Bakıda
müasir standartlara cavab verən gəmiqayırma zavodunun
təməlqoyma mərasimi olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyev mərasimdə iştirak
etmişdir
Prezident İlham Əliyevin çıxışı
- Əziz dostlar, bu gün çox
gözəl, çox əlamətdar bir gündür. Bu
gün Bakıda yeni böyük gəmiqayırma zavodunun
təməl daşını qoyuruq. Mən bu
münasibətlə sizin hamınızı ürəkdən
təbrik edirəm.
Gözəl
bayram ərəfəsində Azərbaycanda nəhəng
sənaye obyektinin təməl daşının qoyulması
xüsusilə böyük əhəmiyyət
daşıyır. Çünki bu hadisə bir də onu göstərir
ki, Azərbaycan çox uğurla inkişaf edir.
Azərbaycanda ölkəmizin inkişafı üçün
bütün lazımi tədbirlər görülür.
Baxmayaraq ki, 2009-cu il dünya tarixində böhran ili kimi
qalacaqdır. 2010-cu ildə də, deyə bilərəm ki,
dünyada böhranlı vəziyyət hələ tam aradan
qaldırılmayıb. Bu gün Bakıda, Azərbaycanda 100
milyon dollarla ölçülən böyük investisiya
layihəsi başlayır. Bu, doğrudan da böyük
əhəmiyyətə malik olan hadisədir. İlk
növbədə onu göstərir ki, Azərbaycanda
inkişaf sürətlə davam edir. Azərbaycan
qarşıya qoyduğu bütün vəzifələri
uğurla icra edir. Eyni zamanda, bizim siyasətimizin
nəticəsi olan bu zavodun tikintisi sənaye imkanlarımızı
daha da gücləndirəcəkdir. Biz indi Azərbaycanda
böyük sənayeləşmə siyasətini
aparırıq. Bu proses uğurla gedir. Bakıda, digər
şəhər və rayonlarımızda nəhəng
infrastruktur layihələri icra edilir. Bir müddət bundan
əvvəl Qaradağ rayonunda böyük sement zavodunun
təməl daşı qoyulmuşdur, bu gün
gəmiqayırma zavodunun təməl daşı qoyulur. Bir
sözlə, bu zavod ölkəmizin iqtisadi və sənaye
potensialının gücləndirilməsi üçün
çox mühüm rol oynayacaqdır. Zavodun tikintisinə
böyük ehtiyac vardır. Bu gün bizim tələbatımız
artır.
Azərbaycanda kifayət
qədər böyük donanma mövcuddur. Dövlət Neft
Şirkətinin və Xəzər Dəniz
Gəmiçiliyinin gəmilərinin ümumi sayı haradasa
350 təşkil edir. Onların təmirinə böyük
ehtiyac vardır. Eyni zamanda, bu gün biz xaricdən
gəmilər və tankerlər alırıq. Təkcə son
6 il ərzində Xəzər Dəniz Gəmiçiliyi 10
tanker, bir neçə quru yük gəmisi və
bərələr almışdır. Bunu biz xaricdən
almışdıq. Ona görə ki, Azərbaycanda gəmi
istehsal etmək üçün imkanlar yox idi. Bundan sonra
isə Azərbaycanın tələbatını ödəyə
biləcək bütün növ gəmilər
ölkəmizdə istehsal olunacaqdır. Eyni zamanda, ixrac
potensialımızın gücləndirilməsi
üçün də zavodun böyük əhəmiyyəti
olacaqdır. Mən ümid edirəm ki, bax bu
gün göstərilən bu təqdimatda nəzərdə
tutulmuş bütün vəzifələr uğurla və
vaxtında icra olunacaq, iki il ərzində zavod öz
fəaliyyətinə başlayacaqdır və biz
Azərbaycanda rəqabətqabiliyyətli, gözəl,
müasir məhsulun istehsalına nail olacağıq.
Zavodda ən qabaqcıl, ən müasir texnologiyalar tətbiq
ediləcəkdir.
Zavodun tikintisi, ümumiyyətlə
Azərbaycanda aparılan iqtisadi siyasətin nəticəsidir.
Qeyri-neft sektorunun inkişafı bizim üçün prioritet
məna daşıyır. Xarici şirkətlərlə əməkdaşlığımız
uğurla davam edir. Bu
əməkdaşlığın güclənməsində
Dövlət Neft Şirkətinin böyük rolu vardır.
