Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasından 91 il ötür

 

Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında özünəməxsus yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 91 il ötür.

Bu münasibətlə milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov başda olmaqla nazirliyin şəxsi heyəti Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşmə prosesinin və özünəməxsus peşəkarlıq məktəbinin banisi, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin milli maraqlara sədaqətlə xidmət edən və lazımi normativ-hüquqi bazaya malik qurum kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi qoyulmuşdur.

Sonra Şəhidlər xiyabanına gələn Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üstünə güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş və burada dəfn edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının da xatirəsi yad edilmiş, məzarları üstünə gül dəstələri düzülmüşdür.

Təntənəli mərasim Milli Təhlükəszilik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilmişdir. Əvvəlcə yeni inşa olunan Milli Təhlükəsizlik Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin açılışı olmuşdur. Milli təhlükəsizlik naziri Eldar Mahmudov rəmzi açılışı bildirən lenti kəsmiş, mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur. Nazir Eldar Mahmudov yaraşıqlı, ən müasir standartlara cavab verən idman sağlamlıq mərkəzinin qısa müddətdə tikilərək akademiyanın kursantlarının, dinləyicilərinin, ümumən nazirliyin bütün şəxsi heyətinin istifadəsinə verilməsinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin milli təhlükəsizlik orqanlarına diqqət və qayğısının bariz təzahürü olduğunu bildirmişdir.

Məlumat verilmişdir ki, 4500 kvadratmetrdən çox sahəni əhatə edən MTN-in İdman Sağlamlıq Mərkəzində idmanın əksər kütləvi növləri, o cümlədən futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və qış meydançaları, üzgüçülük hovuzu, güləş, əlbəyaxa döyüş, gimnastika və trenajor zalları, soyunub-geyinmə, həkim, müəllim otaqları, duşxanalar vardır. Ən qabaqcıl standartlara cavab verən texniki ləvazimatlarla və avadanlıqla təmin edilən mərkəzdə kursant və dinləyicilərin, digər əməkdaşların idmanla məşğul olmaları, fiziki sağlamlıqlarını möhkəmləndirmələri üçün hər cür şərait yaradılmışdır. Belə sosial təyinatlı obyektlərin istifadəyə verilməsi bir məqsədə - Azərbaycanın güclənməsinə, səriştəli və sağlam gənc kadrların yetişməsinə xidmət edir.

Daha sonra mərasim akademiyanın sıra meydanında davam etdirilmişdir. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə meydana gətirilmiş, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.

General-leytenant Eldar Mahmudov mərasimdə çıxış edərək ümummilli lider Heydər Əliyevin şanlı irsini şərəflə davam etdirən bu ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının 91-ci ildönümü və idman sağlamlıq mərkəzinin açılışı münasibətilə təbrik etmiş, gələcək təhlükəsizlik zabitlərinə ölkəmizin milli maraqları və mənafelərinin qorunması naminə təhsildə və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu, dövlətin daxili və xarici siyasəti üçün əlverişli şərait yaradılmasının milli təhlükəsizlik orqanlarının əsas vəzifələrindən olduğunu qeyd etmiş, eyni zamanda, ölkəmizin siyasi-iqtisadi maraqlarına qarşı olan təhdidlərin vaxtında aşkar edildiyini və müvafiq qabaqlayıcı tədbirlərin görüldüyünü, dövlətçiliyin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərildiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, ən sabit və sürətlə inkişaf edən ölkə kimi tanınmış Azərbaycan transmilli mütəşəkkil cinayətkar birləşmələr, beynəlxalq terrorçu təşkilatlar üçün də maraq doğurur, onlar ölkəmizə hədəf, tranzit və təyinat məntəqəsi kimi baxırlar. Lakin Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı mübarizədə ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Azərbaycanda vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində ekstremist-terrorçu niyyətlərin və konkret cinayətkar hərəkətlərin qarşısı qətiyyətlə alınır.

Nazir Eldar Mahmudov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan fəal hüquq-mühafizə siyasəti nəticəsində Azərbaycanda sabitlik və təhlükəsizliyin qorunub saxlanıldığını və daha da möhkəmləndirildiyini xüsusi vurğulamışdır. Milli Təhlükəsizlik Nazirliyinin müasir standart və tələblərə uyğun inkişafı, ən yeni texniki avadanlıq və vasitələrlə təmin olunması və şəxsi heyətin sosial müdafiəsinin xeyli möhkəmlənməsi istiqamətində Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ardıcıl addımların atıldığı xüsusi vurğulanmışdır. Nazir Eldar Mahmudov çağdaş dövrdə milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq və bilik səviyyəsi, çeviklik və səriştə tələb olunduğunu qeyd etmiş, milli təhlükəsizlik orqanlarının ölkədə həyata keçirilən müasirləşmə və yeniləşmə siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəklərinə, Ali Baş Komandan İlham Əliyevin bütün əmr və göstərişlərini qüsursuz yerinə yetirəcəklərinə əminliyini bildirmişdir.

Tədbirdə çıxış edən akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə demişdir ki, indi Milli Təhlükəsizlik Nazirliyi yeni tarixini yaşayır. Müasir dünyanın ən inkişaf etmiş təhlükəsizlik orqanlarının bərabər səviyyəli tərəfdaşına çevrilmiş Milli Təhlükəsizlik Nazirliyi müasir texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir. Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan akademiyamız da nazirliyin ümumi fəaliyyətinin uğurla həyata keçirilməsində bütün potensialını və səylərini səfərbər edəcəkdir.

Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.

Tədbirin sonunda MTN-in Heydər Əliyev adına Akademiyasındakı "Şöhrət" muzeyində mükafatlandırma mərasimi keçirilmiş, xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara medallar və fəxri fərmanlar təqdim olunmuş, xatirə şəkli çəkilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  30 mart.- S.  2.