Azərbaycan yenə
MDB-nin lideri oldu
Bu dəfə
ölkəmiz Dünya
İqtisadi Forumu tərəfindən şəbəkə
hazırlığı indeksinə
görə birinci yerə layiq görüldü
Sosial-iqtisadi inkişaf dinamikasına görə son illərdə
təkcə MDB yox, dünya dövlətləri
arasında lider mövqedən çıxış
edən Azərbaycan sürətli tərəqqini
xarakterizə edən bir çox göstəricilər baxımından
da birincilər sırasında yer almaqdadır. Bu mənada
təsadüfi deyil ki, dünya dövlətlərinin müxtəlif
sahələr üzrə
inkişaf reytinqini özündə əks etdirən hesabatlarda, ayrı-ayrı sənədlərdə
Azərbaycan yüksək
hesab edilən pillələrdə yer alır, bir çox halda MDB ölkələrini geridə
qoyur. Məsələn,
bundan öncə dünyanın nüfuzlu nəşrlərindən hesab
edilən "İnternational
Living" jurnalı ölkələrin
2009-cu il üçün kateqoriyalar
üzrə reytinq göstəricilərinə dair
hesabatda Azərbaycanın
MDB və region ölkələri
arasında ən güclü iqtisadiyyata malik olduğunu bildirib.
Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Hesabatı 2009-2010" adlı
sənədində də
bildirilir ki, qlobal rəqabətlilik indeksi baxımından Azərbaycan MDB-də lider dövlətdir. Dünya
Bankı və Beynəlxalq Maliyyə Korporasiyası dünyanın
183 ölkəsində biznes
qurulması şəraiti
ilə bağlı
"Doing Business-2010" adlı hesabatında bəyan edib ki, sahibkarlıq
fəaliyyətinin rahatlığı
və əlverişliliyi
baxımından Azərbaycan
yenə də bir çox MDB üzvü olan dövlətləri qabaqlayır.
Azərbaycanın inkişaf göstəriciləri
baxımından MDB-də
lider dövlət olmasını təsdiqləyən
hesabatların, sənədlərin
sayını xeyli artırmaq mümkündür. Proseslərin
cərəyan etdiyi məcra, hələ də öz fəsadlarını aradan
qaldırmayan qlobal maliyyə-iqtisadi böhranın
təsirlərindən uğurlu
müdafiə, zamanın
tələblərinə cavab
verən və sürətli tərəqqini
təmin edən strategiya, əslində, qarşıdakı dövr
ərzində də Azərbaycanın bir çox sahələr üzrə inkişaf göstəriciləri baxımından
MDB-nin lideri statusunu daşımaqda davam edəcəyini göstərir. Buna daha bir misal
olaraq Dünya İqtisadi Forumu tərəfindən açıqlanan
"Qlobal İnformasiya
Texnologiyası Hesabatı
2009-2010" adlı sənədi
göstərmək olar.
Əslində, bu hesabat bir daha
ölkəmizdə informasiya-kommunikasiya
texnologiyalarının (İKT) inkişafına nə dərəcədə mühüm
önəm verildiyini bir daha bariz
şəkildə təsdiqləyir,
Prezident İlham Əliyevin tezis xarakterli fikirlərinin uğurla reallaşdığını
göstərir: "Dünyada
sürətlə inkişaf
edən informasiya texnologiyaları sahəsində
biz hər zaman bir addım öndə olmalıyıq,
rəqibləri də,
zamanı da qabaqlamalıyıq. Məhz
bu yanaşma bizə imkan verdi ki,
biz qısa müddət
ərzində Azərbaycanda
informasiya-kommunikasiya texnologiyaları
sahəsində, demək
olar, inqilab yarada bildik".
Sözügedən hesabatdan aydın olur ki, İKT sahəsində həyata keçirilən məqsədyönlü
siyasət nəticəsində
əldə olunan inkişaf göstəriciləri
baxımından Azərbaycan
MDB məkanı üzrə
birinci yerdədir və buna səbəb
olan əsas amil ölkəmizdə qeyd olunan sektorun
tərəqqisini təmin
edən əlverişli
mühitin formalaşdırılmasıdır. Hesabatda əsas
metodoloji vasitə kimi şəbəkə hazırlığı indeksi
götürülüb. Nüfuzlu ekspert və akademiklər tərəfindən
hazırlanan hesabatda vurğulanır ki, qlobal maliyyə-iqtisadi böhran dövründə
ölkəmizin informasiya-kommunikasiya
texnologiyaları (İKT) sektoru
yaxşı inkişaf
göstəriciləri nümayiş
etdirməyib. Bu istiqamətdə Azərbaycanda
müxtəlif kateqoriyalara
diqqət yetirilib və yekun nəticədə
ölkəmiz şəbəkə
hazırlığı indeksinə
görə 64-cü yerə
layiq görülüb
ki, bu da
MDB məkanında ən
yüksək göstəricidir.
Müqayisə üçün qeyd edək ki, sözügedən indeks baxımından qonşu dövlətlərdən
Gürcüstan 93-cü, Rusiya
80-ci yerə çıxıb.