Çünki bizim böyük xarici şirkətlərlə
əməkdaşlığımız məhz neft
sənayesindən başlamışdır və bu gün bu
əməkdaşlıq başqa sahələri də
əhatə edir.
Zavodun tikintisi beynəlxalq
əməkdaşlığın nəticəsidir. Zavodun
əsas səhmdarları Azərbaycan şirkətləridir.
Azərbaycan Dövlət Neft Şirkəti zavodun
payının 65 faizinə malikdir. Azərbaycan Dövlət
İnvestisiya Şirkətinin payı 25 faizdir və
beynəlxalq şirkətin - "Keppel" şirkətinin
payı 10 faizdir. Beləliklə, bu beynəlxalq
əməkdaşlıq əminəm ki, Azərbaycanda yeni,
gözəl, müasir sənaye obyektinin yaranmasına
gətirib çıxaracaqdır. Mən "Keppel"
şirkətinin fəaliyyətini xüsusilə vurğulamaq
istəyirəm. Bu gün bizimlə bərabər Sinqapurun
xarici işlər naziri də bu mərasimdə iştirak edir.
Mən onu bir daha salamlayıram.
"Keppel"
şirkəti 10 ildən artıqdır ki, Azərbaycanda
fəaliyyət göstərir. Bu fəaliyyət çox
uğurludur. Bu fəaliyyət nəticəsində
Azərbaycanın neft-qaz potensialının tam şəkildə
işə salınması üçün çox lazımi
infrastruktur qurğuları yaradılıbdır. Bu zavodun
tikintisi isə "Keppel"lə Neft Şirkəti
arasında əməkdaşlığın yeni
mərhələsidir. Biz çox şadıq ki,
dünyanın aparıcı beynəlxalq şirkətləri
Azərbaycana sərmayə qoyurlar, eyni zamanda, Azərbaycanda
podratçı kimi də fəaliyyət
göstərirlər. Bu, bizim imkanlarımızı daha da
genişləndirəcəkdir.
Azərbaycan Dövlət
Neft Şirkəti isə, öz növbəsində, artıq
beynəlxalq şirkətə çevrilibdir. Şirkətin
çox böyük potensialı var, böyük infrastruktura
malikdir. Azərbaycanda neft-qaz hasilatı ildən-ilə
artır. Neft-qaz potensialımızı tam şəkildə
realizə etmək üçün bütün infrastruktur
layihələri vaxtında icra edilir. Neft-qaz
kəmərləri tikilibdir və bu gün Azərbaycan
neft-qaz ixracatını şaxələndirilmiş formada
həyata keçirir. Bu, əlbəttə ki,
imkanlarımızı daha da gücləndirir. Azərbaycan
Dövlət Neft Şirkəti beynəlxalq
fəaliyyətdə də özünü artıq
göstərib. Xaricə böyük həcmdə
sərmayələrin qoyulması neft şirkətimizi
beynəlxalq şirkət kimi də dünyaya təqdim edir. Bu gün dünyanın aparıcı enerji
şirkətləri sırasına daxil olmuş Azərbaycan
Dövlət Neft Şirkəti əminəm ki,
gələcəkdə də öz imkanlarını
genişləndirəcək, ölkəmiz üçün
lazım olan yeni layihələri uğurla icra edəcəkdir.
Əhalini təbii qazla təmin etmək
üçün öz imkanlarını daha da
artıracaqdır. Çünki bizim enerji
təhlükəsizliyimizin mənbəyi Dövlət Neft
Şirkətinin hasil etdiyi təbii resurslardır.
Əlbəttə ki, bu resurslar ondan sonra elektrik enerjisinə
çevrilir, ondan sonra qaz təminatı təmin olunur.
Ancaq ilkin mənbə Neft Şirkətinin fəaliyyətidir
və əminəm ki, Azərbaycan neftçiləri
həmişə olduğu kimi, bu sahədə də öz
peşəkarlığını
göstərəcəklər. Bu sahə birbaşa neft-qaz
əməliyyatları ilə bağlı olmasa belə,
yenə də bu zavodun fəaliyyəti Azərbaycanda neft-qaz
sənayesinin inkişafına böyük təkan
verəcəkdir.
Azərbaycan İnvestisiya
Şirkətinin fəaliyyətinə gəldikdə isə,
bu şirkət nisbətən bu yaxınlarda
yaradılmışdır. Şirkətin əsas
məqsədi yerli və xarici investisiyaları Azərbaycan
üçün vacib olan sahələrə cəlb
etməkdir. Azərbaycan Dövlət İnvestisiya
Şirkəti bu məqsədlə yaradılmışdır.
