Azərbaycanlıların
soyqırımı planlı şəkildə həyata
keçirilib
Azərbaycanlıların ermənilər tərəfindən ikinci soyqırımı 1917-ci ildə Qərbi Azərbaycandan başlamış, 1918-ci ilin iyul ayınadək Bakıda davam etdirilmişdir. Soyqırıma hazırlıqla əlaqədar ermənilər güclü silahlanırdılar. Birinci Dünya müharibəsi zamanı (1914-1918-ci illər) şərq cəbhəsində rus qoşunlarının tərkibində vuruşan erməni zabit və əsgərləri öz silahları ilə birlikdə fərarilik edərək Bakıda və Azərbaycanın digər bölgələrində cəmləşirdilər. Bolşevik cildinə girmiş daşnak Stepan Şaumyana bu cür inandığı hərbi qüvvələr gərək idi.
Odur ki, o, bu vəhşiləri dərhal hərbi səfərbərliyə aldı. Təcrübəli və yaxşı təlim görmüş fərari erməni zabitləri Daşnaksütyun partiyası üzvlərindən və könüllü ermənilərdən çoxsaylı silahlı dəstələr yaradaraq onları təlimatlandırırdılar ki, baş verəcək olaylarda Azərbaycan türklərinə aman verməsinlər. Erməni milyonçuları bu işə böyük sərmayələr buraxırdılar. Düşünürdülər ki, Azərbaycan türklərini nə qədər çox qırsalar, bir o qədər tez Bakıya və Azərbaycan torpaqlarına yiyələnərlər.
Azərbaycan türklərinin əksəriyyəti bolşevik ideologiyasını qəbul etmirdi. Rusiya və Azərbaycan bolşevikləri, eləcə də erməni siyasi və ictimai təşkilatları Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin mart ayında elan ediləcəyindən çox qorxurdular. Daşnak-bolşevik Stepan Şaumyan Moskvaya, Stalinə 3 mart 1918-ci il tarixdə göndərdiyi xəbərdarlıq məktubunda bildirirdi ki, Cənubi Qayqazda Rusiyadan ayrılmaq məsələsi artıq həll olunub və tələb edirik ki, Azərbaycan türklərinə qarşı ciddi tədbir görmək lazımdır, onun müstəqil dövlət kimi yaradılmasının qarşısı alınmalıdır.
Lenin hökuməti dərhal Bakıya erməni, rus, gürcü, yəhudi və s. millətlərdən ibarət bir dəstə təcrübəli bolşevik göndərdi. Bolşeviklər və daşnaklar hələ 1917-ci il noyabr ayının əvvəllərində Bakını iki hissəyə - erməni və müsəlman məhəllələrinə böldülər. Bundan sonra bolşeviklər və daşnaklar birləşib şəhərin müsəlman hissəsində bütün evlərdən nəinki silahları, hətta çörək bıçaqlarını da yığdılar.
Şaumyan Leninə və Stalinə 3 mart 1918-ci il martın 3-də ünvanladığı məktubda yazırdı: "Daşnaklar üçün ayrılmış top-tüfəngi elə rəsmiləşdirin ki, məsələnin qəti həlli (qırğının həyata keçirilməsi - N.K.) burada məndən asılı olsun. Biz isə məsələni vəziyyətə görə həll edərik".
Lenin dostu Şaumyanı müvəqqəti fövqəladə komissar təyir etdi. Lenin Şaumyana Şərqi Anadoluda erməni muxtariyyətı yaratmaq üçün mandat da vermişdi. Leninin hüququ çatırdımı belə bir mandat verməyə? Əlbəttə, yox! Lakin Şaumyanın bu vəzifəyə təyin edilməsi əsla Leninlə dostluğundan irəli gəlmirdi. Sadəcə, Lenin yaxşı bilirdi ki, Cənubi Qafqazda Azərbaycan türkünün olmamasında, paytaxtı Bakı olmaqla "Böyük Ermənistan"ın yaradılmasında Şaumyan çox maraqlıdır. Azərbaycan türklərini məhv etmək yolu ilə də olsa, Bakı Xalq\ Komissarları Soveti adında Rusiyaya sadiq əldəqayırma hökumət yaradacaq. Bakı neftini Rusiyaya müftə axıdacaq.
