Dövlət Miqrasiya Xidməti üç yaşını qeyd etmişdir

 

Martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 3-cü ildönümü, həmçinin miqrasiya orqanları işçilərinin peşə bayramı münasibətilə təntənəli mərasim keçirilmişdir.

Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üzərinə tər qərənfillər düzmüş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşlar.

Sonra təntənəli mərasim keçirilmişdir. Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov tədbirdə çıxış edərək qurumun yaranma tarixindən, görülmüş işlərdən və qarşıya qoyulmuş vəzifələrdən danışmışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bölgənin lider dövlətinə çevrilmişdir. Sosial-iqtisadi sahədə sürətli inkişaf göstəricilərinə görə təkcə mövcud olduğu regionda deyil, eləcə də dünya miqyasında son bir neçə ildə lider mövqedən çıxış edən Azərbaycan üçün əsas fərqləndirici xüsusiyyətlərdən biri bu dinamik tərəqqinin davamlı xarakter daşıması, möhkəm özüllər üzərində qurulmasıdır.

Sürətli inkişaf ölkədə miqrasiya proseslərinə də ciddi təsir göstərmiş, bu sahədə hərtərəfli tərəqqiyə yol açmışdır.

Hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Dövlət miqrasiya siyasəti Konsepsiyası"nın (2004) gerşəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün "Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı" (2006) təsdiq edilmişdir. Dövlət Miqrasiya Proqramından irəli gələn məsələlərin həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin yaradılmasına yönəlmiş, Prezident İlham Əliyevin 2007-ci il 19 mart tarixli müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmışdır.

Xidmət rəisi bildirmişdir ki, miqrasiya sahəsində dövlət qanunvericiliyinin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində yol verilən nöqsan və sui-istifadə hallarının, tənzimlənməyən miqrasiya proseslərinin mənfi təsirinin aradan qaldırılması, ölkəmizin milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkili Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir. Bu vəzifələr sırasında, həmçinin əmək ehtiyatlarından səmərəli istifadə olunması, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, insan alveri də daxil olmaqla qeyri-qanuni miqrasiyanın qarşısının alınması əhəmiyyətli yer tutur.

Prezident İlham Əliyev dövlət orqanları qarşısında miqrasiya proseslərinin idarə edilməsi sahəsində nəzarətin gücləndirilməsi vəzifəsini qoymuş, bu məqsədlə Dövlət Miqrasiya Xidmətinə miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqinin təşkili, vaxtaşırı hesabatların və statistik məlumatların hazırlanması, həmçinin yeni texnologiyaların tətbiqi ilə vahid uçotun təmin edilməsi tapşırığını vermişdir. Dövlətimizin başçısı tərəfindən 2009-cu il fevralın 6-da imzalanmış müvafiq sərəncama əsasən, fəaliyyəti tam təmin edilmiş Vahid Miqrasiya Məlumat Sistemi ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində tədbirlərin görülməsi üçün əlverişli şərait yaratmışdır. Bu gün ölkə ərazisində miqrasiya proseslərinin idarə edilməsi funksiyasını yerinə yetirən Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduğu dəqiqədən harada olması və nə işlə məşğul olması müşahidə olunur və ciddi nəzarətdə saxlanılır.

Ötən müddətdə mövcud qanunvericiliyə digər əlavələr və dəyişikliklər, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olma müddətləri müəyyən edilmiş, onlara Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün nəzərdə tutulmuş sənədlər təsdiq edilmiş, əcnəbilərin qeydiyyat sistemi təkmilləşdirilmiş, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üzrə əlavə meyarlar müəyyən edilmiş, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət artırılmışdır.

Xidmətin rəisi qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib ölkə ərazisində olma və yaşamalarını qanuniləşdirən əcnəbilərlə yanaşı, qanunvericiliyin tələblərinə riayət etməkdən boyun qaçıranlar da yox deyildir. Qeyri-qanuni miqrasiyanın qarşısının alınması isə respublikamızın milli təhlükəsizliyinin təmini baxımından vacib şərtlərdən biridir. Miqrasiya nəzarəti sistemi qeyri-qanuni miqrasiya ilə bağlı mövcud vəziyyətə adekvat olmalıdır. Miqrasiya prosesləri üzrə idarəetmə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini, insan hüquq və azadlıqlarının, dövlətin milli maraqlarının və təhlükəsizliyinin etibarlı qorunmasını tələb edir. Bu sahədə xarici ölkələrin müvafiq strukturları və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, həmsərhəd dövlətlərlə müqavilə prosesinin fəallaşdırılması, öhdəlikləri müəyyən edən və məsuliyyət nəzərdə tutan müvafiq sazişlərin bağlanması üzrə tədbirlər həyata keçirilir. Nəzarətin gücləndirilməsi üzrə normativ hüquqi aktların, o cümlədən ölkəmizin ərazisindən tranzit keçid qaydaları, daxili miqrasiyanın hüquqi tənzimlənməsi, qeyri-qanuni miqrantların ölkə ərazisindən çıxarılması, müxtəlif dövlət orqanlarının fəaliyyətlərinin səmərəli əlaqələndirilməsi və işin məqsədyönlü təşkili istiqamətində konkret addımlar atılır.

