Bakıda müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun çıxışı

 

 - Zati-aliləri, Prezident İlham Əliyev!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Prezident İlham Əliyevin şəxsən iştirak etdiyi ARDNŞ- "Keppel" gəmiqayırma zavodunun təməlqoyma mərasimində sizinlə birgə iştirak etməkdən şərəf hissi duyuram.

Sinqapur ilə Azərbaycan diplomatik münasibətlərini 16 il bundan əvvəl qurmuşlar. Əlaqələrimiz səmimi dostluq əlaqələridir. Rəsmilərimiz beynəlxalq forumlarda lazımi qaydada birgə çalışıblar və 2005-ci ildən etibarən 36 Azərbaycan rəsmisi Sinqapur Əməkdaşlıq Proqramı çərçivəsində Sinqapurda kurslarda iştirak etmişdir.

Mən Azərbaycana səfər edən ilk Sinqapur naziri olmaqdan son dərəcə məmnunam. Elə ötən həftə biz Prezident Əliyevin Prezident Natana ünvanladığı məktubu çatdırmaq üçün Sinqapura gəlmiş ilk Azərbaycan nazirini məmnunluqla qəbul etdik.

İkitərəfli münasibətlərimizdə yeni səhifə açılır. İqtisadi və digər əlaqələrin möhkəmləndirilməsi üçün böyük potensial vardır. Azərbaycan uzunəsrlik tarixə və zəngin mədəniyyətə malik olan ölkədir. Ölkəniz sürətlə inkişaf edir. Bu gün səhər Prezident İlham Əliyev ilə görüş zamanı o, mənə dedi ki, son 6 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 3 dəfə artmışdır. Ötən il qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı 9,3 faizlik templə sürətli artımını davam etdirdi və bu, dünyada ən yaxşı göstəricidir.

Təbii ki, neft və qaz sektoru daha geniş əməkdaşlıq sahəsidir. Baxmayaraq ki, Sinqapurda neft və qaz yoxdur, lakin bizim böyük neft və qaz şirkətlərinin fəaliyyətinə dəstək verən Sinqapurdakı bir çox şirkətlərdən ibarət kimya məhsulları və dənizdə dəstəkləyici xidmətləri təmin edən güclü imkanlarımız vardır. Əminəm ki, onlar Azərbaycandakı imkanları araşdırmaqda çox maraqlıdırlar.

Keçmiş Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın neft strategiyasının həyata keçirilməsi mühüm hadisələrlə nəticələndi. Azərbaycan bir çox beynəlxalq neft şirkətlərini cəlb etdi, bir sıra pay bölgüsü sazişləri imzalandı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin çəkilməsini rəvan şəkildə apardı, dənizdə bir sıra işlənmə layihələrini həyata keçirdi, həmçinin Dövlət Neft Fondu yaradıldı.

Dünya miqyaslı texnologiyanı gətirmək məqsədilə neft strategiyasının bir hissəsi kimi "Keppel" şirkəti 1997-ci ildə Azərbaycana dəvət olundu və ARDNŞ ilə tərəfdaşlıq əsasında tezliklə Bakıda Kaspian Şipyard şirkəti yaradıldı. Bu, regionun ilk beynəlxalq qurğu tikintisi, təmiri və təkmilləşdirilməsi zavodu idi. Bu gün həmin şirkətdə 500-dən artıq azərbaycanlı çalışır. ARDNŞ-"Keppel" alyansı Xəzər dənizində tarixdə ilk dəfə olan digər bir neçə nailiyyətə imza atdı, regionda dünya miqyaslı ilk özüqalxan qazma buruğu, ilk yarımdalma qurğusu və ilk buzadavamlı üzən anbar tikib istismara verdi.

Yeni ARDNŞ-"Keppel" gəmiqayırma zavodunun tikintisi Prezident Əliyevin müəyyən etdiyi neft strategiyasına dəstəkdir. Başa çatdırıldıqdan sonra yeni ARDNŞ- "Keppel" gəmiqayırma zavodu Xəzər dənizində bu tipli ilk müəssisə olacaq və həm mülki, həm hərbi donanma gəmilərini tikmək və təmir etmək imkanına malik olacaqdır. Bu zavodda 2000-dən artıq azərbaycanlının işləyəcəyi gözlənilir.

Azərbaycandakı sinqapurlular və Sinqapurdakı azərbaycanlılar üçün neft və qazdan başqa, araşdırılmalı digər sahələr də vardır. Qloballaşma nəticəsində dünya daha yaxın və əlaqəli olur. Facebookdakı səhifəmdə azərbaycanlı dostumdan xoş təəccüblə öyrəndim ki, hazırda səkkiz azərbaycanlı tələbə yerli universitetlərimizdən birində təhsil alır.

Prezident Əliyevin göstərişləri və dəstəyi ilə mən Azərbaycan və Sinqapur arasında münasibətlərin inkişafını səmimiyyətlə arzulayıram və bütün azərbaycanlı dostlarımızın Novruz bayramını təbrik edirəm.

 

* * *

 

Sonra gəmiqayırma zavodunun təməli qoyuldu. Prezident İlham Əliyev gilizi təmələ buraxdı, beton qarışığı tökdü.

Prezident İlham Əliyev tədbir iştirakçılarını əlamətdar hadisə və Novruz bayramı münasibətilə bir daha təbrik etdi, tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20  mart.- S.  2.