Bakıda müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi olmuşdur

 

Martın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yaxınlığında inşa olunacaq müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Zavodun eskiz layihəsi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, ötən ilin noyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Dövlət İnvestisiya Şirkəti (ADİŞ) və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti arasında zavodun inşasına və istismarına dair Anlaşma Memorandumu imzalanmışdır. Layihədə ARDNŞ 65 faiz, ADİŞ 25 faiz, "Keppel Offshore & Marine" şirkəti isə 10 faiz iştirak payına sahibdirlər. İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edəcəkdir. Zavodun tikintisinin təqribən 2 ilə başa çatdırılması nəzərdə tutulur. Müəssisə işə düşəndən sonra ilkin mərhələdə burada min, 3-5 ildən sonra isə 1700-2000 nəfər işlə təmin olunacaqdır.

Zavodun ümumi torpaq sahəsi 520 min kvadratmetr, dəniz sahəsi 360 min kvadratmetr, ümumi qapalı istehsal sahəsi 75 min kvadratmetr, dalğaqıran divarının uzunluğu 1200 metr, körpülərin ümumi uzunluğu 1630 metr olacaqdır. Üzən dokun uzunluğu 250 metr, eni 50 metr nəzərdə tutulmuşdur. Gələcəkdə uzunluğu 300 metr, eni 100 metr olan quru dokun tikintisi də planlaşdırılır. Bu məqsədlə sahə ayrılmışdır. Zavodda yükgötürmə qabiliyyəti 300 ton olan əsas kran quraşdırılacaqdır.

Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker (yaxud 60-70 min ton yükgötürmə qabiliyyəti olan 2 "Caspian Max" tipli tanker) və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaqdır. Gələcəkdə peşəkar işçi qüvvəsinin sayını çoxaltmaqla zavodun istehsal gücünü artırmaq da mümkündür.

Tikinti işlərini "Keppel Corporation" şirkətinin törəmə müəssisəsi olan "Keppel Offshore & Marine" həyata keçirəcəkdir.

Prezident İlham Əliyev monitorda zavodun layihə görüntülərini izlədi və maketinə baxdı.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

 

 

Azərbaycan.- 2010.- 20  mart.- S.  2.