Qeyd edilmişdir ki, Azərbaycan Prezidentinin "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 2009-cu il 4 mart tarixli fərmanının icrası ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsi, bu sahədə operativliyin təmini və həllini gözləyən problemlərin aradan qaldırılmasına imkan vermişdir. 2009-cu il iyulun 1-dən "bir pəncərə" prinsipinin işə düşməsi ilə respublikada miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmiş, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr verilmiş, onların yaşayış yeri üzrə qeydiyyata alınması proseduru sadələşdirilmiş, nəticədə bu sahədə şəffaflığın tam təmin edilməsinə nail olunmuşdur.

Fərmanın icrası ilə bağlı quruma daxil olan müraciətlərin sayı artmış, vahid prinsipin icrasında ciddi nəzarət mexanizmi yaradılmışdır. "Bir pəncərə" prinsipi tətbiq ediləndən bugünədək Dövlət Miqrasiya Xidmətinə 60 mindən artıq müraciət daxil olmuşdur.

A.Rəhimov nəzərə çarpdırmışdır ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə Dövlət Miqrasiya Xidməti tərəfindən 20 iş günü müddətində baxılır. Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər və Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında respublikadan gedir və qayıda bilirlər.

Qanunvericiliyə edilmiş əlavələr və dəyişikliklərdən biri də qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu ilin aprelin 8-də imzaladığı müvafiq fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusunun verilməsidir. Bundan əlavə, 2009-cu il dekabrın 4-də Milli Məclis tərəfindən təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə", həmin Əsasnamənin tətbiqi haqqında dövlətimizin başçısı tərəfindən 2009-cu ilin dekabrın 25-də imzalanmış fərman, Dövlət Miqrasiya Xidmətinin strukturuna edilmiş dəyişikliklərlə bağlı sərəncam, Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında, həmçinin xidmətin rəhbər şəxslərinə ali xüsusi rütbələrin verilməsi haqqında 2010-cu il 17 mart tarixli sərəncamlar Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə həyata keçirilən məqsədyönlü tədbirlərdir.

Miqrasiya sahəsində idarəetmə mexanizminin, o cümlədən Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə xidmət adından dərin minnətdarlığını ifadə edən A.Rəhimov hazırda hər bir əməkdaşın üzərinə düşən vəzifənin və qarşıya qoyulan tapşırıqların düzgün və vaxtında icra edilməsi üçün bütün qüvvə və bacarığını səfərbər etdiyini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, müraciət edənlərin rahatlığının təmin edilməsi, həmçinin xidmətin fəaliyyətinin genişləndirilməsi, regionlarda miqrasiya proseslərinin tənzimlənməsi məqsədilə qurumun regional idarələrinin təşkili işi uğurla davam etdirilir. Bu gün xidmətin Şirvan, Yevlax, Lənkəran regional miqrasiya idarələri fəaliyyət göstərir. Hazırda digər regionlarda idarə və qanunsuz miqrantların saxlanılma mərkəzlərinin yaradılması ilə bağlı tikinti işləri intensiv davam etdirilməkdədir.

Ölkəyə gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya sahəsində mövcud qanunvericilik aktları, eləcə də qanunvericiliyə edilmiş son əlavələr və dəyişikliklərə dair məlumatlandırılmasını təmin etmək məqsədilə ötən müddət ərzində mətbuat konfransları, "dəyirmi masa"lar, hüquqi-maarifləndirici tədbirlər təşkil edilmişdir, ictimaiyyətlə əlaqələr gücləndirilmişdir. Son bir ildə Miqrasiya Məlumat Mərkəzinə 8 mindən artıq müraciət daxil olmuşdur.

Ötən müddətdə xidmətin rəsmi internet səhifəsinin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərməsi, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bu üç dildən onlara daha münasib olan birində "Sual-cavab" xidmətinə, həmçinin qurumun elektron ünvanlarına onları maraqlandıran məsələlərlə bağlı müraciət etməsi və vaxtında hüquqi yardım göstərilməsi üçün lazımi təşkilati tədbirlər həyata keçirilmişdir.

Çıxışının sonunda Arzu Rəhimov Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 3-cü ildönümü, həmçinin miqrasiya orqanları işçilərinin peşə bayramı münasibətilə əməkdaşları təbrik etmiş, xidməti vəzifələrin vaxtında və düzgün yerinə yetirilməsində onlara uğurlar arzulamışdır.

Sonda xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara mükafatlar təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  20 mart.- S.  5.