Türkün soyqırımı
Ermənilərin azərbaycanlılara
və Anadolu türklərinə qarşı törətdikləri
soyqırımı cinayətləri faktların dili ilə
Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı soyqırımı törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı tutarlı fakt ortaya qoya bilməyiblər. Türkiyə tərəfinin təkidinə baxmayaraq, Ermənistan arxivlərin birgə öyrənilməsini və araşdırılmasını istəməyib. Qondarma "erməni soyqırımı"nı tanıyan ölkələr də tarixdə nəyin baş verdiyini araşdırmaq məqsədilə Türkiyəyə tədqiqatçı göndərməkdə maraqlı olmayıblar. Tarix isə sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, öz mənfur əməllərini, sərsəm "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün Azərbaycan və Anadolu türklərinə qarşı XX əsrdə ən dəhşətli soyqırımı törətmişdilər.
Ermənilərin Qarabağda azərbaycanlılara
qarşı törətdikləri soyqırımları
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu vəhşilikləri dərindən araşdırmış, çoxlu şahid ifadələri almış, protokollar, məruzələr, faktik məlumatlar toplamışdır.
Rusiyanın Birinci Dünya müharibəsi cəbhələrində hərbi əməliyyatları dayandırmasından əvvəl erməni əsgərləri kütləvi surətdə fərarilik edərək cəbhədən qaçır və özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sursatlar aparırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi qonşuları ermənilərə inanır və həmin silahların gələcəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətirmirdilər. Buna görə də onlar həmin silahların gətirilməsinin qarşısını almaq üçün heç bir tədbir görmürdülər. Rusiyada oktyabr çevrilişindən sonra isə Yuxarı Qarabağa, o cümlədən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat, demək olar ki, açıq şəkildə gətirilməyə başlandı. N.Mixaylovun məruzəsində göstərilirdi ki, 1917-ci ilin dekabrından başlayaraq erməni-daşnak quldur dəstələri Kolanı icmasının azərbaycanlı kəndlərinə basqın edir və onlardan hələ Yer üzündə mövcud olmayan Ermənistan Respublikasını tanımağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar. Erməni təqiblərindən bezmiş Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kənd əhalisinin bir hissəsi payız aylarında böyük tələfatla Murovdağı aşaraq Cavanşir qəzasının aran kəndlərinə üz tutur və orada məskunlaşırlar. N.Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, Cavanşir qəzasındakı ermənilər buradakı azərbaycanlıların torpaqlarını Ermənistan Respublikasının ərazisi elan edərək Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmir və öz zorakılıq hərəkətlərini əvvəlki kimi davam etdirirlər. Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək qəzanın dağətəyi hissəsində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirdilər.
Qarabağ bölgəsində 1918-ci il və 1919-cu ilin əvvəllərində ermənilərin törətdikləri soyqırımlarına daha çox məruz qalan qəzalardan biri də Cəbrayıl qəzası idi. Qəza 12 azərbaycanlı və 3 erməni kəndi icmasından ibarət idi. Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiala və dindirilmiş şahidlərin ifadələrinə görə, qəza əhalisi Qarabağın başqa qəzalarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında deyilənləri əvvəllər ağıllarına belə sığışdıra bilmirdilər. 1918-ci il dekabrın ilk günlərindən ermənilər qəzanın azərbaycanlı əhalisinə qarşı silahlı təxribatlara başladılar. Ermənilər əvvəlcə tək-tək qətllər törədir, basqın edərək azərbaycanlılara məxsus mal-heyvanı aparırdılar. Getdikcə daha da mütəşəkkilləşən erməni quldur dəstələri azərbaycanlı kəndlərinə açıq silahlı hücumlar etməyə başladılar. Buna baxmayaraq, Fövqəladə Təhqiqat Komissiyası üzvlərinin dindirdikləri şahidlərin ifadələrində və Cəbrayıl qəza rəisinin 1919-cu il fevralın 17-də Qarabağ general-qubernatoru Xosrov Paşa bəy Sultanova ünvanladığı raportda bildirilirdi ki, "qəzanın bu cür hadisələri böyük təəssüf hissi ilə qarşılayan müsəlman əhalisi heç bir fəal mübarizə yoluna keçməyərək yalnız özlərini və öz əmlaklarını erməni hücumlarından qorumaq üçün müdafiə mövqeyi tutmuş və ermənilərə qarşı heç bir qanunsuz hərəkətə yol verməmişlər. Buna da sübut odur ki, bütün bu müddət ərzində erməni kəndlərindən heç biri müsəlmanlar tərəfindən zərər görməmişdir". Məruzədə 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində Cəbrayıl qəzasında erməni silahlı quldur dəstələrinin azərbaycanlılar yaşayan Eyvazlı, Dolanlar, Şıxlar, Məlikli və digər kəndlərə hücum edərək azərbaycanlı əhalinin əmlakını qarət edib yandırdıqları, mal-heyvanlarını isə sürüb apardıqları haqda çoxlu faktlar sadalanır.