Şəbəkə hazırlığı baxımından ən pis vəziyyət Cənubi Qafqaz dövlətləri arasında
Ermənistandadır. Reytinq cədvəlində
Ermənistan 101-ci yeri
tutub.
"Qlobal
İnformasiya Texnologiyası
Hesabatı 2009-2010" əsas
etibarilə ölkələrin
şəbəkə iqtisadiyyatı
və infrastrukturunun təhlili əsasında hazırlanıb. Burada Azərbaycanın mətbuat azadlığından
tutmuş yerli rəqabətin intensivləşdirilməsi
kimi müxtəlif sahələrdə əldə
edilən göstəricilərə
diqqət yetirilir.
Qanunvericilik bazasına, məhkəmə
müstəqillyinə, mülkiyyət
hüququna, əqli mülkiyyətin müdafiəsinə,
İKT sektoru ilə bağlı qanunlara və digər bu kimi məsələlərə
nəzər salınır.
Bununla yanaşı, ölkəmizdə yaradılan
infrastruktur, biznes hazırlığı, İKT sahəsində
dövlət tərəfindən
həyata keçirilən
özəlləşdirmə, mobil və fərdi
kompüterlərdən fərdi
istifadə, innovasiyalar,
İKT sektorunun inkişafı
üçün dövlətin
əldə etdiyi uğurlar, hökumətin
onlayn xidmət indeksi və digərləri də diqqət yetirilən əsas məsələlər
sırasında yer alır. Bütün bunların nəticəsində
hesabat müəllifləri
belə qənaətə
gəlirlər ki, Azərbaycan şəbəkə
hazırlığı indeksi
baxımından MDB-də
lider dövlətdir.
Xatırladaq ki, bundan əvvəl
İKT İnformasiya Mərkəzinin
araşdırmalarına əsasən,
Azərbaycan informasiya-kommunikasiya
texnologiyalarının dövlət
idarəçilik sistemində
tətbiqi səviyyəsinə
görə də Transxəzər regionunda lider ölkə olub. İKT İnformasiya Mərkəzinin məlumatına
görə, bu istiqamətdə aparılan
təhlil göstərir
ki, Azərbaycan
İKT-nin tətbiqi və elektron hökumət sahəsində
sistem strategiyasına görə qonşu ölkələri geridə
qoyur. Məhz bu cür yüksək inkişaf nəticəsində Azərbaycanın
informasiya texnologiyaları
şirkətləri elektron
hökumət sahəsində
hazır məhsul və işlənilmiş
təcrübə ilə
region bazarına inamla
çıxa bilir.
Hazırda Azərbaycan "yetişkənlik
fazasına" qədəm
qoyub ki, bu dövrdə müxtəlif dövlət
strukturlarında artıq
tətbiq olunmuş və ya tətbiq
olunan layihələr üzərində əlavə
işlər aparılır. Bununla yanaşı,
bu və ya digər səbəbdən
aparıcı sahələrdən
geridə qalmış
istiqamətlərin informasiyalaşdırılması
həyata keçirilir.
İKT İnformasiya Mərkəzi 2010-2012-ci illər
ərzində dövlət
idarəçilik sisteminin
informasiyalaşdırılması sahəsində böyük
inkişaf proqnozlaşdırır
ki, belə vəziyyətdə Azərbaycan
dünya liderlərinə
yaxınlaşa biləcək.
2010-cu ildə
elektron imzanın tətbiqi gözlənilir
ki, bu, dövlət
xidmətlərinin yeni
səviyyəyə çıxarılmasına
təkan verəcək. Bundan əlavə,
dövlət təşkilatları
arasında məlumatların
sinxronlaşdırılması layihəsi də hazırda müzakirə olunan vacib məsələlərdən
biridir. Bu layihənin reallaşdırılması
isə elektron sənəd mübadiləsinin
başlanğıcı olacaq.
İnformasiya-kommunikasiya texnologiyalarının
tətbiqi prosesi Dövlət Gömrük
Komitəsində, Vergilər
Nazirliyində, Mərkəzi
Bankda, Təhsil Nazirliyində, eləcə
də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində
də davam etdiriləcək.
Beləliklə, qeyd edilənlər bir daha göstərir
ki, ölkəmizdə
hazırda ən sürətli inkişaf edən sahələrdən
biri məhz informasiya-kommunikasiya texnologiyaları
sektorudur və o da faktdır ki, yeni yüzilliyin
tələblərinə uyğun
olaraq İKT-nin inkişafı təmin edilmədən hər hansı ölkənin hərtərəfli tərəqqisindən
söhbət gedə bilməz. Məhz bu səbəbdən
Azərbaycanda İKT-nin
inkişafı xüsusi
diqqət mərkəzindədir
və sözügedən
sahədə əldə
olunan nailiyyətlər
beynəlxalq miqyasda da izlənir, təqdir olunur.
Azərbaycan.- 2010.- 30 mart.- S. 1.