Azərbaycanın xarici işlər naziri Tehranda keçirilən beynəlxalq Novruz mərasimində iştirak etmişdir

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü sayəsində Birləşmiş Millətlər Təşkilatı tərəfindən Novruza beynəlxalq bayram statusu verilməsi münasibətilə Tehranda təşkil olunmuş mərasimdə iştirak etmişdir.

Mərasimdə çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırmışdır.

Novruzun Azərbaycanda ən sevimli bayramlardan biri olduğunu bildirən E.Məmmədyarov onun ölkəmizdə milli bayram kimi geniş şəkildə qeyd olunduğunu vurğulamışdır. Nazir bildirmişdir ki, baharın gəlişini, təbiətin oyanışını və gözəlliyini əks etdirən Novruz tarix boyu öz aktuallığını qoruyub saxlamış və bəşəri irsin bir hissəsinə çevrilmişdir. 2009-cu ildə Novruzun YUNESKO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi siyahısına daxil edildiyini bildirən Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və Novruz bayramının qeyd olunduğu ölkələrin dəstəyi ilə 2010-cu il fevralın 18-də BMT-nin Baş Məclisində 21 martın Beynəlxalq Novruz Günü elan olunması barədə qətnamənin qəbul olunduğunu diqqətə çatdırmışdır.

Novruz şənliklərinin beynəlxalq əhəmiyyət kəsb etməsindən məmnunluğunu vurğulayan nazir ümidvar olduğunu bildirmişdir ki, beynəlxalq bayram statusunu əldə etməklə Novruz özünün dərin fəlsəfəsindən irəli gələn dəyərləri ilə bütün xalqları birləşdirəcək, mədəniyyətlərarası dialoqu və anlayışı təşviq edəcək, habelə dünyada sülhü və əmin-amanlığı gücləndirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30  mart.- S.  1.