Qarabağda ermənilərin azərbaycanlılara vurduğu ən böyük ziyan isə Şuşa qəzasının ərazisi və həmişə ələ keçirməyə can atdıqları Şuşa şəhəri oldu. Oktyabr çevrilişindən sonra onsuz da hədsiz sursat ələ keçirmiş ermənilər daha sürətlə silahlanmağa başladılar. Silahlı erməni quldur dəstələri cəbhələrdən qaçan fərari erməni əsgər və zabitlərinin hesabına getdikcə daha da çoxalırdı. Şuşa-Qaryagin (Cəbrayıl) və Şuşa-Əsgəran yollarını tamamilə nəzarət altına alan ermənilər həmin istiqamətdə gedib-gələn azərbaycanlıları qarət edir, silahlarını əllərindən alır və bu keçidləri tədricən bütünlüklə azərbaycanlıların üzünə bağlayırdılar. Bu quldur dəstələri getdikcə daha mütəşəkkil hərbi birləşmələrə çevrilirdilər.
Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində göstərilirdi ki, Şuşa şəhərindəki və ətraf kəndlərdəki erməni əhalisi Azərbaycanın hakimiyyətini tanımayıb, bu günə qədər də tanımaq istəmir. Onlar Azərbaycan hökumətinə vergi verməkdən və hər hansı mükəlləfiyyətləri yerinə yetirməkdən imtina edirlər.
Şahidlərin ifadələrinə görə, 1918-ci ilin dekabrında ermənilər Qoqo kəndinin azərbaycanlılar yaşayan 55 evini dağıtmış və yandırmışlar. Mülkədar Cavanşirin də malikanəsini viran edərək ailə başçısı Əsəd ağa Cavanşiri, oğlu Soltan ağanı, qızı İranə bəyimi, qardaşı qızı Fatma bəyimi, evin qulluqçusu və nökərlərini vəhşicəsinə qətlə yetirmiş, bütün avadanlıq, mal-qara və kənd təsərrüfatı alətlərini qarət edib aparmışdılar.
Ermənilər Tuğ kəndinin azərbaycanlılara məxsus hissəsini də dağıtmışlar. 33 evdən ibarət Salakətin kəndini, Şıxımlı, Gövşadlı, Divanlılar və Çərəküz kəndlərini tamamilə dağıdaraq yandırmış, əmlaklarını qarət etmişdilər.