Bu vaxta qədər şirkət tərəfindən həyata
keçirilən layihələr uğurlu olmuşdur. Bu
layihələr bizə lazım olan sahələrə
investisiyaların cəlb olunması işində çox
mühüm rol oynayır. Bu zavodun tikintisi, eyni zamanda,
Azərbaycan Dövlət İnvestisiya Şirkətinin
fəaliyyəti hesabına baş verir.
Çünki
şirkətin əsas vəzifəsi xaricdən
investisiyaları cəlb etmək, investisiya
layihələrində ilkin mərhələdə səhmdar
kimi iştirak etmək və eyni zamanda, yerli şirkətləri
də bizim üçün lazım olan böyük
layihələrə cəlb etməkdir. Tikiləcək
bu zavodun timsalında biz bütün bu amilləri
görürük. Bu, bir daha onu göstərir ki, Azərbaycan
İnvestisiya Şirkətinin yaradılması çox
düzgün və vaxtında atılmış addım idi.
Bu qərar və onun icrası artıq gözəl
nəticələrə gətirib çıxarır.
Bizim, ümumiyyətlə,
iqtisadiyyatımızın bütün sahələri, o
cümlədən nəqliyyat sektoru da inkişaf edir.
Nəqliyyat sektorunda çox böyük nailiyyətlər
vardır. Nəqliyyatın bütün növləri
üzrə konkret layihələr, proqramlar vardır və
onlar icra edilir. Bütün bölgələrdə avtomobil
yolları tikilir, avtonəqliyyat sistemi yaxşılaşdırılır.
Metro tikintisi Azərbaycanda son illərdə sürətlə
gedir. Son illərdə ildə bir yeni stansiya istismara verilir
və hazırda Bakıda bir neçə istiqamətdə
işlər aparılır. Dəmir yolunun
modernləşməsi istiqamətində konkret addımlar
atılır. Beynəlxalq maliyyə qurumları ilə
məsələlər həll olunub və dəmir yolunun
modernləşməsi prosesi Azərbaycanda sürətlə
gedəcəkdir. Ölkəmizdə hava nəqliyyatının
inkişafı üçün kifayət qədər
şərait yaradılıbdır. Son illərdə bir
neçə şəhərdə müasir beynəlxalq
aeroportlar tikilibdir. Yeni müasir təyyarələr,
helikopterlər alınır. Dəniz nəqliyyatının
inkişafı üçün praktiki işlər
aparılır. Bu yaxınlarda Zığda yeni dəniz
limanının açılışında iştirak edirdik.
Bu, bizə imkan verəcək ki, bu sahədə də
müasir standartlara çataq. Eyni zamanda, hazırda
Bakının mərkəzində fəaliyyət
göstərən dəniz limanı
köçürüləcək, bu sahə sakinlərin
sərəncamına veriləcək və Bakımız daha
da gözəlləşəcəkdir.
Son illərdə dediyim kimi,
10 tanker alınıbdır. Bu gün biz
Xəzərdə yükdaşıma sahəsində
aparıcı ölkəyik. Bizdə,
haradasa, 350-yə yaxın gəmi vardır və bu zavodun
tikintisi bu sahəni daha da gücləndirəcəkdir. Bir sözlə, hər bir ölkənin
inkişafı üçün vacib olan nəqliyyat
infrastrukturu Azərbaycanda dünya standartlarına bəzi
hallarda tam uyğundur, bəzi hallarda yaxındır. O
hallarda hələ ki, yaxın deyil, biz onu da
yaxınlaşdıracağıq və buna nail
olacağıq.
Mən bu gözəl
gündə, bayram ərəfəsində Azərbaycan
iqtisadiyyatına böyük təkan verə biləcək
və Azərbaycanda yeni sənaye sahəsinin açılmasına
xidmət göstərəcək zavodun təməl
daşının qoyulması münasibətilə
bütün Azərbaycan xalqını təbrik edirəm,
zavodun tikintisi zamanı işləyən bütün insanlara
uğurlar arzulayıram. Arzu edirəm ki, zavod qısa müddət
ərzində, vaxtında və böyük keyfiyyətlə
tikilsin və Azərbaycana uzun illər bundan sonra xidmət
göstərsin.
Qarşıdan gələn bayramınız
mübarək olsun!
* * *
Sinqapurun xarici işlər
naziri Corc Yonq-Bun Yeo mərasimdə çıxış etdi.
Azərbaycan.- 2010.- 20 mart.-
S. 2.