Soyqırım qurbanlarının
xatirəsi əziz tutulur
1918-ci ildə respublikamızın bir çox rayonlarında olduğu kimi Lənkəranda əhali erməni təcavüzünə məruz qalıb. Gəmilərlə dənizdən gəlib rayon ərazisinə soxulan daşnaklar dinc əhalinin başına min bir oyun açmışlar. Xüsusilə, Sitəmurdov kəndindəki amansızlıqlar nəticəsində yüzlərlə insan, qoca, qadın, vəhşicəsinə qətlə yetirilib. Sonralar - sovetlər birliyi zamanı da çörəyimizi yeyib, üzümüzə gülən xainlər düşmənçilik niyyətlərini həyata keçirmək üçün mir bir dona girib məqam gözləmişlər.
Ötən əsrin 80-ci illərinin axırlarından başlayaraq qoltuğuna sığındığı imperiya ordusunun yaxından köməyi ilə torpaqlarımızın 20 faizini işğal edib, dinc əhalimizi qırıb, 1 milyondan çox sakin öz dədə-baba torpaqlarından didərgin düşüb. Xocalı şəhərində böyükdən kiçiyə, qocadan uşağa, yüzlərlə insana divan tutuldu, şəhərlə yerlə-yeksan edildi. Lənkəran şəhərində həm 1918-ci il 31 Mart, həm də Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır. Bu günlərdə yolum yenə Lənkərana düşmüşdü. Tanışlarla söhbət edərkən söz-sözü çəkdi. ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin uydurma "erməni soyqırımı"nın tanınması barədə qəbul etdiyi qərarı onlar da qəzəblə pislədilər. Dedilər ki, konqresmenlər ədalətpərəstdirlərsə nə üçün türklərin arxivləri açmaq təşəbbüsünü qulaqardına vururlar? Nə üçün ortada bu qədər dəlillər, sübutlar ola-ola Xocalı soyqırımına biganə yanaşırlar?
Lənkəran Şəhər Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli də bununla bağlı yana-yana danışdı:
- Ermənilər xalqımıza qarşı həmişə düşmən mövqeyində olublar. Fürsət düşən kimi bəd niyyətlərini həyata keçirməyə çalışıblar. Onlar 1918-ci ildə Azərbaycanın bir çox əyalətlərinə, o cümlədən Lənkərana hücum edərək qırğınlar törətmişlər. Bacım deyir ki, 1950-ci illərdə Lənkərandakı meşə idarəsində Akop adlı bir erməni işləyirdi. Qonşu olduğumuzdan arvadı Susanna tez-tez bizə gəlirdi. Bir gün xəmir yoğuranda hiss etdim ki, əlimi nəsə kəsdi. Sən demə, xain xislətli erməni qadın unun içinə şüşə qırıntısı atıbmış. Keçən əsrin sonunda, SSRİ dağılanda onlar yenə içlərində yaşatdıqlarını biruzə verdilər. Torpaqlarımızı zəbt etməyə, soydaşlarımızı vəhşicəsinə qırmağa başladılar. Xocalı faciəsi isə bu vəhşiliyin ən yüksək dərəcəsi idi. Dediyim odur ki, biz bədnam qonşularımızı bundan sonra yaxşı tanımalıyıq. Bununla əlaqədar vaxtaşırı olaraq məktəblərdə, orta ixtisas və ali təhsil ocaqlarında və digər yerlərdə uşaqlar, gənclər arasında olur, bu məsələ ilə əlaqədar söhbətlər, fikir mübadilələri aparırıq.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov isə görülən işlərdən söz açdı:
- Xocalı faciəsi ən yeni tariximizin qanlı səhifəsidir. Tarix isə unudulmamalı, ibrət dərsi olmalıdır. Gənclər təşkilatı olaraq bu sahədə fəallıq göstərməyə, hadisənin mahiyyətini hər məktəbliyə, tələbəyə çatdırmağa çalışırıq. Faciənin 18-ci ildönümü ərəfəsində idarəmiz "26 fevral 1992-ci il Xocalı soyqırımına biganə qalmayın!", "Elektron-poçt kampaniyasına sən də qoşul" layihəsini həyata keçirmişdir. Fevralın 19-da start verilmiş bu layihəyə minlərlə lənkəranlı gənc qoşularaq dəhşətli faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün ABŞ senatorları və konqresmenlərinə, Avropa Parlamenti üzvlərinə, müxtəlif ölkələrin mətbuat orqanlarına, televiziya verilişləri şirkətlərinə, radio mərkəzlərinə, Avropa Birliyi nümayəndələrinə, beynəlxalq hüquq müdafiəçilərinə, xarici universitetlərə, ölkəmizdə olan xarici ölkələrin səfirlərinə, konsulluqlara, daimi nümayəndəliklərə və digər qurumlara göndərmişlər.
Fevralın 25-də isə 600-dən çox lənkəranlı gənc soyqırım qurbanları abidəsini ziyarət etdikdən sonra N. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında "Vicdanın hökmü" tamaşasına baxmışlar. Tamaşadan öncə Xocalı Soyqırımı mövzusunda gənclərin rəsm işlərindən ibarət sərgi keçirilmişdir. Şəhər Gənclər və İdman İdarəsi tərəfindən Xocalı Soyqırımı haqqında məlumatları əks etdirən 1000-dən çox broşura çap etdirilmiş və tədbir zamanı gənclərə paylanmışdır.
Seyran CAVADOV
Azərbaycan.- 2010.- 19
mart.- S. 10.