Şahid ifadələrini ümumiləşdirən komissiya qeyd edirdi ki, təkcə Şuşa qəzasında dağıdılmış, yandırılmış, talan edilmiş azərbaycanlı kəndlərində öldürülənlərin sayı 100 nəfərdən çox idi. Öldürülənlər üzərində ağlagəlməz vəhşiliklər edilmişdi. Qəzanın azərbaycanlı əhalisi 100 milyon manatdan çox zərər çəkmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıdakı ingilis komandanlığı ilə razılaşaraq 1919-cu ilin yanvarında Azərbaycanın ayrılmaz hissəsi olan Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları ərazisində ermənilərin törətdikləri soyqırımlarının qarşısını almaq üçün müvəqqəti general-qubernatorluq yaratdı. Buna baxmayaraq, Şuşa şəhərindəki və ətraf kəndlərdəki ermənilər general-qubernatorun hakimiyyətini tanımır, Şuşadakı erməni milli şurasının bütün tapşırıqlarını danışıqsız yerinə yetirirdilər. Şuşa-Gorus, Şuşa-Cəbrayıl yollarını tam nəzarətdə saxlayan ermənilər bu yollarla Şuşa ermənilərinə gizli yardım, silah-sursat gətirirdilər. 1919-cu il iyunun 1-də çoxlu sayda silahlı ermənilərin gizli yolla şəhərə daxil olması barədə məlumat alan Şuşadakı Azərbaycan hakimiyyət orqanları azərbaycanlılara məxsus Üçtığ yüksəkliyində gözətçilərin sayını artırdı. İyunun 4-də Üçtığ yüksəkliyi tərəfdən gözlənilmədən başlayan atışma tezliklə bütün şəhəri bürüdü. 50 nəfərə yaxın silahlı erməni qulduru azərbaycanlı əsgərlərin səngərlərinə hücum etdi. Nəticədə 3 nəfər azərbaycanlı əsgər qətlə yetirilmiş, ermənilərdən isə hücuma rəhbərlik edən Arzumanov və digərləri məhv edilmişdi.
Azərbaycanın yüzlərlə kəndini yerlə yeksan edən, əhalisinə qarşı tarixdə görünməmiş vəhşiliklər törədən ermənilər bütün bu faktları saxtalaşdırır, özlərini "zərərçəkən" kimi qələmə verir, azərbaycanlılara və Azərbaycan hökumətinə qarşı təbliğat aparır, bütün dünyaya haray-həşir salırdılar.
Ermənilərin bütün pozuculuq hərəkətlərinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ciddi səyləri nəticəsində 1919-cu il avqustun sonlarında Azərbaycan hökuməti ilə erməni milli şurası arasında bəyannamə imzalanmışdı. Bu bəyannamə ilə Qarabağ erməniləri Azərbaycan hökumətinin hakimiyyətini tanıyır, Azərbaycan hökuməti isə onlara mədəni-milli muxtariyyət hüququ verirdi. Lakin bütün bunlara baxmayaraq, Qarabağ erməniləri gizli olaraq yeni təxribatlara hazırlaşırdılar. Belə təxribatlardan biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü törədilmişdi. Martın 23-də bütün günü Şuşada atışma getmiş və günbatana yaxın qiyamçılar Azərbaycan ordu hissələrinin qarşısında duruş gətirə bilməyərək şəhəri tərk etmişdilər.
Qarabağın Cavanşir və Zəngəzur qəzalarının erməni əhalisi də qiyam qaldırıb Azərbaycan əhalisi və əsgərləri üzərinə hücum etmişdilər. Lakin hər yerdə erməni-daşnak quldur birləşmələrinə ağır zərbələr endirilmiş, onların hücumları dəf edilmişdi. Ermənilərin gizli şəkildə hazırlaşdıqları hücum planları puça çıxmışdı.
1920-ci ilin aprel işğalınadək Qarabağ erməniləri öz iddialarından əl çəkməmişdilər. İki cəbhəyə işləməyi məharətlə bacaran ermənilər, bir tərəfdən, Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışmış, digər tərəfdən də bolşevik ordusunun Azərbaycana müdaxiləsini asanlaşdırmaq məqsədilə Sovet Rusiyası ilə əlaqəyə girərək 1920-ci ilin yazında Moskvanın sifarişi ilə qiyam qaldırmış Azərbaycan ordusunun əsas qüvvələrini Dağlıq Qarabağa cəlb etməyə nail olmuşdular. Bununla da Azərbaycan hökuməti öz hərbi qüvvələrinin ölkənin şimali sərhədlərini keçmiş bolşeviklərə qarşı yönəldə bilməmişdi.
(Ardı var)
Hazırladı: Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2010.- 19
mart.- S. 10.