Soyqırımı faciəsinin qarşısını almaq üçün Nəriman Nərimanov martın 18-nə hələ xeyli qalmış -1918-ci il yanvarın 21-də Həmyerlilərin Beynəlmiləlçi Fəhlələr İttifaqının ümumi yığıncağında gözlənilən fəlakət barədə xəbərdarlıq edərək demişdi: "...Bizim sərmayəçi siniflərimizə 1905-ci ilin erməni-müsəlman qırğını gülümsəyir". O, təkrarən 1918-ci il martın 19-da qanlı hadisələrin qırşısını almaq, müharibəni dayandırmaq üçün bütün tədbirlərin görülməsi xahişi ilə fövqəladə komissar S.Şaumyana və Fəhlə Deputatları Sovetinin sədri Caparidzeyə müraciət etmişdi. Lakin buna əhəmiyyət verən olmamışdı.
O vaxt rus dilində nəşr edilən "Qruziya" qəzeti soyqırımla əlaqədar yazırdı: "EOna məlumdurmu ki, Tuz kəndində bütöv bir hovuz kəsilmiş müsəlman başları ilə doldurulmuş, üzlərini isə qan silələmişdi və sağ qalan müsəlmanları hovuzdan aşıb-daşan bu qanla dəstəmaz almağa məcbur etmişlərE Qars quberniyasında Aleksandropolda, Ərdahanda və s. yerlərdə musəlmanların ermənilər tərəfindən döyülməsinin bütün təfərrüatı ona məlumdurmu?
EOna məlumdurmu ki, 1917-ci il may ayının 24-də Pirimovun başçılığı ilə beşinci erməni taboru Sorbəyliqala kəndində 400 qadın və uşağı qırmışdır? Ona məlumdurmu ki, məşhur Dro mütəşəkkil erməni qoşununun köməyi ilə dəmir yolunun hər iki tərəfində müsəlman əhalini soyub qıraraq, buna onunla haqq qazandırırdı ki, bu bölgəni müsəlman əhalidən "təmizləmək" lazımdır?
Ona məlumdurmu ki, ermənilər müsəlman əhalini necə döymüşlər? EErməni əsgərlərinin müsəlman qadınının qarnını yararaq bətnində artıq formalaşmış uşağı çıxarıb onun başını kəsmələri kimi vəhşiliklərin fotoşəkillərini görübmü?
Ona məlumdurmu ki, Aleksandropolda erməni dəstələri "öz toplarının gücünü müsəlman evlərinə atəş açmaqla yoxlayırdılar?"
Şaumyan Azərbaycan ziyalılarını məhv etməyi əvvəlcədən planlaşdırmışdı. Artıq martın ortalarında bolşevik-daşnak hərbi-siyasi bloku qırğını başlamağa tam hazır idi. Bundan duyuq düşən müsavatçılar martın 14-də onlardan alınmış silahların saat 16-dək qaytarılmasını tələb etdilər. Lakin silahlar qaytarılmadı, əvəzində saat 16-da Bakının şimal hissəsində atəş açıldı. Demə bu atəş Azərbaycan türklərinin soyqırımına ölkənin şimalında da başlamaq üçün işarə idi.
1918-ci il martın 18-də döyüş təcrübəsi olan Baksovetin 6 minlik qoşunu və 5 minə qədər daşnaklardan, 9 min mülki ermənidən ibarət, təpədən-dırnağadək silahlanmış əsgər və zabitləri azərbaycanlılar yaşayan məhəllələrə hücum edərək amansız soyqırımına başladılar.
Menşevik qəzeti "Naş qolos" bu hadisələri milli soyqırımı adlandırdı. Digər arxiv sənədində deyilir: "Vətəndaş müharibəsi Bakıda martın 18-də başladı. Qəti bildiririk ki, martın 19-da gündüz saat 12-də vətəndaş müharibəsi millətlərarası qırğına çevrildi. Bakı Sovetinin və ermənilərin birləşmiş vəhşi "beynəlmiləlçi" qoşunu silahsız yerli azərbaycanlılar tərəfindən müqavimətə rast gəlməyərək daha da azğınlaşdı.
Top atəşi də öz işini görmüşdü. Təzəpir məscidinin ecazkar binasındakı nəhəng yaralar tezliklə sağalmayacaqdır. Bütün Sahil küçəsi də özünün əvvəlki görkəmini tezliklə almayacaqdırE Hər yerdə kişi, qadın və uşaq meyitləri qıc olmuş, eybəcər hala salınmış, yandırılmışdı...
"Qeyri-müsəlman əhali evlərdə qapanmışdı. Lakin müsəlmanlar tərəfindən onlara münasibət yaxşı idi. Bir çox yerlərdə müsəlmanlar çörək, su və s. gətirirdilər. Məhbuslar (müsəlmanlardan başqa) buraxılmışdılar.
Atəş və talanların dəhşətlərinə müsəlmanlar məruz qalırdılar. Əli düyünçəli qadınlar, qocalar küçələrlə qaçışırdılar".
