ilk nömrəsi AMEA-nın həqiqi
üzvü Fikrət Əliyevin baş redaktorluğu
altında çapa hazırlanıb.
Universitetin internet saytı
yaradılmışdır. Saytda təhsil ocağının
tarixi, beynəlxalq əlaqələri, fakültələri,
şöbə və strukturları haqqında üç dildə
(Azərbaycan, rus və ingilis) informasiya əks olunmuşdur. Bu
gün sayta dünyanın 78 ölkəsindən ayda 11000
müraciət olur.
BDU-nun rəsmi internet
saytı 2009-cu ilin 18 dekabrında ölkə daxilində
keçirilmiş müsabiqədə "Milli Net" 2009-un
"Elm, təhsil" nominasiyasında qalib gəlmiş və
mükafatlandırılmışdır.
Bakı Dövlət
Universitetinin professor-müəllim heyətinin, əməkdaşların,
aspirant, magistrant və tələbələrin elm və təhsildə,
universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri
daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru,
akademik A.Məhərrəmovun təşəbbüsü ilə
universitetdaxili "50+50" qrant proqramı təsis
edilmişdir. Müvafiq komissiyanın qərarı və
rektorun əmrilə 19 professor, 11 gənc (35 yaşa qədər)
professor-müəllim, 16 nəfər aspirant, dissertant, magistrant
və 16 nəfər tələbə müsabiqənin qalibi
elan edilmişdir və onlara universitetin xüsusi vəsaiti
hesabına əməkhaqqı verilir.
2009-cu ilin yanvarından Beynəlxalq
elm və təhsilə inteqrasiya şöbəsi (BETİ) fəaliyyətə
başlamışdır. Onun əsas məqsədi BDU əməkdaşlarının
beynəlxalq elm və təhsilə inteqrasiyasının
sürətləndirilməsini təmin etmək, universitet tələbələrinin
elmi tədqiqatlara marağını artırmaq, bu məqsədlə
tədbirlər planı hazırlamaq və onun həyata
keçirilmə mexanizmlərini və
ardıcıllığını müəyyən etməkdir.
Hesabat ilində universitetin əməkdaşları
tərəfindən 32 beynəlxalq və respublikadaxili elmi
layihələr həyata keçirilmişdir.
Yığıncaqda xüsusi vurğulandı ki, bu ilin yanvarında akademik A.Məhərrəmov, AMEA-nın prezidenti, akademik M.Kərimov, BDU-nun professoru V.Əhmədov Səudiyyə Ərəbistanına səfər etmişlər. Səfər çərçivəsində Ər-Riyad şəhəri Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzində qurumun vitse-prezidenti Dr. Turki Saud Muhammad Əl-Saud ilə BDU-nun rektoru arasında qarşılıqlı elmi əməkdaşlıq - birgə elmi layihələrin həyata keçirilməsi məqsədi ilə Qrant Sazişləri imzalanmışdır. İki il müddətinə imzalanmış bu sazişlərin ümumi dəyəri 1.041 milyon ABŞ dolları məbləğindədir. Qrant sazişləri üzrə ayrılan vəsait hesabına BDU-nun tədris və elmi-tədqiqat laboratoriyaları müasir fiziki-kimya cihazları ilə təmin ediləcəkdir.
Yığıncaqda iki məsələ - Əlavə Təhsil Mərkəzinin yaradılması və "Neft sənayesində nanotexnologiya" mövzusunda elmi tədqiqat işinin Dövlət mükafatına təqdim edilməsi barədə də geniş müzakirə aparıldı. Sonda 67 meyar üzrə keçirilən ilin ən yaxşı alimi, fakültəsi, kafedrası, ETM və ETL-ləri müsabiqəsinin qalibləri mükafatlandırıldılar.
Hesabat
yığıncağında AMEA-nın prezidenti, akademik M.Kərimov
və Təhsil Nazirliyinin, AAK-ın, Dövlət Neft Şirkətinin
məsul işçiləri iştirak etmişlər.
İ.ƏLİYEVA
Azərbaycan.- 2010.- 19
mart.- S. 9.