"Hümmət" təşkilat komitəsi və Nərimanov Azərbaycan türklərinin və müsəlman əhalinin məhvinin dayandırılmasını Şaumyandan qəti surətdə tələb etsə də, Şaumyan bu tələbə məhəl qoymadı və nəticədə yalnız Bakıda qısa müddətdə 12 mindən artıq Azərbaycan türkü amansızcasına məhv edildi.
Fürsətdən istifadə edən Şaumyan bu zaman Qubaya da divan tutdu. O, Amazaspın başçılığı ilə oraya toplu-tüfəngli iri qoşun dəstəsi göndərdi. Bu, əslində cəza dəstəsi idi. Ermənilər şəhərə daxil olduqları elə ilk gündə 2 min kişi və qadın, uşaq məhv etdilər. Onlar bu dəstəyə heç rus əsgərlərini də daxil etməmişdilər. Hamısı insanlığın düşməni olan erməni başkəsənləri idi. Amazaspın dəstələri tərəfindən Qubada 4 milyon naqd pul, 4 milyon yarım qızıl əşyalar və qyimətli daşlar, 25 milyon dəyərində müxtəlif əşyalar və qida məhsulları oğurlanmışdır.
Öz mövqelərini möhkəmlətmək üçün Şaumyan inqilabı müdafiə komitəsi yaradıb, bütün təşkilatları özünə tabe etdi. Komitənin 6 üzvündən dördü erməni idi. Bir qədər sonra başda Şaumyan olmaqla Bakı Xalq Komissarları Soveti adında hökumət yarandı və Azərbaycan nefti, başqa sərvətlər arasıkəsilmədən Rusiyaya daşınmağa başladı.
1918-ci ildəki mart qırğınlarını həmişə "Müsavat"ın üzərinə atırdılar.
Bakının ermənilər yaşayan hissəsində toy-bayram, azərbaycanlılar yaşayan hissəsində isə ağlaşma idi. Həmin günlərin birində Bakı Soveti başda Şaumyan olmaqla, öz qanlı qələbəsini, hərbi-siyasi cinaytələrini təhlil edib yekun vururdu. Birdən heç də Azərbaycan türklərini sevməyən, lakin Şaumyangilin törətdiyi cinayətlərdən heyfslənmiş Bakı Sovetinin üzvü Ayolla mart qırğınlarının bilərəkdən, qərəzlə hazırlanıb törədildiyini hərarətlə danışmağa başladı. O, Şaumyanın düz üzünə baxıb dedi:
- Erməni milli şurasının verdiyi və Şaumyanın imzaladığı 1 saylı qərar nə qərar idi? EŞəhəri iki hissəyə (erməni və müsəlman hissələrə - N.K.) bölən hissələri siz yaratmadınızmı? Mən bu vətəndaş müharibəsində öldürənlərə baxmağa gedirdim, mən yalnız müəyyən kasıbları görürdüm, mən əksinqilabçıları görmədim...
Şaumyan soyqırımından sonra da erməni milli şurasının silahlı dəstələrini buraxmadı. Əksinə, o, belə bir qərar da qəbul etdi: "Ebütün quldur qəsəbələri (yəni, azərbaycanlıların yaşadığı bütün qəsəbələr - N.K.) məhv etməkdən ötrü Lənkərana və Muğana hərbi gəmilərdən, barkaslardan və hidroplanlardan ibarət cəza ekspedisiyası təyin edilsin".
1918-ci il iyunun 7-də Bakı Sovetinin növbəti iclası keçirilirdi. Müzakirə qurtaranda Bakı Sovetinin daşnak fraksiyasının liderlərindən olan Zərəfyan onlara söz verilmədiyini və mart hadisələrinin birtərəfli şərh olunduğunu səbəb gətirərək təkidlə söz istədi. Belə olduqda Şaumyan iştirakçılara dedi:
- Yoldaşlar, kişiliyiniz olsun, qulaq asın!
Zərəfyana söz verilir və o çıxışını belə bitirir: yaranmış ağır vəziyyətin səbəbkarı bolşeviklərdir. Qoy təhqiqat təyin olunsun, o, bunu sübut edər. Şaumyan isə çox narahat oldu və qalxıb əsəbi halda dedi:
- Təhqiqat təyin olunmayacaq. Heç kəs də onun sübutlarını dinləməyəcək!
Sovet dövründə ermənilərin 1918-ci ildə Bakıda törətdikləri qırğınlardan da yazmağa qoymurdular. İndi zaman başqadır. Ermənilər bu cinayətkar əməllərinə görə də cavab verməli olacaqlar. Bir vaxt o gün də gələcək.
Nizami KAZIMOĞLU,
Professor
Azərbaycan.- 2010.- 19
mart.- S. 10.